Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu Ermənistanın bütün cəbhəboyu təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alıb

Azərbaycan Ordusu Ermənistanın bütün cəbhəboyu təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alıb

28.02.2017 [09:29]

Son hadisələr göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirmək və işğal edilmiş torpaqlarımızı azad etmək iqtidarındadır
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir. Torpaqlarımızın azad edilməsi uğrunda prinsipial mövqe sərgiləyən ölkəmiz diplomatik cəbhədə də mühüm nailiyyətlər əldə edib və dünya ictimaiyyəti - ayrı-ayrı milli dövlətlər, həmçinin beynəlxalq təşkilatlar münaqişənin həllinin zəruriliyini bəyan edirlər. Bununla yanaşı, Azərbaycan Ermənistanın münaqişənin həllinə maneə yaratmağa hesablanmış təxribatçı hərəkətlərinin qarşısını qətiyyətlə alır. Bu baxımdan ötən ilin aprelində baş verən döyüşlərin nəticəsi həm də bir çox məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə, bir daha bəlli oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qüdrətinə malikdir.
Azərbaycanın diplomatik cəbhədə və hərbi müstəvidə əldə etdiyi uğurların müqabilində dalana dirənən Ermənistan isə danışıqlar prosesini pozmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edərək təxribatlar törədir. Bu günlərdə isə İşğalçı ölkə artıq növbəti təxribata istinad edib. Belə ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qeyd edək ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Digər tərəfdən, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.
Şübhəsiz ki, bütün bunlar bir sıra məqamlara yenidən aydınlıq gətirir. Əvvəla, bu hadisələr göstərir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq təxribatçı hərəkətlərini davam etdirir. Hazırkı şəraitdə bunun iki başlıca səbəbi var. Əvvəla, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqlar prosesinin pozulmasında maraqlıdır. Çünki işğalçı ölkə rəhbərliyi anlayır ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Bundan sonra beynəlxalq ictimaiyyət mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətini ifadə edib ki, bu da işğalçı tərəfindən ciddi təlaşla qarşılanıb. Azərbaycanın diplomatik cəbhədə mövqeyinin daha da gücləndiyini görən Ermənistan status-kvonun qorunub saxlanması - danışıqlar prosesinin pozulması üçün təxribatları davam etdirmək metoduna istinad edib. Məhz yuxarıda sadalanan hadisələr, yəni Ermənistan silahlı qüvvələrinin bölmələrinin bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd etməsi bunun bariz nümunəsidir. Digər tərəfdən, Ermənistan rəhbərliyi işğalçı ölkənin daxilindəki siyasi kataklizmlərdən və iqtisadi problemlərdən diqqəti yayındırmaq - manipulyasiya etmək üçün təxribatçı hərəkətlərə yönəlib.
Bundan başqa, Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozmaqla da təxribatçı mövqedə olduğunu göstərib. Şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistanın beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürməsi bunun bariz nümunəsidir. Yeri gəlmişkən, şəhid olmuş hərbi qulluqçularımızın nəşləri artıq beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından çıxarılıb.
Başqa bir reallıq bundan ibarətdir ki, Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını layiqincə alaraq növbəti dəfə öz qüdrətini nümayiş etdirmiş oldu. İşğalçı Ermənistana bir daha bəlli oldu ki, Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını almaq, həm də işğal edilmiş torpaqlarımızı azad etmək iqtidarındadır.
Digər tərəfdən, Azərbaycan Ordusunun şücaəti və düşmənə layiqli cavabı onu göstərdi ki, Milli Ordunun şəxsi heyətində böyük ruh yüksəkliyi var. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu düşmənə tutarlı cavab verdi, işğalçılar xeyli itkilərə məruz qaldılar. Həmin vaxt düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın Vətən uğrunda ortaya qoyduqları şücaət isə xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Əlbəttə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Eyni zamanda, beynəlxalq təşkilatlar qeyri-konstruktiv mövqe sərgiləyən və tərxribatçı hərəkətlərlə çıxış edən Ermənistana qarşı adekvat tədbirlər görməlidirlər. Nəzərə alınmalıdır ki, Ermənistanın bu hərəkətləri danışıqlar prosesinin pozulmasına xidmət etməklə yanaşı, regional təhlükəsizliyə ciddi təhdidlər yaradır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31