Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İnkişaf edən, böyüyən, gözəlləşən 60 yaşlı "Gənclər şəhəri" - SUMQAYIT

İnkişaf edən, böyüyən, gözəlləşən 60 yaşlı "Gənclər şəhəri" - SUMQAYIT

24.10.2009 [10:41]

Vaqif Əliyev: Sumqayıtın ölkəmizin ən iri şəhərlərindən biri kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu müqayisəolunmazdır
Bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıt şəhərinin 60 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 24 aprel 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi bütün ölkə miqyasında qeyd edilir. Sərəncamda bildirilir ki, zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verilən Sumqayıt şəhəri müstəqilliyimizin bərpası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.
Müsahibimiz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevdir.
- Vaqif müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 60 illik yubileyinin geniş qeyd edilməsi haqqında Sərəncam imzalayıb. “Yeni Azərbaycan” qəzeti olaraq yubileylə bağlı ilk növbədə həm şəhər sakinlərini, həm də sizi səmimi qəlbdən təbrik edirik.  İstərdik söhbətimizə elə Sumqayıtın tarixi ilə bağlı qısa ekskursiya ilə start verək...
- Qeyd etdiyiniz kimi, bu il Azərbaycanın ikinci sənaye mərkəzi olan Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi tamam olur. Dövlətimizin başçısı cənab İlham Əliyev Sumqayıtın yubileyinin ölkəmizdə geniş qeyd edilməsi haqqında 24 aprel 2009-cu il tarixli Sərəncam imzalayıb. Respublikamızın hər hansı bir şəhərinin yubileyinin ölkə miqyasında və ilboyu keçirilməsi barədə cənab Prezidentin Sərəncam imzalaması nadir hallardan biridir. Mən fürsətdən istifadə edərək ilk növbədə bütün sumqayıtlılar adından şəhərimizə göstərdiyi yüksək diqqətə görə cənab Prezidentə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Hər bir Sumqayıt sakini bu Sərəncamı şəhərə Prezidentimiz tərəfindən göstərilən daimi qayğının növbəti əyani təzahürü kimi qiymətləndirir. Düşünürük ki, bu Sərəncam Azərbaycanın sosial-iqtisadi həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir.
Sumqayıt şəhəri 1949-cu il 22 noyabr tarixində yaranıb və elə həmin il də Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Amma Sumqayıtın bir yaşayış yeri, gələcək şəhər kimi formalaşmasında 1930-cu illərdə SSRİ Ağır sənaye komissarlığının kollegiya iclaslarında qəbul edilən qərarlar mühüm rol oynayıb. Həmin iclaslarda Azərbaycanın Abşeron yarımadası ərazisində İstilik Elektrik Stansiyasının və bir neçə ağır sənaye müəssisəsinin tikintisi üçün yer müəyyənləşdirilməsi qərara alınıb və şəhər salınması üçün xüsusi komissiya yaradılıb. Xüsusi komissiya tərəfindən Azərbaycanın yeni şəhərinin, onun sənaye obyektlərinin Bakıdan şimalda 30-35 km məsafədə yerləşən Sumqayıt dəmiryol stansiyası yaxınlığında salınması qərara alınıb. 1938-ci ildə indiki Sumqayıt Elektrik Stansiyasının yerləşdiyi ərazidə ilk baraklar qurulub, inşaatçılar və mexaniki quraşdırıcılar üçün yaşayış məntəqəsinin, həmçinin, Xəzərin sahilində sənaye müəssisələrindən olan Sintetik kauçuk, Kimya və Boru prokat zavodlarının, İstilik Elektrik Stansiyasının tikintisinə başlanılıb.
II Dünya müharibəsi zamanı inşaat işlərində fasilə yaransa da, 1945-ci ildən kimya zavodlarının, metallurgiya müəssisələrinin tikintisinin davamı bərpa olunub. Maraqlı bir faktı qeyd edim ki, tikinti işlərinə başlanılan 1939-cu ildə Sumqayıtın əhalisi 6400 nəfər idisə, 10 il sonra bu rəqəm 17200  nəfər olub və bu da Sumqayıta şəhər statusu verilməsində əsas rollardan birini oynayıb.
