Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

24.10.2015 [11:33]

Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi bir hadisə, gənc müstəqil dövlət kimi böyük diplomatik və siyasi uğurumuzdur
Məlum olduğu kimi, 2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilib. 2012-ci il yanvarın 1-də isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin ilin may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və ölkəmizin prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb.
Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edildi və səmərəli müzakirələr qeydə alındı. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan qlobal taleyüklü məsələlərin həllində aktiv iştirak edir.
Tarazlaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun qanunauyğun nəticəsi...
O da qeyd edilməlidir ki, Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzv kimi təmsil olunması ölkəmizin təşkilat çərçivəsində təmaslarını və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırıb ki, bu da respublikamızın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin edən mühüm amil kimi çıxış edib. Ümumiyyətə, bu təmsilçiliyin mahiyyətinə, əsaslarına və gətirdiyi səlahiyyətlər və dividendlərə daha dəqiq bələd olmaq üçün bir-birilə sistematik surətdə bağlı olan bir neçə məsələyə toxunmaq məqsədəmüvafiqdir.
İlk öncə qeyd edilməlidir ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil etməsi təsadüfi xarakter daşımayıb. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, tarazlaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış edib.
Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanla BMT arasındakı münasibətlərin səmərəliliyini təmin edən mühüm strateji faktorlardan biri ölkəmizin bu mötəbər beynəlxalq təşkilatın müxtəlif proqramlarında və ixtisaslaşmış qurumlarında uğurla iştirak etməsidir. Sirr deyil ki, Azərbaycan BMT-də özünün milli maraqlarına müvafiq olaraq uğurla təmsil olunur. Təşkilatın müxtəlif proqramlarında uğurla iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirir. Xüsusilə də, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin bu qurumla münasibətlərinə və xarici siyasətinə verilən müstəsna dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqil dövlətimizin bütün tarixi ərzində, bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir”.
Regional güc mərkəzi olan Azərbaycan BMT çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb
Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda bir daha ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrliyi uğurla başa vurmasını xüsusi qeyd etmək lazımdır. Bu, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi bir hadisə, gənc müstəqil dövlət kimi böyük diplomatik və siyasi uğurumuzdur: “Bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir”.
Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi surətdə möhkəmlənir
Sadalananlar öz növbəsində bir sıra strateji nüansları yenidən aktuallaşdırır. Əvvəla, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz daxili siyasətimizin davamıdır: “Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”.
Qeyd etdiyimiz kimi, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir. Dövlət başçısının qeyd etdiyi kimi: “Ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.
Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir
Bununla yanaşı, Azərbaycan sivilizasiyalararası dialoqa da mühüm töhfələr verir. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim edilir. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.
Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir
Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir. Ölkəmiz digər mötəbər beynəlxalq təşkilatlarda olduğu kimi, Birləşmiş Millətlər Təşkilatında da özünün milli maraqları əsasında uğurla təmsil olunur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31