Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda kənd yollarının yenidən qurulması və abadlaşdırılması davam etdirilir

Azərbaycanda kənd yollarının yenidən qurulması və abadlaşdırılması davam etdirilir

26.07.2016 [09:41]

Prezident İlham Əliyev: Kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb
Son 12 ildə Azərbaycanın bütün dünya üçün nümunə göstərilən dinamik sosial-iqtisadi inkişaf modelindən söhbət açarkən bütün ölkə boyu güclü infrastruktur yaradılmasına böyük diqqət göstərilməsini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin Azərbaycanı hər cəhətdən müasir ölkəyə çevrilməklə bağlı müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində istər paytaxt Bakıda, istərsə də regionlarda sosial və iqtisadi sektorlara aid infrastrukturun yenilənməsi istiqamətində böyük iş həcmi yerinə yetirilib. Bunun sayəsində də hazırda Azərbaycan mükəmməl infrastruktur təminatına malik ölkəyə çevrilib. Qısa müddətdə ölkədə 25 elektrik stansiyasının, 6 yeni hava limanının, nəhəng ticarət limanının tikilib istifadəyə verilməsi böyük nailiyyətdir. Hazırda respublika üzrə qazlaşdırmanın səviyyəsi 90 faizə çatdırılıb. Ölkənin bütün regionlarında həyata keçirilən su-kanalizasiya layihələri sayəsində artıq bir sıra iri şəhərlərdə əhaliyə 24 saat fasiləsiz keyfiyyətli su verilir, eyni zamanda, bölgələrdə əvvəllər içməli su qıtlığından ciddi əziyyət çəkən yaşayış məntəqələrinin təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Ölkəmizin regionlarında müasir infrastruktur yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir. Əsas məqamlardan biri ondan ibarətdir ki, ölkə miqyasında yeni infrastruktur layihələrinin yerinə yetirilməsi davamlı xarakter daşıyır. Bu baxımdan respublikamızda qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şərait də istisna deyil. Azərbaycan dövləti özünün davamlı inkişaf strategiyasına sadiqlik nümayiş etdirərək bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də respublikanın infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirləri davam etdirir. İnfrastrukturun yaxşılaşdırılması baxımından cari ilin birinci yarısı da istisna olmayıb. Belə ki, bu sahədə heç bir layihə ixtisara salınmayıb, əksinə, ölkənin müxtəlif bölgələrində insanlar infrastruktur obyektlərinin istifadəyə verilməsinin sevincini yaşayıblar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək vurğulayıb ki, bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir.
Beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması Azərbaycanın tranzit imkanlarını daha da artırır
Hazırda Azərbaycan regionda yeni əməkdaşlıq platformalarının yaranmasına daha sanballı töhfələr vermək üçün həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin öz ərazisindən keçən hissəsinin yüksək dünya standartları səviyyəsində qurulması üçün bütün zəruri tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan beynəlxalq miqyaslı İpək Yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. İndiyədək qədim İpək Yolunun bərpası layihəsi çərçivəsində respublikamızın ərazisində böyük iş həcmi yerinə yetirilib. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələri dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda həmin yolun bəzi hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, birinci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəd avtomobil yolunu 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə yüksəltmək məqsədilə aparılan işlər yekunlaşdıqdan sonra Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına başlanılacaq. Magistral 2 zolaqdan 4 zolağa kimi artırılacaq, bu da yolun 1-ci texniki dərəcəli olmasına imkan verəcək.
Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin respublikamızın ərazisindən keçən hissəsinin tikintisi də sürətlə davam etdirilir. Milli Məclis “Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə” qanun layihəsini təsdiqləyib, ölkə Prezidenti İlham Əliyev isə 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalayıb. İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16-cı kilometrlik hissəsi asfalt-beton, 16-134-cü kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması həyata keçirilir. Bu yol respublikanın cənub və qərb istiqamətlərindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə, hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaltmağa imkan verəcək. Prezident İlham Əliyev ölkəmizin ərazisindən keçən magistral yollarda işlərin intensiv şəkildə davam etdirilməsindən məmnunluğunu ifadə edərək deyib: “Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir”.
Yol infrastrukturunun yenilənməsi üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv davam etdirilir
Respublikamızda yerli əhəmiyyətli yolların inşasına böyük diqqət göstərilməsi də təqdirəlayiq haldır. Ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də həyata keçirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Həyata keçirilən layihələr ölkənin yol təsərrüfatında vəziyyəti tamamilə dəyişib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu cəhəti xüsusi vurğulayaraq bildirib: “Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir...”
