Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / FETÖ-nün Azərbaycanda Əli Kərimli tərəfdarları ilə əlaqələrinin ifşa olunması xarici media qurumlarının diqqətindədir

FETÖ-nün Azərbaycanda Əli Kərimli tərəfdarları ilə əlaqələrinin ifşa olunması xarici media qurumlarının diqqətindədir

19.08.2016 [12:26]

Rusiya və Türkiyənin onlarla nüfuzlu media orqanı Əli Kərimli-Fətullah Gülən cütlüyünün mütəşəkkil fəaliyyəti haqqında süjetlər və informasiyalar yayımlayıb
Ötən ay Türkiyədə hərbi çevriliş cəhdi edən FETÖ şəbəkəsinin Azərbaycanda da yandaşlarının olması ilə bağlı faktlar üzə çıxmaqdadır. Vurğulayaq ki, şəbəkə halında fəaliyyət göstərən gülənçi qruplaşma yayıldıqları ölkələrdə hər zaman müxalifəti öz təsir dairələrinə salmağa maraqlı olublar. Siyasi hakimiyyətdə olan qüvvələrə yol tapa bilməyən şəbəkə məhz müxalif dairələri bir sıra vasitələrlə “şirnikləndirməklə” öz tərəflərinə çəkə biliblər. Azərbaycanda da bu proses analoji xətlə inkişaf edib. Belə ki, FETÖ şəbəkəsinin ölkəmizdəki ən yaxın tərəfdaşı məhz Əli Kərimlinin rəhbərlik etdiyi AXCP olub. Vaxtaşırı maddi dəstəklərini Ə.Kərimlidən əsirgəməyən gülənçilər hətta prinsipial siyasi proseslər zamanı da öz müttəfiqlərini “tək” buraxmayıblar. Ortaya qoyulan faktlar radikal müxalifət düşərgəsinin təmsilçisi olan AXCP və onun sədri Əli Kərimli ilə gülənçi şəbəkənin müttəfiq və qarşılıqlı şəkildə əlaqələrə malik olmasını göstərir.
Fətullah Gülənin Əli Kərimli ilə əlaqələri barədə yayılan informasiyalarda təkzibolunmaz faktlar yer alır
Artıq media resurslarında bu məsələ ilə bağlı geniş faktlar yer almaqdadır. Qeyd edilməlidir ki, FETÖ-nün Azərbaycanda Əli Kərimli tərəfdarları ilə əlaqələrinin ifşa olunması xarici media qurumlarının da diqqətindən yayınmayıb. Rusiya və Türkiyənin 10-larla nüfuzlu media orqanı Əli Kərimli-Fətullah Gülən cütlüyünün mütəşəkkil fəaliyyəti haqqında süjetlər və informasiyalar yayımlayıb. Fətullah Gülənin Əli Kərimli ilə əlaqələri barədə yayılan informasiyalar faktlarla ortaya qoyulub.
Fətulluh Gülən-Əli Kərimli işbirliyinin üzərinə gün işığının düşməsi isə artıq AXCP daxilində böyük təlaşa səbəb olub. Çünki fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi faktının üzə çıxması AXCP-nin özü haqda yaratmağa çalışdığı “dünyəvi liberal dəyərlərin qoruyucusu” mifini dağıdır. Artıq onlar özlərini nə dünyəvi liberal, nə də milliyyətçi qiyafəsində təqdim etmək imkanına malikdirlər. Bu əlaqələrin ifşası Əli Kərimlinin və ətrafındakı dəstənin simasını bir daha Azərbaycan cəmiyyətinə açıq şəkildə nümayiş etdirdi.
Məhz bu təlaş Əli Kərimlini və ətrafındakı sosial şəbəkə dəstəsini əməlli-başlı “özündən çıxarıb”. Hər zaman sosial şəbəkələrdə özünəməxsus küçə jarqonları ilə danışan, siyasi etikadan xəbərsiz bu qrup yenidən özlərinə yaxın media orqanlarında, xüsusən sosial mediada aqressivlik nümayiş etdirir, səsləndirilən faktlara qeyri-etik ifadələrlə cavab verirlər. Onlar özlərini müdafiə, Fətullah Gülənlə Əli Kərimlinin əlaqələrini isə təkzib etmək üçün yalanlar danışır, əsassız iddialar irəli sürürlər.
Əli Kərimliyə xatırlatma: “Qafqaz” Universiteti və “Araz” kursları məhz AXC hakimiyyəti vaxtı açılmışdı
