Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı yüksək səviyyədədir

Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı yüksək səviyyədədir

25.11.2009 [10:10]

Rəbiyyət Aslanova: Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova www.yap.org. az saytına müsahibə verib:
- Rəbiyyət xanım, ilk olaraq, istərdik, qloballaşan dünyada baş verən hadisələr fonunda insan hüquq və azadlıqlarının qorunması istiqamətində müşahidə olunan tendensiyalar haqqında fikirlərinizi bildirəsiniz. Sizcə, bu sahədə vəziyyət necədir?
- Bəşəriyyətin ən böyük nailiyyəti olan insan hüquqları ideyası, qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübə və sınaqdan çıxaraq müasir cəmiyyətin optimal mövcudluq forması qismində qəbul edilib. Bu gün insan hüquqları bütün fundamental hüquqların - siyasi, sosial, iqtisadi, mədəni, mənəvi və s. haqların əsas göstəricisi, inkişaf səviyyəsini dəyərləndirən başlıca meyarı qismində qəbul edilir. Bu ona görə mümkün olub ki, insan hüquqları hər bir cəmiyyətdə, eləcə də, bütün dünyada birgə yaşayış münasibətlərinə, həyatımıza bir insanilik, dünyagörüşümüzə humanistlik ölçüsü gətirir. Yalnız insan hüquqlarının təmin edildiyi təqdirdə dünyanın inkişaf dinamikasının mütərəqqi, müsbət istiqamətə yön aldığı məlum olur. Bütün dünyada insan hüquqlarının təmin olunmasını rəhbər tutan hər bir dövlət gələcəyə addımlamaq iqtidarındadır. çünki bu gün insan hüquqlarının qorunması demokratiyanın məğzini təşkil edən ali prinsipdir. XX əsrdə mövcud olan bütün siyasi təlimlər iflasa uğradıqdan sonra bəşəriyyət anladı ki, yalnız demokratiyanın özünəməxsusluğunu əks etdirən prinsipləri rəhbər tutmaqla sabaha adlamaq olar. Bildiyiniz kimi, İnsan Hüquqları Bəyannaməsi qəbul olunduqdan sonra Avropa Konvensiyası qəbul edildi və Avropa dövlətləri yeni məkanda yaşamaq arzusunu ortaya qoydular. “İnsan hüquqları” ilk baxışda adi şüurun təsəvvür etdiyi kimi yalnız abstrakt anlayış və konkret obyekt deyil, çoxçalarlı məzmuna malik olan tarixi təkamülü, hətta bütöv keçid mərhələlərini özündə daşıyan dinamik bir fenomendir.
- Bəs ölkəmizdə vəziyyət necədir? Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işləri qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquqları sahəsində əldə olunmuş uğurlardan istifadə edərək öz istiqamətini müəyyənləşdirdi. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada elə bir müddəa yoxdur ki, beynəlxalq normalarla və ya demokratik münasibətlərlə səsləşməsin. O zaman Ulu öndər Heydər Əliyev bütün demokratik prinsiplərin ən yaxşılarını Əsas Qanuna daxil etdi. Bundan sonra, milli qanunvericiliyimiz daha da zənginləşdi. 2001-ci ildə Avropa Konvensiyasına qoşulduqdan sonra Azərbaycan dövləti öz milli qanunvericiliyində daha da təkmilləşmə işləri apardı. Həmin kurs bu gün davam edir. Azərbaycanda insan hüquqlarının qorunması sahəsində gedən dinamik inkişafı iki mərhələyə bölmək olar. Birincisi, Ulu öndər Heydər Əliyev mərhələsi, ikincisi isə Prezident İlham Əliyev mərhələsidir.
Bu prosesdə Heydər Əliyev mərhələsi Azərbaycanda köhnə stereotiplərin dağılması, demokratik prinsiplərin bərqərarı dövrü idi. Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı dövrü çox gərgin dövr idi. Ulu öndərimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı xilas etdi. O zaman ölkəmiz xaricdən də təzyiqlərə məruz qalırdı. Bu, Azərbaycanın özünütəsdiqə gedən yolu idi. Həmin dövrdə yeni bir Azərbaycan vətəndaşı formalaşırdı. Bu, yeni ölkənin vətəndaşı olmaq, milli kimlik hissini anlayan insanın obrazını formalaşdırırdı ki, bu insan özü hansı cəmiyyətdə yaşayacağını müəyyənləşdirirdi. Məhz belə bir şəraitdə insan hüquqlarının hüquqi bazası yaradıldı.
Biz həmin çətin dövrdə görülən işlərin nəticələrini, uğurlarını XXI əsrin əvvəllərində görməyə başladıq. Bu dövrdə artıq insan hüquqlarının qorunması sahəsində ölkəmiz yeni mərhələyə qədəm qoydu. İnsan hüquqları daim inkişaf edən məsələdir. Bu gün biz informasiyalı cəmiyyətə daxil olmuşuq. Artıq XXI əsr virtual dünyanın real problemlərini ortaya qoyur. Bu gün qəbul etdiyimiz qanunlar yeni bir cəmiyyətin qanunlarıdır. Yeni mühitdə insan hüquqları daha geniş və əhatəlidir. Eyni zamanda, qlobal dünyanın çağırışlarına uyğun olaraq insan hüquqları inkişaf etməkdədir. Bilirsiniz ki, bir neçə il öncə insan hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Planı qəbul edildi ki, bu da miqyası baxımından çox önəmli sənəddir.
