Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / OCCRP-nin və “Meydan TV”nin “bulanıq suda balıq tutmaq” cəhdi...

OCCRP-nin və “Meydan TV”nin “bulanıq suda balıq tutmaq” cəhdi...

02.09.2015 [10:09]

Saxtakarlıqlarının üstü açılan “araşdırmaçı”lar indi də təhdidə keçiblər
Son illərdə Azərbaycanın qlobal risklərə möhkəm dayanıqlılıq göstərərək sosial-iqtisadi sahədə böyük uğurlara imza atması, cəmiyyətdə davamlı və məqsədyönlü islahatlar aparmaqla dünya miqyasında özünün demokratik imicini əhəmiyyətli dərəcədə möhkəmlətməsi, həmçinin, bu kimi nailiyyətlər fonunda daha qətiyyətlə milli maraqlardan çıxış etməsi beynəlxalq erməni lobbi şəbəkəsində birləşən dairələri bərk narahat etməkdədir. Sözügedən dairələr dünyaya yeni inkişaf modeli, səmərəli və bərabərhüquqlu əməkdaşlıq platformaları təqdim edən ölkəmizə qarşı “qara piar” kampaniyası təşkil edərək bu yolla uğurlarımıza kölgə salmağa çalışırlar. Azərbaycana qarşı məkrli “qara piar” kampaniyasında “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational” və bu qəbildən olan digər “beynəlxalq” təşkilatlar daha çox canfəşanlıq göstərirlər. ABŞ-da jurnalistlərin qətlini, qaradərili insanların təqib olunmalarını, Avropada irqçilik və ksenefobiya faktlarını, Ermənistanda dinc etirazçıların polis zorakılığına məruz qalmalarını, necə deyərlər, heyrət doğuracaq sükutla qarşılayan həmin təşkilatlar Azərbaycanda az qala bir kimsənin burnunun qanamasına da əlüstü reaksiya verərək öz qərəzli hesabatlarını bu kimi “faktlar”la “zənginləşdirməyə” çalışırlar. Belə “hesabat”larda, bir qayda olaraq, Azərbaycan hökuməti hədəfə alınır, cəmiyyətimiz şantaj olunur, tanınmış ekspertlərin, ictimai-siyasi xadimlərin işgüzar nüfuzuna məqsədli şəkildə zərbə vurulmasına çalışılır.
“Dərə xəlvət, tülkü bəy”, yaxud OCCRP-nin və “Meydan TV”nin növbəti saxtakarlığı
İndiyədək Azərbaycan cəmiyyəti müxtəlif “beynəlxalq” təşkilatların, həmçinin, “sapı özümüzdən olan baltalar”ın - “beşinci kolon” təmsilçilərinin ölkəmizin müsbət imicinə xələl gətirməyə hesablanan “hesabat”larının dəfələrlə şahidi olub. Həmin “hesabat”ların saxta olduğu dəfələrlə sübuta yetirilsə də, bəhs olunan dairələr yenə də utanıb-çəkinmədən öz ikrah doğuran əməllərini davam etdirirlər. Bu dəfə “dərə xəlvət, tülkü bəy” deyərək növbəti saxtakarlığa imza atan rolunda OCCRP və “Meydan TV” çıxış ediblər. Beləliklə, 2015-ci il avqustun 25-də “Meydan TV”nin veb səhifəsində rus dilində “Tainstvennaə kompaniə za korotkiy srok vıiqrala bolee 120 tenderov” (“Gizli şirkət qısa müddət ərzində120-dən artıq tenderdə qalib gəlib”) sərlövhəli məqalə çap edilib. Məqalənin ingilis dilli versiyası isə eyni tarixdə və eyni məzmunda “the Organized Crime and Corruption Reporting Project-in (OCCRP)” veb səhifəsində çap olunub. Növbəti gün həmin məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələrdə paylaşılıb.
Bu isə, öz növbəsində, “Bəs haqqında bəhs olunan “araşdırma” məqaləsinin faktları haradan götürülüb” sualını ortaya çıxarıb. Həmin sualın cavabı olaraq bildirək ki, OCCRP və “Meydan TV” məqalələri sanballı alınsın deyə “göydən zənbillə düşən faktları” Azərbaycan cəmiyyətində yaxşı tanınan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun ayağına yazmaq qərarına gəliblər. Ancaq elə burada da “ilişiblər”.
Vüqar Bayramov OCCRP-yə və “Meydan TV”yə, ümumiyyətlə, müsahibə verməyib
Bəli, paradoks olsa da, bu, belədir - “araşdırmaçılar” mənbənin etibarlılığı qayğısına qalmayıblar, həmişə olduğu kimi, yenə də saxtakarlığa qol qoyublar. Çünki saxta məqalədə istinad olunan iqtisadçı ekspert Vüqar Bayramov OCCRP-nin və “Meydan TV”nin yalanlarını təkzib edir. Daha doğrusu, məsələ burasındadır ki, məqalədə “Install Service LLC” şirkətinin fəaliyyəti ilə bağlı V.Bayramova istinadən bəzi “fikirlər” yer alıb, ancaq məqalədə araşdırmanın məsuliyyətinin kimin üzərinə düşdüyü məlum olmur. Məhz bunu nəzərə alaraq V.Bayramov “Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə “the Organized Crime and Corruption Reporting Project (OCCRP)” layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. “Qara piar” şəbəkəsi mənim 8 ay öncə yerli mətbuata verdiyim bir müsahibədə ifadə etdiyim bəzi fikirləri kontekstdən çıxararaq özlərinə sərf edən şəkildə ictimailəşdiriblər”, - deyib.
