Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / HİDAYƏT ORUCOV: ULU ÖNDƏRİN DAHİLİYİ QƏRBİ AZƏRBAYCANDAN DAHA AYDIN GÖRÜNÜRDÜ

HİDAYƏT ORUCOV: ULU ÖNDƏRİN DAHİLİYİ QƏRBİ AZƏRBAYCANDAN DAHA AYDIN GÖRÜNÜRDÜ

01.02.2024 [10:20]

Müsahibimiz görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovdur:

Əvvəli ötən sayımızda…

- “Erməni xəstəliyi- davası, dərmanı yox...” yazmısınız. Həqiqətən bu xəstəliyin dərmanı yoxdur?

- Onun davası-dərmanı uzun müddət idi yox idi. Amma indi onun dərmanı 44 günlük Vətən Müharibəmiz, dəmir yumruq oldu. Onlar artıq düşünməlidirlər, bilməlidirlər ki, başlarının üstündə dəmir yumruq var. Allah cənab Prezidentimizə ömür versin, bu işlərin hamısını sona çatdırsın.

- Kəndinizlə bağlı başqa hansı peşmanlığınız var?

- Mən kəndimizdən çıxanda qəlbimdə dəli ümid vardı. Fikirləşirdim ki, İrəvanda 1948-ci ilə qədərki Azərbaycan kultunu, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dirçəldəcək, inkişaf etdirəcəyəm. Özümü xalqım qarşısında, yurdum qarşısında borclu hesab edirdim. Bunun üçün də bütün ömrüm boyunca çalışdım. Amma hər zaman özümü kəndimizə, Vətənimizə borclu hesab etmişəm.

Ədəbiyyat həyata borcludur”

- Deyirsiniz ki, Aldərədə yazdığınız şeirlərin sonunda inam vardı, ruh vardı. Bəs sonrakı şeirlərinizdə necə idi bu inam?

- Aldərədə oxuyanda mən ancaq ədəbiyyatı bilirdim, həyatı ədəbiyyatın gözü ilə görürdüm. Şeirlərim də daha çox ədəbi qəhrəmanlara xitabən yazılırdı. O vaxt mənə elə gəlirdi ki, bizim kəndimizdə, təhsil aldığım Lökdə, Aldərədə, ümumiyyətlə, Mığrıda, Zəngəzurda Yaqo, Mefistofel kimi mənfi qəhrəmanlar yoxdur. Sonra həyatı öyrəndikcə gördüm ki, ədəbi müsbət qəhrəmanlar kimi mənfi “qəhrəmanlar” da varmış.

- Maraqlıdır, nə zaman nə ilə anladınız ki, həyat ədəbiyyat deyil?

- Həyat həm ədəbiyyatdır, həm də ədəbiyyatda tam əksi deyil. Tələbəlik illərində ilk kurslardan sonra hiss etdim ki, həyat ədəbiyyatda olduğu kimi kifayət qədər əks olunmayıb. Hiss etdim ki, ədəbiyyat həyata borcludur. Çünki indiyə kimi də ədəbiyyat həyatı olduğu kimi əks etdirə bilməyib. Axı ədəbiyyat necədir onu hamı bilir, yazıçı isə öz gördüklərini, duyduqlarını, düşündüklərini qələmə alır.

- Olduğu kimi əks etdirməyə nə mane olur?

- Çox şey mane olur. İstedad, həyatda baş verən proseslər, zamanın, davranış qaydalarının, düşüncələrin, nəsillərin və sair dəyişməsi. Əsl ədəbiyyat isə hər zaman qalır.

Ömrümün ən unudulmaz və ən uzun səfəri idi”

- Qayıdaq 1966-cı ilin 14 mart gecəsində sevinclə tərk etdiyiniz Mığrıya... İndi necə xatırlayırsınız?

