Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paris Bakıdan küsüb?

Paris Bakıdan küsüb?

18.04.2024 [10:32]

Səfirlə “məsləhətləşmə”...

Azərbaycanın yerləşdiyi bölgədə yeni siyasi-hərbi situasiya formalaşdırması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Fransanı narahat etməkdədir. Bu fakt rəsmi Parisin ənənəvi ermənipərəst siyasətinin son dövrlərdə daha fərqli aspektlərində özünü göstərməkdədir. Parisin Azərbaycana qarşı fərqli təşkilat və ya dövlətlər üzərindən oynamağa çalışdığı bütün siyasi oyunları, hətta lokal antiterror tədbirlərindən sonra daha da intensivləşdirilmiş siyasi “gedişləri” birmənalı şəkildə “təzyiq” xarakteri daşımaqdadır. Azərbaycanın əldə etdiyi mühüm qələbələr, Ermənistanın məğlubiyyəti, suverenliyimizin bərpası və qondarma xuntanın ləğvi Fransanın illərdir davam etdirməyə çalışdığı “status-kvo” oyununu pozub. Fransa artıq bölgəyə təsir imkanlarının tam şəkildə əlindən çıxdığının fərqindədir. Bu mənada Paris indi daha fərqli yollara əl atır. Məsələn, son günlərdə “aktivləşdirilən” Aİ-nin “mülki missiyası”, Ermənistanın birbaşa və ya Hindistan üzərindən silahlandırılması, ölkəmizə qarşı beynəlxlq təzyiq mexanizmləri yaratmaq arzuları Fransanın fərqli müstəvilərə “müraicət etməsinin” bariz sübutudur. Başqa sözlə, Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb və atmaqda davam edir. Yeri gəlmişkən, Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmə üçün geri çağırması da bu “təzyiq”lərin tərkib hissəsi sayıla bilər. 

Paris “siyasi rinq”də nokauta düşdü...

Bir zamanlar “Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsində vasitəçi rol oynamağa çalışan ATƏT-in “Minsk qrupu”nun həmsədrlərindən olan Fransanın əsl siması ortadadır - fürsət düşdükcə, ermənipərəst siyasətini daha da gücləndirən Paris çirkin əməllərindən əl çəkmir. Amma Fransanın ölkəmizə qarşı apardığı bütün kampaniyalar bumeranq effekti ilə üzünə çırpılır - Fransanın bu addımları beynəlxalq arenada onun siyasi imicini məhvə sürükləyir. Adi bir fakt - Fransa Senatının 2022-ci ilin sonlarında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi “qətnamə”dəki qərəz, ikili standart, ədalətsiz yanaşma ilk baxışdan özünü göstərirdi. Fransa senatının irəli sürdüyü “təkliflər” sədrlik etdiyi Avropa Birliyinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhyaratma vasitəçiliyi ilə daban-dabana zidd idi. Bu “təkliflərlə” Fransa bütün beynəlxalq sənədlərə, hüquqa arxa çevirir, onu tanımadığını bildirir, separatizmi açıq şəkildə dəstəkləyirdi. Senatın “artsaxı tanıyaq” təklifi isə bu ölkənin hansı “demokratik dəyərlərin” daşıyıcısı olduğunu tam şəkildə göstərdi. 

Fransanın BMT müstəvisində yaşadığı fiaskolar isə daha bariz sübutdur - ötən müddət ərzində Avropanın “aparıcı” ölkələrindən biri Azərbaycana öz meydançasında dəfələrlə məğlub oldu. 2022-ci ilin sonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Beləliklə, Fransa özü qətnamədən imtina etmək məcburiyətində qaldı.

Frankafoniyada yaşananları yada salaq. Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da... Azərbaycanın təşkilatdakı  dostları ölkəmizə qarşı qətnamə layihəsində yer alan müddəalara kəskin etirazlarını bildirmişdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi.

