Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub

Azərbaycanda aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub

10.06.2017 [10:17]

Prezident İlham Əliyev: Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır
Məlum olduğu kimi Azərbaycanda iqtisadi inkişaf məsələlərinə bir qayda olaraq praqmatik yanaşma sərgilənir. Başqa sözlə desək, ölkəmizdə milli iqtisadiyyatın perspektivləri ilə bağlı strategiyalar, Dövlət proqramları hazırlanarkən yeni çağırışlar və mövcud potensial, o cümlədən tarixən formalaşan ənənələr, əmək ehtiyatları, daxili tələbat, ixrac bazarları kimi mühüm amillər mütləq nəzərə alınır. Deyilənlər baxımından respublikamızda yeni şəraitdə aqrar sektorun qeyri-neft iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi böyük aktuallıq daşıyır.
Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir. Münbit torpaqlar, gözəl iqlim xüsusiyyətləri, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi, son illərdə regionlarda yaradılan müasir infrastruktur, nəqliyyat-loqistika imkanlarının genişləndirilməsi respublikamızda kənd təsərrüfatının inkişafı qarşısında geniş perspektivlər açır. Ölkə əhalisinin 40 faizdən çoxunun bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, kənd təsərrüfatında iqtisadi aktivliyin artırılması sosial baxımdan - regionlarda əhalinin gəlirlərinin artması, məşğulluğunun təmin olunması nöqteyi-nəzərindən də böyük önəm daşıyır. Məhz bu kimi amillər də yeni şəraitdə aqrar sektorun inkişafının prioritetliyini gündəmə gətirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində kənd təsərrüfatının inkişafının ölkəmiz üçün əhəmiyyətinə diqqət çəkərək vurğulayıb: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”.
Yeri gəlmişkən, beynəlxalq qurumlar da öz hesabatlarında Azərbaycanda aqrar sektorun geniş inkişaf perspektivinə malik olduğunu nəzərə çatdırırlar. Məsələn, Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2017-ci və 2018-ci illərdə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub.
Daxili tələbatın ödənilməsi birinci dərəcəli vəzifədir
Məlumdur ki, hazırda qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalar fonunda milli dövlətlərin ərzaq və digər istehlak mallarına tələbatının təmin edilməsi böyük aktuallıq daşıyır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), digər beynəlxalq qurumların hesabatlarında dünya üzrə ərzağa tələbatın getdikcə artdığı bildirilir. Bu kontekstdə hər dövlət özünün daxili tələbatının ilk növbədə yerli istehsal hesabına təmin edilməsi qayğısına qalmalıdır.
Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə və digər mühüm istehlak malları ilə yüksək səviyyədə təmin olunmasına ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində daxili tələbatın yerli istehsal hesabına ödənilməsini birinci dərəcəli məsələ kimi səciyyələndirərək deyib: “Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.
Son 13 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkədə mühüm istehlak mallarına tələbatın yerli istehsal hesabına təmin edilməsi üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncama əsasən isə ölkədə ərzaq və digər mühüm tələbat mallarına olan tələbin daha dolğun şəkildə ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb. 2017-ci il 10 fevral tarixdə isə Prezident İlham Əliyev respublikamızda qida təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda bildirildiyi kimi, ölkəmizdə qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən işə başlayacaq Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə geniş tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.
Həyata keçirilən tədbirlər sayəsində son illərdə respublikamızda bir sıra ərzaq mallarına daxili tələbatın yerli istehsal hesabına təmin edilməsində müsbət dinamikanın müşahidə edilməsi böyük nailiyyətdir. Hazırda respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir. Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb. Hazırda respublikamız mal əti ilə özünü 94, qoyun əti ilə 99, süd və süd məhsulları ilə 88 faiz, əmtəəlik yumurta ilə 99 faiz daxili istehsal hesabına təmin edir. Prezident İlham Əliyev daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edərək deyib: “Növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır”.
Aqrar sektorda istehsal imkanlarının artırılması ixracın şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır
Yeni şəraitdə qarşıya qoyulan əsas vəzifələrdən biri ixracın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan xarici istehlak bazarlarına qeyri-neft məhsullarının ixracını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir. Prezident İlham Əliyev bir daha qeyri-neft ixracının artırılmasının zəruriliyinə toxunaraq vurğulayıb: “Qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.
Qeyri-neft ixracının genişləndirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatılması isə tam realdır. Təbii ki, qeyri-neft məhsullarının ixracını artırmaq üçün ölkədə, ilk növbədə, güclü neftdənkənar iqtisadiyyat olmalıdır. Bu baxımdan son 13 ildə neft gəlirlərindən istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük nikbinlik doğurur. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir. Ötən illərdə ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində infrastruktur quruculuğuna böyük diqqət göstərilib. Hazırda Azərbaycanın regionlarının infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib.
Statistik göstəricilər Azərbaycanın qeyri-neft iqtisadiyyatı, o cümlədən də aqrar sektor üzrə ixrac imkanlarının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir. İndiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz, 10 süd emalı və digər istehsal müəssisələrinin, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir. Eyni zamanda, yuxarıda bəhs olunan müşavirədə vurğulandığı kimi, 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə aqrar sektorda istehsal və ixrac potensialını daha da artıracaq.
Aqrar sektorda ixrac imkanlarının genişlənməsində ənənəvi sahələrin inkişaf etdirilməsi mühüm rol oynaya bilər. Prezident İlham Əliyev Sədrliyi ilə Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində dövlət başçısı bu xüsusda fikirlərini ifadə edərək deyib: “...Bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik”.
Kənd təsərrüfatının inkişafına böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır
Aqrar sektorda istehsal imkanlarının artmasına böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanın əkinəyararlı torpaq ehtiyatları məhduddur. Bu baxımdan Prezident İlham Əliyevin torpaqlardan səmərəli istifadə edilməsi, həmçinin dövriyyəyə yeni torpaq sahələrinin cəlb olunması məsələlərini gündəmə gətirməsi böyük aktuallıq daşıyır.
Son illərdə ölkəmizdə müasir infrastruktur qurulmasından söhbət açarkən regionlarda kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə həyata keçirilən meliorativ tədbirlərin, yeni su layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələrinə, digər meliorativ tədbirlərə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 13 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektardan artıq yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Regionlarda su-drenaj layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ötən üç ildə müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi layihəsi çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Ümumiyyətlə, son illərdə respublikamızda kənd təsərrüfatının inkişafının stimullaşdırılması, dövriyyəyə yeni əkin sahələrinin cəlb edilməsi məqsədilə reallaşdırılan meliorativ tədbirlərin, yeni su layihələrinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə bu istiqamətdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyib: “Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır”.
Respublikanın aqrar sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə cari ilin sonunadək daha 150 min hektar əraziyə su verilməsi nəzərdə tutulub. Bu, böyük inkişafa təkan verəcək bir layihədir. Layihə çərçivəsində yeni torpaqları dövriyyəyə cəlb etmək, burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.
Əsas hədəflərdən biri bütün əkin sahələrinin pivot suvarma sistemləri ilə təmin edilməsidir. Hazırda dünyanın qabaqcıl ölkələrində pivot suvarma sistemlərindən geniş istifadə olunur. Bu suvarma sisteminin bir sıra üstünlükləri var. Belə ki, bu üsulun tətbiq edildiyi sahələrdə həm məhsuldarlıq yüksək olur, həm də sudan qənaətlə istifadə edilir. Prezident İlham Əliyev Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkəmizdə pivot suvarma sistemlərinin geniş tətbiq olunmasının zəruriliyinə diqqət çəkərək deyib: “Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda, əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31