Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bələdiyyə seçkilərinin azad və ədalətli keçirilməsi üçün ölkədə normal mühit mövcuddur

Bələdiyyə seçkilərinin azad və ədalətli keçirilməsi üçün ölkədə normal mühit mövcuddur

20.10.2009 [02:33]

Natiq Məmmədov: Azərbaycan o ölkələrin sırasına aid edilməlidir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi sual doğurmur
Məlum olduğu kimi, dekabrın 23-də ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin hazırlanıb keçirilməsi üçün zəruri addımları atır. MSK-nın katibi Natiq Məmmədov qəzetimizə müsahibəsində ölkədə seçki mühitinin normal səviyyədə olduğunu deyib:
- Mərkəzi Seçki Komissiyası ölkədə seçki yolu ilə formalaşan orqanların qanunla müəyyən olunmuş qaydada və müddətdə seçkisinin təşkil edilməsi və keçirilməsində üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. ümumiyyətlə, Azərbaycanda seçki ənənəsi özünəməxsus qaydada formalaşıb. Müstəqillik dövründə Azərbaycan ictimaiyyətinin nə qədər irəliləyişlərə nail olmasını seçki təcrübəsində, insanların dünyagörüşündə və ümumi inkişafda görürük. Seçki komissiyaları da ötən müddət ərzində böyük təcrübə qazanıblar. Münasibətlər elə formalaşıb ki, artıq seçici hakimiyyətin formalaşmasında öz rolunu müəyyən edib. Yəni, sovet seçki sistemindən fərqli olaraq artıq seçici öz hüququnu bilir. Eyni zamanda, seçici öz mövqeyini ifadə edəndə heç bir qanunsuz müdaxiləyə rast gəlmir. Bizim əldə etdiyimiz nailiyyətlərdən biri də budur. Bundan başqa, komissiyaların seçicilər qarşısında öhdəliyi var ki, bu istiqamətdə də xeyli işlər görülüb.
İstənilən fəaliyyətdə olduğu kimi, seçki münasibətlərinin düzgün formalaşdırılması da vacib məsələdir. Bunun üçün istər seçki subyektləri, istərsə də seçicilər arasında daim maarifləndirmə işləri aparılmalıdır. MSK hər il aşağı seçki komissiyaları üçün treninq kurslar keçirir. Məlumat üçün deyim ki, ölkədə 35 mindən çox seçki komissiyasının üzvü bu treninq kurslardan keçib. Eyni zamanda, seçicilərin maarifləndirilməsi istiqamətində mütəmadi iş aparılır. Bunun üçün KİV-lə mütəmadi olaraq təmasdayıq. Hesab edirəm ki, bu baxımdan KİV-lərin cəmiyyətdə rolu ümumilikdə yüksək qiymətləndirilməlidir. Bütün bunları sadalamaqda məqsədim odur ki, bu proses təkcə bir qurumun işi deyil, seçki ümumxalq işidir. Azərbaycan o ölkələrin sırasına aid edilməlidir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi sual doğurmur. Seçki beynəlxalq ictimaiyyətin qəbul etdiyi standartlara cavab verməlidir ki, bu da var. Azərbaycanda yekdil seçici kütləsi formalaşıb və hakimiyyətin formalaşmasında iştirak edir. Bir sözlə, ölkəmizdə normal seçki mühiti mövcuddur və siyasi mübarizə üçün bütün şərait yaradılıb.
- Məlumdur ki, MSK qarşıdan gələn seçkilərlə bağlı bir sıra təlimatlar, normativ aktlar qəbul edib. Qarşıdakı dövrdə də bu tipli sənədlər qəbul ediləcəkmi?
- Bilirsiniz ki, ötən dövrdə Azərbaycanın Seçki Məcəlləsi xeyli təkmilləşdirilib. Qeyd etmək istəyirəm ki, seçki komissiyaları təkcə Seçki Məcəlləsi ilə deyil, bu sənədin tələbləri çərçivəsində qəbul olunmuş çoxsaylı normativ aktlar əsasında da fəaliyyət göstərirlər. ümumiyyətlə, MSK təlimatlar toplusunu çap edərək bütün aşağı seçki komissiyalarına təqdim edib. Yəni, hazırda elə bir məsələ yoxdur ki, seçicinin seçkilərdə öz iradəsini ifadə etməsinə mane olsun. O cümlədən, seçki subyektlərinin də bu məlumatları əldə etmək imkanları xeyli genişdir. Seçkiyə aid olan məlumatların, sənədlərin hamısı MSK-nın internet saytında da yerləşdirilib. İstənilən şəxs həm sayt, həm də aşağı seçki komissiyalarının vasitəsilə özü üçün zəruri olan bütün informasiyaları əldə edə bilər. MSK üzərinə düşən vəzifələri yerinə yetirir. Biz çalışdıq ki, seçkiyə rəsmi start verilənə qədər bütün normativ sənədlər hazırlansın və belə olduqda sonrakı mərhələdə fəaliyyət göstərmək daha asanlaşır. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, qarşıdakı dövrdə də MSK zəruri olan bütün sənədləri qəbul edəcək.
- Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi hansı səviyyədədir?
- Bilirsiniz ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hər il Azərbaycanda seçici siyahıları tərtib olunur. Bu proses hər il yanvar ayından başlayır və mayın 30-da yekunlaşır. Seçki ilində isə seçici siyahıları bir daha dəqiqləşdirilərək internet saytımızda yerləşdirilir. Məlumat üçün demək istəyirəm ki, hazırda ölkədə seçicilərin sayı 4 milyon 470 min nəfərdən yuxarıdır. Amma səsvermə gününədək siyahılarda dəyişikliklərin edilməsi mümkündür. Seçici siyahıları tanışlıq üçün səsvermə gününə 35 gün qalmış seçki məntəqələrindən asılacaq. İstənilən şəxs öz adının siyahıda olub-olmamasını yoxlaya bilər. Hətta səsvermə günü belə seçici məntəqə komissiyasına müraciət etməklə problemi həll etmək hüququna malikdir.
- Bir müddət öncə MSK seçkilərlə bağlı təqvim planı təsdiq edib. Burada bütün prosedur qaydaları öz əksini tapıb. Bilmək istərdik ki, bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi qaydaları necədir? Namizədliyin qeydə alınması üçün hansı müddətdə sənədlər DSK-lara təqdim olunmalıdır?
- Qəbul olunmuş təqvim planında seçki subyektlərinin hansı müddətdə hansı hərəkətləri etməsi sistemli şəkildə əks olunub. Artıq namizədlərin irəli sürülməsi prosesi başlanıb. Bu gün hansı bələdiyyə hansı dairənin dislokasiyasına daxildirsə, həmin dairədə daimi qeydiyyatda olan yaşı 21-dən aşağı olmayan Azərbaycan vətəndaşı həmin bələdiyyəyə öz namizədliyini irəli sürə bilər. Fərdi qayda ilə yanaşı, təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların bloklarının namizəd irəli sürmək hüquqları var. Dairə seçki komissiyaları namizədliyin təsdiq olunmasının mümkünlüyünü 5 gün müddətində yoxlamalıdır. Sənədlər qanunvericiliyə uyğun təqdim olunubsa, namizədliyin irəli sürülməsi təsdiq ediləcək. Namizədlik təsdiq olunandan sonra imzatoplama prosesi başlayacaq. Bu proses, eyni zamanda, namizədlərin seçicilərlə ilk təması olacaq, imza vərəqələri müvafiq DSK-ya təqdim ediləndən sonra 10 gün müddətində namizədlərin qeydiyyatı məsələsinə baxılmalıdır. Səsvermə gününə ən tezi 65 gün, ən geci 40 gün qalmış namizədlər qeydiyyat üçün sənədləri DSK-lara təqdim etməlidir. Proseslər onu göstərir ki, seçkidə aktivlik yüksək olmalıdır. 1999-cu ildə ilk bələdiyyə seçkisi keçiriləndə insanlar “bələdiyyə nədir?” sualını verirdisə, indi onları bələdiyyələrin necə işləməsi maraqlandırır.
- Natiq müəllim, seçkidə namizəd kimi iştirak edən tərəflərin xüsusi seçki hesabları açmaq üçün hansı şərtlər tələb olunur?
- Namizədlərin ilkin mərhələdə xüsusi seçki hesabı açması əsas şərtlərdən biridir. Qanunvericilik seçicinin sayından asılı olaraq bələdiyyələrə seçilmək istəyən subyektlərə imkan yaradıb ki, öz fondunu formalaşdırsın. Subyektin özü, vətəndaşlar, hüquqi şəxslər, siyasi partiyalar və partiyaların blokları bu fonda pul köçürə bilərlər. Qanunvericiliyə əsasən, müəyyən olunmuş məbləğləri aşmaq da qadağandır. Bir sözlə, qanun dəqiq müəyyən edib ki, kimlər nə qədər və hansı pul vahidi ilə vəsait köçürə bilər. Eyni zamanda, xarici dövlətlər, xarici hüquqi şəxslər, vətəndaşlığı olmayanlar bu fondlara pul köçürə bilməzlər.