İqtisadçı alim təəssüf hissi ilə qeyd edib ki, onunla ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərini öyrənmədən onun adından şərh yayımlanıb. “Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil”, - deyə iqtisadçı ekspert bildirib.
“Araşdırmaçı”lar indi də təhdidə keçiblər
Qəzetimizə açıqlama verən V.Bayramov “qara piar” şəbəkəsindən təkzib tələb etdiyini bildirib: “Özlərindən “fikirlər” uyduraraq ölkəmizə qarşı “qara piar” aparan OCCRP üzr istəməli, ictimai təkzib verməli və qərəzli araşdırmalarını saytlarından yığışdırmalıdır”.
Lakin V.Bayramovun haqlı tələbinə rəğmən, “araşdırmaçı”lar öz amplualarında qalaraq saxtakarlığa, qərəzçiliyə yol verdiklərini etiraf etmək əvəzinə, iqtisadçı eksperti təhdid etməyə başlayıblar. Belə ki, V.Bayramovun təkzibindən sonra avqustun 29-da iqtisadçı ekspertin elektron poçt ünvanına OCCRP-nin redaktoru Drev Sullivandan təhdidedici məktub daxil olub. “Sözügedən təhdid məktubunda həm də mənim sosial şəbəkədə yaydığım statusun yığışdırılması “tələb edilirdi”. Nə qədər qəribə görsənsə də, o, (Drev Sullivand nəzərdə tutulur-red.) hətta məni jurnalistləri təhdid etməkdə ittiham etdi. Göründüyü kimi, özünün, guya, ədalətin yanında olduğunu bəyan edən təşkilat ifşa olunduğunu hiss edəndən sonra bizimlə hətta təzyiq dili ilə danışmağa cəhd göstərdi. Biz isə, təbii ki, cavab olaraq həmin layihənin redaktoruna bildirdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz və biz heç bir rəyimizdən geri çəkilməyəcəyik”, - deyə V.Bayramov açıqlamasında bildirib.
Son saxtakarlıq “qara piar” şəbəkəsinin əvvəlki “araşdırmalar”ının da mahiyyətinə aydınlıq gətirir
Beləliklə, iqtisadçı ekspert V.Bayramova münasibətdə yol verilən son saxtakarlıq faktı digər bu qəbildən olan qurumlar kimi, “the Organized Crime and Corruption Reporting Project (OCCRP)” əməkdaşlarının da araşdırma aparmaq qabiliyyətlərini və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa əsas verir.
“OCCRP əməkdaşları artıq “qara piar” ustalarına çevriliblər. Başqalarının adından “fikirlər” uydurmaqla dövlətə qarşı “qara piar” kampaniyası aparmağa öyrəşiblər. Bu, bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi obyektiv araşdırma deyil, daha çox qərəzli “qara piar” kampaniyası aparmaqdır”, - deyə V.Bayramov açıqlamasına davam edərək bildirib.
İqtisadçı ekspert onu da əlavə edib ki, şantajçı “araşdırmaçılar”ın təhdidlərinə bundan sonra da adekvat cavab veriləcək: “Azərbaycana qarşı aparılan qərəzli siyasət nə zamansa ifşa edilməli idi. İSİM və mən hər zaman Azərbaycan əleyhinə “qara piar” kampaniyaları aparanlara qarşı olmuşuq. Belə qurumların təhdidlərinə baxmayaraq, bu istiqamətdə fəaliyyətimizi həm ölkə daxilində, həm də beynəlxalq arenada hər zaman davam etdirəcəyik”.
Şantajçı “araşdırmaçı”lar təkzib verməli və üzr istəməlidirlər, əks halda məhkəməyə müraciət olunacaq
Sonda onu qeyd edək ki, məlum saxtakarlıq faktı üzə çıxandan sonra OCCRP və “Meydan TV” qabaqdangəlmişlik edərək öz saytlarında yerləşdirdikləri “araşdırma” məqaləsindən V.Bayramovun adından uydurulan və Azərbaycan əleyhinə “qara piar” olan böyük bir abzası “qayçılayıblar”. Ancaq bu, OCCRP və “Meydan TV” tərəfindən iz azdırmaq cəhdindən başqa bir şey deyil. Çünki “araşdırma”nın ayrı-ayrı hissələri saytlardan yığışdırılsa da, bütövlükdə onun “qara piar” məzmunu yenə də qalmaqdadır. V.Bayramov qəzetimizə verdiyi açıqlamada şantajçı “araşdırmaçı”lar qarşısında 5 şərt irəli sürdüklərini və bu şərtlər yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağını bidirib. İqtisadçı ekspert adından sui-istifadə olunduğu üçün təkzib verilməsini və rəsmi qaydada ondan üzr istənilməsini tələb edir. V.Bayramov vurğulayıb: “İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də “Twitter”də aparılan qərəzli “qara piar” kampaniyasına dərhal son qoyulmalıdır. Jurnalistika, etik və hüquqi prinsiplərə uyğun olaraq OCCRP-nin təkzibindən sonra həmin “araşdırma”nı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi təmin edilməlidir. Şərtlər yerinə yetirilmədiyi halda İSİM beynəlxalq məhkəməyə müraciət edərək əsassız “qara piar” araşdırması”nın yığışdırılması və ictimai təkzibin verilməsinə çalışacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31