Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib

Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib

27.12.2014 [09:04]

Əli Əhmədov: 10 il tarix baxımından qısa müddət olsa da, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Yalnız Azərbaycan qısa müddət ərzində iqtisadiyyatını 3 dəfə artırmaqla XXI əsrin birinci 10 illiyinin iqtisadi möcüzəsini müasir dünyamıza təqdim edib
Məlum olduğu kimi, son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaranıb. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin rəhbər tutulması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqləyib. Əlbəttə ki, Azərbaycanın bugünkü uğurlarının qazanılmasında Ulu öndər Heydər Əliyevin banisi olduğu neft strategiyasının rolu inkaredilməzdir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin nüfuzunun və siyasi çəkisinin təsdiqidir. Uğurlu neft strategiyasının nəticəsində iqtisadiyyatın digər sahələri də dinamik inkişaf edib, eləcə də əhalinin sosial rifah halının yüksəlməsi istiqamətində mühüm addımlar atılıb. Təbii ki, bu nailiyyətlərə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində nail olunub.
Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir
Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İnkişafın 10 ili: 2004-2014” mövzusunda keçirilən konfransda YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov son 10 il ərzində ölkəmizdə görülən işlər barədə bildirib ki, ötən illər ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. Əli Əhmədovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa Prezident İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. YAP Sədrinin müavini bildirib ki, son 10 il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr olub. Onun sözlərinə görə, bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olub, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlayıb və möhkəmləndirib, həmçinin, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzü seçilib: “Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə Heydər Əliyevin ideyaları təşkil edir. Azərbaycan xalqı baş verən müsbət dəyişiklikləri birbaşa öz həyatında hiss edir. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaq və bu kimi digər imkanlardan istifadə edən insanlar, bu imkanların Prezident tərəfindən yaradıldığını bilir və qiymətləndirirlər”.
Azərbaycanın bu inkişafını XXI əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar
Əli Əhmədov qeyd edib ki, Azərbaycanın bu inkişafını XXI əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar. Bunun üçün ciddi əsasların olduğunu deyən YAP Sədrinin müavini bildirib ki, 10 il tarix baxımından qısa müddət olsa da, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. “Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Yalnız Azərbaycan qısa müddət ərzində iqtisadiyyatını 3 dəfə artırmaqla XXI əsrin birinci 10 illiyinin iqtisadi möcüzəsini müasir dünyamıza təqdim edib. Təbii ki, bu, inkişafımızın əsasında dayanan fundamental, ciddi amildir. Amma Azərbaycanın iqtisadiyyatı bu təməl üzərində daha geniş hüdudları özündə ehtiva edir. Bu illər ərzində Azərbaycanda həyat bütünlükdə dəyişib, insanların həyat səviyyəsinin artması ilə yanaşı, Azərbaycanın siması yeniləşib, ölkəmiz möhtəşəm yeniləşmə, müasirləşmə, modernləşmə dövrü yaşayıb” - deyə, Baş nazirin müavini vurğulayıb.
Ümumiyyətlə, 10 il bundan əvvəl proqnoz kimi səslənən məsələlər artıq reallığa çevrilib. İqtisadi resursların insan kapitalına yönəldilməsi əsas tezis olaraq, önə çəkilərək, müasir dövrün tələblərindən biri kimi yüksək ixtisaslı kadrların hazırlanmasına diqqət daha da artırılıb. Qeyd olunduğu kimi, qazanılan nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla icrasına əsaslanır. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 10 ildə 1 milyon 200 mindən artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfər edən ölkə Prezidenti əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələr arasında fərqin aradan götürülməsi də bu inkişafın göstəricisidir.
Azərbaycan regionun iqtisadi mənzərəsinə ciddi təsir edən dövlət kimi öz adını müasir tariximizə yazıb
Təbii ki, əldə olunan nailiyyətlər ölkə vətəndaşları tərəfindən də yüksək qiymətləndirilir və dövlətə inamı daha da artır. Onu da vurğulayaq ki, son 10 ildə ölkəmizin həyata keçirdiyi siyasət Azərbaycanın beynləxlq müstəvidə də mövqelərini möhkəmləndirib. Sözügedən tədbirdə çıxışı zamanı YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, hər bir ölkənin inkişafı onun daxili potensialının güclənməsi ilə yanaşı, beynəlxalq aləmdə də hörmətinin, nüfuzunun artmasında ifadə olunur. Azərbaycanın möhtəşəm inkişafı, eyni dərəcədə beynəlxalq aləmdə nüfuzunun, rolunun və əhəmiyyətinin artmasında özünü göstərir: “Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin, ciddi regional əhəmiyyətə malikdir və regionun iqtisadi mənzərəsinə ciddi təsir edən dövlət kimi öz adını müasir tariximizə yazıb. Bu gün Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən layihələr regionun iqtisadi mənzərəsinə yeni korrektələr edib. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. Bu məfhum təkcə Qafqazı əhatə etmir, xeyli geniş coğrafi məkanı özündə ehtiva edir”.
Beləliklə, əminliklə söyləmək olar ki, son 10 ildə həyata keçirilən siyasət nəticəsində Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf edərək çox ciddi nailiyyətlər qazanıb. Baş nazirin müavini deyib ki, son 10 il ərzində Heydər Əliyev siyasətinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət sözün həqiqi mənasında yeni Azərbaycanı, yeni bir cəmiyyəti gerçəkliyə çevirib. Yeni Azərbaycanın konsepsiyasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradıldığını xatırladan Əli Əhmədovun sözlərinə görə, bu konsepsiyanın gerçəkliyə çevrilməsi üçün Heydər Əliyev tərəfindən əzəmətli layihələr, islahatlar həyata keçirilib və bu istiqamətdə etibarlı baza yaradılıb: “Təbii ki, bu etibarlı bazanın üzərində son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni bir dövlətə, məmləkətə, yeni bir cəmiyyətə çevrilib. Bunu duymaq, dərk etmək qürur hissi yaradır. Bugünkü Azərbaycan vətəndaşlarının milli iftixar mənbəyini təşkil edən çox əsaslı, fundamental amillərin içərisində ölkəmizin son 10 il ərzindəki möhtəşəm inkişafı da dayanır”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31