Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhə atılan güllə...

Sülhə atılan güllə...

10.09.2024 [08:52]

Ermənistanın silaha “əl atması” kimlərin marağındadır?

Son dövrlərdə sülh prosesinin predmetləri aktiv müzakirə olunmaqdadır. Xüsusilə, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsinin, Azərbaycana qarşı haqsızlığın və torpaq iddiasının aradan qaldırılmasının vacibliyinin sülh prosesindəki yeri vurğulanmaqdadır. Paralel olaraq iki ölkənin müvafiq delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən görüşlər, əldə olunan razılıqlar prosesin yaxın zamanda müsbət yöndə həllinin tapılmasına ümidi artırır.  Amma təəssüf ki, bəzi hallarda Ermənistanın siyasi rəhbərliyinin sülhlə bağlı “fikirlərinin” manipulyasiya olduğunu görürük. Bir tərəfdən sülh çağırışı edən ölkə digər tərəfdən, silahlı təxribatlar törədir, Azərbaycan ?rdusunun müvafiq bölmələrinin mövqelərini atəşə tutur. Bu isə birmənalı qarşılana bilməz. Çünki həm sülhdən danışmaq, həm də silahlı hücumlar təşkil etmək bir ölçüyə sığmır...

Mövqelərimiz ard-arda atəşə tutulub

Xatırladaq ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sentyabrın 5-i isə saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu dəfəki atəş də bölmələrimiz tərəfindən susdurulub. Ard-arda əl atılan iki silahlı təxribatın təsadüfi olmadığı bir sıra nüanslarla ortadadır.

Aİ-nin uğursuz kampaniyasının davamı...

İlk növbədə, bu silahlı təxribatların ölkəmizdə baş tutan siyasi hadisədən - parlament seçkilərindən cəmisi bir neçə gün sonra baş verməsi diqqət çəkir. Avropa İttifaqının timsalında ölkəmizə qarşı haqsız kampaniyaların keçirildiyini göz önünə alsaq, bu silahlı təxribatın Aİ-nin “uğursuz kampaniyası” ilə əlaqəli olduğunu söyləyə bilərik. Nəzərə alınmalıdır ki, hələ də Ermənistanda qaranlıq “planlar” həyata keçirən, kəşfiyyat işləri ilə məşğul olan Aİ-nin “Monitorinq missiyası” fəaliyyət göstərir - bu amil isə sözügedən silahlı təxribatların kimlər tərəfindən təhrik edilməsi faktını ortaya qoyur. Beləliklə, siyasi meydanda Azərbaycana məğlub olan Aİ və Fransa bu kimi təxribatlarla həm mövcud sabitliyə xələl yetirir, həm də ara qarışdırmaq üçün fürsət  axtarırlar...

COP29 öncəsi planların tərkib hissəsi...

Digər bir məsələ isə siyasi təhlilçilərin də qeyd etdiyi COP29 öncəsi ölkəmizə qarşı aparılan və planlaşdırılan kampaniyalardır. Bu gün sabitlik adası kimi çıxış edən, mühüm bir regionda sülhü bərqərar etmiş Azərbaycan ən təhlükəsiz məkanlardan biri kimi şöhrət qazanıb. Bu amilin üzərinə kölgə salmaq istəyən bəzi xarici dairələr Ermənistanın əli ilə silahlı təxribatlar törədir, bununla da guya Azərbaycanda sabitl?yin olmadığını önə çəkməyə çalışırlar. Təbii ki, bu amilin aldadıcı olması hər kəsə bəllidir - sadəcə olaraq, mühüm bir beynəlxalq tədbir öncəsi belə təxribatlara əl atılması anti-Azərbaycan dairələrin çirkin niyyətinin fərqli sferaları əhatə etdiyini göstərir.

Sülh Ermənistandan istifadə edən kənar qüvvələri zərərsizləşdirəcək

Və nəhayət yenə də sülhün hədəfə alınması... Hər kəs anlayır ki, Cənubi Qafqazda siyasi-hərbi sabitliyin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi dayanıqlı sülhün yaranması prosesi ilə birbaşa əlaqəlidir. Ermənistanın sülh müqaviləsini imzalaması bölgədəki situasiyaya köklü şəkildə təsir göstərəcək. Eyni zamanda, sülh prosesinin məntiqi nəticə ilə yekunlaşması bölgədəki destruktiv maraqların tam şəkildə iflasa uğramasına yol açacaq. Beləliklə, sülh bir mənada regionun yeni inkişaf mərhələsini formalaşdırmaqla yanaşı, kənar təsirlərin də aradan qaldırılmasına şərait yaradacaq. Bu isə elə başda Aİ olmaqla ermənilərdən öz maraqları üçün istifadə edən dairələrin planları ilə üst-üstə düşmür.

Təbii ki, bütün bunların fonunda yenə də itirən Ermənistandır - fərqli korporativ maraqlara xidmət edən rəsmi İrəvan daha ağır sosial çətinliklərin, iqtisadi böhranların astanasına sürüklənir. Ondan istifadə edən mərkəzlər üçün isə Ermənistanın mənafeyi heç bir məna kəsb etmir...

SADİQ

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31