- Ömrümün ən unudulmaz və ən uzun səfəri idi doqquz saatlıq Mığrı-İrəvan yolu. Sonra çox ölkələr gəzdim, saatlarla, günlərlə yollarda oldum. Amma bu səfər həmişə mənə ən uzun səfər kimi gəlib. 14 mart gecəsi Arazın qırağı ilə qarsalanmış Naxçıvan torpağı ilə İrəvana getdim. Mənə elə gəlirdi, bayaq dediyim kimi, İrəvanda 1948-ci ilə qədər mövcud olmuş Azərbaycan kultunu bərpa edəcəyəm. Orada Azərbaycan ədəbiyyatı, mədəniyyəti yüksələcək. Əlbəttə, bu, 21 yaşlı gəncin emosional ümidi, arzusu idi. Açığı, həmin vaxt mən Bakıya gələ bilərdim. Erməni millətçiliyindən uzaq olardım, daha çox kitabım çıxardı, daha yüksək vəzifələrdə olardım. Ancaq mən İrəvana getdim və 18 il orada yaşadım. Bütün səmimiyyətimlə deyim ki, bu 18 ildə orada Azərbaycan kultunun möhkəmlənməsi, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün nə mümkündür- hamısını etdim. Hətta bəzən qeyri-adi müsbət nəticələr də oldu. 16 il İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etdim. O vaxt həmin teatr Cənubi Qafqazın ən yaxşı dövlət teatrlarından biri sayılırdı. Moskvada da tanınırdı. Kollektiv də, mən də Azərbaycanın, Ermənistanın, SSRİ-nin yüksək mükafatlarını, fəxri adlarını aldıq.

- Bu gün də “kaş çıxmayaydım” dediyiniz olur?

- O həmişə olur. Mən özümü bu gün də borclu hiss edirəm. Qalsaydım, şübhəsiz, qaçqınlardan biri də mən olacaqdım. Amma 1984-cü ildə mənim İrəvandan çıxmağımın səbəbi ailə vəziyyətimlə bağlı idi.

- “Borc” demişkən, Mığrı bayatılarınızı xatırladım. Həmin bayatılarınızda bir məhcubluq hiss olunur. Deyirsiniz ki, “borcunu qaytarammaz bugünkü ev-eşiyim”. Hansı borc?

- Bu gün də elədir. Mənim babamın, atamın, böyük qardaşımın, doğmalarımın qəbri, doğulduğum, böyüdüyüm ata evim, ilk təhsilimi aldığım məktəb oradadır.

- Uşaqlığınızla, xüsusən, ata evinizlə bağlı heç unutmadığınız hansı xatirəniz var?

- Atam dünyasını dəyişəndə ailəmizdə yalnız məndən nigaran gedib. Çünki mən evin sonbeşiyi idim, o vaxt hələ məktəbə getmirdim. Məndən böyük altı qardaş-bacı oxuyurdular, işləyirdilər. Çox narahat olub ki, məndən sonra bu uşağın axırı nə olacaq? Ölümünə az qalmış mənə dedi ki, əgər sənə desələr ki, atan öldü, sən ağlama, düzdür, aparıb, məni dəfn edəcəklər, amma mən qayıdacam, heç pis olma. 3-4 gün sonra gündüz gələrsən Ağzəminin kəndə baxan dikinə, məni gözləyərsən, gələcəm. Sonra atam vəfat etdi, mən pis oldum, qəbiristanlığın yarısınacan çığırıb ağlaya-ağlaya getdim, kişilər, qadınlar məni güclə qaytardılar evə. Hətta yadımdadır ki, qadınlardan biri dedi, bizim də atamız ölüb, heç belə ağlamamışıq.

Sonra gəldim evə, 2-3 gün keçdi, atamın dediyi kimi getdim Ağzəminin kəndə baxan tərəfinə. Axşama kimi gözlədim, atam gəlmədi. Sonra günlərlə getdim Ağzəmiyə, gözlədim, gəlmədi. Anladım ki, bu, ata təsəllisi imiş. Bəs niyə atam Ağzəminin bu tərəfini demişdi? Çünki Ağzəminin o biri tərəfindən qəbiristan görünürdü. Atamın məzarı da təzə idi, hələ başdaşı qoyulmamışdı. Atam düşünüb ki, Ağzəminin o tərəfindən baxanda məzarı görüb qorxaram, ümidsiz olaram. Uşaqlığımdan çox xatirəm var, amma bunu heç unutmuram- atam məndən çox nigaran gedib...

Xalqların qonşuluğu mənzil qonşuluğu deyil ki...”

- Azərbaycanda ən birincidən, ən sadə təbəqəyə qədər elə bir şəcərə yoxdur ki, erməni terrorizmindən əziyyət çəkməsin. Sizcə, bu, xalqımızın bəxtsizliyidir, yoxsa, coğrafiyanın oyunudur?

