Aprel döyüşləri Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini göstərdi
04.04.2017 [09:06]
Prezident İlham Əliyev: Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə sirr deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışıb, bu məqsədlə bütün vasitələrdən istifadə edib. Başqa sözlə, işğalçı ölkə sülh təşəbbüslərinə qarşı çıxmaqla sülh istəmədiyini nümayiş etdirir və mövcud status-kvonun saxlanması üçün hər bir vasitəyə əl atır. ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb.
Ermənistan sülh istəmir, beynəlxalq ictimaiyyət isə mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan edir
O da qeyd edilməlidir ki, müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş praktiki nəticələr sonrakı dövrdə məhz Ermənistanın təxribatçı əməlləri nəticəsində iflasa uğrayıb. 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir.
Sadalananlarla yanaşı, başqa bir nümunəyə istinad edək: bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıb. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan edib, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub. Bundan öncə isə, yəni 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsinə dair təkliflə çıxış edib, bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər edib. Ötən il martın 10-da S.Sarkisyan Moskvaya dəvət olunub və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılıb. Fransa Prezidenti Fransua Olland isə cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair ötən il aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib. Göründüyü kimi, ATƏT Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl də həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildiriblər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajları olub.
Aprel döyüşlərinin nəticəsi Ermənistana ciddi dərs oldu
Bütün bunların müqabilində Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq 2016-cı il 1-5 aprel tarixində cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışıb. Lakin Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirib, nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirib, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılıb, silahlı qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanıb. Aprel döyüşləri zamanı Azərbaycan ordusu qarşıya qoyulan hədəflərə nail oldu.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş zamanı diqqətə çatdırıb ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: “Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni vəziyyətin yaranmasını şərtləndirdi
Bunlarla yanaşı, aprel döyüşləri həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyətin yaranmasını şərtləndirdi. Azərbaycanla bağlı “məğlub tərəf” sindromunu aradan qaldırdı, bu münaqişədə qalib və məğlub tərəfin olmadığını, Ermənistanın əldə etdiyi “uğur”un müvəqqəti xarakter daşıdığını göstərdi və gec-tez ədalətin bərpa olunacağına əminliyi artırdı. Onu da qeyd edək ki, aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır.
Eyni zamanda, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölürlər, çoxsaylı tələfatlar qeydə alınır. Şübhəsiz, bu vəziyyət sonsuza qədər davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də, qeyd etdiyimiz kimi, Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətində olduğunu ifadə etdi.
Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb: “Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Çünki status-kvonu Ermənistan dəyişdirməlidir. Onlar işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq”.
Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir
Aprel döyüşlərinin nəticəsi həm də Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək əzmi və qüdrətində olduğunu göstərdi. Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Bundan öncə törədilən təxribatların qarşısının məharətlə alınması da bunu əminliklə söyləməyə əsas yaradır. Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək gücündədir və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır.
Şübhəsiz, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da xüsusi qeyd edilməlidir. Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə toxunaraq deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir: “Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.
Təmas xəttinin dəyişdirildiyini deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır: “Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.
Bütövlükdə, aprel döyüşləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək gücündə olduğunu nümayiş etdirdi. Əldə edilmiş hərbi-psixoloji və diplomatik üstünlük Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı. Eyni zamanda, aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “...Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar”.
Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, aprel döyüşləri zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmişlər ki, döyüşlər tezliklə dayandırılsın: “Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlamışlar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz”.
Ermənistanın yeganə çıxış yolu işğalçılıq siyasətindən əl çəkməkdir
Qeyd etdiyimiz kimi, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bir daha ermənilərə və dünyaya nümayiş etdirdi. Digər tərəfdən, Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarımızı azad etmək əzmində olduğunu göstərməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bütün bu reallıqlar qarşısında təşviş içində olan Ermənistan isə anlayır ki, gec-tez işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə məcburdur. Sirr deyil ki, bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın düşdüyü mürəkkəb durumun səbəbi bu ölkənin işğalçılıq siyasətidir. Artıq bu ölkənin bir sıra dairələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi səciyyələndirirlər. Yəni mövcud reallıqlar, o cümlədən aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Bəhs olunan çıxışı zamanı bu məqamlara toxunan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, aprel döyüşləri, demək olar ki, onların ideoloji əsaslarını dağıtdı: “Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

