Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür

05.11.2016 [09:00]

Prezident İlham Əliyev: Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır
Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Mənfi xarici təsirlər nəticəsində yaranan yeni şəraitdə də ölkəmiz dərin məzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Son illərdə Azərbaycanda nəinki hər hansı bir sosial proqram ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb. Prezident İlham Əliyev ötən ilin son ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Ölkəmizdə dövlət siyasətində sosial sferanın prioritetliyinin gözlənilməsi üçün 2016-cı ilin arxada qalan 9 ayı ərzində müxtəlif sahələrdə çoxlu sayda sosial layihələr icra edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğulayıb ki, gələn ilin dövlət büdcəsində də bütün sosial proqramlar öz əksini tapmalıdır: “Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azalmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”.
Qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar
Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Prezident İlham Əliyevin Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində sakinlərlə görüşündə qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır nəticələrindən biri də soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələridir. Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azərbaycan” üçün müsahibəsində qeyd etdiyi kimi, Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini itirən insanlar ilk vaxtlarda çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir. Qeyd edək ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi elə ilk vaxtlardan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlamağa başladı və ölkəmizin üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində əməli tədbirlər gördü. Ümummilli liderin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə təxminən 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərildi. 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında xüsusi olaraq vurğulayıb ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir.
Son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ötən müddətdə bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” başqa bir Sərəncam imzalayıb.
Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Ümumilikdə, Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.
Ötən müddətdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Prezident İlham Əliyevin “Ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaq” vədi vaxtından əvvəl yerinə yetirilib
Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Prezident İlham Əliyev bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. Çadır şəhərciklərinin sakinləri əsasən Füzuli, Biləsuvar, Sabirabad, Ağcabədi rayonlarının ərazisində salınan və elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrə köçürülüb.
Qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir sosial infrastrukturun yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı təkcə Onun imzaladığı Fərman və sərəncamlarda ifadə olunmur. Dövlət başçısı tez-tez Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən insanların müvəqqəti məskunlaşdıqları ünvanlara baş çəkir, yeni mənzillərində qaçqın və məcburi köçkün soydaşlarımızın qonağı olur. Belə səmimi təmaslarda məlum səbəblərdən öz yurd-yuvalarından ayrı düşən soydaşlarımız göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edir, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini bildirirlər. Cəbhə bölgəsinə növbəti səfəri çərçivəsində Ağdam rayonunun ictimaiyyəti ilə görüşən Prezident İlham Əliyev qaçqın və məcburi köçkün soydaşlarımız üçün yeni qəsəbələrin salınmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır”.
2016-cı ilin sonunadək fin tipli qəsəbələrin hamısı ləğv olunacaq
Qeyd etdiyimiz kimi, Azərbaycanın geniş məzmunlu sosial siyasətinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin bu və ya digər ehtiyaclarının ödənilməsinə maksimum diqqət göstərilməsi davamlı xarakter daşıyır. O cümlədən bu qəbildən olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması tədbirləri bundan sonra da davam etdiriləcək.
Belə ki, bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv edilməsindən sonra növbə fin evlərində və digər uyğunlaşdırılmış tikililərdə müvəqqəti sığınacaq tapan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çatıb. 2016-cı ilin sonunadək ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq. Bundan başqa, ölkəmiz qaçqın və məcburi köckün soydaşlarımızın sosial problemlərinin həllinə dəstək məqsədilə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı davam etdirir. Bu yaxınlarda Dünya Bankı ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi kimi məsələləri özündə əks etdirən yeni Saziş imzalanıb. Sazişə uyğun olaraq Dünya Bankı tərəfindən ölkəmizə 78,5 milyon ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
Eyni zamanda, Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına daha tez bir zamanda nail olmaq üçün yeni təşəbbüslə çıxış edərək bildirib ki, dövlət bu qəbildən olan soydaşlarımız üçün hazır binalardan mənzillər ala bilər. Beləliklə, həm müvafiq kateqoriyadan olan insanların problemləri həllini tapar, həm də tikinti sektorunda aktivlik artar. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “... Bölgələrdə 100-ə yaxın qəsəbə salındı, Bakı şəhərində evlər tikildi. Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər”.
Ev-eşiklərini itirən soydaşlarımız üçün öz doğma torpaqlarında daha rahat qəsəbələr salınacaq
Onu da qeyd edək ki, qaçqın və məcburi köçkün soydaşlarımız üçün Bakıda və respublikanın müxtəlif regionlarında yeni qəsəbələrin salınması müvəqqəti xarakter daşıyır. Məlum olduğu kimi, Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqe nümayiş etdirir. Dövlətimiz və xalqımız Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan dövləti mütləq ölkənin ərazi bütövlüyünü təmin edəcək. İşğaldan azad edilən ərazilərdə qaçqın və məcburi köçkün soydaşlarımız üçün daha gözəl, daha rahat qəsəbələr salınacaq, dağıdılan şəhərlər, kəndlər, maddi-mədəniyyət abidələrimiz yüksək səviyyədə bərpa olunacaq. Prezident İlham Əliyev Ağdam rayonunun ictimaiyyəti ilə görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyi və qaçqın soydaşlarımızın öz yurd yerlərinə qayıdacaqları ilə bağlı nikbinliyini bir daha ifadə edərək vurğulayıb: “... Hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 928 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31