Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP-çı qadınlar bələdiyyə seçkilərində fəal iştirak edəcək

YAP-çı qadınlar bələdiyyə seçkilərində fəal iştirak edəcək

18.09.2009 [10:49]

Nurlana Əliyeva: Onlar bütün bölgələrdə əhalinin yerli problemlərinin həlli ilə məşğul olmaq iqtidarındadırlar
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkilərində qadınların da namizədliyinə üstünlük veriləcəyini bəyan edib. YAP Qadınlar Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva ilə söhbətimiz bu haqdadır.
- Nurlana xanım, Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə özünəməxsus rolu var. Bu mənada YAP-çı qadınların fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan qadınları dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub-yaradırlar. çünki yaşadığımız ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, dövlətimizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Prezident İlham Əliyev Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir.
Azərbaycan qadını demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək, cəmiyyət həyatına milli dəyərləri özündə əks etdirən birinci xanım ənənələrini də gətirib. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, Azərbaycanın xeyriyyəçilik və humanistlik dəyərlərinin davamçısı kimi bütün layihələrdə müqəddəs analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycan qadınına örnək olan Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə böyük işlərə rəvac verib. Onun fəaliyyəti hər birimiz üçün bir örnəkdir.
- ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında qadınlar böyük üstünlük təşkil edir. Qadınların siyasi proseslərdə fəallığını necə qiymətləndirmək olar?
- Bu gün YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı on minlərlə məsləkli, əqidəli insanlardır. Bizim doğrudan da geniş potensialımız var. öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi proseslərin fəal iştirakçısıdırlar.
- Məlum olduğu kimi, dekabr ayında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. YAP Qadınlar Şurası bu seçkilərə necə hazırlaşır?
- Bilirsiniz ki, hazırda bələdiyyələrdə qadınların təmsilçiliyi zəifdir. Hesab edirəm ki, bu sahədə ciddi dönüş yaradılmalıdır. Məqsədimiz qadınların bələdiyyələrdə daha çox təmsilçiliyini təmin etməkdir. Vətəndaşların sosial problemlərinin həllində qadınlar da fəal iştirak etməlidir. İstərdik ki, YAP üzvü olan qadınlar qarşıdan gələn seçkilərdə fəal iştirak etsinlər və namizədliyini irəli sürsünlər. Fikrimcə, onlar respublikanın bütün bölgələrində əhalinin yerli problemlərinin həlli ilə məşğul olmaq iqtidarındadırlar. Dahilərin dediyi kimi, qadın olan yerdə ədalət də var. Bu gün YAP üzvlərinin 41 faizini qadınlar təşkil edir. Bu, kifayət qədər yüksək göstəricidir və qadınlarımız bələdiyyə seçkilərində də fəal rol oynamaq gücündədirlər.
- YAP bu seçkilərdə gənclərin və qadınların namizədliyinə üstünlük veriləcəyini bəyan edib. Necə hesab edirsiniz, bu etimadı doğrulda biləcəksinizmi?
- Mənim təsəvvürümdə qadın-kişi problemi yoxdur, insan problemi var. Hər bir insan başa düşməlidir ki, ona göstərilən etimadı doğrultmağa gücü çatır, yoxsa yox. O yerdə ki, onun mənəvi gücü, bacarığı, biliyi güclü deyilsə, bu işə getməyə ehtiyac yoxdur. Ona görə də, seçkilərdə namizədliyini irəli sürən qadınlar ilk növbədə, özlərini bu prosesə hazır bilməlidirlər. Əlbəttə, bu gün qadınlarımız ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət qurumlarında təmsil olunurlar. Mənə belə gəlir ki, bələdiyyə seçkilərində də bu tendensiya davam edəcək. Məlumat üçün deyim ki, YAP İcra Katibliyinin təsdiq etdiyi tədbirlər planına əsasən oktyabrın 1-dən etibarən partiyanın Qadınlar Şurası Azərbaycanın bütün regionlarında müşavirələr keçirəcək. Həmin tədbirlərdə seçkilərlə bağlı qadınlar şuralarının  fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
