Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda demokratik, legitim seçkilərin əsasını güclü siyasi iradə təşkil edir

Azərbaycanda demokratik, legitim seçkilərin əsasını güclü siyasi iradə təşkil edir

06.11.2015 [10:12]

Əli Həsənov: Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək
Dinamik inkişaf tempinə və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bu kontekstdə ölkəmizdə keçirilən bütün seçkilər də beynəlxalq standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir və Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verir. Məhz noyabrın 1-də keçirilmiş parlament seçkiləri də şəffaflığı, demokratikliyi və legitimliyi ilə yadda qaldı. Yerli və beynəlxalq müşahidəçilərin ümumi qənaəti ondan ibarətdir ki, parlament seçkilərinin şəffaflığı və legitimliyi Azərbaycanın demokratik ənənələr və dəyərlərə sadiq olduğunu nümayiş etdirdi.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini şərh edərək bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilmiş və Azərbaycan xalqının iradəsini əks etdirmişdir: “Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət vermişdir. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan etmişdir”.
Gənc dövlət olan müstəqil Azərbaycan zəngin seçki təcrübəsinə malikdir
Ümumiyyətlə, gənc dövlət olan müstəqil Azərbaycan zəngin seçki təcrübəsinə malikdir və ölkəmizdə keçirilən bütün seçkilər xalqın iradəsini və Azərbaycan dövlətinin qüdrətini ifadə edir. Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində təkmilləşdirmə işləri aparılıb. Bütün görülən işlər isə ölkə vətəndaşlarının seçki hüququnun təmin edilməsinə xidmət edir. Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycanda hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlar var. Əminliklə söyləmək olar ki, məhz parlament seçkiləri də Azərbaycanın demokratik inkişafına mühüm töhfə oldu və beynəlxalq ictimaiyyət seçkilərin legitimliyini, şəffaflığını təqdirəlayiq hal kimi xarakterizə etdi.
ATƏT DTİHB-nin mövqeyi siyasi sifarişə əsaslanır
Bununla yanaşı, seçki kampaniyasının gedişində bəzi dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyaraq hələ keçirilməmiş seçkiləri spekulyasiya vasitəsinə çevirməyə çalışdılar. Bu kontekstdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi, şübhəsiz, siyasi xarakter daşıyırdı. Başqa sözlə, bu, ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına zidd olmaqla yanaşı, həm də Qərbin müəyyən dairələrinin siyasi sifarişinə əsaslanırdı. Əlbəttə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz: “Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlamış və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirmişdir. Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməmiş və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina etmişdir. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in Nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atmışdır”.
Azərbaycan parlament seçkilərini beynəlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoydu
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanda təmin edilmiş demokratik şəraitin və möhkəm sosial-siyasi sabitliyin əsasında, əlbəttə ki, güclü siyasi iradə durur. Bu siyasi iradə isə ölkə rəhbərliyinin demokratikləşmənin daha da sürətlənməsinə verdiyi önəmin bariz təzahürünü təşkil edir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi surətdə prinsipiallıqla davam etdirilən demokratikləşmə siyasəti bu gün bütün seçkilərdə də özünü ən yüksək səviyyədə təcəssüm etdirir. Belə ki, seçkilərin demokratik, azad, şəffaf və ədalətli şəkildə keçirilməsinin vacibliyini və əhəmiyyətini xüsusi şəkildə önə çəkən hakimiyyətin səmərəli fəaliyyəti və yüksək siyasi iradəsi bu məsələdə təməl faktor kimi çıxış edir. Dəfələrlə bəyan edilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin mütləq surətdə bərqərar olması və hüquqi dövlətin elementlərinin formalaşdırılması üçün bütün zəruri tədbirlər görülməkdədir. Məhz noyabrın 1-də keçirilmiş parlament seçkilərinin şəffaflığı və legitimliyi də buna bariz nümunədir. ATƏT DTİHB kimi Qərbin müəyyən dairələrinin siyasi sifarişləri ilə hərəkət edən təşkilatların qərəzli mövqeyi isə subyektiv yanaşmadan başqa bir şey deyil.
Parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşdü
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məsələyə dair onu da qeyd edib ki, Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır: “Bununla yanaşı, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək”.
Yekun olaraq qeyd edək ki, ATƏT DTİHB-nin qərəzli mövqeyi beynəlxalq müstəvidə də ciddi tənqid obyektinə çevrildi. Reallıq isə ondan ibarətdir ki, parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşdü. Ölkəmiz bu seçkiləri də beynəlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoydu.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31