Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İki ölkə arasında münasibətlər ən şanlı mərhələsini yaşayır

İki ölkə arasında münasibətlər ən şanlı mərhələsini yaşayır

28.02.2024 [00:03]

Züriyə Qarayeva: Gələcəyə dair təqdim edilən yol xəritəsinin əsas cizgiləri Türkiyə və Türk dünyası ilə əlaqələrin dirçəldilməsiylə bağlıdır

Müsahibimiz politoloq Züriyə Qarayevadır.  

- Züriyə xanım, Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə etməklə həm də regional proseslərin ümumi strateji mahiyyətini bir daha bəyan etdi. Əsaslı güc mərkəzinə çevrilən və bütün sferalarda təsiredici imkanlara malik Türkiyə-Azərbaycan birliyinin böyük bir coğrafiya üçün önəmli amilə çevrilməsinin əsas hədəfləri önə çəkildi. Bu hədəflərin istiqamətləri hansılardır?

- Hazırda Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycanla birgə Cənubi Qafqazda sülh və inteqrasiya quruculuğuna töhvə verən Türkiyənin qardaşlıq əlaqələri regionda sülhün bərqərar olunması, ərazi və enerji təhlükəsizliyinə təminat, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasında əsas zəmin rolunu oynayır. Bu gün beynəlxalq siyasi gərginliyin dünyada artan xətt üzrə inkişaf etdiyi bir vaxtda Türkiyə ilə Azərbaycan dünya nizamını dəyişdirəcək səviyyədə mövqelərini bölüşür, birgə strategiya müəyyən edirlər. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz bu ənənələrin əbədi yaşayacağına zəmin yaradır. Lakin bu faktorlar hər zaman xalqların birliyini əsaslandıra bilmir. Yalnız xalqların qardaşlığının dövlətlər üçün də keçərli olmasının hər zaman mümkün olmadığının elə ən son dövrdə şahidi olduq. Bütün bunlar üzərinə lider amili olduqca önəmlidir ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yaratdığı geosiyasi mühit və hər iki liderin tarixinə, kökünə bağlı olan şəxsiyyət amili sayəsində iki ölkə arasında münasibətlər ən şanlı mərhələsini yaşaya bilmişdir. Vətən müharibəsi təsdiq etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı tarixinin kulminasiya dövründədir. Artıq bu iki dövlətin ötən əsrlərdən qalma ideyalarının reallaşması üçün nəinki maneələr aradan qalxır, hətta həmin qüvvələrin özlərinin də yararlanacağı mühit ortaya çıxır. Azərbaycan neftinin, təbii qazının Avropaya nəqli, tarixi “İpək yolu”nun bərpasında birgə fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və başqa layihələr regional və qlobal səviyyədə dövlətlərə böyük dividentlər qazandırır. Türkiyə-Azərbaycan tandeminin regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmi və faşizminin əsas önləyici faktoruna çevrilməsi bütün dünya üçün əlverişli sülh mühitinin yaranmasına təkan verir.

- Cənab Prezident fevralın 14-də andiçmə mərasimindəki çıxışında xarici siyasət kursumuzun əsas prioritetlərin biri kimi Türk dünyasının inteqrasiya prosesinə diqqət çəkdi. Türkiyə səfəri çərçivəsində verilən bəyanatların da mahiyyəti bu əsası gücləndirir. Türk amilinin önə çıxma prosesi, Türk dünyasının inteqrasiyasında vəziyyət hansı mərhələdədir?

- Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacağını hər mərhələdə sübut edir. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdəki andiçmə mərasimində gələcək hədəflərlə bağlı çox mühüm və aydın mesajlar verərkən gələcəyə dair təqdim etdiyi yol xəritəsinin əsas cizgiləri Türkiyə və Türk dünyası ilə əlaqələrin dirçəldilməsiylə bağlı oldu. Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Bu proses heç də təsadüfi vaxtda baş vermədi. 44 günlük Vətən Müharibəsində ölkəmizin həm ərazi bütövlüyünü təmin etməsi, həm də bu ərəfədə Türkiyənin Azərbaycana mənəvi dəstəyi digər türk dövlətləri üçün əlaqələrin inkişafı və bu əlaqələr prizmasından bütün əngəllərin aşıla biləcəyi mesajını vermiş oldu. Üstəlik ərazi bütövlüyünün təminatından sonra Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi perspektivləri gücləndi. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması Türk dünyasının birliyinə fundamental təsirlər etmiş olacaq ki, bununla da biz TDT-nin BMT və digər təşkilatlar kimi qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsinə şahidlik edə bilərik.  

- Türk dünyasının inteqrasiyası son dövrlərdə daha aktiv fazaya qədəm qoyub. Təbii ki, burada Türkiyə-Azərbaycan qardaşlığı nümunəsi danılmaz faktor kimi çıxış edir. Şuşa Bəyənnaməsi ümumilikdə Türk dünyası üçün mühüm istinad nöqtəsi rolunu oynaya bilər. Qarşıdakı dövrdə inteqrasiyanın mühüm və daha konkretləşmiş predmetlər üzrə inkişafı gözlənilirmi?

- Müzəffər lider İlham Əliyevin başçılığı ilə ordumuz möhtəşəm qələbə əldə edərək böyük bir coğrafiyada yeni siyasi konfiqurasiya yaratdı. Bu siyasi mənzərənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, ölkə başçılarının ortaq qərarları və intensiv həyata keçirilən beynəlxalq layihələr dayanır. Proseslər silsiləli şəkildə bir-birinə təsiretmə imkanına sahib oldu və hazırki geosiyasi dinamikanı yetişdirdi. Əslində bir general bir ordunun, bir ordu bir dövlətin, bir dövlət isə bütöv türk dünyasının gələcəyini möhtəşəm bir şəkildə inşa etdi. Həmin general Polad Həşimov, həmin hadisə isə şəhidlik idi. “Dominoya” sıçrama effektini verən isə yenə də Azərbaycan-Türkiyə qardaşlığıdır. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “... Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Türk Dünyası üçün stimul oldu. Həmçinin, bu mesajlar sülh gündəliyini maksimum dərəcədə sabotaj etməyə çalışan Ermənistana da dərs vermiş oldu, Bakı və Ankaranın uzatdığı sülh əlini sıxmalı olduqlarından savayı yol qalmadığını xatırlatdı. Bu yolda Ermənistan bizimlə irəliləmək məcburiyyətindədir. İrəliləmək istəməzsə, Türkiyə və Azərbaycan Ermənistansız regionun inşasına davam edəcək ki, bu da İrəvanın uçurumunu daha da dərinləşdirəcək.

Paylaş:
Baxılıb: 277 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31