/ / Siyavuş Novruzov: Azərbaycan istənilən Dünya, Avropa çempionatını, Olimpiya və digər oyunları keçirməyə tam hazırdır
Siyavuş Novruzov: Azərbaycan istənilən Dünya, Avropa çempionatını, Olimpiya və digər oyunları keçirməyə tam hazırdır
19.05.2015 [09:54]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Gün.az-a müsahibəsi:
- Siyavuş müəllim, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına çox az vaxt qalır. Bu Oyunları necə dəyərləndirirsiniz, Azərbaycan bu Oyunlara tam hazırdırmı?
- Bir müddət öncə mətbuata açıqlamamda da qeyd etdiyim kimi, ilk Avropa Oyunları çox vacib Oyunlardır, Azərbaycan tarixində çox böyük əhəmiyyət kəsb edir. Çünki bu, ilk dəfə olaraq keçirilir və Oyunların Azərbaycanda təşkil olunması onu göstərir ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq.
Bu baxımdan da, Azərbaycan burada tarix yazır. İkinci tərəfdən, bu Oyunların keçirilməsi adi püşkatma və yaxud başqa bir məsələ ilə əlaqəli deyil. Təbii ki, bu, səsvermə yolu ilə müəyyənləşir, səsverməyə də kifayət qədər əsaslar olmalıdır və var. Əsaslar da ondan ibarətdir ki, gərək həm ölkənin vəziyyəti, həm idman qurğularının səviyyəsi, o cümlədən, digər məsələlər qaydasında olsun.
Bildiyiniz kimi, Azərbaycan bundan öncə dəfələrlə Dünya, Avropa çempionatlarına, müxtəlif qran-pri yarışlarına ev sahibliyi edib.
Digər tərəfdən, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bütün Avropanın və dünyanın aparıcı dövlətlərinin nümayəndələri, keçmiş, hazırkı prezidentləri, parlament sədrləri, baş nazirləri iştirak edib və onlar görüblər ki, Azərbaycanda bu məsələlərlə bağlı nə qədər güclü potensial var. Azərbaycan hər bir tədbirə çox böyük məsuliyyətlə yanaşır və bu da Azərbaycanın həm iqtisadi göstəricisidir, həm Azərbaycanın demokratik dövlət, azad ölkə olması, azad fikir, söz azadlığının olmasıdır, insan haqlarının qorunmasıdır. Odur ki, bu günə qədər Azərbaycanda keçirilən hər bir tədbir çox yüksək səviyyədə baş tutub.
Bu yaxınlarda elə Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan qısa müddət ərzində belə bir tədbirin hazırlanıb keçirilməsinə tam hazır olmasına görə Ginnesin rekordlar kitabına düşə bilər.
Buna qədər də Azərbaycanda çoxlu sayda idman qurğuları, Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı Federasiyaların öz yarışlarını keçirməsi üçün böyük idman zalları formalaşıb və bunlar hamısı da yüksək standartlara uyğundur ki, bu gün Azərbaycan istənilən Dünya, Avropa çempionatını, Olimpiya və digər oyunları keçirməyə tam hazırdır.
Ona görə Azərbaycanın iqtisadi inkişafı, ölkədə olan siyasi sabitlik, Azərbaycanda sosial problemlərin həll olunması, abadlıq-quruculuq işləri, hər biri bəzi təşkilatların, bəzi dövlətlərin gözügötürməzliyinə səbəb olur. Xüsusilə də, erməni lobbisi ilə yaxın olan dövlətlər, erməni lobbisindən maliyyələşən təşkilatlar və bu qabildən olan digər insanlar bu gün Azərbaycanda keçirilən Avropa Oyunlarına qara yaxmaqla məşğul olurlar, “qara piar” kampaniyası aparırlar, bu və ya digər şəkildə özlərinin öyrətdiyi, burada ayrı-ayrı cinayətlər törətməklə məsuliyyətə cəlb olunmuş və istintaqda olan adamlara “siyasi məhbus” donu geyindirib Azərbaycanda gedən bu proseslərə ləkə salmaq istəyirlər. Bu da mümkün olan iş deyil. Bütün dünya da yaxşı bilir ki, hər bir yerdə hər kəs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. İstənilən bir ölkəni götürək, orada vergidən yayınmaq, xarici kəşfiyyata xidmət etmək, vətənə xəyanətdi və ən ağır cəzalarla cəzalandırılır.
Azərbaycanda da bu yöndə qanunlar var və bu qanunlarla da həmin adamlar məsuliyyətə cəlb olunurlar. O baxımdan da bu gün Azərbaycan tam şəkildə bu Oyunların keçirilməsinə hazırdır. Bunun əsas səbəblərindən biri də xalqla iqtidarın bir yerdə olması, xalqın öz Prezidentini dəstəkləməsidir.
Bir-iki o müəyyən qüvvələr var ki, erməni lobbisi vasitəsilə maliyyə alırlar, onları çıxmaq şərtilə, Azərbaycan xalqının 99 faizi bu məsələlərə hazırdır və biz ən yüksək səviyyədə bu tədbiri keçirəcəyik.
- Sizcə, bu Oyunlar Azərbaycana nə verəcək?
- Biz elə “Eurovision”dan misal götürək ki, hətta Ermənistan daxil olmaqla orada iştirak edən ölkələrin hər birinin İctimai Televiziyasında belə bir rəy vardı ki, bu tədbir işıqlandırılmalıdır.
