Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin humanist siyasətini əks etdirir

Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin humanist siyasətini əks etdirir

31.12.2014 [09:54]

Azərbaycan cəmiyyətinin nümayəndələri bu Sərəncamı yüksək qiymətləndirirlər
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.
Bu məqamda qeyd edək ki, dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 79 nəfər cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi.
Buradan da, əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Qeyd olunduğu kimi, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 əfv Fərmanı imzalanıb. Amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir.
Öz növbəsində qəzetimizə açıqlamalarında Azərbaycan cəmiyyətinin nümayəndələri Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı Sərəncamı yüksək qiymətləndiriblər.
Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev Prezident İlham Əliyev tərəfindən imzalanan sonuncu əfv Sərəncamını Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda əsasını qoyduğu humanist siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı kimi səciyyələndirib: “Bildiyimiz kimi, cənab Prezident Özünün əfv qərarı vermək səlahiyyətindən dəfələrlə istifadə edib. Bu da Azərbaycanda milli həmrəyliyə, vətəndaşın öz dövlətinə inamının artmasına xidmət edən bir addımdır. Şübhəsiz ki, cənab Prezidentin 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində imzaladığı əfv Sərəncamı təkcə onun şamil edildiyi şəxslərə deyil, həm də onların ailə üzvlərinə, yaxınlarına sevinc gətirdi. Ümumiyyətlə əfv sərəncamları vətəndaşların məsuliyyətini artıran addımdır. Cənab Prezident cəzaçəkmə müəssisələrindəki insanların yenidən azad, fəal həyata qaytarılmasını təmin etməklə onların üzərinə düşən məsuliyyəti artırır. Bu məsuliyyət yenidən cinayət törətməmək, Azərbaycanın layiqli vətəndaşı kimi yaşamaq, ictimai faydalı işlərlə məşğul olmaq, vətənə, dövlətə layiq vətəndaş olmaq deməkdir. Bu əfv Sərəncamı, eyni zamanda, əfv olunanların yaxınlarının dövlət başçısına minnətdarlığının əməli fəaliyyətdə əksini tapmasını tələb edir. Bu humanist ənənə həm də cinayətin profilaktikasına, xüsusən də gənc nəslin vətəndaşlıq ruhunda böyüməsinə xidmət edir”.
Milli Məclisin deputatı Çingiz Qənizadə də bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanması böyük humanizm nümunəsi kimi dəyərləndirilməlidir: “Bildiyiniz kimi, bütövlükdə, bu Sərəncamla 87 nəfər əfv edilib. Hesab edirəm ki, bu sevinc minlərlə insana şamil olunur. Dövlət başçısı hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, onlarla ailəyə sevinc bəxş edir. Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Bu Sərəncam Azərbaycanda humanist siyasətin həyata keçirilməsinə dair çoxsaylı göstəricilərdən biridir”.
Millət vəkilinin fikrincə, bu cür sərəncamlarla vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır. Bu, cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır. “Bütövlükdə, Azərbaycan cəmiyyəti növbəti əfv Sərəncamının imzalanmasını yüksək qiymətləndirir” - deyə, Ç.Qənizadə vurğulayıb.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanması olduqca təqdirəlayiq haldır: “Bu humanist addım və humanizm nümunəsi öz növbəsində bir neçə məqamdan xəbər verir. Birincisi, bu, Azərbaycan Prezidentinin vətəndaşlara münasibətini aşkar olaraq ortaya qoyur. Bununla növbəti dəfə bəlli oldu ki, Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi kimi, dövlət öz vətəndaşlarına qarşı humanist münasibət bəsləyir. Bütövlükdə hesab edirəm ki, Azərbaycan cəmiyyəti növbəti əfv Sərəncamının imzalanmasını yüksək qiymətləndirir. İkincisi, bu, dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış İnsan Hüquqları üzrə İşçi Qrupunun real və səmərəli iş mexanizminə malik olduğunu, formal bir qurum olmadığını göstərir. Üçüncüsü, mütəmadi olaraq imzalanan əfv sərəncamları dövlətin vətəndaş cəmiyyətinin təşəbbüslərinə diqqətinin bariz nümunəsi kimi çıxış edir. Dördüncüsü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanması insanlara azadlıq verməklə cəmiyyətdə qarşılıqlı hörmət və rəğbətə, habelə qanunçuluq prinsiplərinə söykənən uğurlu vətəndaş-dövlət münasibətlərinin inkişafına əhəmiyyətli töhfə olacaq”.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov isə deyib ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanması humanizm nümunəsi kimi çıxış edir. “Bu, dövlətin öz vətəndaşına humanist münasibətini ifadə edən bir haldır. Düşünürəm ki, əfv olunan vətəndaşlar dövlətin onlara olan etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə onsuz da güclü olan etimadını daha da qüvvətləndirir”.
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31