Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda keçiriləcək parlament seçkilərinə beynəlxalq maraq yüksəkdir

Azərbaycanda keçiriləcək parlament seçkilərinə beynəlxalq maraq yüksəkdir

28.10.2015 [10:23]

“Qərb təşkilatlarının Azərbaycanda keçiriləcək seçkilərə kölgə salmaq niyyəti boşa çıxacaq”
“Azərbaycan regionda mühüm yer tutur. Bu ölkə sabitliyi və inkişafı qoruyub saxlamağı bacarıb”. “Seçki-2015.az” saytının xəbərinə görə, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski “Parlament seçkiləri ərəfəsində Azərbaycan” mövzusunda Bakı ilə Moskva arasında keçirilən videokörpü zamanı belə deyib.
O bildirib ki, son 10-15 ildə Azərbaycan insan haqlarının müdafiəsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlarla görüşlər keçirib: “Azərbaycanın AŞPA, Avropa İttifaqı, eləcə də digər beynəlxalq qurumlarla yaxşı münasibətləri var. Amma bu təşkilatlar onlara olan etimadı düzgün qiymətləndirmirlər”.
Stanislav Çernyavski qeyd edib ki, Rusiya Azərbaycanda sabitliyin olmasında maraqlıdır: “Rusiya əmindir ki, Azərbaycan xalqı bu seçkilərdə də uğurlu siyasi və intellektual seçim edəcək. Eyni zamanda, Türkiyə də Azərbaycanda sabitliyin tərəfdarıdır. Biz əminik ki, Qərb təşkilatlarının Azərbaycanda keçiriləcək seçkilərə kölgə salmaq niyyəti boşa çıxacaq”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana müşahidə missiyası göndərəcək
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcək”. Bu barədə “Seçki-2015.az” saytına açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, müşahidə missiyası 14 nəfərdən ibarətdir. Onun sözlərinə görə, missiya oktyabrın 28-də Azərbaycana gələcək. Səfər noyabrın 2-dək davam edəcək.
“Müşahidə missiyasının rəhbəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocamandır. Missiyaya Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ofisindən və Beynəlxalq Türk Akademiyasından nümayəndələr daxildir. Müşahidə missiyamız Bakıda və Gəncədə seçkilərin gedişini izləyəcək. Noyabrın 2-də missiyanın üzvləri seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib rəylərini açıqlayacaqlar”, - deyə R.Həsənov vurğulayıb.
“Nezavisimaya qazeta”: Azərbaycan seçkilərə ciddi hazırlaşır
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb. “Seçki-2015.az” saytı xəbər verir ki, məqalədə Azərbaycan Milli Məclisinə seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyasının finiş xəttinə çatdığı deyilir: “Mərkəzi Seçki Komissiyası bildirib ki, seçkilər noyabrın 1-də 8:00-da başlayacaq, 19:00-da başa çatacaq. MSK informasiya mərkəzi seçkilərin gedişi haqda 10:00-da, 12:00-da, 17:00-da və 19:00-da məlumat verəcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, seçkiləri izləmək üçün 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası oktyabrın 30-da ispan deputat Yordi Cuklanın rəhbərliyi ilə Bakıya gələcək. Bakıda Rusiya nümayəndə heyətini də gözləyirlər. Eyni zamanda, MDB-nin uzunmüddətli müşahidəçiləri artıq Azərbaycanda seçkilərin monitorinqini keçirir. İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkunun rəhbərliyi ilə müşahidə missiyası tərəfindən respublika qanunvericiliyi öyrənilir, bütün dairə seçki komissiyalarının işi müşahidə edilir. Seçki günü Bakıya gələcək MDB-nin 147 müşahidəçisi ölkənin bütün bölgələrində müşahidə aparacaq”.
V.Qarkun bildirib ki, onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda olublar: “Hesab edirik ki, müşahidə aparmaq üçün vacib şərait yaradılıb. Yəni şəffaflıq tamamilə təmin olunub. Seçki prosesinin təşkili üçün qəbul edilən qanunvericilik bazası ilə ciddi şəkildə tanış olmuşuq. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər beynəlxalq qaydalara və seçkilərin keçirilməsi prinsipinə uyğundur”.
Onun sözlərinə görə, MDB ölkələrindən olan müşahidəçilər MSK və dairə seçki komissiyalarının işini yüksək səviyyədə qiymətləndirirlər.
“Nezavisimaya qazeta” yazır ki, hazırlıq prosesini və seçkiləri Rusiya jurnalistlərinin böyük qrupu işıqlandıracaq: “Onlar Milli Məclisdə oldular və Oqtay Əsədovla görüşdülər. Azərbaycan qanunverici orqanının rəhbəri seçkilərə hazırlıq prosesindən danışıb və Bakıya müşahidə missiyası göndərməkdən imtina edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyini tənqid edib”.
Nəşr qeyd edir ki, ATƏT DTİHB-nin Azərbaycandan “qisas almaq” üçün atdığı bu addım təkcə ölkə daxilində tənqidlərə məruz qalmır, həmçinin ölkə hüdudlarından kənarda da sərt tənqid olunur.
Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT DTİHB-ni tənqid etməsini xatırladan nəşr Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” məqaləsindən də sitatlar verir.
“Azərbaycan dövləti hər zaman seçkilərin azad və şəffaf keçirilməsində maraqlı olub”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycandakı demokratik inkişafa qısqanclıqla yanaşır. Təşkilatın noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə müxtəlif bəhanələrlə müşahidə missiyası göndərməkdən imtina etməsi də bunun göstəricisidir. Əslində, Büronun müşahidə missiyası göndərməməsi texniki problemlə bağlı olsa da, ATƏT DTİHB-nin rəhbəri Maykl Linkin son açıqlamaları göstərir ki, təşkilat bu məsələni siyasiləşdirməyə çalışır. Belə ki, “meydan.tv” Maykl Linkin fikirlərini yayıb və o iddia edir ki, guya Azərbaycanda seçki sisteminin və seçki mühitinin demokratik olmaması səbəbindən təşkilat Azərbaycana müşahidə missiyası göndərməkdən imtina edib.
“Seçki-2015.az” saytı məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin fikirlərini öyrənib. O bildirib ki, Azərbaycan dövləti hər zaman seçkilərin azad və şəffaf keçirilməsində maraqlı olub. Onun sözlərinə görə, bu səbəbdən də seçkiləri müşahidə etmək üçün çoxsaylı beynəlxalq qurumlara dəvət göndərilir.
“Noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 40-dan çox beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi MSK-da müşahidəçi kimi qeydiyyatdan keçib. Bu faktın özü ölkəmizdə keçiriləcək parlament seçkilərinə beynəlxalq ictimaiyyətin marağının yüksək olmasını göstərir. Eləcə də 63 min yerli müşahidəçi seçkiləri izləmək üçün qeydiyyatdan keçib. Onların arasında müxtəlif siyasi partiyaların, QHT-lərin nümayəndələri kifayət qədərdir ki, bu da ölkə ictimaiyyətinin seçkilərin azad və şəffaf keçirilməsinə marağının yüksək ifadəsidir. Bütün bunlarla bərabər, Azərbaycanın seçki keçiriləcək bütün ərazilərini əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb ki, istənilən yerli və xarici vətəndaş seçki məntəqələrinə gəlmədən səsvermənin gedişini müşahidə edə bilər. Eləcə də KİV-ə bu prosesi izləmək üçün geniş imkanlar yaradılıb. Bizim üçün əsas məsələ seçkilərin Azərbaycan xalqı və seçiciləri üçün azad və şəffaf keçirilməsidir”, - deyə Ş.Əsədli vurğulayıb.
Rusiyalı ekspert Azərbaycanda keçiriləcək parlament seçkilərindən danışıb
“Azərbaycandakı parlament seçkiləri mürəkkəb beynəlxalq şərait fonunda keçəcək”. Bu barədə “Seçki-2015.az” saytına Rusiyanın “KUB” analitik mərkəzinin eksperti Nadana Fridrixson bildirib. Ekspert Azərbaycandakı parlament seçkilərinin Türkiyədəki siyasi proseslə eyni gündə - noyabrın 1-də keçiriləcəyi faktını diqqətə çatdırıb. “Cari ilin iyununda Türkiyədə parlament seçkiləri keçirildi. Seçkilərlə bağlı çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirdi ki, ölkədəki daxili siyasətin vəziyyəti həmin seçkilərdə öz əksini tapdı. Əlbəttə ki, Azərbaycandakı vəziyyət Türkiyəyə nisbətən daha möhkəmdir. Milli Məclisdəki yerləri tutmaq üçün hakim partiya, demək olar ki, bütün şanslara malikdir. Bundan başqa, seçkilərin nəticələrinə görə ölkədə hər hansı ciddi çaxnaşmaların olacağını güman etmək çətindir”, - deyə ekspert bildirib.
Nadana Fridrixson qeyd edib ki, dünya ictimaiyyətinin diqqəti bölünüb. “Qərb tərəfindən Bakıya olan təzyiqlər çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu seçkilərdə iştirak etməyəcək, amma onların bu addımı nəticələrin qanuniliyinə təsir etməyəcək. Bununla yanaşı, əsas diqqət artıq ciddi narahatlıqların hökm sürdüyü Türkiyədəki seçkilərə yönələcək. Buna görə də, Azərbaycandakı parlament seçkiləri sabit şəraitdə keçəcək. ABŞ və Avropa İttifaqı tərəfindən təxribat xarakterli bəyanatların olması istisna edilmir. Suriya məsələsinin, İranla bağlı problemlərin astanasında duran Türkiyənin mövcud olduğu bir dövrdə Qərbin görəcək işləri çoxdur”, - deyə ekspert qeyd edib.
