Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BTQ bəyanat yaydı

BTQ bəyanat yaydı

21.08.2025 [11:18]

Kanak xalqının tam müstəqillik istəyinə güclü dəstək

Daim ədalət və beynəxalq hüquq mövqeyindən çıxış edən Azərbaycan Yeni Kaledoniyada və  Fransanın digər müstəmləkə ərazilərində  baş verənlərə  heç vaxt biganə qalmayıb. Respublikamızın uğurlu sədrlik həyata keçirdiyi Qoşulmama Hərəkatının tərkibində Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb.  Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda birləşiblər.

Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətinə münasibətdə susmur, azadlıq mübarizəsinə qalxan xalqların səsinin bütün dünyada eşidilməsinə, onlarsa həmrəylik göstərilməsinə nail olmağa çalışır. Bu günlərdə BTQ Fransanın Yeni Kaledoniyaya münasibətdə müstəmləkəçilik siyasətini davam etdirmək cəhdlərinin pislənildiyi növbəti bəyanatla çıxış edib. “Kanakinin müstəqillik hərəkatlarının nümayəndələri ilə Fransa hökuməti arasında imzalanmış Bujival razılaşması Yeni Kaledoniyanı müstəmləkə əsarəti altında saxlamaq xarakteri daşıyır və kanak xalqının müstəqillik mübarizəsinin prinsiplərinə ziddir”, - deyə sənəddə vurğulanır.

Yelisey Sarayının ağır diskriminasiya siyasəti

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  üzqarası siyasətinin mahiyyəti dəyişməyib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.

Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər ərzində əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Bütövlükdə Fransanın yüz illər boyunca mövcudluğu müstəmləkəçilik siyasətinin ünvanına çevrilən ölkələrə yaxşı heç nə gətirməyib. Onlar sivilizasiyadan geri qalıblar, sərvətləri talanıb Fransaya daşınan ölkələr asılı vəziyyətə düşüblər, diskriminasiya nəticəsində  yerli xalqlar milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər...

Fransanın ağır müstəmləkəçilk siyasətindən bəhs edərkən bir mühüm məqama xüsusi diqqət yetirmək yerinə düşər. Maraqlıdır ki, Fransanın ərazisi 551 min 500 kvadratkilometr olsa da, Beşinci Respublikanın ərazisi bundan xeyli böyük, yəni 1 milyon 111 min 155 kv.km-dir. Bu, o anlama gəlir ki, 559 min 655 kv.km-lik ərazi müstəmləkə altında inildəyən ölkələr, adalardır. Yelisey Sarayı bu gün də həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırır.

Yeni Kaledoniya azadlıq mübarizəsi yolunda

Fransız missionerlərin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün etdirib.  XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Kanak xalqının  ötən il baş verən son  etirazlarına səbəb isə Makron iqtidarının Yeni Kalidoniya ilə bağlı mürtəce planı həyata keçirmək istəyi oldu. Siyasi sifariş əsasında Fransa parlamenti Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı müzakirələrə start vermişdi. Əslində, “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verirdi. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirmək idi. Yeni Kaledoniyada etirazların miqyasının geniş olması burada yerli icmanın fəallığı ilə bağlıdır. Yerli kanak xalqı milli kimliyin qorunması uğrunda mücadiləyə başladı və “islahatların” reallaşdırılmasına imkan vermədi.

Yeni Kaledoniyanın Yelisey Sarayının neokolonializm siyasətinə qarşı barışmaz mübarizə aparması digər müstəmləkə ərazilərinin xalqları üçün yeni bir çağırış yaradır. Adada baş verənlər  bir başlanğcdır. Digər xalqlar da öz azadlıqları uğrunda son və qəti mübarizəyə qalxmalıdırlar.

