/ / Strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün fundamental əsaslar yaradır
Strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün fundamental əsaslar yaradır
09.12.2016 [09:33]
Prezident İlham Əliyev: Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir
Qlobal mənfi təsirlər nəticəsində yaranan yeni şərait ölkəmizin qarşısına yeni çağırışlar qoyub. Yaranmış vəziyyətdə Azərbaycanın mənzərəsi yeni nəsil iqtisadi islahatların həyata keçirilməsi ilə səciyyələnir. Artıq başa çatmaqda olan 2016-cı il ölkəmizin tarixində dərin iqtisadi islahatlar ili kimi qalacaq. İlin əvvəlindən bəri Prezident İlham Əliyevin respublikamızda iqtisadi islahatların dərinləşməsi və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə imzaladığı Fərman və sərəncamlar, qəbul etdiyi mühüm qərarlar ölkədə rəqabətqabiliyyətli iqtisadiyyat qurulması, sənayedə və kənd təsərrüfatında istehsal və ixrac imkanlarının artırılması üçün möhkəm hüquqi əsaslar yaradıb.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə ümumi milli iqtisadiyyat perspektivi və onun prioritet istiqamətləri üzrə həyata keçirilən islahatlar bir-biri ilə əlaqələndirilir, ardıcıllıq təmin olunur, həmçinin cari və perspektiv hədəflər konkret şəkildə müəyyənləşdirilir. Belə yanaşma prioritetlərin önə çəkilməsində, investisiyaların düzgün istiqamətləndirilməsində və son nəticə olaraq islahatların səmərəliliyinin təmin edilməsində mühüm amil qismində çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizin reallıqları nəzərə alınmaqla aparılan islahatların sayəsində neft gəlirlərinin azaldığı şəraitdə də Azərbaycanın dinamik inkişafının təmin olunacağına əminliyini ifadə edib: “...Biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir”.
Strateji yol xəritələrinin müəyyənləşdirilməsi ölkənin yaxın və uzaq perspektivdə dayanıqlı inkişafını təmin edəcək
Məlumdur ki, son 13 ildə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atıb. Hazırda əsas məqsəd ölkənin güclü potensialından istifadə etməklə inkişafın ardıcıllığını təmin etməkdən ibarətdir. Yeni şəraitdə həyata keçirilən islahatlar da məhz postneft dövründə də Azərbaycanın davamlı inkişafını təmin etməyə hesablanıb. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə vurğulayıb ki, dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir.
Ölkəmizdə indiki şəraitdə yaranan çağırışlara adekvat olaraq reallaşdırılan tədbirlərdən, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradacaq yeni iqtisadi modelin uğurlarını təmin etmək məqsədilə qəbul edilən fundamental qərarlardan söhbət açarkən Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanının önəmini xüsusi qeyd etmək lazımdır. Fərmana əsasən milli iqtisadiyyat perspektivi və onun 11 prioritet sektoru üzrə strateji yol xəritələrinin müəyyənləşdirilməsi Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək.
Fərmanda qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Bəhs olunan Fərmanla təsdiqlənən strateji yol xəritələrində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bütövlükdə milli iqtisadiyyatımız, onun aparıcı sektorları tamamilə yeni və daha möhkəm əsaslar üzərində inkişaf edəcək. Qeyd edək ki, strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
Enerji siyasəti Azərbaycan üçün müasirləşmək, inkişaf etmək, infrastruktur yaratmaq siyasəti olub
Qeyd etdiyimiz kimi, yuxarıda bəhs olunan Fərmanla bütövlükdə milli iqtisadiyyatımızın gələcək perspektivi ilə yanaşı, onun əsas sektorlarının yaxın, orta və uzunmüddətli dövrdə inkişafını əhatə edən strateji yol xəritələri müəyyənləşdirilib. Gələcək inkişafla bağlı təsdiqlənən yol xəritələrindən biri də respublikamızda kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin gələcək inkişafını əhatə edir ki, bu da təsadüfi deyil. Belə ki, enerji siyasəti Azərbaycan üçün həmişə müasirləşmək, inkişaf etmək, infrastruktur yaratmaq siyasəti olub.
Müstəqil Azərbaycanın güclü iqtisadi dayaqlara malik ölkəyə çevrilməsində uğurlu enerji siyasəti mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində ölkəmizin iqtisadiyyatı hədsiz dərəcədə zəif idi. Keçmiş ittifaq respublikaları ilə qurulan təchizat-satış əlaqələri tamam qırılmışdı, müəssisələr fəaliyyətini dayandırmışdı. Respublikanın müxtəlif mallara olan tələbatının ödənilməsində ciddi problemlər yaranmışdı. Eyni zamanda, ölkədə kəskin maliyyə çatışmazlığı var idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə şəraitdə Azərbaycanın dünya xəritəsində yerini müəyyənləşdirməyin yeganə yolu enerji ehtiyatlarından istifadə olunması ilə bağlı idi: “...Dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə - 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı”.