Sonrakı illərdə şəhərdə böyük sənaye müəssisələri fəaliyyətə başlayıb, bunlardan Boru prokat zavodunu, Sintetik kauçuk zavodunu, Alüminium zavodunu qeyd etmək olar. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.
1970-ci ildən başlayaraq, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Sumqayıtda yeni-yeni istehsal obyektlərinin tikintisi geniş vüsət alıb və Sumqayıtın iri sənaye şəhəri kimi inkişaf etməsinə əlverişli şərait yaranıb. Bu dövrdə ağır sənaye müəssisələri ilə yanaşı, yüngül və maşınqayırma müəssisələri, o cümlədən, Xovlu iplik və üst trikotaj fabrikləri, Kompressor zavodu işə başlayıb. 1980-ci illərin sonlarına doğru Sumqayıtın sənaye müəssisələri istehsal güclərini artıraraq respublikanın sənaye istehsalında ümumi payın 15 faizinə sahib olub. SSRİ-nin süqutu bütün İttifaq ərazisində yerləşən müəssisələrin, o cümlədən, Sumqayıtın kimya, metallurgiya və digər sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyətinin iflic vəziyyətə düşməsi ilə nəticələndi.
Sumqayıt şəhəri hər zaman öncüllüyü ilə seçilib. ölkəmizin azadlıq əldə etməsində Sumqayıtın adı hər zaman müstəsna olaraq qeyd edilir. Bu şəhərin qəhrəmanlığı Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman qiymətləndirilib. Bəli, Sovet hakimiyyətinin dağılmasından sonra və Azərbaycanda hakimiyyətin bir sıra naşı şəxslərin əlinə keçməsi sənaye mərkəzi olan Sumqayıtın da həyatında dərin mənfi iz buraxdı. Sənaye müəssisələri qapadıldı, əldə olan infrastruktur dağıdıldı, şəhərdə özbaşınalıq halları baş alıb gedirdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişi bütün ölkəmizin həyatında müsbətə doğru dönüş yaratdı. Bu dönüş Sumqayıtın da gələcək inkişafına böyük təsir etdi.
- Və Sumqayıtın tarixində ikinci mərhələ başlandı. Həqiqətən də Sumqayıtın keçmiş nüfuzunun özünə qayıtmasında, yenidən dirçəlməsində ümummilli lider Heydər Əliyevin rolu olduqca böyükdür. İstərdik bu barədə danışasınız...
- Kimya sənayesində davam edən durğunluq ümummilli liderimiz Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı Etilen-polietilen zavodunun nəzdində Buxar-generator qurğusu tikintisi üçün müqavilə imzalaması ilə aradan qaldırıldı. Bu müqavilə ilə Sumqayıt sənayesinə ilk dəfə böyük məbləğdə xarici kapitalın qoyulmasına zəmin yaranıb. 1999-cu ildə Buxar-generator qurğusunun tikinti və quraşdırma işlərinə başlanılıb və 2001-ci ilin iyul ayında başa çatdırılaraq istismara verilib. Məhz bu qurğunun işə düşməsindən sonra Sumqayıt şəhərinin kimya müəssisələrinin fəaliyyətində canlanma müşahidə olundu  və onların məhsul buraxılışında, işçilərinin əməkhaqlarının dinamikasında müsbət tendensiyalar qeydə alındı. ümummilli lider Heydər Əliyevin rolu yalnız şəhərin sənayesinin, iqtisadi həyatının canlanması ilə kifayətlənmir. Sumqayıtın ölkəmizin ən iri şəhərlərindən biri kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu müqayisəolunmazdır. