Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

01.06.2017 [09:54]

Sessiyanın sonuncu iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul olunub
Dünən Milli Məclisin yaz sessiyasında sonuncu iclası keçirilib. İclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov növbədənkənar iclasların olacağını istisna etməyib. İlk olaraq Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
Sonra “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ötənilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7,715 mln. manat çox olub.
Həmçinin 2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə nisbəti ilə götürdükdə, büdcə xərcləri ÜDM-in 29,4%-nə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat olub.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyini bildirib.
Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, hazırda 2017-ci il dövlət büdcəsinin icrası davam edir, neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Yeni fiskal qaydalar və dövlət borcunun idarə edilməsi üzrə strategiya hazırlanır. Ötən ilin ağır il olmasına baxmayaraq, büdcənin mühüm sosial vəzifələrinin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Bu həm dövlət, həm də özəl subyektlərə aiddir.
S.Şərifov icbari tibbi sığorta ilə bağlı bildirib ki, artıq iki regionda - Mingəçevir və Yevlaxda layihə uğurla həyata keçirilir və layihə digər regionları da mərhələli şəkildə əhatə edəcək. O həmçinin vurğulayıb ki, Dövlət Neft Fondundan büdcəyə transfertin azaldılması ənənəsinə 2016-cı ildə də sadiq qalınıb.
Müzakirələr zamanı YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Əli Məsimli, Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Tahir Kərimli və Mahir Abbaszadə 2016-cı ilin dövlət büdcəsinin uğurla icra olunduğunu bildiriblər. Sonda 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Həmçinin “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi də qəbul edilib.
İclasda “Azərbaycan və Danimarka arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi də qəbul olunub. Qeyd edək ki, Konvensiya 2017-ci il fevralın 17-də imzalanıb.
İclasda “Azərbaycan və Qətər arasında hava daşımalarına dair sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında, eləcə də “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri də təsdiq edilib.
Sonra qanunvericiliyin bir-birinə uyğunlaşdırılması məqsədilə bir paketdə Milli Məclisə daxil olan bir neçə qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda “Reklam haqqında” qanuna uyğunlaşdrma məqsədilə “Haqsız rəqabət haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olunub.
Sonra Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim edilib. Layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Layihə ilə bağlı müzakirələrin növbəti iclasda davam etdirilməsi qərara alınıb.
İclasda uyğunlaşdırma və təkmilləşdirmə məqsədilə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul olunub. Eyni məqsədlə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqlənib.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim edərək bildirib ki, Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur. Layihə səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, layihə bu sahədə mövcud olan bir sıra normaların təkmilləşdirilməsi, o cümlədən publik hüquqi şəxsin nizamnaməsində göstərilən məlumatların dairəsinin dəqiqləşdirilməsi və genişləndirilməsi, həmçinin təsisçinin səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən publik hüquqi şəxslərə nizamnaməsində nəzərdə tutulduğu halda törəmə publik hüquqi şəxs yaratmaq hüququ verilir, onların müflis elan olunmasına məhdudiyyət qoyulur. İclasda “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də təsdiqlənib.
İclasın gündəliyində olan sonuncu məsələ isə “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi məsələsi idi. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklər barədə məlumat verib. Layihə səsə qoyularaq qəbul edilib.
Sonda Dövlət Himninin səsləndirilməsi ilə Milli Məclisin yaz sessiyası başa çatıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31