- Bəli, çox düzgün vurğuladınız. Tək 1988-ci ildə yox, 1905-ci ildə, 1918-ci ildə, 1948-52-ci illərdə, sonrakı dövrlərdə... Ulu Öndərimizin böyük qardaşı Həsən Əliyev mənə dedi ki, Ulu Öndərin atası, anası Sisian rayonunun Comardlı kəndindən idilər. Həsən Əliyev özü də orada doğulmuşdu. 1918-ci ildə onlar oradan qaçqın düşəndə təkcə Əlirza Əliyevin ailəsindən 17, ya 18 nəfər şəhid olub. Belə ailələr çox olub.

Bu, həm erməni xalqının dəhşətli yırtıcı xislətidir, həm də coğrafiyadır. Xalqların qonşuluğu mənzil qonşuluğu deyil ki, qonşun xoşuna gəlmədi, mənzilini dəyişib çıxıb gedəsən. Biz burada yaşamalıyıq, təəssüf ki, onlar da orada. Ona görə də dəmir yumruq hər zaman başlarının üstündə olmalıdır.

- “Burdan min atlı keçdi” kitabınızda adını çəkdiyiniz erməni canilərindən Nijdedən danışmaq istərdik. Onu çox adam tanımır.

- Bəli, Azərbaycanda onu çox da tanımırlar. Amma Qərbi Azərbaycanda yaxşı bilirlər. Xüsusən, onun Zəngəzurda- Mığrıda, Qafanda, Oxçuda törətdiyi qırğınları çox yaxşı bilirlər. Dəhşətli, yırtıcı bir tipdir. Nijde başkəsən olub. Mən azərbaycanlılardan ona qarşı vuruşan adamları da görmüşəm. Bəziləri dünyasını dəyişmişdi, bəziləri isə hələ də yaşayırdı. Nijde və ətrafı döyüşkən idi, təlim keçmişdilər, ancaq bacarıqlarını vəhşiliyə çevirmişdilər. Çar zamanı azərbaycanlıları əsgər aparmırdılar. Amma erməniləri aparırdılar. Bu da düşünülmüş yırtıcı siyasət idi.

Mən bütün həyatımı Bütöv Azərbaycana və əlbəttə, Qərbi Azərbaycana həsr etmişəm”

- Mığrı çayına xitabən yazdığınız şeirdə “sən quruma, mən quruyum...” deyirsiniz. Bu misranı oxuyanda cənublu soydaşlarımızın qurumaqda olan Urmu gölü fəryadını xatırladım. Sanki Vətən həsrətli insanlarımızın göz yaşları sel olduqca çaylar, göllər quruyur axı...

- Urmu Gölünün quruması çox təəssüf doğuran hadisədir. Mənim Mığrı çayına yazdığım isə iki qat təsirdən yaranmışdı. Çünki mən orada qalmırdım, İrəvanda yaşayırdım, arabir anamın yanına gedirdim. Onda görürdüm ki, Mığrı çayının suyu azalır, çay quruyur. Ona görə də yazmışdım ki, sən quruma, mən quruyum, qurban olum, Mığrı çayı. Mən bəlkə də Qərbi Azərbaycandan olan yeganə yazıçıyam ki, bütün Qərbi Azərbaycanı qarış-qarış gəzmişəm. Həmçinin, 16 il teatr direktoru olaraq, bütün Ermənistanı gəzmişəm. Bütün yerlər mənim ürəyimə həkk olunub. İndi də darıxanda o dağları, yolları, tarixi tikililəri, qədim məscidləri, alban abidələrini xatırlayıram. Mığrı və bütöv Zəngəzur mənim həyatımın, düşüncələrimin özəyidir, ona görə oradan ayrıla bilmirəm. Bir şeirimdə dediyim kimi:

Ozan mahnısında dillənir hünər, -

Sazı da, sözü də zəngəzurludur,

Tale bəxşişidir, vallah, deyərlər:

Allahın özü də zəngəzurludur.

- “Burdan min atlı keçdi” kitabınızda dayınız Əli Məmmədovla söhbətinizi xatırlayıram. Daha doğrusu, onun sizə vəsiyyətini... Sizcə, o, sonralar narahatlığında haqlı çıxdımı, yoxsa siz xalqınızın oğlu olaraq xalqın sözünü deməyi bacardınız?