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövr ərzində 16 dəfə Sumqayıtda olub. Onun xüsusi diqqət və qayğısı ilə əhatə olunan gənc sənaye mərkəzi bütün sahələrdə yüksək nəticələrə nail olub. Burada respublikanın bütün bölgələrindən olan insanlar yaşayıb-yaratdıqlarına görə ümummilli lider Sumqayıtı “kiçik Azərbaycan”, birlik və həmrəylik şəhəri adlandırırdı. Bu şəhər Onun üçün olduqca doğma idi. Bu da təsadüfi deyildi, çünki Sumqayıtda az yer tapılar ki, orada Heydər Əliyevin izi olmasın. Respublikaya rəhbərliyə gəldiyi ilk günlərdən Sumqayıtın birtərəfli inkişafından narahat olan Heydər Əliyev yeni müəssisələrin işə salınması, yaşayış massivlərinin, sosial obyektlərin tikintisi üçün əlindən gələni əsirgəmirdi. ümummilli liderin şəhərimizə hər səfəri Sumqayıtın tarixində yeni əlamətdar səhifə açır, Onun sakinlərlə, əmək kollektivləri ilə keçirdiyi görüşlər hər bir insanda zəngin təəssürat yaradır, yüksək əhval-ruhiyyə bəxş edirdi. 2003-cü ilin aprel ayının 3-də dahi liderimizin Sumqayıta səfəri şəhərin tarixində ictimai-siyasi, mənəvi baxımdan mühüm tədbir kimi yadda qaldı. Geniş, əhatəli, dərin məzmunlu nitqi 34 il Onun qayğısı ilə çiçəklənən şəhərin ictimai-siyasi həyatının sağlamlaşdırılmasına, mənəvi iqlimin saflaşmasına, sosial-iqtisadi durumunda müsbət dəyişikliklərin təmin edilməsinə dair vacib və kompleks proqram olub. Həmin vaxtdan şəhər rəhbərliyinin qarşısında duran vəzifələrin icrası Sumqayıtın ictimai-siyasi və mənəvi həyatında böyük dəyişikliklərin yaradılması və inkişafının dönməzliyini təmin edib.
- Sumqayıtın 60 illik yubileyinin keçirilməsi ilə bağlı verilən Sərəncam Ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin də şəhərinizə xüsusi sevgisindən xəbər verir.
- ümummilli lider Heydər Əliyevin xalqa xidmət missiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi son 6 ildə, yəni zaman etibarı ilə böyük olmayan müddətdə həyata keçirdiyi fəaliyyət özünün miqyası və çəkisi ilə insanda heyrət doğurmaya bilməz. Cənab İlham Əliyevin praqmatik, çevik və tarazlı siyasəti respublikamızda heç bir dünya ölkəsində bənzəri olmayan inkişaf modelinin formalaşmasına möhkəm zəmin yaradıb. Bu dinamik inkişaf Sumqayıtda da özünü aydın şəkildə göstərir. Sumqayıtın ümumi mənzərəsinə nəzər salan hər bir kəs bu şəhərin nümunəsində regionlara göstərilən yüksək dövlət qayğısının canlı şahidi olur. Sumqayıtda bu gün nəinki respublikamızda, bütövlükdə böyük bir regionda oxşarı olmayan müəssisələr salınır, sosial təyinatlı obyektlər inşa edilir, infrastruktur layihələri icra olunur. Sumqayıt şəhəri iqtisadi inkişaf sürətinə görə də respublikada qabaqcıl mövqelərdən birini tutur. Şəhər üzrə ümumi məhsul və xidmətlər buraxılışı, investisiya qoyuluşunun həcmi, orta aylıq əməkhaqqı və digər iqtisadi göstəricilərdə hər il müsbət dinamika nəzərə çarpır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin əsas xətlərindən birini ölkədə mövcud olan işsizlik probleminin aradan qaldırılması təşkil edir. 2003-cü ilin II yarısından etibarən fəaliyyəti bərpa edilmiş müəssisələr, eləcə də mövsümi tədbirlər nəzərə alınmaqla Sumqayıtda 38480 yeni iş yeri yaradılıb ki, bunun da yarıdan çoxu daimidir.
- Vaqif müəllim, Sumqayıt hazırda Azərbaycanın ikinci ən böyük sənaye mərkəzidir. Şəhərin sənaye müəssisələrinin mövcud vəziyyəti barədə nə deyə bilərsiniz?