“Azərbaycandakı seçkiləri gözdən salmaq təşəbbüsləri fiaskoya məhkumdur”
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək seçkilərdə qüsur tapa bilmədiyi üçün müşahidə missiyası göndərməkdən imtina edib. Əgər neqativ məqamlar yoxdursa, bu missiyanın Bakıya gəlməsinə də ehtiyac yoxdur”. “Seçki-2015.az” saytı xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski deyib.
O bildirib ki, təşkilat bu mövqeyi ilə, əslində, Azərbaycanın deyil, öz əleyhinə işləyir: “Büro bununla Qərbin sifarişi ilə hərəkət etdiyini göstərir. Əgər Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ATƏT-in tərkibində qalmasını istəyiriksə, onda bu təşkilatı kökündən dəyişməliyik”.
Slutski deyib: “ATƏT və təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda qəribə vəziyyət yaranıb. Missiyanın seçkilərdə iştirakdan imtina etməsi mənə qəribə gəldi. Axı Büro ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılıb...
Hesab edirəm ki, seçkilərdə seçicilərin fəallığı kifayət qədər yüksək olacaq. Çünki Azərbaycan ictimaiyyəti ölkə başçısının ətrafında sıx birləşib. Biz Milli Məclisə keçiriləcək seçkiləri obyektiv qiymətləndirəcəyik. Bu gün Azərbaycan cəmiyyəti kifayət qədər inkişaf edib. Bu inkişafa qara yaxmaq heç bir nəticə verməyəcək. Əminik ki, seçkilər demokratik şəraitdə keçəcək. Azərbaycanda keçiriləcək seçkiləri gözdən salmaq təşəbbüsləri fiaskoya məhkumdur”.
“MDB müşahidəçiləri indiyədək heç bir qanun pozuntusu qeydə almayıb”
“MDB-dən olan müşahidəçilər missiyası bu günədək Azərbaycanda seçki qanunvericiliyinə dair heç bir pozuntu qeydə almayıb. Seçki kampaniyası çox sakit keçir”. Bu sözləri “Seçki-2015.az” saytına açıqlamasında MDB-dən olan müşahidəçilər missiyası qərargahının rəhbəri Yevgeni Sloboda deyib. O bildirib ki, müşahidə missiyasının normal işləməsi üçün hər cür şərait yaradılıb.
Y.Sloboda MDB-dən olan müşahidəçilərin 10-dan artıq rayonda, eləcə də Bakı, Sumqayıt və Gəncədəki seçki məntəqələrinə baş çəkdiklərini bildirib: “Müşahidələrimiz zamanı əmin olduq ki, məntəqələr texniki təchizat baxımından seçkiyə tam hazırdır. Siyahıların dəqiqləşdirilməsi üzərində işlər yekunlaşmaq üzrədir. Seçicilərə, seçkinin tarixi və vaxtını göstərən, arxa tərəfində isə seçki qaydası əks olunmuş bildirişlər göndərilib. Digər tərəfdən qeyd etmək istərdim ki, komissiyaların işi kifayət qədər açıq və şəffafdır. Biz seçki prosesini tənzimləyən sənədlərlə də tanış olmuşuq. Ona görə hesab edirik ki, komissiya heyəti də yüksək hazırlıq keçib”.
Bildirilib ki, missiya üzvləri MSK-nın iclaslarına da qatılıb və qərarların demokratik, açıq və kollegial şəkildə qəbul edildiyini müşahidə edib. Hazırda missiya Azərbaycandakı seçki qanunvericiliyinin analizini hazırlamaq və təbliğat-təşviqat kampaniyasının gedişini müşahidə etməklə məşğuldur. Seçki prosesi zamanı qeydə alına biləcək pozuntularla bağlı şikayət və ərizələrin baxılmasına məsul olan icra orqanlarına məktublar göndərilib. Şikayət və ərizələrlə bağlı missiyanın analizi oktyabrın 31-dən sonra təqdim olunacaq.
Aureliya Qriqoriu: Azərbaycanda seçkilərə hazırlıq qanunvericiliyə uyğun həyata keçirilir
“Mən Azərbaycandakı seçki prosesini yaxından izləyirəm və tam əminliklə deyə bilərəm ki, seçkilərə hazırlıq, təbliğat-təşviqat işi ölkə qanunvericiliyinə uyğun həyata keçirilir”. Bu sözləri “Seçki-2015.az” saytına açıqlamasında Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu bildirib. O deyib ki, Azərbaycan ictimaiyyətində demokratik əhval-ruhiyyə mövcuddur.
Xanım A.Qriqoriu bir neçə dəfə Azərbaycanda olduğunu və ölkəmizi bütün qəlbi ilə sevdiyini deyib: “Azərbaycan qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm ölkədir. Azərbaycan demokratik inkişaf yolunu seçib. Ölkədə qanunun aliliyi real olaraq gündəlik tətbiq edilir. Xüsusilə də Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə, heç bir ölkədə hər şey ideal deyil. Ancaq Azərbaycanda problemlərin, çatışmazlıqların müəyyənləşdirilərək aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir”.
Səhifəni hazırladı:
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31