Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərb reallıqla barışmaq məcburiyyətindədir

Qərb reallıqla barışmaq məcburiyyətindədir

15.05.2024 [10:40]

Azərbaycanın apardığı siyasət regionun azad inkişafını təmin edəcək

Ötən ilin dekabrından başlayaraq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə proses yeni mahiyyət daşımaqdadır. Müvafiq delimitasiya və demarkasiya komissiyalarının intensiv xarakter alan görüşləri, iki ölkənin rəsmi strukturlarının birgə açıqlama yayması, o cümlədən bu ilin aprelində kəndlərin azad edilməsi ilə bağlı razılığın əldə olunması danışıqların yeni və müsbət inkişafını təmin edib. Artıq vasitəçi olmadan reallaşan ikitərəfli görüşlər ümidverici bəyanatlarla müşayiət olunur - təsadüfi deyil ki, bu hal mayın 10-da Almatıda baş tutan Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundu üçün də aktuallıq daşıdı. Ümumiyyətlə, vasitəçisiz görüş özünün mühüm məqamları ilə yadda qaldı - məsələn, Ermənistanın XİN rəhbəri görüşdən öncə verdiyi açıqlamada ölkəsinin sülh üçün maraqlı olduğunu dilə gətirdi. Eyni zamanda, regiondakı kommunikasiyaların açılması məsələsi yenidən diqqət mərkəzinə düşdü.

Sülh prosesində mühüm mərhələ

Vurğulanmalıdır ki, Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə fokuslanıb. Regionda yaranan yeni geosiyasi, eləcə də iqtisadi reallıqlar isə mühüm perspektivlər vəd etməkdədir. Azərbaycanın bölgənin əsas siyasi aktoru kimi oynadığı rol nəinki Cənubi Qafqazın, bütövlükdə, böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal münasibətlərin inkişafına yeni töhfələrin verilməsi üçün isə sülhün imzalanması, ölkələr arasında münasibətlərin normallaşması əsas şərtdir. Görünən isə budur ki, prosesin gedişi sülhü daha da yaxınlaşdırır.

Ötən dövrdə Azərbaycan prosesin irəliyə daşınması üçün kifayət qədər mühüm addımları ilə seçilib - hətta 2022-ci ilin mart ayında sülhün bağlanması üçün əlverişli mühitini formalaşdırılmasına xidmət edəcək, beynəlxalq hüquqa və ədalətə söykənən şərtləri qarşı tərəfə təqdim edib. Vurğulandığı kimi, Ermənistan bu vaxta qədər sülhün reallaşması üçün lazımi mövqeni nümayiş etdirə bilməmişdi - bu gün isə prosesin axarında əsaslı dönüş müşahidə olunur. Almatı görüşü regionun gələcək sabit inkişafı üçün başlanğıc nöqtəsinə, sülh prosesində mühüm mərhələyə çevrilə bilər.

Parisin gecikmiş bəyanatı...

Proses beynəlxalq aləm tərəfindən də diqqətlə izlənir - verilən açıqlamalar, Almatı görüşü haqda ümidverici bəyanatlar bunu təsdiqləyir. Xüsusilə, Türkiyə və Rusiyanın bu görüşə ümidlə yanaşması, bölgənin gələcək inkişafı üçün əhəmiyyət daşıdığını qeyd etməsi mühüm məqamlardır. Amma bölgədə qeyri-konstruktiv meyllərin artması üçün səy göstərən bəzi qüvvələrin, məsələn, Fransanın görüşlə bağlı bəyanatı heç də səmimi xarakter daşımır. Belə ki, Fransa Xarici İşlər Nazirliyinin görüş ilə bağlı bəyanatında Parisin mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışladığı vurğulanır. Bununla belə, bəyanatda yer alan bir sıra məqamlar var ki, Fransanın problemin həllinə göstərdiyi mənfi təsirlərdən əl çəkmədiyini də bir daha sübut edir. “Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını təsdiqləmələrinin vacibliyini vurğulayır. XİN bu kontekstdə 19 aprel 2024-cü il tarixli razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq prosesi, eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”, - deyə bəyanatda bildirilir.

