Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın yeni inkişaf strategiyası konseptual əsaslara söykənir

Azərbaycanın yeni inkişaf strategiyası konseptual əsaslara söykənir

30.12.2016 [09:42]

Əli Əhmədov: Ölkəmiz son 13 il ərzində möhtəşəm sıçrayış yolu keçərək, vaxtilə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur. Bu sıçrayış İlham Əliyevin iradəsinin, əməyinin, idarəçilik bacarığının nəticəsi, bir sözlə, Onun haqqıdır
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və rasional daxili, xarici siyasət kursunun həyata keçirilməsidir. Bütün bunların təmin olunmasında ən mühüm faktor isə liderlik amili ilə əlaqədardır.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, davamlı və inamlı inkişafı lider amili ilə birbaşa bağlıdır
Bu kontekstdə Azərbaycanın unikal və universal təcrübəsi xüsusi olaraq qeyd edilməlidir. Belə ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır. Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Yəni Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Və gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Əlbəttə ki, dövlətimizin başçısının uğurlu fəaliyyəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, Ona cəmiyyətin böyük etimadını, ümumxalq sevgisini şərtləndirir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov “LİDER və Onun ölkəsi” adlı məqaləsində qeyd edib ki, 13 il bundan əvvəl Prezident İlham Əliyevə xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki azalıb, əksinə, daha da güclənib, daha dərindən dərk edilən dəyərlər kimi özünü təsdiq edib: “Səbəbləri haqqında mülahizələr yürütməyə başlasaq, yəqin ki, ilk növbədə, Prezident İlham Əliyevin xalqın inamını, ümidini və etimadını ən yüksək səviyyədə doğrultduğunu göstərmək lazım gələr. İndi xalq Ona həm Ümummilli lider Heydər Əliyevin ən layiqli və ardıcıl varisi, həm də müdrik siyasətçi və dövlət xadimi kimi inanır, ümid edir, etimad göstərir. Azərbaycanın 13 illik şərəfli inkişaf tarixi, ölkəmizin həyatında baş verən fundamental dəyişikliklər Prezidentə bəslənən ümumxalq məhəbbətinin əsasını təşkil edən başlıca səbəblərdir”.
Azərbaycanın inkişaf paradiqmaları çoxşaxəlidir
Bütövlükdə, müasir müstəqil Azərbaycanın reallıqları və mənzərəsi aydındır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq miqyasda milli iqtisadi inkişaf modelinə malik olan, həmçinin demokratik siyasi sistemə sahib olan dövlət kimi tanınır. Ümumiyyətlə, milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın inkişaf paradiqmaları çoxşaxəlidir. Bu, iqtisadi, siyasi, hüquqi, sosial, mədəni və digər sahələri əhatə etməklə konseptual əsaslara söykənir. Bütövlükdə, milli inkişaf strategiyası və paradiqmalarının mahiyyətini anlamaq, perspektivinə dair yekun analitik qənaət ifadə etmək üçün bir sıra istiqamət və sahələrə ayrıca nəzər yetirmək lazımdır.
Əvvəla qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edib. Ölkəmizdə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Azərbaycan yaradılan möhkəm bazaya əsaslanaraq ölkədə liberal, rəqabətədavamlı, ixrac tutumu böyük olan diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.
Bunlarla yanaşı, Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib.
Baş nazirin müavini Əli Əhmədov vurğulayıb ki, son 13 ildə ölkəmiz möhtəşəm sıçrayış yolu keçib: “...Ölkəmiz son 13 il ərzində möhtəşəm sıçrayış yolu keçərək, vaxtilə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur. Bu sıçrayış İlham Əliyevin iradəsinin, əməyinin, idarəçilik bacarığının nəticəsi, bir sözlə, Onun haqqıdır”.
Davamlı islahatlar strategiyası: dayanıqlı inkişafı təmin edən başlıca faktor kimi
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müxtəlif sahələri əhatə edən davamlı islahatlar strategiyası gələcək inkişafa xidmət edən strateji faktor kimi çıxış edir. Ölkəmizdə müxtəlif sahələrdə əldə edilən uğurların əsasında Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadi və siyasi islahatların paralel aparılması dayanır. Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə istər iqtisadi, istərsə də həyatımızın digər sahələrində çox mühüm yüksəlişlərə təkan verəcək islahatlar konsepsiyası işlənib hazırlanmaqdadır. “İnanırıq ki, bundan əvvəl olduğu kimi, qarşıdan gələn illər ərzində də islahatlar konsepsiyasının uğurla həyata keçirilməsi Azərbaycanın yenidən inkişafın yüksək bir pilləsinə qalxmasına imkan verəcək. Azərbaycan yenidən öz iqtisadi möcüzəsini və digər sahələrdə möhtəşəm inkişaf nümunələrini bütün dünyaya təqdim edə biləcəkdir”.