- Sumqayıtda sənaye potensialının artırılması, yeni istehsal sahələrinin açılması istiqamətində son illər ərzində bir sıra işlər görülüb. Hesab edirəm ki, bütün bu işlərə ən yüksək qiymət Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən verilib, ötən il şəhərimizə səfəri zamanı dövlət başçısı Sumqayıtın gözəl, müasir sənaye şəhərinə çevrildiyini qeyd edib. Son illər ərzində şəhər üçün xarakterik olmayan yeni sənaye müəssisələrinin işə düşməsi isə şəhərin sənaye xəritəsinin rəngarəngliyini artırmaqla, sənaye məhsulu istehsalının həcmində illərboyu kimya müəssisələrindən olan asılılığı aradan qaldırıb. İri diametrli şüşə lifli boru istehsalı üzrə yeni zavod - “Azkompozit” MMC Oğuzdan paytaxt Bakıya içməli su nəql edəcək uzunluğu 260 km olan xəttin çəkilişini təmin edir. Şəhər əhalisinin və ətraf regionların un məmulatlarına olan tələbatını ödəməyə imkan yaradan “Bismak” müəssisəsi Avropanın ən yeni texnologiyasından istifadə etməklə özünün biskvit və makaron məhsulunu ölkəmizdən kənara da ixrac edir. 40 hektar sahəni əhatə edən ərazidə MDB məkanında analoqu olmayan, mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri və güc kabellərini istehsal edən “Texnologiyalar parkı” inşa edilir. Tikinti materialları, yeyinti məmulatları, məişət malları istehsalı üzrə ixtisaslaşmış onlarla yeni müəssisə şəhərin sənaye xəritəsinin müasir görkəm almasına səbəb olub. Son 5 il ərzində  şəhərdə ümumilikdə 50-dən çox orta və iri istehsal müəssisələri, 100-dən artıq iri xidmət və 1000-dən artıq kiçik ticarət  sahələri yaradılıb.
- Sumqayıt şəhəri həm də öz qabaqcıl təhsil müəssisələri ilə Azərbaycanda məşhurdur...
- Bəli, sizinlə razıyam. Sumqayıt hər zaman ölkəmizin qabaqcıl təhsilə malik regionlarından sayılıb. Bu gün Sumqayıtda tikilən yeni məktəb binaları, tibb ocaqları, idman kompleksləri, inzibati obyektlər özünün həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından bir qayda olaraq ən müasir standartlara cavab verir.
Təhsilin məzmunu ilə bağlı sadəcə bir faktı qeyd edim ki, cari ildə respublikanın bütün şəhər və rayonlarının təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin səyyar Kollegiya İclası Sumqayıtda keçirilib, Sumqayıtda təhsil sisteminin vəziyyəti təhlil edilib, bizim qabaqcıl təcrübənin respublikada yayılması barədə qərar çıxarılıb. Mən bunu Sumqayıta, onun təhsil sisteminə verilən çox böyük qiymət hesab edirəm.
Şəhər məktəbliləri arasında müntəzəm müsabiqələrin keçirilməsi, dərsdənkənar dərnəklərin, respublikamızda ilk dəfə olaraq Sumqayıtda məktəblilərin müntəzəm yay düşərgələrinin təşkili, həmçinin, ali məktəblərə qəbul olan hər bir tələbəyə şəhər İcra hakimiyyəti başçısının təbrik açıqcalarının göndərilməsi, yüksək bal toplamış məzunlarla şəhər İcra Hakimiyyətində görüşlərin keçirilməsi şagirdlərin həvəsləndirilməsi baxımından çox vacib addımlar olub.
Görülmüş bütün bu işlər nəticəsində cari il ali məktəblərə sənəd verən abituriyentlərimizin 40,8 faizi tələbə adını qazanıb ki, bu da 2003-cü ildən şəhər üzrə qəbul faizində müşahidə olunan müsbət dinamikanın davam etməsi deməkdir. 101 nəfər məzun qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək 600-dən çox bal toplayıb. Onlardan 26 nəfəri isə 650-dən çox bal toplayıb.
- Yəqin ki, yubiley tədbirləri ilin sonuna qədər davam edəcək. ümumiyyətlə, hansı tədbirlərin keçirilməsini planlaşdırırsınız?
