Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2015-ci ildə ölkənin müdafiə xərcləri 1 milyard 778,5 milyon manat nəzərdə tutulur

2015-ci ildə ölkənin müdafiə xərcləri 1 milyard 778,5 milyon manat nəzərdə tutulur

19.11.2014 [10:09]

Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanıb
Dünən Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.
Öncə Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Prezident İlham Əliyevin elmi əsaslar üzərində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirməyə imkan yaradıb. Ölkəmizin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri 2015-ci ilin büdcə zərfi sənədlərində də öz əksini tapıb. O.Əsədov bildirib ki, Azərbaycan son 10 ildə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Onun sözlərinə görə, makroiqtisadi proqnozlara əsasən, 2014-cü ildə ÜDM istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Önəmli məqamlardan biri də budur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkəmizdə dövlət büdcəsi ildən-ilə daha da təkmilləşir. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxş hesab oluna bilər. Son 10 il ərzində Azərbaycanın dinamik inkişaf etdiyini söyləyən komitə sədri ölkədə qərarlaşmış, artıq səriştəli büdcə institutunun formalaşdığını vurğulayıb. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Z.Səmədzadə qeyd edib ki, dünyada baş verən qlobal maliyyə böhranı şəraitindən Azərbaycan ən az itkilərlə çıxıb: “Əhalinin sosial müdafiəsini xarakterizə edən göstəricilər, ümumi daxili məhsulun həcmi, büdcə gəlirləri parametrləri onu göstərir ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən bu siyasət Azərbaycanı firavan gələcəyə doğru aparır. Ölkənin valyuta ehtiyatları kifayət qədərdir. Ölkəmizin xarici borcu minimum səviyyədədir. Bu gün Azərbaycan sürətlə inkişaf edir və regionda lider dövlətdir. Müzakirəyə çıxarılan 2015-ci ilin dövlət büdcəsi layihəsi mövcud potensial imkanlar və qarşıya qoyulan vəzifələr baxımından optimal səviyyədədir. Ölkənin baş maliyyə sənədi sosial və investisiya yönümlülüyünü, maliyyə sabitliyini qoruyub saxlayır”.
Z.Səmədzadə bildirib ki, Azərbaycanda düzgün neft siyasəti həyata keçirilir. Belə ki, gələn ilin dövlət büdcəsində də neftin 1 barelinin 90 dollar müəyyənləşdirilməsi heç bir problem yaratmır. “Neftin dünyada qiymətinin düşməsi ilə bağlı təlatümlər yaşanmasına baxmayaraq, Azərbaycanda bu günədək heç bir sosial layihələr dayandırılmayıb. Bu, çox böyük uğurdur”, - deyə komitə sədri vurğulayıb.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin əsas göstəricilərini özündə əks etdirən “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib. S.Şərifov bildirib ki, 2015-ci il üçün dövlət büdcəsi xərclərinin layihəsi “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb: “Gələn ilin dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərə nail olunması üçün maliyyə təminatı yaradacaq. O cümlədən, iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələr sırasına daxildir”.
S.Şərifov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətin hərtərəfli inkişafına, xalqın rifah halının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi inkişaf kursu rəhbər tutulmaqla hazırlanmış büdcə layihəsində sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi saxlanılıb. Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıqdır. Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dən dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112 milyard manat daxilolma təmin edilməlidir ki, bu da cari ilin proqnozu ilə müqayisədə 10 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1,590 milyard manat gəlir proqnozlaşdırılır. Dövlət büdcəsinə sair daxilolmalar 48 milyon manat təşkil edəcək. Növbəti ildə də büdcə təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 300 milyon manat səviyyəsində gəlir proqnozlaşdırılır. Büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq.
Nazir diqqətə çatdırıb ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılır. Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil edib. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 mln. manat və yaxud 25 faiz çoxdur. 2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayrılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən 20 milyon manat vəsaitin ayrılması gözlənilir.
2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1 mlrd. 662 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17,0 mln. manat və ya 1 faiz azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. 2014-cü illə müqayisədə icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat, xərcləri isə 1 mlrd. 467,1 mln. manat çox nəzərdə tutulub.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4 faiz çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 mln. manat və ya 18,1 faiz çoxdur.
İclasda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, gələn il Azərbaycanda inflyasiyanın həddinin aşağı olması gözlənilir. Onun sözlərinə görə, proqnozlara əsasən, 2015-ci ildə inflyasiyanın həddi 2,3 faiz həcmində olacaq: “Gələn il investisiya qoyuluşunun da artımı nəzərdə tutulur. Bu illə müqayisədə gələn il investisiya qoyuluşu 5 faiz də artacaq. Bununla da, investisiya qoyuluşunun 25 mlrd. dollar olacağı proqnozlaşdırılır”.
S.Həsənova deyib ki, Azərbaycanın dünyanın ən rəqabətqabiliyyətli 40 ölkəsi içərisində yer alması iqtisadiyyatın inkişafının göstəricisidir. Nazir müavini bildirib ki, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5 faiz təşkil edəcək. Onun sözlərinə görə, bu proqnozların reallaşmasında bir sıra risklərin olması gözlənilir: “Buraya Avrozonadakı inflyasiya, borclanma və işsizlik səviyyəsinin aşağı düşməsi daxil olacaq. İnkişaf etməkdə olan ölkələr üzrə əsas risk kimi Çində iqtisadiyyatın zəifləməsi, kapitalın axını, Ukraynadakı vəziyyət göstərilir. Dünya iqtisadiyyatında risklər nəzərə alınaraq, Azərbaycanın orta müddət üçün makroiqtisadi sabitliyi və dayanıqlılığı davam edəcək. Növbəti il üçün manatın məzənnəsi sabit qalacaq və inflyasiya 2,3 faiz olacaq”.
S.Həsənova ölkədə turizm sənayesinin inkişaf etdirildiyini və yeni otellərin inşa olunduğunu diqqətə çatdırıb: “Xarici ticarətdə gəlirlərin 16,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gəlirlərinin gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71,3 faizə çatacaq”.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə çıxışında deyib ki, Azərbaycanda indiyə kimi ipoteka kreditləşməsinə 1 milyard manat vəsait ayrılıb. E.Rüstəmov bildirib ki, həmin vəsaitin 600 milyon manatı İpoteka Fondu tərəfindən, yerdə qalan 400 milyon manatı isə banklar tərəfindən vətəndaşlara verilib. Onun sözlərinə görə, İpoteka Fondu tərəfindən verilən ipoteka kreditləri nəticəsində Azərbaycanda 15 min 400 ailə özünə mənzil ala bilib. E.Rüstəmov qeyd edib ki, növbəti ilin dövlət büdcəsində ipoteka kreditinin 50 mln. manat nəzərdə tutulması çox müsbət və düzgün addımdır: “Bu, çox yüksək və müsbət göstəricidir. 2014-cü illə müqayisədə 2015-ci ildə ipoteka kreditləşməsi üçün vəsaitin 10 mln. manat artırılaraq 40 mln. manatdan 50 mln. manata çatdırılması bu yöndə məsələlərin müsbət həllinə töhfəsini verəcək”.
Daha sonra millət vəkilləri büdcə layihəsi barədə fikirlərini bildiriblər. Qeyd edək ki, müzakirələr noyabrın 20-dək davam edəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 725 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31