Prezident İlham Əliyev: Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın
06.06.2017 [09:42]
Müstəqil respublikamızda dövlət siyasətinin prioritet istiqaməti kimi sosial sahə xüsusi diqqət mərkəzində saxlanılır, Azərbaycan vətəndaşlarının rifah halının daha da yaxşılaşması üçün müxtəlif layihələr həyata keçirilir
Müstəqil Azərbaycanın müasir mənzərəsi ilk növbədə davamlı və çoxşaxəli inkişafla səciyyələnir. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra ölkəmizdə başlanan sabitlik və inkişaf kursu növbəti mərhələdə - Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində yeni, müasir çağırışlarla səsləşən mütərəqqi çalarlarla daha da zənginləşdirilib. Praqmatik, rasional, cəmiyyətin sosial sifarişləri əsasında qurulan siyasət Azərbaycanı hər cəhətdən güclü dövlətə çevirib. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regionda reallaşdırılan bütün iri layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edir. Eyni zamanda, Azərbaycanın formalaşdırdığı nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla qarşılanıb. 1993-cü ildən ötən müddətdə əldə olunan uğurlar qlobal miqyasda ölkəmizə layiqli hörmət və nüfuz qazandırıb. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda söylədiyi nitqində müstəqil Azərbaycanın çoxşaxəli şəkildə inkişaf etməsindən və bütün istiqamətlərdə böyük uğurlar qazanmasından qürur hissi ilə söhbət açaraq vurğulayıb: “Cəmi 23 il ərzində - 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir”.
Yaradılan güclü iqtisadiyyat bütün planların uğurla həyata keçirilməsi üçün münbit zəmin rolunda çıxış edir
Azərbaycanın çoxşaxəli inkişafının real əsasları var. Bu da ilk növbədə ölkənin güclü iqtisadi potensialı ilə bağlıdır. Güclü iqtisadiyyatın ölkənin möhkəmlənməsində, müstəqilliyin əbədi olmasında müstəsna rolunu Azərbaycanın timsalında bir daha görmək mümkündür. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar sayəsində Azərbaycan ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. Son 13 ildə bütün dünyada iqtisadi inkişaf sahəsində ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb.
Təbii ki, dünya miqyasında cərəyan edən proseslər məqsədyönlü siyasət sayəsində qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycana da təsirsiz ötüşməyib. Xarici mənfi təsirlər nəticəsində respublikamızda bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şərait yaranıb. Bununla belə, respublikamız yeni iqtisadi şəraitdə də inkişafın ardıcıllığını qoruyub saxlamaq və yeni-yeni uğurlara imza atmaq əzmi nümayiş etdirir. Həyata keçirilən prevantiv tədbirlər sayəsində ölkəmizdə yeni şəraitin doğurduğu çətinliklər müvəffəqiyyətlə dəf edilir və ayrı-ayrı sahələrdə diqqətəlayiq uğurlar qazanılır. Ötən ildən başlanan islahatlar perspektiv inkişaf üçün fundamental əsaslar yaradıb. 2016-cı ildə ayr-ayrı sektorlar üzrə əldə olunan uğurlu nəticələr və cari ilin əvvəlindən müşahidə edilən müsbət tendensiyalar Azərbaycanın perspektiv inkişafı ilə bağlı nikbin qənaət ifadə etməyə hər cür əsas verir. Artıq Azərbaycan iqtisadiyyatı mövcud yaranmış vəziyyətə uğurla adaptasiya olunub. 2017-ci ilin dörd ayının göstəriciləri milli iqtisadiyyatımızın yenidən inkişafa istiqamət götürməsindən xəbər verir. Ölkəmizin ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıb. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artıb. Cari ilin əvvəlindən ölkə iqtisadiyyatında müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, istənilən ölkə Azərbaycandakı vəziyyəti özü üçün arzulaya bilər: “Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.
Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə yer alıb. Bundan başqa, Dünya Bankının cari ilin yanvar ayında yaydığı “Global Economic Prospects” hesabatında Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı ilə bağlı nikbin proqnozlar öz əksini tapıb. Hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının növbəti illərdə daha da genişlənəcəyi qənaətinə gəlib. Bankın proqnozlarına əsasən, Azərbaycanda 2018 və 2019-cu illərdə ÜDM-in artımı 2,3 faiz səviyyəsində olacaq.