Qeyd etmək istəyirəm ki, bu prosesə ciddi nəzarət ediləcək. Namizədlər üç dəfə maliyyə hesabatı verəcəklər. MSK Mərkəzi Bankla bir neçə sənəd imzalayıb. Həmin sənədlərin tələbinə görə, fondların açılması, formalaşması və xərclənməsinə dair qaydalar müəyyənləşib. Namizədlər hesabları yalnız Beynəlxalq Bankda və onun filiallarında aça bilərlər. Onların yalnız bir hesabı ola bilər. Bələdiyyələrin 1/3-dən çoxunda namizədi qeydə alınmış blokların vahid seçki fondu formalaşdırmaq hüquqları var.
- Seçki kampaniyalarının əsas hissəsindən biri də təşviqat mərhələsidir. Təşviqat prosesinin yüksək səviyyədə keçməsi üçün nə kimi addımlar atılacaq?
- Səsvermə gününə 28 gün qalmış təşviqat kampaniyasına start veriləcək. Bu da noyabrın 25-nə təsadüf edir. Təşviqat prosesində seçicilər namizədləri daha yaxından tanıyacaqlar. Bu məqsədlə bələdiyyələrin, dairələrin ərazilərində seçicilərlə görüş üçün açıq və qapalı yerlər ayrılacaq. Yəni, namizədlərin seçicilərlə təmasda olması tam təmin ediləcək.
Təşviqat materiallarının yerləşdirilməsi ötən seçkilərdə çox pərakəndə idi. Həmin materialların yerləşdirilməsi elə səviyyəyə çatmışdı ki, bu, insanların zövqünə, şəhərin estetik görünüşünə mənfi təsir göstərirdi. çünki əvvəlki seçkilərdə təşviqat materialları pərakəndə halda yerləşdirilirdi. Ona görə də, son prezident seçkilərindən etibarən bu məsələdə yeni qaydalar tətbiq edildi. Bələdiyyə seçkilərində də təşviqat materiallarını yerləşdirmək üçün yerlər ayrılacaq. Seçicinin imkanı olmalıdır ki, namizədlərin hamısının platforması ilə tanış olsun və bir lövhədə bütün namizədlər haqqında məlumatların yerləşdirilməsi bu baxımdan onlara böyük kömək olacaq.
Bundan əlavə, prosesdə KİV-in imkanlarından da geniş şəkildə istifadə ediləcək. Namizəd və KİV-lər müqavilə əsasında münasibət yarada bilərlər. Amma istər özəl, istər dövlət orqanı olsun, prosesdə iştirak edən KİV-lər hamı üçün bərabər imkanlar yaratmağa borcludur. Şərtlər hamı üçün eyni olmalıdır. İstisna hal yalnız siyasi partiyaların mətbuorqanlarına aiddir.
ölkədə mövcud olan bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürən siyasi partiya və partiyaların blokları İctimai Televiziyada və radioda pulsuz efir vaxtı və bütün dövlət nəşrlərində ödənişsiz yer alacaqlar. Bələdiyyələrin üçdə birindən çoxunda namizəd irəli sürən siyasi partiya və bloklar isə ölkənin yarısına qədər yayılan dövri nəşrlərdə ödənişsiz yer ala biləcəklər. Amma AzTV-nin bu prosesdə iştirakı qanunla qadağandır.
- Səsvermə prosesi nə qədər seçki dairəsi və məntəqəsini əhatə edəcək?
- Bildiyiniz kimi, namizədlər ölkə üzrə 1718 bələdiyyədə 15682 yer uğrunda mübarizə aparacaqlar. Səsvermə isə 119 seçki dairəsi və 4673 məntəqədə keçiriləcək. Dairələrin sayının 125, məntəqələrin sayının isə 5000-dən çox olmasına baxmayaraq, obyektiv səbəblərə görə onların hamısında səsvermə olmayacaq. çünki Dağlıq Qarabağ bölgəsi və yeddi rayon Ermənistan tərəfindən işğal edildiyi üçün bu ərazilərdə bələdiyyələrin yaradılması mümkün olmayıb. Ona görə də, həmin ərazilər üzrə seçki keçirilməyəcək və məcburi köçkünlər səsvermədə iştirak etməyəcək. Yerli idarəetmədə ərazi olmalıdır. Ərazi olmadığı üçün idarəetmədən söhbət gedə bilməz. Torpaqlarımız işğaldan azad ediləndən sonra həmin bölgələrdə bələdiyyələr yaradılacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1159 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30