Həqiqətən də, müstəqillik illərində ölkəmizin dinamik inkişafının əsası xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Neft gəlirləri institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkə boyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Şübhə yoxdur ki, ölkəmizin gələcək inkişafında da kimya məhsulları istehsalı da daxil olmaqla neft-qaz sənayesi də mühüm rol oynayacaq. Respublikamızda uzun illər ərzində neft-qaz sənayesində güclü ənənələr formalaşıb, kadr potensialı yetişib. Son illərdə neft-qaz sənayesinə aid müəssisələrdə dünya standartları səviyyəsində modernləşdirmə işləri həyata keçirilib ki, bunun da sayəsində həmin istehsalatlar həm müvafiq məhsullara olan daxili istehlakı ödəyir, həm də xarici bazarlarda uğurla təmsil olunurlar.
Neft-qaz sənayesinin gələcək inkişafı ilə bağlı Strateji Yol Xəritəsində kimya məhsullarının istehsalı ayrıca vurğulanıb. Bu da onunla əlaqədardır ki, respublikamızda kimya sənayesinin böyük inkişaf perspektivi var. Son illərdə idarəetmə strukturunun təkmilləşdirilməsi, investisiya qoyuluşunun artırılması və həyata keçirilən bir sıra digər zəruri tədbirlər sayəsində ölkədə kimya sənayesinin potensialından daha səmərəli istifadə olunmağa başlanıb. Prezident İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında kimya sənayesini ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdən biri kimi səciyyələndirib: “Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir”.
Ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək
Müasir inkişaf yolu tutan Azərbaycan bütün sahələrdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edir. Bu cəhətdən ölkəmizdə həyata keçirilən yeni iqtisadi kurs da istisna deyildir. Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizin də bu yolla gedəcəyini bildirib: “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir”.
Yeri gəlmişkən, bəhs olunan Fərmanla həmçinin “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” təsdiqlənib. Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı perspektiv hədəflərin müəyyənləşdirilməsi ölkəmizdə özəl sektorun imkanlarının daha da genişləndirilməsinə dövlətin davamlı olaraq siyasi və maddi dəstək verdiyini bir daha təsdiqləyir.
Həqiqətən də, son 13 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib və bu sahədə fundamental baza yaradılıb. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Qeyd edək ki, son 13 ildə respublikamızda sahibkarlara təxminən 2 milyard manat həcmində güzəştli kreditlər ayrılıb.
Təbii ki, hər dövrün spesifik cəhətləri var. Bu baxımdan yeni iqtisadi şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən islahatlar xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı müəyyənləşdirdiyi hədəflər xüsusi aktuallıq daşıyır. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb.
Azərbaycanda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb
Yeni şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığına və ölkənin sosial-iqtisadi inkişafının ardıcıllığının təmin olunmasına müsbət təsir göstərən fundamental amillərdən biri də kənd təsərrüfatının potensialından səmərəli şəkildə istifadə edilməsinə böyük diqqət göstərilməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə ölkəmiz aqrar sektorun dinamik inkişafına nail olmağı qarşıya strateji hədəf kimi qoyub. Prezident İlham Əliyevin imzaladığı bəhs olunan Fərmanla təsdiqlənən strateji yol xəritələrindən birinin aqrar sektorun yaxın, orta və uzunmüddətli perspektivdə inkişaf hədəflərini əhatə etməsi deyilənlərin əyani ifadəsidir.
Azərbaycanın aqrar sektoru strateji inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirməsi ölkəmizin reallıqları ilə bağlıdır. Belə ki, Azərbaycanın iqtisadi potensialının böyük hissəsi məhz aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir. Belə ki, son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Kənd təsərrüfatında artım tempi cari ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində respublikamızda aqrar sektorun uğurla inkişaf etdiyinə diqqət çəkərək vurğulayıb ki, kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Prezident İlham Əliyev yaradılan möhkəm bazaya istinad edərək gələcəkdə kənd təsərrüfatında daha yüksək nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib: “Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir”.
Qeyd edək ki, davamlı dövlət dəstəyi sayəsində həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Neft gəlirlərinin azaldığı şəraitdə xarici bazarlara daha çox həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmaqla ölkəmizə valyuta daxilolmalarını təmin etmək mümkündür. Prezident İlham Əliyev aqrar sektorda ixracyönümlü məhsul istehsalının artırılmasının zəruriliyinə diqqət çəkərək bildirib: “...Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır”.
Bütün sosial proqramlar uğurla həyata keçirilir
Bilavasitə insanların həyat şəraitinin davamlı şəkildə yaxşılaşmasına yönələn siyasət həyata keçirməsi Azərbaycanı fərqləndirən əsas cəhətlərdəndir. Prezident İlham Əliyev qarşıya belə bir hədəf qoyub ki, respublikamızda bu sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırılmalıdır. Bu strateji hədəfə uyğun olaraq ölkəmiz qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, gələn ilin dövlət büdcəsində də bütün sosial proqramlar öz əksini tapmalıdır: “Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”.
Elə bəhs olunan sənədin də diqqəti çəkən vacib məqamlarından biri burada islahatların sosial nəticələrinin nəzərə alınmasıdır. Belə ki, sənəd bütün fəaliyyətlərin həyata keçirilməsində sosial təminat məsələlərini, əhalinin sosial müdafiəsini önə çəkir. Bu isə ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı strateji yanaşmada iqtisadi diversifikasiya ilə yanaşı, sosial təminat məsələlərinin prioritetliyi yenə də qorunub saxlanılıb. Uyğun qiymətə mənzil təminatının, həmçinin kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələrinin hazırlanaraq təsdiq edilməsi bunu bir daha təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42