Bəyanatla bağlı maraqlı bir detal isə, bu sənədin görüşdən üç gün sonra yayılmasıdır.  Təsadüfi deyildi ki, Fransa XİN bəyanatı Prezident İlham Əliyevin Şuşa şəhərinə ilk köçmüş sakinlərlə  görüşdə səsləndirdiyi fikirlərdən sonra qəbul etdi. Dövlət başçısı bildirmişdi ki, bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar - Fransa və Amerika: “Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.

Qeyri-səmimi “sevinc”...

Birincisi, əgər Fransa həqiqətən də bölgədə sülhün və sabitliyin bərpası üçün “səy göstərən” ölkə idisə, niyə Ermənistanı silahlandıraraq eni eskalasiyalar üçün zəmin yaradırdı? Eyni zamanda, illərdir Fransanın qanunverici strukturları - həm Senat, həm də Milli Assambleya səviyyəsində regilnda separatizmin, mövcud vəziyyətin saxlanılması üçün əlindən gələni əsirgəmir. Azərbaycanın 2023-cü ilin payızında Qarabağda keçirdiyi antiterror tədbirlərini hədəfə alan qətnamələr, bunun ardından isə, BMT TŞ çərçivəs ində Azərbaycana qarşı qaldırılan iddialar unudulmayıb. Əgər Fransa hökuməti “sülh üçün” səy göstərirdisə, niyə bu kimi addımlara əl atırdı?

Digər tərəfdən, Paris həm birbaşa, həm də Hindistanın əli ilə Ermənistana öldürücü silahlar ötürür, onu müharibəyə hazırlaşdırırdı. Bu amil də Parisin “danışıqların müsbət axarından sevinməsi” iddiasının səmimi olmadığını ortaya çıxarır. Bəyanatın sonunda “Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək” fikri isə Parisin vaxtilə ortaya qoyduğu mövqenin açıq fiaskosundan xəbər verir. Vurğulandığı kimi, Fransa indiyə qədər Cənubi Qafqazda qeyri-sabit durumun davam etməsi üçün çalışıb. Hazırki razılaşmalar, ikitərəfli münasibətlərdə yeni mərhələ isə Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz təmasların yaranmasından sonra baş tutub. Bu mənada, Fransanın bölgə ilə bağlı hər hansı bir “fəaliyyətinin” sülhə istiqamətlənəcəyi inandırıcı görünmür. Əksinə, Paris qarışmayaraq prosesin nəticəsini gözləsə, daha çox “töhfə vermiş” olar.

ABŞ xəbərsizdir...

ABŞ isə regionda sülhün mümkünlüyünə inanmaqda davam edir. Bu fikri, ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi mətbuat konfransında Azərtac-ın xüsusi müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə Almatıda keçirilən görüşü ilə bağlı sualını cavablandırarkən deyib. O bildirib ki, bu məsələ ilə bağlı ABŞ dövlət katibi və digərləri çox yaxından maraqlanırlar: “Tərəflər arasında danışıqların necə keçməsinə dair yeni məlumatım yoxdur, amma biz regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik”.

Bəli, ölkəmizin bölgədə yaratdığı yeni siyasi mənzərə mühüm bir həqiqəti tam olaraq ortaya qoyur - artıq Qərb və Avropa regiondakı reallıqları görür və düzgün qiymətləndirməyə çalışır. Yeni mərhələdə müzakirə predmeti olan məsələlərin tənzimlənməsi prosesi iki dövlətin arasında gedir - üçüncü tərəfin iştirakı həm məqbul sayılmır, həm də prosesin axarına töhfə vermir. Əksinə, Ermənistan ilə Azərbaycanın öz aralarında razılıq əldə etməsi bütövlükdə, mühüm bir coğrafiyada proseslərin axarına müsbət təsirlərini göstərəcək. Bu isə, Avroasiyanın mərkəzində yeni inkişaf mərhələsi formalaşdıracaq.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31