- 2009-cu ili biz, demək olar ki, yubileyə həsr etmişik. Hazırlanan tədbirlər planına əsasən Sumqayıtın 60 illik inkişaf yolunu əks etdirən video-çarxlar mütəmadi olaraq Sumqayıtın “Dünya” televiziya kanalında nümayiş etdirilir, “Sumqayıt” qəzetində, eləcə  digər mətbu orqanlarda şəhərin tarixi, onun qurucuları və müasir həyatı haqqında silsilə məqalələr dərc olunur. Sumqayıtın 60 illik yubileyi ilə əlaqədar yeni “Bələdçi” kitabı hazırlanır, “Sumqayıt - 60 il” sənədli filmi çəkilir və www.sumqayıt.az informasiya portalı üzərində iş gedir. Yubiley ili ölkə rəhbərliyinin yaxından dəstəyi ilə Sumqayıtda icra olunan bir neçə mühüm layihənin yekunlaşması baxımından da əlamətdardır. ötən əsrin 40-cı illərində istismara verilən 10 km uzunluğunda şollar su xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və bilavasitə köməkliyi ilə yenidən qurulub. Bu xəttin istifadəyə verilməsi şəhərin 120 mindən çox sakininin su təchizatının yaxşılaşmasına xidmət göstərir. İlin sonuna qədər 517 MVt gücündə Sumqayıt Elektrik Stansiyası və Xəzərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək gündəlik 200.000 kub.m. çirkab suları təmizləyəcək qurğunun istifadəyə verilməsi nəzərdə tutulur. Yubiley ili ərzində bir sıra iri sosial obyektin istifadəyə verilməsi də nəzərdə tutulub. Aprel ayının 3-də, Heydər Əliyevin Sumqayıta tarixi səfərinin 6-cı ildönümündə şəhərin mərkəzində yeni inşa olunmuş Ağsaqqallar evi təntənəli mərasimlə şəhər qurucularının istifadəsinə verilib. İkimərtəbəli inzibati binadan və geniş iclas zalından ibarət olan Ağsaqqallar evi şəhərin yaşlı sakinləri üçün həm iş yeri, həm də istirahət guşəsidir. May ayında respublikanın tanınmış iqtisadçı alimlərinin iştirakı ilə “Sumqayıt 60 il - Sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər” adlı elmi-praktik konfrans keçirilib. Yubiley ili çərçivəsində Sumqayıtın mədəniyyət və incəsənət ustaları Bakı şəhərində və Azərbaycanın digər bölgələrində çıxışlar edirlər. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı Ulu öndərimiz Heydər Əliyevin  ictimai-siyasi fəaliyyətinə həsr olunmuş Aqşin Babayevin “Xilaskar” tamaşası ilə Bakı və Gəncə şəhərlərində, Abşeron və Ucar rayonlarında uğurlu qastrol tamaşaları göstərib. Yubiley tədbirləri çərçivəsində respublikamızın tanınmış incəsənət ustaları və musiqiçiləri ilə bərabər müxtəlif xarici ölkələri təmsil edən kollektivlərin çıxışları, incəsənət ustalarının iştirakı ilə muğam gecələri, Azərbaycan Dövlət  Kamera Orkestrinin konserti nəzərdə tutulub.
Bir sözlə, artıq yubiley ili ərzində nəzərdə tutulan tədbirlər planının əksəriyyəti icra olunub. Qarşıda bizi silsilə tədbirlərdən ibarət təntənəli yubiley mərasimi gözləyir. Sözsüz ki, yuxarıda sadaladığım bütün işlərin, əldə olunan nailiyyətlərin əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə həyata keçirdiyi yorulmaz səyləri və dövlət başçımızın şəhərimizə göstərdiyi xüsusi diqqəti, qayğısı dayanır. İlin əvvəlində Sumqayıt şəhərinin yubileyinin ölkəmizdə geniş qeyd olunması, həmçinin, oktyabr ayının 1-də Sumqayıtda  abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamlar bizə bütün işlərimizdə maddi və mənəvi dəstək olub, qısa müddət ərzində şəhərdə irimiqyaslı işlərin görülməsinə əsaslı zəmin yaradıb.
Sumqayıt şəhərinin sakinləri hər zaman ümummilli lider Heydər Əliyev siyasi kursuna sədaqəti ilə seçilib. Dövlətimizin memarı, müstəqil Azərbaycanın yaradıcısı Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin hədəfi hər zaman inkişafdır və bu yolda sumqayıtlılar bir nəfər kimi Prezidentimizə dəstəkdir.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik...
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1330 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30