Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tbilisini qarışdıran əl...

Tbilisini qarışdıran əl...

17.04.2024 [10:43]

Aradan təxminən bir il ötəndən sonra qonşu Gürcüstanda yenidən siyasi qarşıdurma yaranıb. Bu günlərdə parlament binasının qarşısında, Rustaveli prospektində minlərlə etirazçının qatıldığı mitinqlər keçirilir. Tbilisidə bu dəfə də iqtidar və müxalifət partiyalarını, vətəndaş cəmiyyəti təsisatlarını, media mənsublarını qarşı-qarşıya qoyan səbəb eynidir. Aranın qarışmasına səbəb yenə də hakim “Gürcü arzusu” partiyası tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə təqdim edilməsi və bununla bağlı müzakirələrə başlanılması olub. Parlament daxilində vəziyyət sözügedən qanun layihəsinin müzakirəsi zamanı  deputatların əlbəyaxa davaya çıxmalarınadək gərginləşib. Belə ki, Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze qanun layihəsi ilə bağlı əsas kürsüdə çıxış etməyə başlayıb. Bu zaman müxalif “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili ona hücum edib. Bundan sonra deputatlar arasında kütləvi dava düşüb.

Xatırladaq ki, siyasi qarşıdurmaya səbəb olan qanun layihəsi ilk dəfə ötən ilin əvvəlində parlamentin müzakirələrinə təqdim olunub. Lakin vətəndaş cəmiyyəti təsisatlarının və müxalifətdə olan partiyaların kəskin etirazları nəzərə alınmaqla qanun layihəsi gündəlikdən çıxarıldı. Belə görünür ki, Gürcüstan hakimiyyəti aradan bir il ötəndən sonra qanunun qəbul edilməsinin vazkeçilməz olduğu qənaətinə gəlib. Beləliklə, parlament çoxluğu qanun layihəsinin qəbul edilməsində, müxalifət partiyaları isə onun geri götürülməsində israrlıdırlar.

Gürcüstan çətin seçim qarşısında - milli maraqlar, yoxsa Avropa “demokratiyası”?

Tbilisidə baş verən son hadisələri yalnız hansısa bir qanuna görə yaranan narazılıq kimi təqdim etmək doğru olmazdı. Əslində, qonşu ölkəni qarışdıran siyasi qarşıdurmanın daha dərin altqatları var. Burada söhbət daha çox  Gürcüstanın strateji seçimindən gedir. Hazırda qonşu ölkə “milli maraqlar, yoxsa Avropa “demokratiyası” sualı ilə üz-üzə qalıb. Məsələ burasındadır ki, Qərb uzun müddətdir ki, Gürcüstanı daha sıx şəkildə özünə bağlamaq və bir növ asılı vəziyyətə salmaq planını həyata keçirir. Burada ayrı-ayrı Qərb institutlarından qrantlar alan qeyri-hökumət təsisatları, müxalif partiyalar, media subyektləri, necə deyərlər, yağışdan sonra göbələk kimi çoxalıb. Təbii ki, musiqi onu sifariş verənin istəyinə uyğun çalınır. Qərbdən maliyyələşən subyektlər fəaliyyətlərini bəlli mərkəzlərdən aldıqları  tezislərə uyğun qurmaq məcburiyyətindədirlər. Əks təqdirdə maliyyə qaynağından məhrum qala bilərlər. Qərbdən gələn tezislər isə bir qayda olaraq ölkə hakimiyyətinin strateji kursunu iqnor edir, cəmiyyətdə parçalanmaya yol açır. Milli maraqlara təhdidlər yaranmasının fərqində olan hakimiyyət də məsuliyyətini başa düşərək Gürcüstan cəmiyyətinə kənar təsirləri minimallaşdırmağa çalışır.

Yaranmış vəziyyəti qonşu ölkəyə ixrac edilən parçalanma kimi də səciyyələndirmək mümkündür. İndiki hakimiyyətdən əvvəlki iqtidar dönəmində - hazırda həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin idarəçiliyi dövründə Gürcüstanın seçimi birmənalı olaraq Qərb yönümlü idi. 2003-cü ilin oktyabrında Gürcüstanda M.Saakaşvilinin liderliyi ilə Qərb tərəfindən dəstəklənən “Qızılgül inqilabı” baş verdi. O, 15 yanvar 2004-cü ildə keçirilən  prezident seçkilərinin nəticələrinə əsasən dövlət başçısı seçildi. M.Saakaşvili 5 yanvar 2008-ci ildə baş tutan növbədənkənar seçkilərdə yenidən qələbə çaldı.  Gürcüstanda M.Saakaşvilinin prezidentlik erası 2013-cü ildə başa çatdı. Bundan sonra ABŞ-da və Ukraynada müxtəlif sahələrdə çalışan M.Saakaşvili ölkəsinə qayıtmaq istəyini də heç vaxt gizlətməyib. Bu qayıdış 2021-ci ilin oktyabrında baş tutsa da, onun həbsi ilə nəticələndi.  Bir sıra xarici ölkələr və ayrı-ayrı beynəlxalq təşkilatlar sabiq prezidentin azad edilməsi ilə bağlı istəklərini ortaya qoysalar da, onun həbsi hələ də davam edir. Ona qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Zamanında Tbilisidə yenə də permanent aksiyalarla müşayiət olunan “Qızılgül inqilabı” daxili auditoriyanın ümumi və yekdil baxışının ifadəsi deyildi, onun konturları Qərb mətbəxlərində cızılmışdı. Həmin dövrdə Qərb üçün Cənubi Qafqazın tərəddüdlər yaşanan ölkəsini -Gürcüstanı öz təsir dairəsinə almaq daha real görünürdü. Tbilisidə dayaq yaradılması Qərbin Cənubi Qafqaz planlarının tərkib hissəsinə daxil idi. Sonrakı proseslər bu ssenarinin bütün altqatlarını üzə çıxartdı. Hakimiyyətə gələn M.Saakaşvili Rusiyanın təsir dairəsindən çıxmağı, Qərbə inteqrasiyanı, bəlkə də, gözlənildiyindən daha sürətlə və tələsikliklə reallaşdırmağa başladı. O, geosiyasi maraqları düzgün dəyərləndirməmişdi. Elə bu səbəbdən də ölkəsi 2008-ci ildə qısamüddətli, lakin ərazisinin bir hissəsinin itirilməsi ilə nəticələnən müharibə ilə cəzalandırıldı.