Yəni, Ermənistanda da bu musiqi yarışması işıqlandırılırdı. Fikir verdinizsə, Azərbaycanın hər bir bölgəsi, Azərbaycanın mətbəxi, Azərbaycanın mədəniyyəti, incəsənəti, təbii sərvətləri dünyaya nümayiş etdirilirdi. Hansı ki, illərlə çalışsaydın Azərbaycan haqqında bu ölklərə o qədər informasiya verə bilməzdin. Ancaq idman yarışı bu musiqi yarışmasından daha populyardır. Bu Oyunlara 50 ölkənin nümayəndələri gələcək, burada müxtəlif səpkili yarışlar keçiriləcək və demək olar ki, dünya ölkələrinin əksəriyyəti buna tamaşa edəcək. Və bundan da, bu reklamdan da düzgün istifadə etməklə Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dünya ictimaiyyətinə daha yaxından çatdırmaq imkanı qazanacaq.
Həmçinin, bu gün Azərbaycanın mətbəxinə, mədəniyyətinə, tarixinə müdaxilə etməyə çalışan qüvvələrin də qarşısını almaq imkanları olacaq ki, istər xalça, istər saz, istər götürək ki, müxtəlif yeməklər, bunlar hamısı Azərbaycanındı.
Eyni zamanda, Azərbaycana bundan sonra kifayət qədər turistlər gələcək. Avropa Oyunlarında elə 6 mindən artıq idmançı iştirak edəcək, bundan sonra onların məşqçiləri, onlara yaxın digər adamlar və nə qədər turist olacaq, onların hər biri Bakı şəhəri, Azərbaycanın başqa-başqa rayonları ilə tanış olduqca, gördüklərini öz dostları ilə paylaşdıqca, yazışdıqca, gör nə qədər insan Azərbaycan haqqında məlumatlandırılacaq.
Ona görə də, bu, çox vacib olan məsələdir. Hesab edirəm ki, bu işdən də biz lazımi qaydada istifadə etməliyik.
- Siyavuş müəllim, opponentləriniz tərəfindən belə iddialar da irəli sürülür ki, bu Oyunlardan sonra Azərbaycanda manatın devalvasiyasının ikinci mərhələsi başlayacaq, ölkədə iqtisadi böhran yaşanacaq və sair...
- Yuxarıda da qeyd etdim ki, Avropa Oyunları ilə əlaqədar Azərbaycanda kifayət qədər idman qurğuları tikilir. Elə bir neçə qurğu bu ərəfədə tikildi, elə infrastruktur yaradıldı ki, bu da Azərbaycan üçündür.
Yəni, bu idman Oyunları qurtarandan sonra bunu sökməyəcəklər, dağıtmayacaqlar və yaxud da kimsə belinə alıb aparmayacaq ki? Bunlar Azərbaycanda qalacaq. Məsələn, böyük bir stadion tikilib, çünki Azərbaycanın köhnə stadionları o qədər adam tutmur.
Bununla da, istənilən Dünya çempionatının bir neçə oyununu və yaxud da iki tanınmış komandanın bir-birilə görüşünü bu stadionda artıq yüksək səviyyədə keçirmək olar. Əslində, bu qurğular, stadionlar, idman zalları sonradan gəlir də gətirəcək.
Həmçinin, üzgüçülük üzrə, avarçəkmə üzrə, başqa-başqa sahələr üzrə ayrı-ayrı ölkələrdən idmançılar müxtəlif dövrlərdə təlim-məşq toplanışına gələcəklər və bunun hər biri gəlir deməkdir.
O cümlədən, əgər infrastruktur yaranıbsa, yeni yollar çəkilibsə, yeni körpülər, qurğular tikilibsə, bu da Azərbaycan xalqınındır. Azərbaycan xalqı bundan da istifadə edəcək. Məgər alman və ya başqası bundan istifadə edəcək? Bu, Azərbaycan üçündür, bunların hamısı Azərbaycanda qalır.
Nə yaradılırsa, məsələn, hotel tikilirsə və digər başqa strukturlar formalaşırsa, onun çox böyük əhəmiyyəti var, çünki bunlar hamısı Azərbaycanda qalacaq. Bununla yanaşı, demək olar ki, sərf olunan məsrəfin böyük bir hissəsi də artıq geri qayıdır və qayıdacaq.
Çünki iştirakçılar var, həmçinin, biletlər, onların satışı, oradan gələn gəlirlər, onun reklamından gələn gəlirlər var. Belə baxanda çox vaxt bəzi ölkələrdə görürsən ki, Olimpiya Oyunları keçiriləndə gəlir-çıxar tamamilə balanslaşır.
Bu baxımdan, hesab edirəm ki, bizdə də məsələlər məhz bu cür həllini tapacaq. O ki qaldı devalvasiyaya, onun bu Oyunlara heç bir aidiyyəti yoxdur. Bu məsələdən də “istifadə etməyə” ehtiyac yoxdur. Artıq bu struktur formalaşıb.
Biz artıq bundan keçmişik, buna hazırıq. Sən buna əlavə vəsait qoymursan ki, o da gələcəkdə hansısa bir devalvasiya yaratsın...
O baxımdan da, bu iddiaların hamısı qurmadır, şayiədir. Opponentlərimiz, bədxahlarımız mütəmadi şayiələr yayırlar, təxribatla məşğul olurlar. Ancaq onların heç bir nəticəsi olmayacaq. Yenə deyirəm, hər bir görülən iş, hər bir əkilən ağac, hər bir tikilən obyekt Azərbaycan xalqına məxsusdur, Azərbaycanındır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