Respublikada həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycanda iki istiqamət paralel şəkildə inkişaf etdirilir. Ölkənin iqtisadi potensialının artırılması üçün konseptual əsaslar hazırlanır, Dövlət proqramları qəbul edilir, genişmiqyaslı maddi dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, sosial sfera adekvat şəkildə diqqət mərkəzində saxlanılır. Başqa sözlə desək, respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Daxili siyasət məsələlərinə gəldikdə, əlbəttə ki, biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın”.
Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, işsizliyin aradan qaldırılması diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev ölkəmizdəki müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Son 13 ildə respublika üzrə təxminən 1,6 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir.
Məlumdur ki, hazırda dünyada yaşanan qlobal kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial məsələlərin həllində müəyyən çətinliklər müşahidə olunur - maaşlar, müavinətlətlətr azaldılır, müxtəlif layihələr ixtisara salınır. Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Yeni şəraitdə də ölkəmiz dərin məzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Ölkədə bütün sosial proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Paralel şəkildə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Son 13 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Nəticədə, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Prezident İlham Əliyev ölkəmizdə qaçqınlar və məcburi köçkün soydaşlarımız üçün yeni qəsəbələrin inşa edildiyinə diqqət çəkərək bildirib: “Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək”.
Ölkə miqyasında sosial infrastruktur layihələri geniş vüsət alıb
Paytaxt Bakıda və respublikanın bütün regionlarında müasir məktəb, xəstəxana binalarının, idman komplekslərinin inşası, əhalinin kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasəti qabarıq şəkildə təzahür etdirir. Ölkəmizdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sosial infrastruktur layihələri geniş vüsət alıb. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir.
Son illərdə respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkənin hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Təkcə son bir il ərzində respublikanın regionlarında 59 məktəb, 53 bağça tikilib və ya əsaslı təmir olunub.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir. Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq səhiyyə sahəsində davamlı şəkildə həyata keçirilən islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Ölkə miqyasında tibb müəssisələrinin yenidən qurulması layihələrinin icrası cari ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Belə ki, 2017-ci ilin birinci rübündə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 30-dək tibb müəssisəsində təmir-tikinti işləri aparılır.
Ölkəmizdə cari ilin sonunadək bir sıra sosial infrastruktur layihələrinin tamamlanması qarşıya vəzifə kimi qoyulub. Regionlarda qazlaşdırma, kənd yollarının asfaltlaşdırılması layihələri uğurla davam etdirilir. O cümlədən ilin sonunadək 270 kənddə modul tipli içməli su qurğularının quraşdırılmasının başa çatdırılması, Abşeron və Ağcabədi Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycan daim yeni sosial təşəbbüslərlə çıxış edir
Azərbaycanı fərqləndirən həm də o cəhətdir ki, ölkəmiz daim insanların rifah halının yaxşılaşmasına hesablanan yeni sosial təşəbbüslərlə çıxış edir. Təkcə cari ilin əvvəlindən bəri Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Minimum aylıq əməkhaqqının artırılması ilə paralel şəkildə dövlət və özəl sektorda çalışanların əmək haqlarında da müəyyən artımlar baş verib. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncama əsasən fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilir. Respublikamızda fərdi uçot sistemində qeydiyyata alınan vətəndaşların sayının cari ilin 1 yanvar tarixinə 3 371 908 nəfərə çatdığını nəzərə alsaq, görərik ki, bəhs olunan Sərəncam kifayət qədər geniş əhali kontingentini əhatə edir.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni sosial təşəbbüslərdən biri də respublika miqyasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsidir. Ölkədə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində təkcə bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçib. Prezident İlham Əliyev respublikamızda irəli sürülən sosial təşəbbüslərdən məmnunluğunu bildirərək deyib: “Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir. Mən bunların arasında kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmək istərdim. Bir neçə ildir ki, bu proqram icra edilir”.
Respublikamızda sosial siyasətin davamlılığı bundan sonra da təmin ediləcək. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan büdcəsində sosial xərclər, əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