Ötən il avqustun 16-da isə Fransa yenidən özünün qeyri-demokratik tələbləri ilə gündəmə gəlməyə çalışsa da, mümkün olmadı. Dünya ictimaiyyətinin qarşısında utanmadan beynəlxalq hüquqa qarşı mövqe sərgiləyən Paris BMT platformasında növbəti məğlubiyyətini yaşadı. BMT müstəvisində təxribatçı qətnamə qəbulu arzusu ilə paralel olaraq Fransa Laçın - Xankəndi yolundakı “tır karvanı” şousu da formalaşdırmağa çalışdı. Belə ki, Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni “humanitar yükü” müşayiət edərək Ermənistana “hamilik” etdiklərini açıq şəkildə ortaya qoymağa çalışdılar. Amma həmin tırlar da necə gəlmişdilərsə eləcə də getdilər...

Gözlənildiyi kimi, 20 sentyabr antiterror tədbirlərindən sonra Fransanın Azərbaycana qarşı aqressiyası daha fərqli spektrə daşındı - bu dəfə məhz Avropa məkanında beynəlxalq statuslu təşkilatların əli ilə ölkəmizə qarşı təxribatçı addımlara start verildi. İlk sırada isə əlbəttə ki, Fransanın “söz sahibi” olduğunu iddia etdiyi Avropa İttifaqı gəlirdi. Məhz Aİ-nin fərqli strukturları sayılan Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin “aktiv” qəbulu hər şeyi bariz şəkildə  ortaya qoydu. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qətnamənin ortaya çıxma səbəbləri də məhz Fransa və erməni lobbisinin köhnə qitə üzərindəki birgə korrupsiya kabusunun “silueti” kimi meydana çıxdı.

Vandalizm “nümunəsi”...

Bəli, Fransa artıq ötən ilin payızından sonra “sülh” pərdəsi arxasında gizlənməyi belə bacarmadı - məcburi şəkildə özünün əsl simasını, dağıdıcılığa, terrorizmə və işğalçılığa yönəlik, sülhə təhdid yaradan mahiyyətini ortaya qoydu.  Ermənistanın Fransa tərəfindən aktiv şəkildə silahlandırılmasının başqa adı ola bilməz. “Müdafiə kompleksləri” adı altında hücum silahları İrəvana daşınmağa başladı. Paris ilə yanaşı bu prosesdə aktiv yer alan ölkələrdən biri də Hindistandır. Dehli hökuməti “iqtisadi tərəfdaşlıq” görüntüsü altında Fransa lisenziyalı silahların Ermənistana ötürülməsini təmin edir - bu silahların pulunun alınmaması, milyonlarla dollarlıq “tədavülün” maddi qarşılığının olmaması bütün şübhələri cavablandırır.

Ən təəssüfləndirici hal isə bu ölkənin düşmənçiliyi belə layiqincə həyata keçirə bilməməsidir - rasizm və vandalizm Parisin davranışlarında əks olunmaqdadır. Belə ki, ötən ilin sonlarında zamanında Fransanın Evian-le-Bən şəhərində salınmış “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazılar yığışdırılıb. Həmçinin Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın burada ucaldılmış abidəsi təhqir olunub. Sonradan Xurşidbanu Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəlin üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər vurulub. Bu isə, Fransada ksenofobiyanın, başqa mədəniyyətlərə dözümsüzlüyün artmasının ifadəsidir. Açıq-aydın görünür ki, bu ölkədə multikulturalizm dəyərləri arxa plana keçib və irqçi siyasət dövlət siyasəti səviyyəsinə yüksəlib. 

Bütün zəruri tədbirlər görüləcək...

Bəli, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə hər zaman həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Həm də ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarışılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır, amma hansısa ölkə bunun əksini edirsə, bu o ölkənin öz problemidir. Bu mənada, Fransa əgər səfirini çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addım ata bilər.

Yeri gəlmişkən, Azərbaycan XİN-in mətbuat katibi Adnan Hacızadə bu məsələ ilə bağlı bildirib ki, Fransa 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları atmaqdadır. Onun sözlərinə görə, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb: “Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib. Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik”.

A.Hacızadə onu da vurğulayıb ki, bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir. “Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir”, - deyə XİN nümayəndəsi vurğulayıb. 

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31