Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbdə korrupsiya problemi tənəzzül mənbəyi kimi...

Qərbdə korrupsiya problemi tənəzzül mənbəyi kimi...

17.04.2015 [10:04]

Yaxud, ABŞ və Avropada faktiki olaraq idarəçilik böhranı yaşanır və bu, özünü, əsas etibarilə, korrupsiyaya dair faktlarda ifadə edir
Sosialyönümlü və demokratik dövlətlərin daxili siyasət kursunun prioritetlərini xalqın ali mənafeyinə cavab verən, dövlətçilik ənənələrinə və maraqlarına əsaslanan fəaliyyət təşkil edir. Milli inkişafı və sosial-siyasi sabitliyi təmin etmək, vətəndaşların maddi rifah halını, həyat şəraitini daim yaxşılaşdırmaq, möhkəm əsaslara söykənən vətəndaş-dövlət birliyi formalaşdırmaq kimi xüsusi strateji istiqamətlər məhz bu cür dövlətlərin daxili siyasət kursunun başlıca vəzifələri qismində çıxış edir. Başqa sözlə, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən dövlətlər daxili ictimai-siyasi ahəngdarlığın, həmçinin, inkişafın qarantı qismində çıxış edirlər.
Bu gün Azərbaycanın həyata keçirdiyi daxili siyasət kursu məhz yuxarıda sadalanan fundamental prinsipləri və istiqamətləri özündə ehtiva edir. Məlum olduğu kimi, əsaslı ictimai-siyasi sabitliyə malik Azərbaycanın inkişafını təmin edən fundamental amillərdən biri də neqativ hallara qarşı ciddi mübarizə mexanizminin formalaşdırılmasıdır. Bu kontekstdə korrupsiyaya qarşı mübarizə xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən davamlı və müntəzəm tədbirlər sayəsində ölkəmizdə korrupsiyanın meydanı daraldılıb, sistemli islahatlar neqativ halların aradan qalxmasını təmin edib.
O da qeyd edilməlidir ki, bu cür hallarla mübarizənin əhəmiyyəti və səmərəliliyi paralel müqayisələr vasitəsilə daha yaxşı aşkar olur. Yəni, dünya təcrübəsinə nəzər yetirdikdə aydın olur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəli nəticələr verir və təqdirəlayiq hal kimi xarakterizə edilir. Bununla yanaşı, bu məsələdə Azərbaycanı qərəzli şəkildə tənqid obyektinə çevirən Qərb ölkələrinin özündə isə korrupsiya məsələsi ciddi problem kimi çıxış edir...
ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb
Məsələn, faktlar deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) korrupsiya problemi ciddi tənəzzül mənbəyi kimi çıxış etməkdədir. Ekspertlərin sözlərinə görə, korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Sosioloji sorğulara əsasən amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Bununla bağlı konkret faktlar mövcuddur. Məsələn, bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldaq aşkar edilmişdi. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezident Buşa (kiçik) gedib çıxmışdı.
Korrupsiya Avropada milli dövlətlərin idarəçilik mexanizmi kimi çıxış edir
Məhz bu cür korrupsiya faktlarına Avropada da yetərincə rast gəlinir. Avropa İttifaqının (Aİ) antikorrupsiya agentliyinin (OLAF) apardığı təhqiqatın nəticələrinə görə, Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.
Aİ ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var: “Bu həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.
Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır.
OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır: “Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”.
Göründüyü kimi, korrupsiya Avropada milli dövlətlərin idarəçilik mexanizmi kimi çıxış edir.
Avropanın lokomotivləri korrupsiya girdabında...
Dolayısıyla, Avropanın lokomotivi kimi çıxış edən milli dövlətlər korrupsiya girdabındadır. Buna dair bir neçə faktı xüsusilə diqqətə çatdırmaq məqsədəmüvafiqdir.
İlk növbədə, Fransada büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir, nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub. Qeyd edək ki, Kayuzak hələ 2012-ci ildə “Mediapart” internet saytı tərəfindən ortaya çıxarılan İçveçrədəki bank hesablarını təkzib etsə də, sonradan qəbul etməyə məcbur qalmışdı.
Bununla yanaşı, bu günlərdə Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: “Bayerişer Nof” hotelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin mehmanxanada yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K.Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da “xidməti vəzifəsindən sui-istifadə edərək qazanıb”.
Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azadlıqdan məhrumetmə cəzası, yaxud böyük məbləğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub.
Digər tərəfdən, ötən il İspaniyada 150 korrupsiya faktında 2 mindən çox şübhəlinin adı keçib. Bir çox tanınmış insanların yer aldığı bu siyahıda ən maraq doğuran Kral VI Filipin bacısı şahzadə Kristinadır. O, vergidən yayınma və ictimai fondlardan başqa məqsədlər üçün istifadədə günahlandırılır. Kataloniyanın rəhbəri olan Jordi Pujol 30 il boyunca pullarını xaricdə saxladığını etiraf edib. Korrupsiya istintaqında adı çəkilən 50-yə yaxın şəxsin məhz iqtidardakı Xalq Partiyasından olması xalqın bu partiyaya olan etibarını sarsıdıb.
İtaliyada aparılan araşdırma nəticəsində isə 25 milyard avro dəyərində layihələrdə korrupsiya ilə bağlı 4 nəfər həbs edilib. Telefon danışıqları nəticəsində ortaya çıxan hadisə zamanı nəqliyyat və infrastruktur naziri Maurizio Lupi özünü müdafiə etməyə çalışsa da, onun yaxın dostu olduğu bildirilən və həbs edilən biznesmen Stefano Perottinin Lupinin oğluna 10 min avro dəyərində “Polex” saatı verdiyi və onun işə girməsinə vasitəçilik etdiyi ortaya çıxıb. Ümumiyyətlə, bu hadisə ilə bağlı İtaliyada 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib.
Əlbəttə, faktların sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Avropada korrupsiya böhranı tüğyan edir.
Bütövlükdə, özünü “demokratiyanın beşiyi” kimi təbliğ edən ABŞ və Avropada faktiki olaraq idarəçilik böhranı yaşanır və bu özünü, əsas etibarilə, korrupsiyaya dair faktlarda ifadə edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31