- Nurlana xanım, siz, eyni zamanda, böyük bir təhsil müəssisəsinə rəhbərlik edirsiniz. Bildiyimiz kimi, bu yaxınlarda “Təhsil haqqında” Qanun dövlət başçısı tərəfindən təsdiq olundu və 2009/2010-cu tədris ili yeni qanunun tələblərinə əsasən fəaliyyətə başladı. Sizcə, yeni qanun təhsilin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Təhsil elmi-intellektual potensialın əsası kimi hər bir xalqın mütərəqqi inkişafının mühüm amilidir. Qloballaşan dünyada dövlətin qüdrəti, milli inkişaf səviyyəsi, gələcək taleyi və qarşıya qoyduğu məqsədlərə yetişməsi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi və demokratikləşmənin yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətlərinin məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə olunduğu danılmaz gerçəklikdir.
“Təhsil haqqında” qanun layihəsinin məhz indiki mərhələdə təsdiq olunması respublikamızda təhsil islahatlarının yekun mərhələyə daxil olması ilə şərtlənir. Yəni, hazırda Azərbaycan elminin, təhsilinin inkişaf prioritetləri, strateji yolu, gələcəkdə həyata keçiriləcək islahatların məzmun və forması aydındır. Azərbaycan tarixən formalaşmış mütərəqqi təhsil ənənələrinə, milli təcrübəyə əsaslanmaqla Avropa təhsil məkanına inteqrasiyanı vacib sayır. “Təhsil haqqında” Qanun da milli elm və təhsilin qanunvericilik bazasının müasirləşdirilməsinə xidmət edən təkmil sənəddir. Qanun layihəsinin geniş ictimai marağa və müzakirələrə səbəb olması, ilk növbədə, elm və təhsilin hər bir vətəndaşın taleyində mühüm rol oynaması ilə şərtlənir. Mən hətta “Təhsil haqqında” Qanunu Konstitusiya qədər əhəmiyyətli bir sənəd kimi qiymətləndirərdim. Hazırkı mərhələdə isə milli tərəqqiyə, gəncliyin intellektual inkişafına, insan kapitalının formalaşmasına təkan verəcək bir qanunun qəbulu Azərbaycan üçün taleyüklü məsələdir.
“Təhsil haqqında” Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarının təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən etməklə yanaşı, təhsilin ayrı-ayrı pillələri üçün müvafiq qanunlar və digər qanunvericilik aktlarının qəbulunda baza rolunu oynayır. Qanunun preambula hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara, onun tərəfdar çıxdığı beynəlxalq və dövlətlərarası müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunmaqla inkişaf edir.
Hər bir qanun inkişaf edən cəmiyyətlərdə təkmilləşməlidir və cəmiyyətin tələblərinə uyğunlaşdırılmalıdır. Uzun illər idi ki, biz “Təhsil haqqında” Qanunun qəbulunu intizarla gözləyirdik. Şübhəsiz, təhsilimizin dünya təhsilinə inteqrasiya olunduğu bir şəraitdə bu qanuna böyük ehtiyac var idi. çünki təhsilin qanunu olmadan hər hansı inkişafı gözləmək də düzgün deyil. Boloniya prosesinin tətbiqi qanunla uzlaşırsa, bu, cəmiyyətin təhsilinə böyük səmərə verəcək. Hesab edirəm ki, bundan sonra təhsil müəssisələrinin məsuliyyəti daha da artacaq. Qanunda orta ixtisas məktəblərinə dair elə müddəalar var ki, bunlar orta və ali təhsil arasında bir körpü olaraq bazanın möhkəmlənməsini təmin edəcək. Yeri gəlmişkən, qeyd edim ki, rəhbərlik etdiyim Dövlət Pedaqoji Kollecinin bu il 90 yaşı tamam olur. O zaman bu müəssisə Bakı Pedaqoji Məktəbi kimi yaradılıb. Əvvəlcə Bakı Qızlar, sonra Kişilər Seminariyası kimi, daha sonra Bakı Müttəhid Məktəbi kimi fəaliyyət göstərib. O vaxtdan indiyə qədər məktəbimiz respublikanın müxtəlif regionları üçün ibtidai sinif müəllimləri hazırlayır. İki ildən çoxdur ki, kollecdə resurs mərkəzi fəaliyyət göstərir. Bu mərkəz təkcə bizim məktəb üçün deyil, respublikanın pedaqoji təmayüllü məktəblərinin müəllimləri üçün treninqlər keçirir. Bu, bizim üçün çox fərəhli haldır. çünki bu amil kollecin baza məktəbi kimi formalaşmasına böyük təkan verir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1298 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30