- Bilirsiniz ki, mən bütün həyatımı Bütöv Azərbaycana və əlbəttə, Qərbi Azərbaycana, onun tarixinə, köçlərə, deportasiyalara, genosidlərə həsr etmişəm. Dayım çox milli adam idi. Ağır xəstə zamanlarında tez-tez ona baş çəkirdim. Son görüşlərimizin birində dedi ki, sənə sözüm var. Elə bildim övladlarını tapşıracaq. Dedi, “Hər başlanğıcın axırı var: mən də köçəcəyəm dünyadan. Sən isə bir az sonra köçüb gedəcəksən Bakıya. Sən öz xalqının oğlusan. Bəs buradakı sənin xalqın deyil? Yunis getdi (Yunus Rzayevi nəzərdə tuturdu), Əli getdi (Əli Həsənov), Hüseyn getdi (Hüseyn Məmmədov), Qəşəm (Qəşəm Aslanov) Moskvadan Bakıya qayıtdı. Cəfər Mehdioğlu (Cəfər Vəlibəyov) qocalıb. Belə getsə, axırı nə olacaq? Bəs bu xalqın sözünü kim deyəcək?”

Düz deyirdi. Dayımın vəfatından 11 il sonra mən də getdim. Dəmiryol vağzalında onun sözlərini xatırlayıb xəcalət çəkdim. Amma bütün həyatımı Bütöv Azərbaycana və Qərbi Azərbaycana həsr etdim. Orada - İrəvanda da, Bakıda da mənim şah mövzum bütöv Azərbaycan və Qərbi Azərbaycan oldu. Bütün düşüncələrim bu mövzu ilə bağlı olub.

- İrəvanda ikən milliliyinizə görə hansısa təhlükə və ya maneələrlə üzləşirdinizmi?

- Bəli, çox olub. Ermənilər mənim milli adam olduğumu şübhəsiz bilirdilər. Onlar məni erməni dilinə çox tərcümə edirdilər. Orada erməni dilində kitabım da çıxıb. Ancaq bəzən Zəngəzurdan yazmağıma, müxtəlif şeirlərdə bəzi misralarda Babəkin adını çəkdiyim üçün şeirlərimin erməni mətbuatında çapına, kitabımın nəşrinə maneələr törədilib. Onlar deyirdilər ki, Babək 50 min erməni qırıb. Dedim, dünyada nə qədər erməni var ki, min ildir qırırlar, hələ də qurtarmır. Əlbəttə, belə şeylər çox olub. Məsələn, 34 yaşımda mənə Ermənistan SSR Əməkdar Mədəniyyət xadimi adı verdilər. O vaxt bu, çox böyük ad idi. Son 15 ildə ermənilərə o adı vermirdilər. Çoxları bunu həzm edə bilmirdilər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı çox məşhur, uğurlu teatr olmasına baxmayaraq, ona stasionar bina vermirdilər. Hətta bir dəfə mənə dedilər ki, biz o teatra bina versək, o, ən güclü teatr olar. Bu məsələlərlə bağlı “Burdan min atlı keçdi”də və “İrəvana 7 məktub”da müfəssəl yazmışam.

- İrəvan Dövlət Teatrının bu günü haqqında danışmaq istərdim. Teatrın indiki vəziyyəti sizi qane edirmi?

- Ulu Öndər o teatra çox böyük diqqət göstərdi, qayğısını əsirgəmədi. Teatr yerləşdirildi, mədəniyyət sarayı ayrıldı, dövlət teatrı statusunda saxlanıldı. Cənab Prezidentin sərəncamı ilə bina əsaslı təmir olunur, teatr binası kimi qurulur. Cənab Prezidentin sərəncamı ilə teatrın 130 illiyi dövlət səviyyəsində qeyd olundu. İndi 140 illiyinin qeyd olunması ilə bağlı da Prezident sərəncamı var. Hazırlıq gedir, gözlənilir ki, təmirdən sonra yubiley yüksək səviyyədə qeyd olunsun. Teatr uğurla fəaliyyətini davam etdirir, çox maraqlı, istedadlı kollektivi var. Teatr yaşayır və İrəvan Azərbaycan teatrının qədim, çox şərəfli tarixini yaşadır.

- Son olaraq, istərdim, yaradıcılığınızdakı yeniliklərdən danışaq.

- Mənə öncədən danışmaq düşmür. Yazıçı hər zaman işləyir, hətta yazmayanda, kağızsız, qələmsiz düşüncələrə dalanda da. Yazıçının düşüncələri də işləməkdir. Görək, nə yazılacaq, nə yazılmayacaq.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Sosial

Analitik

MEDİA

Analitik

Mədəniyyət

Dünya

Siyasət

6-cı səfər...

30 Aprel 07:59  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30