Yeni əməkdaşlıq perspektivi...
13.02.2025 [09:55]
Afrika ilə Azərbaycan arasında mühüm əlaqələr formalaşır
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr, ən kritik məqamlarda irəli sürdüyü təşəbbüslər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, Azərbaycanın dünyanın demək olar ki, əksər coğrafi məkanları ilə fəal iqtisadi-ticari əlaqələr formalaşdırır. Nəticə isə göz önündədir - bu gün ABŞ, Aİ, Türkiyə, ərəb-islam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir, əməkdaşlıq üçün can atırlar.
Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.
Dövlətlərarası münasibətlər...
Qeyd edək ki, Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Vurğulamalıyıq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.
Azərbaycan Afrika regionunda sevilən ölkələrdəndir...
Yeni dövrdə yeni nizamda təbii olaraq müsəlman dünyası, xüsusilə, Afrika qitəsində yerləşən ölkələr özlərinin əməkdaşlıq sferalarını genişləndirməyi hədəfləyir. Nəzərə alsaq ki, qlobal münasibətlər sistemində Afrikanın rolu müasir dövrümüzdə artmaqdadır, bu regionun iqtisadi-siyasi potensialı gələcək üçün mühüm proqnozlar vəd edir. Afrika qitəsi gənc əhalisi, təbii sərvətləri və inkişaf potensialı ilə XXI əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib - əsrlərlə müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə müasir dövrümüzdə də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm oyunçulara çevrilə bilərlər. Bu baxımdan Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika üçün faydalı ola bilər. Afrika ölkələri Azərbaycana münasibətdə müsbət impulsa malikdir. Bunun əsas səbəbi Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Xüsusilə, qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının rəhbəri kimi Azərbaycan dünyada vaksin təchizatı məsələsini hər zaman aktual saxlayırdı - bu isə Afrika ölkələrində olduqca yüksək dəyərləndirilir.
Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə də Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır.
Neokolonializmə qarşı ardıcıl mübarizə...
Paralel olaraq ölkəmizin neokolonializmə qarşı mübarizədə oynadığı aktiv rol, müstəmləkəçiliyə qarşı fəal addımları yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı açıq mövqe nümayiş etdirməsi Afrikada müsbət qarşılanır. Azərbaycan Afrika dövlətlərinin siyasi və iqtisadi müstəqillik yolunda apardığı mübarizəyə həm diplomatik, həm də humanitar dəstək göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarda Afrikanın hüquqlarını müdafiə etməklə yanaşı, onların iqtisadi inkişafına töhfə vermək üçün investisiya və texniki yardım layihələrində iştirak edir. Bundan əlavə, Azərbaycan Afrika ölkələrinin beynəlxalq təşkilatlardakı səsini gücləndirmək üçün müxtəlif platformalarda onlara dəstək nümayiş etdirir.
TDT ilə İƏT arasında birləşdirici körpü...
Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. TDT çərçivəsində Afrika ölkələri ilə ortaq layihələrin həyata keçirilməsi, xüsusilə nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biridir. Bundan əlavə, Azərbaycan Türk dünyasının Afrika ilə siyasi, iqtisadi və mədəni əməkdaşlığının dərinləşdirilməsində fəal rol oynayır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də mədəni sahələrə təsir edərək, Afrika və Türk dünyası arasında tarixi və sosial bağları möhkəmləndirir.
Afrika üçün nümunə olacaq inkişaf modeli
SSRİ-nin dağılmasından sonra Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlər Afrika ölkələri üçün maraqlı nümunə ola bilər. Neft gəlirlərinin düzgün idarə olunması, infrastrukturun inkişafı, iqtisadi şaxələndirmə və beynəlxalq əməkdaşlıq siyasəti Azərbaycanın uğurlu inkişaf modelini formalaşdırıb. Afrika ölkələri, xüsusilə enerji resurslarına malik olanlar Azərbaycanın bu təcrübəsindən öyrənə bilər və iqtisadi inkişaflarını sürətləndirmək üçün əməkdaşlıq imkanlarından faydalana bilərlər. Bundan başqa, Azərbaycan kənd təsərrüfatı, turizm və texnologiya sahələrində də təcrübəsini bölüşərək Afrika ölkələri üçün yeni imkanlar yarada bilər.
Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45

