Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə əlaqələri tarixi köklərə və xalqlarımızın qardaşlığına söykənir

Azərbaycan-Türkiyə əlaqələri tarixi köklərə və xalqlarımızın qardaşlığına söykənir

24.04.2015 [10:03]

İstər xalqlarımız arasındakı ortaq dəyərlərə əsaslanan əlaqələr, istərsə də ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir, təqdirəlayiq hal kimi qiymətləndirilir
Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Bu iki ölkəni ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə söykənən mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Bu iki qardaş dövlətin siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Digər tərəfdən, son illər dünyada, o cümlədən bölgəmizdə baş verən proseslər, belə demək mümkünsə, hər iki ölkə üçün sınaq oldu. Türk dünyasının birliyini istəməyən, bununla da Azərbaycan-Türkiyə qardaşlığı kimi dünyaya örnək ola biləcək münasibətləri pozmağa çalışan qüvvələr hər vəchlə dövlətlərimiz arasında nifaq yaratmağa cəhd göstərdilər. Amma hər iki xalqın birliyi və həmrəyliyi həmin qüvvələrin niyyətlərini puç etdi. Nəticə etibarilə, bu gün Azərbaycan və Türkiyə dostluğu özünün təntənəsini yaşayır.
Əlbəttə, hər iki dövlətin münasibətlərinin bugünkü yüksək səviyyəsi tarixi köklərə bağlılığı ilə yanaşı, dərin, ciddi siyasi-ideoloji prinsiplərə əsaslanır. Türk dünyasının iki dahi oğlu - böyük öndər Mustafa Kamal Atatürk və Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu prinsiplər dövlətlərin münasibətlərinin inkişafının bünövrəsini təşkil edir. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamları artıq münasibətlərimizin dəyərləndirilməsində bir aforizmə çevrilib.
İki qardaş ölkə beynəlxalq müstəvidə bir-birilərinə yüksək dəstək nümayiş etdirirlər
Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz iki qardaş ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə və ruhuna müvafiq olaraq rəsmi Ankara bütün digər sahələrdə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ölkəmizin haqlı mövqeyinə ardıcıl dəstək verməkdədir. Bu, ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur.
Azərbaycan da, öz növbəsində, Türkiyəyə ümummilli məsələlərlə bağlı beynəlxalq miqyasda yüksək dəstək verir, qardaş ölkə ilə sinxron fəaliyyət göstərir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi: “Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir”.
Bu ərəfədə istər qondarma “erməni soyqırımı”, istərsə də digər məsələlərlə bağlı nümayiş etdirilən yüksək dəstək təqdirəlayiq hal kimi xarakterizə edilir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycanda da Türkiyənin Çanaqqala zəfərinə dair müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda, bir neçə gün öncə Bakıda keçirilən və Çanaqqala savaşına həsr olunan “Son məktub” filminin təqdimat mərasimi ilə bağlı Prezident İlham Əliyevin müraciətində də Çanaqqala döyüşlərinin əhəmiyyətinə xüsusi qiymət verilib. Dövlətimizin başçısı müraciətində Çanaqqala döyüşünü türk xalqının qəhrəmanlıq tarixinin parlaq səhifəsi, türk hərb sənətinin böyük nailiyyəti kimi dəyərləndirib. Şübhəsiz, tarixin qürur dolu bu şanlı səhifəsi gələcəkdə də iftixarla xatırlanacaq. Onu da vurğulayaq ki, bu möhtəşəm zəfərin qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilir. Yekun tədbir olaraq aprelin 24-də Çanaqqalada dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək.
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri Ermənistan və erməni lobbisinin antitürk təbliğatına qarşı...
Qeyd edildiyi kimi, sarsılmaz təməllərə söykənən Azərbaycan-Türkiyə münasibətlərini simvolizə edən mühüm nüanslardan biri də hər iki ölkənin beynəlxalq miqyasda vahid cəbhədə - ümumi məqsədə xidmət edən sinxron fəaliyyətidir.
Daha dəqiq desək, Azərbaycan-Türkiyə həmrəyliyi sayəsində erməni təxribatına qarşı birgə uğurlu mübarizə aparılmaqdadır. Artıq erməni təbliğat maşını əvvəlki illərdə olduğu kimi öz istəyinə çata bilmir. Azərbaycan qondarma iddialarla mübarizədə Türkiyəyə dəstəyini davam etdirir. Gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri həm Ermənistana və erməni lobbisinə, həm də dünyadakı ermənipərəstlərə, bu ölkənin havadarlarına, antitürk düşüncəli dairələrə mühüm mesajdır.
Beləliklə, tarixi köklərə və xalqlarımızın qardaşlığına söykənən Azərbaycan-Türkiyə əlaqələri yüksək məmnunluq doğurur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir amildir və bu amili heç kim inkar edə bilməz.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 769 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31