Siyasi və hüquqi xarakterli islahatlar isə, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir. Xüsusilə də, 2016-cı il ərzində həyata keçirilən institusional islahatlar - siyasi-hüquqi reformalar isə sabitlik, təhlükəsizlik və inkişaf kontekstində Azərbaycanın tərəqqi strategiyasının tərkib hissəsi kimi xarakterizə olunur. Konstitusiya islahatları da məhz bu sırada yer alır. Başqa sözlə, sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan və vətəndaşlar tərəfindən birmənalı şəkildə qəbul edilən məsələlər islahatlar kursunun siyasi-hüquqi müstəvidə də qətiyyətlə davam etdirildiyini göstərdi. Təsadüfi deyil ki, siyasi-hüquqi və institusional məsələlər kontekstində vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasının, dövlət qurumlarının məsuliyyətinin artırılmasının, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinin və digər məsələlərin referenduma çıxarılması dövlətin siyasi islahatları davam etdirmək əzmində və niyyətində olmasının ifadəsidir.
Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Bütövlükdə, ölkəmizdə davam etdirilən islahatlar hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində strateji önəm kəsb edir. Həmçinin ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur.
Postneft dövrünün tələblərindən irəli gələn strateji kurs milli tərəqqiyə xidmət edir
Bütövlükdə, davamlı islahatların ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi postneft dövründə strateji zərurət kimi çıxış edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyada baş verən yeniliklərə, ən son texnologiyalara açıq olan ölkə kimi özünün müasir simasını formalaşdırmaqdadır. Hazırda ölkəmizin müasir siması yalnız qlobal risklərə möhkəm dayanıqlılıq üçün etibarlı zəmin yaradan dinamik sosial-iqtisadi inkişafla səciyyələnmir. Azərbaycan, eyni zamanda, gələcək inkişaf paradiqmalarını məhz müasir dövrün yeni çağırışlarına uyğun müəyyənləşdirir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.
Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədovun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin islahatçılıq strategiyası öz miqyasları və vüsətinə görə kifayət qədər geniş olub təkcə iqtisadi fəaliyyət sferası ilə kifayətlənmir: “İslahatçılıq hərəkatının cəmiyyətin bütün sahələrini əhatə etməsi sözügedən strategiyanın fərqləndirici xüsusiyyəti kimi göstərilməlidir. Həqiqət bundan ibarətdir ki, İlham Əliyevin Prezidentliyi dövründə islahatlardan kənarda qalan sahə xatırlamaq mümkün deyil. Bu mənada yeni dövrün islahatları kompleks və sistemli xarakteri ilə diqqəti cəlb edir. Elə bu səbəbdən də çox zaman “Azərbaycanın iqtisadi modeli” “Azərbaycanın inkişaf modeli” kimi dəyərləndirilir. Hesab edirəm ki, belə yanaşmanın ciddi əsasları olduğunu etiraf etməmək qeyri-mümkündür. Məhz hərtərəfli və dərin islahatlar sayəsində Azərbaycanın müasir siması formalaşmışdır. İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik iqtisadiyyatı kimi etiraf olundu, həm də qlobal miqyasda ən sürətlə və müasir dəyərlər çərçivəsində dəyişən ölkə imicini qazana bildi”.
Əli Əhmədov onu da diqqətə çatdırıb ki, Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır: “Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır”.
Azərbaycanın seçdiyi inkişaf yolu milli maraqlara və xalqın ali iradəsinə əsaslanır
Bütövlükdə, bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Əli Əhmədovun qeyd etdiyi kimi, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu ideyalar müasir çağırışlara tam adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi çağdaş dünyanın inkişaf meyillərinə cavab verir: “... Ümummilli liderin ideyalarına istinad edən Prezident İlham Əliyev Azərbaycanın Onun arzu etdiyi gələcəyini qurdu. İndi isə daha da inkişaf etdirilməsi, daha da müasirləşməsi və modernləşməsi vəzifəsini uğurla həyata keçirir. Mayak rolunu isə həmişə olduğu kimi, Heydər Əliyev ideyaları oynayır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31