Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci Forum...

Birinci Forum...

25.11.2025 [10:12]

Şuşada Azərbaycan - Türkiyə Beyin Mərkəzlərinin nümayəndələri bir araya gəlib

Noyabrın 24-də Şuşa şəhərində Azərbaycan - Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən forum açılış nitqləri ilə başlayıb. BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanla Türkiyənin hərbi, siyasi əməkdaşlığı artıq bir nümunədir. Onun sözlərinə görə, hazırda regionun siyasi mənzərəsi köklü şəkildə dəyişib: “Bir sıra istiqamətlər var ki, burada biz Türkiyə ilə sıx şəkildə əməkdaşlıq etməliyik. Hazırkı mərhələdə maksimum çalışmalıyıq ki, siyasətin əsas elementləri bir-birinə bənzər olsun. Cənubi Qafqazdakı vəziyyət, Ermənistanla normallaşma prosesi davam edir. Bu yaxınlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gəlib. Ermənistanda indi sülhdən danışırlar, ancaq bunun arxasında da Azərbaycanın qələbəsi dayanır. Bu qələbə olmasa, onlar sülhdən danışmazdı. 2019-cu ildə Ermənistanın lideri “Qarabağ Ermənistandır” deyirdi. Bunları unutmaq olmaz”.

F.Şəfiyev Qərbdəki bəzi dairələrin təzyiq cəhdlərindən də bəhs edib. Onun fikrincə, birinci məsələ Zəngəzur dəhlizi, ikincisi isə Türk dünyası ilə bağlıdır. Mərkəzi Asiyaya da müxtəlif geosiyasi güclər tərəfindən təzyiq var, ona görə də biz birgə koordinasiyalı şəkildə işimizi aparsaq, öz məqsədlərimizə nail ola bilərik. “Üçüncü məsələ isə Yaxın Şərqdir. Azərbaycan bu məsələdə Türkiyə ilə birgə iş aparır. Burada da bəzi qüvvələr məqsədli şəkildə əleyhimizə yalan məlumat yayırlar. Ancaq Azərbaycan həmin bölgələrə əlindən gələn yardımı göstərməyə çalışır. Çox mütəşəkkil şəkildə media sahəsində müxtəlif diversiya ilə məşğul olan qüvvələr var”,-deyən F.Şəfiyev əlavə edib ki, Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Forumunu vacib məsələlərin müzakirəsi üçün bir platformaya çevirmək və bundan sonra da davam etdirmək niyyətindədirlər.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi çıxış edərək forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan - Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Çıxış edən Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz isə bildirib ki, Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik münasibətləri regionda baş verən proseslərin daha səmərəli idarə olunmasına imkan verir: “Mütəxəssislər bildirirlər ki, iki ölkə ayrı dövlətlər olsa da, maraqları və siyasətləri müxtəlif məqamlarda fərqlənə bilər. Lakin strateji baxışın və əsas prinsiplərin uyğunluğu bu müttəfiqliyin təməl şərtidir və bu, digər ölkələr üçün də qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından ciddi mesajdır”.

Onun sözlərinə görə, Türkiyənin Orta Şərq siyasətini formalaşdıran əsas istiqamətlərin Azərbaycan-Türkiyə əməkdaşlığı ilə uyğunlaşdırılması müzakirə olunmalıdır. Türkiyənin bölgə siyasətinin üç aparıcı xətti xüsusilə diqqət çəkir. Bunlardan birincisi təhlükəsizlik, sabitlik yanaşmasıdır. İkincisi diplomatik əlaqə və regional əməkdaşlıqdır. Türkiyənin Orta Şərq strategiyasının üçüncü sütunu enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərini əhatə edən geoiqtisadi layihələrdir. “Üçüncü istiqamət xüsusilə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji ötürmə xətləri və logistika marşrutları iki ölkəni tamamlayıcı əməkdaşlıq modelinə çevirir. Bundan əlavə, Türkiyənin İraqla birgə həyata keçirdiyi “İnkişaf yolu” layihəsi - Basradan başlayıb Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xətti bölgədə yeni iqtisadi inteqrasiya imkanları yaradır. Əgər gələcəkdə Suriyada vəziyyət sabitləşərsə, bu xəttin genişləndirilməsi mümkün ola bilər. Nəticədə, Türkiyənin Orta Şərq siyasətinin bu üç əsas istiqaməti - təhlükəsizlik, diplomatik və geoiqtisadi əlaqələr Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu model həm iki ölkənin regional nüfuzunu artırır, həm də Orta Şərq və Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni platformalar yaradır”, - deyə o əlavə edib.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycan - Türkiyə münasibətlərində xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmini əhatə edən panel sessiyaları da keçirilib. Birinci sessiya “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub. “AnewZ” media qurumunun baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə aparılan müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları təhlil edilib. Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə ediblər.

Forumun ikinci panel sessiyası isə “Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusuna həsr olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç çıxış ediblər. Paneldə Türk Dövlətləri Təşkilatı daxilində siyasi, iqtisadi, humanitar inteqrasiya və institusional əməkdaşlıq perspektivləri təhlil olunub. Həmçinin Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətlər və institusional əlaqələrin gücləndirilməsi müzakirə edilib.

Üçüncü sessiyada isə Azərbaycan-Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığının rolu müzakirə edilib. Sessiyanın moderatoru Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov olub. Paneldə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu çıxış ediblər.

Sessiya çərçivəsində Zəngəzur dəhlizi, Transxəzər marşrutu və enerji kommunikasiyalarında qarşılıqlı əlaqələr dəyərləndirilib. Həmçinin regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə olunub.

Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

COP29

YAP xəbərləri

Siyasət

Birinci Forum...

25 Noyabr 10:12

YAP xəbərləri

Ədəbiyyat

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30