Bujival razılaşması qətiyyətlə rədd edilir

Yelisey Sarayı müstəmləkə ərazilərində artan etirazları səngitmək və burada öz nəzarətini saxlamaqdan ötrü müəyyən güzəştlərə getmək görüntüsü yaradır. Cari il iyulun 12-də Fransa hökuməti Kanakinin müstəqillik hərəkatlarının nümayəndələri ilə “Bujival razılaşması” deyilən sənədi imzalamaqla əslində, növbəti dəfə manipulyativ addım atmış oldu.  Kanaklar milli dövlətlərini qurmaqda  israrlıdırlar.  Bujival razılaşması isə özündə Yelisey Sarayının Yeni Kaledoniya üzərində nəzarətini yenə də saxlamaq niyyətini ehtiva edir.  Təbii ki, bu da etirazlar yaradır. BTQ-nin bəyanatında qeyd olunub ki, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 45-ci qurultayında Fransanın Yeni Kaledoniyaya sırımağa çalışdığı Bujival razılaşması qətiyyətlə rədd edilib: “Qurultay iştirakçıları 1998-ci ildə imzalanmış Numea sazişinin Yeni Kaledoniyanın dekolonizasiyasının əsas hüquqi dayağı kimi təsdiqləndiyini və “Bujival razılaşması”nın Numea sazişinin müddəalarına tamamilə zidd olduğunu bəyan ediblər.

Qeyd edək ki, FLNKS “Kanaki sazişi” çərçivəsində ölkənin müstəqilliyini elan etməyi nəzərdə tutur. “Kanaki sazişi” yol xəritəsi rolunu oynayan və 2025-2030-cu illər arasında Yeni Kaledoniyanın tam suverenliyə hazırlanması üzrə keçid dövrünü ehtiva edən bir hüquqi sənəd olacaq. Həmçinin Fransa ilə müvəqqəti münasibətlər də məhz bu saziş əsasında müəyyənləşəcək.

FLNKS-in rəsmi sosial şəbəkə hesabında yayılan açıqlamada Bujival razılaşmasının dinc yolla rədd edildiyi və hərəkatın rəmzlərinin qürurla hər yerdə nümayiş etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Əlavə olaraq kanak xalqının birliyi və qətiyyətinin dəyişməz olaraq qalacağı, onların ortaq gələcəyinin müdafiəsi uğrunda mübarizənin davam etdiriləcəyi bidirilib”.

Bujival sazişində Yelisey Sarayının məkrli planlarının yer aldığı aydın görünür. BTQ-nun bəyanatda da  Fransanın müxtəlif vasitələrlə Yeni Kaledoniyanı bu saziş ilə şantaj etməyə çalışdığı vurğulanıb: “Xatırladaq ki, Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Valls Yeni Kaledoniyaya səfəri çərçivəsində Bujival sazişinin redaktə edilməsi üzrə müzakirələrə başlayacağını deyib.

Valls bildirib ki, bu saziş həyata keçirilməsə, Yeni Kaledoniya siyasi, iqtisadi və sosial böhran təhlükəsi ilə üzləşəcək. Fransalı nazirin Bujival sazişinə dair “alternativ mövcud deyil” bəyanatı isə Yeni Kaledoniyada açıq şəkildə şantaj və təzyiq siyasəti kimi qiymətləndirilib.

2025-ci il avqustun 21-də Bujival razılaşmasının redaksiya komitəsinin iclasının keçiriləcəyi gözlənilir. İclasda Manuel Vallsın razılaşmanı şərh edəcəyi və əlavə dəyişikliklər təqdim edəcəyi ehtimal olunur. Kanakların aydın və qəti mövqeyinə baxmayaraq, bu cəhd bəhs olunan sənədin Fransa tərəfindən onlara zorla qəbul etdirilməsi siyasətinin davamı hesab olunur”.

Bakı Təşəbbüs Qrupunun bəyanatında kanak xalqının seçiminə hörmət ediləcəyi və dəstəklənəcəyi ifadə olunub. Eyni zamanda, kanak xalqının gələcəyinin saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb: “Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam zidd olub, qəbuledilməz müstəmləkəçilik siyasətinin davamı kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququn fundamental prinsipləri və BMT-nin qətnamələri açıq şəkildə tələb edir ki, kanak xalqının gələcəyi heç bir güzəşt və ya saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır”, - deyə bəyanatda vurğulanıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30