- Son zamanlar yuvenal ədliyyə haqqında qanun layihəsinin aktuallığı barədə fikirlər səslənir. Bu sənədin qəbul olunması insan hüquqlarının təmin olunması prosesinə nə kimi töhfələr verə bilər?
- Bir neçə gün öncə Milli Məclisdə yuvenal ədliyyə haqqında dinləmələr keçirildi. Burada Azərbaycanda 18 yaşına çatmamış insanların hüquqlarının gerçəkləşdirilməsi üçün yeni yuvenal məhkəmə sisteminin qurulmasından söhbət gedir. Azərbaycanda 49 nəfər 18 yaşına çatmamış insan həbsxanalardadır. Bunların sabahını düşünərək məhkəmə haqqında qanunlara yeni müddəalar əlavə olunması haqqında müzakirələr gedir. Yəni, bu gün qəbul edilən hər qanunun bir amalı var: Azərbaycan vətəndaşlarının maraq və mənafeləri qorunmalıdır. İndi Azərbaycanda “məsuliyyətli dövlət, məsuliyyətli vətəndaş” prinsipi var və bu dövlət-vətəndaş münasibətlərinin əsas qayəsini təşkil edir. Əks təqdirdə demokratik dövlətdən danışmaq mümkün deyil.
- Rəbiyyət xanım, amma bütün bu nailiyyətlərə, görülən işlərə baxmayaraq, hələ də bir sıra beynəlxalq təşkilatlar Azərbaycan haqqında müxtəlif dezinformasiyalar, qərəzli məlumatlar yaymaqda davam edirlər. Misal üçün, bu günlərdə “Transparecy İnternational” təşkilatı son hesabatında Azərbaycandakı vəziyyəti tənqid edib...
- Belə təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Hətta iş o yerə çatıb ki, bəzi təşkilatlar cinayət törətmiş, törətdiyi cinayətə görə qanunla həbs olunmuş şəxsləri belə müdafiə etməkdən çəkinmirlər.
Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların heç birinin qəbul etdiyi sənədlərdə həmin insanların öz torpağında yaşamaq hüququnun qorunması məsələsini görmürük. İndiyə qədər itkin düşmüş vətəndaşların biri haqqında belə sorğu göndərilməyib. Əvəzində isə bu gün iki xuliqanın həbsindən daha çox yazırlar. Onlar belə adamları dəstəkləyirsə, mən bu təşkilatların prinsiplərinə inanmıram. Eyni cür xuliqanlıq əməlinə görə başqaları da həbsdədirlər. Bəs niyə onlardan danışmırlar? Maraq nədir ki, yalnız həmin iki nəfər dəstəklənir. Fikrimcə, bu yalnız Azərbaycana təzyiq vasitəsidir. Amma Azərbaycan bu gün o vəziyyətdə deyil ki, ona təzyiq göstərilsin. Azərbaycan beynəlxalq təsdiqini almış dövlətdir və bu üsullarla vətəndaşlarımızın şüuruna təsir etmək mümkün deyil.
çox istərdim ki, ölkəmiz haqqında obyektiv ekspertlərin rəyini eşidək. Biz heç vaxt obyektiv tənqiddən çəkinməmişik. “Transparecy İnternational” qeyri-hökumət təşkilatıdır. Belə təşkilatların dünyada elə bir nüfuzu yoxdur. Amma dünyanın nüfuzlu ekspert mərkəzləri var ki, Azərbaycan haqqında çox müsbət fikir söyləyirlər, çünki obyektivdirlər. Azərbaycanda dinamik inkişafı, sosial-iqtisadi tərəqqini görürlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, “Gallup” kimi təşkilatlar Azərbaycanın qısa vaxt ərzində qazandığı uğurları dəyərləndirir. Onlar dünya dövlətləri arasında təhlillər aparırlar. Məni narahat edən bəzi səfirliklərin mövqeyidir. Yuxarıdakı fikrimlə əlaqədar demək istəyirəm ki, ölkəmizdə fəaliyyət göstərən bəzi ölkələrin səfirliklərinin iki xuliqanın həbsi ilə əlaqədar olaraq bəyanatlar verməsi qəbulolunmazdır. Səfirliklər beynəlxalq prinsipləri rəhbər tutmalıdırlar və anlamalıdırlar ki, fəaliyyət göstərdikləri dövlətin hüquqlarına, qanunlarına hörmət etmək lazımdır. Başqa dövlətin daxili işinə qarışmaq vaxtı keçmiş məsələdir. çünki zaman dəyişib və anlamalıdırlar ki, onların iradələri qarşısında güclü iradə var. Biz imkan verə bilmərik ki, kimlərsə öz iradələrini Azərbaycana diktə etsin. Biz BMT-də, ATƏT-də, Avropa Şurasında öz sözümüzü deyirik. Buna isə insan hüquqları sahəsində görülən işlər imkan verir. Biz pafosla yox, görülən işlər əsasında danışırıq.