Cari ildə kənd yollarının tikintisi də diqqət mərkəzində saxlanılır
Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi getdikcə artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Ancaq hələ də bərbad vəziyyətdə olan yollarımız vardır. Dövlət başçısı tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. İnsanların əziyyət çəkməmələri üçün kənd yolları yüksək səviyyədə asfaltlaşdırılmalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində cari ildə ölkəmizin bütün bölgələrində kənd yollarının tikintisinin daha geniş vüsət alacağını bildirib: “Kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq”.
Qeyd edək ki, həm artıq başa çatan Dövlət proqramlarında, həm də hazırda icrası davam etdirilən üçüncü Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Tədbirlər planına uyğun olaraq 2015-ci ildə respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib. Respublikanın ayrı-ayrı bölgələrində həyata keçirilən yeni yol layihələri ilə bağlı statistika kifayət qədər zəngindir. İndiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi reallaşdırılıb. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı olub.
Cari ilin əvvəlindən bəri Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin daxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilib. Yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan kənddaxili yolların uzunluğu 27 kilometrdir. Yolun eni 5-8, bəzi yerlərdə isə 10-15 metrə çatır.
Daha bir yolun - 28 min insanın yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılıb. Tikinti işləri çərçivəsində yol üçüncü texniki dərəcəyə uyğun olaraq 7-8 metrədək genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək. Yolun yaşayış məntəqələrindən keçən hissəsində piyada səkiləri salınacaq.
Cari ildə həmçinin Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi davam etdiriləcək. Prezident İlham Əliyev cari il iyulun 22-də bəhs olunan yolun tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.
Prezident İlham Əliyev cari ilin iyul ayında həmçinin on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun inşasının başa çatdırılması, eləcə də Qəbələ rayonunda yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə müvafiq sərəncamlar imzalayıb. Cari ildə cəbhə bölgəsində - Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi də davam etdiriləcək. Yolun tikintisi Prezident İlham Əliyevin cari il 23 iyul tarixdə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçiriləcək. Sərəncama əsasən, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə kənd yolları layihələrinin intensiv şəkildə həyata keçirilməsini şərtləndirən bir sıra amillər var. Belə ki, kənd yollarının tikintisini əsasən daxili resurslar hesabına həyata keçirmək mümkündür. Bu qəbildən olan layihələrin yerinə yetirilməsində xaricdən mal və materiallar alınmasına heç bir lüzum yoxdur. Yuxarıda bəhs olunan konfransdakı nitqində bu vacib məqamla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız yoxdur. Lazım olan bütün mal-materiallar Azərbaycanda istehsal edilir. Kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmli amildir”.
Kənd yolları layihələrinin icrası yeni iş yerlərinin yaradılması baxımından da böyük önəm daşıyır
Respublikanın bölgələrində kənd yollarının müasir standartlar səviyyəsində yenidən qurulması bir çox cəhətdən böyük əhəmiyyət daşıyır. Kənd yollarının tikintisi layihələri iqtisadi əhəmiyyət daşımaqla yanaşı, həm də dərin sosial məzmun kəsb edir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında əhalinin məşğulluğunun təmin olunması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublikamızda işsizliyin səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Mənfi qlobal təsirlərin artdığı indiki şəraitdə əhalinin məşğulluğunun təmin edilməsi daha ciddi önəm daşıyır. Prezident İlham Əliyev ölkəmizdə mövcud olan müsbət demoqrafik vəziyyət fonunda yeni iş yerlərinin yaradılmasının davamlı prosesə çevrilməsini bir vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq cari ilin əvvəlindən bəri ölkəmizdə təxminən 90 min iş yeri yaradılıb ki, onların da 78 mini daimidir. Ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülür.
Yeni iş yerlərinin yaradılması baxımından kənd yolları layihələrinin icrası da mühüm əhəmiyyət daşıyır. Kənd yolları layihələri bir qayda olaraq bölgələrdə icra edilir. Bu isə o deməkdir ki, yeni kənd yollarının salınması layihələrinin icrasına, ilk növbədə, regionlarda yaşayan insanlar cəlb olunurlar. Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində yeni iş yerlərinin yaradılması baxımından kənd yolları layihələrinin önəmini vurğulayan Prezident İlham Əliyev deyib: “Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31