Ə.Kərimlinin yandaşlarının əllərində bayraq etdikləri guya gülənçilərin indiki hakimiyyət dönəmində ölkəyə gəlməsi haqda iddialar da əsassızdır. Belə ki, gülənçi şəbəkənin Azərbaycana ayaq açması hələ ötən əsrin 80-ci illərinin sonlarından başlamışdı. “Qafqaz” Universiteti və “Araz” kursları məhz AXC hakimiyyəti vaxtı açılmışdı. “Qafqaz” gülənçilərin xaricdə ilk ali məktəbi, “Zaman Azərbaycan” ilk xarici nəşrləri idi. Hazırlıq kurslarının əhəmiyyəti barədə isə yalnız onu demək olar ki, F.Gülən və AKP hakimiyyəti arasında ziddiyyətlər məhz Türkiyədə hazırlıq kurslarının qapadılmasından sonra ictimailəşmişdi.
Vurğulamaq lazımdır ki, “Zaman” qəzetinin Azərbaycan əlavəsi 90-cı illərin birinci yarısından etibarən nəşrə başlayıb, ilk vaxtlardan da daxili siyasi proseslərdə mövqe tutub. Hələ 1992-ci ildə Əbülfəz Elçibəyin seçkiqabağı kampaniyasına açıq şəkildə dəstək verilib, “Oylarımız Elçibeye!” başlığı ilə broşür və plakatlar nəşr edilib.
Yeri gəlmişkən, o dövrdə AXCP-də təmsil olunan Daşqın Ağalarlının və Fazil Mustafanın açıqlamalarından göründüyü kimi, AXCP-Gülən əlaqələri hələ AXC hakimiyyətə gəlməzdən əvvəlki vaxta təsadüf edir, sonralar bu əlaqələr daha çox Kərimli tərəfdarlarının üzərində fokuslanıb. Bu isə onu deməyə əsas verir ki, Əli Kərimli Elçibəydən sonrakı dönəmdə, yəni partiyaya rəhbərlik etdiyi zamandan Gülən şəbəkəsi ilə əlaqələrini daha da möhkəmləndiribmiş.
Siyasi prinsipsizlik, ifrat makiavellizm “yurdçu” dəstəni cilddən-cildə salır
Qeyd edək ki, Əli Kərimlinin özünün Fətullah Gülənlə əlaqələrini təkzib etmək üçün irəli sürdüyü əsas məqamlardan biri də ötən il Nardaranda zərərsizləşdirilmiş “Müsəlman birliyi” adlı silahlı dəstəni “dəstəkləməsi” məsələsidir. Lakin AXCP sədri və ətrafındakı dəstənin özlərini müdafiə etmək üçün gətirdikləri “eyni zamanda həm sünni, həm də şiə radikalların dəstəkçisi olmağın mümkünsüzlüyü” haqda arqumentlər də əsassızdır.
Xatırlatmaq yerinə düşər ki, bu arqumentin müəllifi olan Cəmil Həsənli AXC-də ola-ola AMİP sədrini prezidentliyə namizəd kimi müdafiə etməyi, amma Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra AXC hakimiyyətində təmsil olunmağı, sonra AXCP-çi ola-ola indiki hakimiyyətə yarınmağı yaxşı bacarıb. Bu keyfiyyətlərin onun həm tələbəsi, həm də lideri olan Əli Kərimlidə daha çox inkişaf etməsi isə heç kimə sirr deyil. Bu mənada Əli Kərimlinin həm Fətullah Gülənlə, həm də Taleh Bağırzadə ilə işbirliyində olması mümkündür. Çünki Azərbaycan cəmiyyəti Ə.Kərimlinin bu cür “manevrlərinin” az şahidi olmayıb. Siyasi prinsipsizlik, ifrat makiavellizm “yurdçu” dəstəni dəfələrlə milli demokratlıqdan liberal demokratiyaya, liberalizmdən solçu tələblərlə mitinq keçirən yarım trotskiçi-çe geveraçı qrupa çevirib. Bir zamanlar özünü milliyyətçi donunda da təqdim etməyə çalışan Əli Kərimli və qruplaşması indi də dinçi elektoratın dəstəyini qazanmaq istəyən güruha tərəf yol almaqdadır. Hətta “narıncı internasional”ın dini radikal şəbəkələrlə çulğaşması belə makiavellist yanaşmanın nəticəsidir.
Vurğulamaq lazımdır ki, özünün FETÖ şəbəkəsi ilə əlaqələrini təkzib etməyə çalışan Ə.Kərimli artıq çabaladıqca öz çirkabında batmaqdadır. Ortaya qoyulan faktların təkzibolunmazlığı onu çıxılmaz vəziyyətə salır. Hətta inandırıcıdır ki, Türkiyədə FETÖ-çülərlə bağlı istintaq dərinləşdikcə Əli Kərimli ilə terror təşkilatı arasında əlaqələrin yeni sübutları da gün işığına çıxacaq. Hər halda bunu da zaman göstərər...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31