- Müasir dövrümüzdə daha çox bəzi Avropa dövlətləri insan hüquqları ilə bağlı özlərini ideal cəmiyyətlər kimi dünyaya təqdim etməyə çalışırlar. Sizcə, bu nə dərəcədə doğrudur?
- Sizə bir faktı deyim. Bu yaxınlarda xarici telekallarda bir verilişə baxdım. Həmin verilişdə özlərini ideal cəmiyyət kimi təqdim edən Avropanın iç üzü ortaya qoyuldu. Belə ki, Fransada 13 yaşlı türk uşağı uydurma “erməni soyqırımı”nı qəbul etmədiyi üçün məktəbdən kənarlaşdırılıb. Həmin məktəbli belə bir cəza alıb. Bu, tolerantlıq haqqında danışan bir dövlətin iç siması idi. Belə faktlarla rastlaşanda dünyanın bizə təqdim etdiyi modeldən daha mükəmməl modellərin mövcud olduğunu görürük. Əsas o deyil ki, inkişaf etmiş dövlətlər öz iradələrini başqalarına yeritsinlər.
Bu gün Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən hər bir iş dövlətin siyasi iradəsinin mövcudluğundan, güclü hüquqi bazasının gerçəkləşməsindən xəbər verir və bu da vətəndaşların öz dövlətinə, rəhbərinə, torpağına münasibətinin nəticəsidir. Bu gün Azərbaycanda insan hüquqlarının qorunması sahəsində heç bir problem yoxdur.
- Vətəndaşların mövqeyi haqqında nə deyə bilərsiniz? Bir millət vəkili kimi, yəqin ki, sizə çoxlu sayda müraciətlər olur. Maraqlıdır, bu müraciətlər əsasən hansı istiqamətləri əhatə edir?
- Mən Milli Məclisin üzvü kimi fəaliyyət göstərdiyim dövrlərdə vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirirəm. Paytaxt Bakıdan əlavə, komitə sədri kimi rayonların da seçiciləri ilə görüşlərim olub. Əvvəllər insanlarla görüşlərdə hansısa bir qurumun rəhbərindən, hansısa bir qanunda olan çatışmazlıqdan, sosial problemlərdən bəhs olunurdu. Zaman keçdikcə isə bu problemlərin aradan qalxdığının şahidi oluruq. Azərbaycan vətəndaşlarının artıq böyük problemləri öz həllini tapıb. Hər şey dəyişib. İlk növbədə, Azərbaycan vətəndaşı, onun parlamentə, dövlətə, qanunlara münasibəti dəyişib. Bu gün Azərbaycan vətəndaşı məsələni tamam başqa istiqamətdə qoyur. Bu gün onlara hansı qanunlar lazımdır, mövcud qanunlarda hansı dəyişiklikləri etmək olar, Azərbaycan vətəndaşları indi daha çox bu məsələlərlə bağlı müraciətlər edirlər.
- Son dövrlərin ən çox müzakirə olunan mövzularından biri də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsidir. Sizin bu layihə ilə bağlı mövqeyinizi öyrənmək maraqlı olardı...
- Bir neçə gün sonra “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Söhbət cəmiyyətin saflaşması məsələsindən gedir. Demokratik cəmiyyət saflaşmağa doğru gedən cəmiyyətdir. Böyük filosof Aristotel deyirdi ki, “dövlət ona görə mövcud deyil ki, insanları yaşatsın. Dövlət ona görə mövcuddur ki, insanları yaxşı yaşatsın”. Burada söhbət yalnız maddiyyatdan getmir, eyni zamanda, mənəvi məqamlar nəzərdə tutulur.
Əgər bir cəmiyyət ali mənəvi dəyərləri rəhbər tutacaqsa, əgər insanların bir-birinə qarşı münasibətində xüsusən mənəvi dəyərlər üstünlük təşkil edəcəksə, sözsüz ki, heç bir zorakılıqdan söhbət gedə bilməz. Burada söhbət təkcə kişinin qadına qarşı tətbiq etdiyi zorakılıqdan getmir. İnsanın insana qarşı zorakılığı, bir insanın başqa bir insana qarşı işlətdiyi təhqirlər, fiziki məhrumiyyətlər nəzərdə tutulur. Bu qadının qadına qarşı, kişinin kişiyə qarşıya tətbiq etdiyi zorakılıq da ola bilər. Yəni, söhbət adi mədəniyyət məsələsindən, ünsiyyətin formalaşmasından, bir-birini anlamasından, qanunlara hörmətdən gedir. Bu gün cəmiyyətdə zorakılıq varsa, bu, həm də insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu problemlərin qarşısını almaq üçün isə mütləq şəkildə qanuna ehtiyac var.


Paylaş:
Baxılıb: 1245 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30