İndi oxşar ssenari Ermənistanda reallaşdırılır. Baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və Qərbin çətiri altına keçirmək istəyir. Ancaq bu ssenari məğlub Ermənistan üçün daha fəlakətli sonluq anlamında dəyərləndirilir və bunu şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür.

Müxalifət nəyə etiraz edir?

Bəs Tbilisidə ayağa qalxan müxalifət nəyə etiraz edir? Suala cavab vermək üçün təklif olunan qanun layihəsinə nəzər salmaq lazımdır.  “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı  “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Qanun layihəsinə verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.

Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.

“Gürcüstanın Avropaya yolunu bağlayan” qanun

Müxalifətin mövqeyindən çıxış edən ekspertlər bildirirlər ki, qəbul ediləcəyi tədqirdə qanun Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracaq və ölkənin Avroatlantika məkanına inteqarasiyasına mane olacaq. “İnsanlar buraya bu qanuna etiraz etmək, qanuna qarşı öz mövqeyini ifadə etmək üçün toplaşıb”, - bunu jurnalistlərə aksiya iştirakçılarından biri izah edib. Onun ortaya ortaya qoymaq üçün toplaşıblar. Bu qanun layihəsinin qəbul edilməsi Gürcüstanın “Avropaya aparan yolunu” bağlayacaq”, - deyə parlament binasının qarşısında keçirilən aksiyaların iştirakçıları bildiriblər.

Mitinqlərə toplaşanlar sözügedən qanun layihəsini qısa şəkildə “Rusiya qanunu” kimi də səciyyələndirirlər. Vurğulamaq yerinə düşər ki, Gürcüstanda 1 oktyabr 2012-ci il tarixində baş tutan parlament seçkilərindən sonra bu ölkədə dəyişən yalnız siyasi hakimiyyət olmadı, həm də onun siyasi kursunda korrektələr edildi. Parlament seçkilərində oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcüstan arzusu-Demokratik Gürcüstan” seçki bloku parlamentdə deputat yerlərinin yarıdan çoxuna sahiblənməklə qalib gəldi.  Bundan sonra B.İvanişvili 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstanın baş naziri postunu tutdu. Ölkənin sonrakı hökumətləri də məhz onun təsirləri altında formalaşıb və bu təsirlər indi də kifayət qədər güclüdür. B.İvanişvilinin  Rusiyaya bağlı oliqarx olduğu hər kəsə bəllidir. Onun rəhbərlik etdiyi partiyanın və yaxud siyasi blokun hakimiyyətə gəlməsindən sonra Gürcüstanın Qərbdən tədrici uzaqlaşma və yaxud Rusiya ilə münasibətlərin istiləşmə dövrünün başladığını deyə bilərik. Əlbətdə, cəmiyyətin sərt təpkiləri nəzərə alınaraq Gürcüstanın Avropaya inteqrasiya xəttindən geri çəkildiyi elan olunmur. Ancaq reallıqda Rusiya ilə münasibətdə Saakaşvili dönəmindəki radikallığın da aradan qalxdığı və bu meylin getdikcə sürətləndiyi də açıq-aşkar müşahidə edilir. Müxalifət iddia edir ki, hakimiyyət “mürtəce səciyyə daşıyan qanunu” qəbul etməklə əslində, ölkənin şimal qapılarını daha geniş açmaq istəyir.

Qərbdən hakimiyyətə xəbərdarlıq

“Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir”.

Bu fikri “Reuters” agentliyinə Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qreçinski ifadə edib. O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətinə baxılmasını gecikdirə bilər. “Fikrimizcə, QHT-lərin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün məkanın, söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir”.

Səfir bu xəbərdarlıqla əslində, kollektiv Qərbin mövqeyini Gürcüstan hakimiyyətinin diqqətinə çatdırıb. Buradan da Tbilisini qarışdıran əlin məhz Avropadan idarə edildiyi bir daha aydın olur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31