Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / 5 əsr 2 il əvvəl...

5 əsr 2 il əvvəl...

22.10.2022 [11:30]

Magellan boğazı necə kəşf edildi?

Səidə Rəhimli

Keçmişdə insanlar dünyanı hələ tam olaraq tanımırdılar. Qitələr, dənizlər, okeanlar, boğazlar yavaş-yavaş kəşf olunurdu. Yeni yerlər kəşf olunduqca anlayırdılar ki, dünya zənn etdiklərindən də böyükdür.

Böyük coğrafi kəşflər dövrü XV-XVI əsrləri əhatə edir. Bu, avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin, boğazların kəşf edilməsi ilə nəticələnən tarixi bir proses idi. Magellan boğazı da məhz bu dövrdə portuqaliyalı kəşfiyyatçı Ferdinand Magellan tərəfindən kəşf edilib. Bu kəşfin tarixi isə çox maraqlıdır.

XV əsrdə ədviyyatlar müasir dövrümüzdəki neft kimi dünya iqtisadiyyatının xüsusi diqqət mərkəzində idi. Yeməklərə dad vermək və konservləşdirmək, xarab olmuş ətin dadını gizlətmək üçün darçın, mixək, hinq qozu və qara bibər kimi ədviyyatlar çox qiymətli idi. Avropa soyuq və quraq olduğu üçün ədviyyatlar yetişdirə bilmirdilər. Buna görə də ədviyyat adaları olaraq bilinən Maluku adalarına gedən ən sürətli yolu tapmaq üçün işə başladılar. Ədviyyat ticarəti üzərində hökmranlıq etmək üçün Portuqaliya və İspaniya rəqabət aparırdı.

Ferdinand Magellan hələ 12 yaşında olarkən dəniz kəşfiyyatı, Portuqaliya və İspaniya arasında gedən böyük rəqabət haqqında hekayələri öyrəndikdən sonra şöhrət və zənginlik arzusu ilə dəniz kəşflərinə maraq göstərməyə başladı. Magellanın dəniz kəşflərinə olan marağı bir neçə dəfə ekspedisiyalarda iştirak etməsinə və döyüşlərdə yaralanmasına səbəb olub. Lakin həmin maraq sayəsində yeni bir boğaz kəşf edərək arzuladığı şöhrətə çata bildi.

O dövrdə ?vropalılar şərqə üzərək Maluku adalarına gedə bilirdilər, amma bu yol çox uzun və təhlükəli idi. Qərbə üzərək Maluku adalarına getməyi ilk sınayan Magellan oldu. O, bu ideyasını həyata keçirməkdə qərarlı idi. Artıq təcrübəli dənizçi olan Magellan bu ideyasını həyata keçirmək üçün Portuqaliya kralı Manuelə müraciət etdi, lakin onun bu təklifi dəfələrlə rədd edildi. Daha sonra o, 1517-ci ildə Portuqaliya vətəndaşlığından imtina edərək ideyasını həyata keçirmək üçün kral dəstəyi axtarmaq məqsədilə İspaniyaya köçdü. Magellanın burada heç bir tanışı yox idi və ispan dilini çox az bilirdi.

Tezliklə o, Diogo Barbosa adlı başqa bir portuqaliyalı ilə tanış olur və 1 il ərzində Barbosanın qızı Beatriz ilə evlənir. Yaxşı əlaqələri olan Barbosa ailəsi Magellanı İspaniyanın dəniz kəşfiyyatına cavabdeh olan zabitlərlə tanış etdi və bunun sayəsində o, İspaniya kralı ilə görüşə bildi. O zaman cəmi 18 yaşı olan Kral I Çarlz bu ideyanı dəstəklədi. Magellan qərbə, dəniz səyahətinin İspaniyaya ölçüyəgəlməz sərvətlər gətirəcəyinə söz verdi.

Magellan 1519-cu  il avqustun 10-da bir daha görə bilməyəcəyi həyat yoldaşı və kiçik oğlu ilə vidalaşaraq Maluku adalarına doğru yelkən açdı. Səhayət uzun və təhlükəli idi. Donanma 1 aydan sonra Cənubi Amerikaya çatdı və orada Cənubi Amerikadan keçməyə imkan verən əfsanəvi boğazı axtarmaq üçün sahil boyunca cənuba doğru üzdü. 1520-ci ildə Pasxa günündə gəmi heyəti üsyan qaldırdı və buna görə onlar Port San Julianda dayanmalı oldular. Magellan üsyanı tez bir zamanda yatıra bildi: qiyamçı kapitanlardan birini edam etdi və digərini geridə qoydu. Bu vaxt Magellan gəmilərdən birini növbəti dayanma nöqtəsini araşdırmaq üçün göndərdi, lakin dəhşətli fırtına zamanı gəmi qəzaya uğradı. Heyət xilas edilərək digər gəmilərə yerləşdirildi. 5 ay sonra şiddətli fırtınalar azaldıqda Port San Julianı tərk etdilər.

Nəhayət, 21 oktyabr 1520-ci ildə Magellan axtardığı və hazırda adını daşıyan boğazı kəşf etdi. Magellan boğazı ilə səyahət soyuq idi. Dənizçilərin çoxunun liderlərinə olan inamsızlığı davam edirdi. Onlar səyahətin təhlükələri barədə şikayət edirdilər.  Gəmilərdən biri dönərək Atlantik okeanı ilə İspaniyaya qayıtdı və Magellanın donanmasında 5 gəmidən yalnız üçü qaldı. Boğazı keçmək 1 aydan çox vaxt aldı. Onlar sonunda 1520-ci ilin noyabrında boğazın təhlükəli suları ilə ziddiyyət təşkil edən bir okeana çıxdılar. Magellan bu okeanı açıq-aydın və dinc olmasına görə “Mar Pacifico” - Sakit okean adlandırdı. Magellanın donanmasının üzvləri bu böyük okeanı görən ilk tanınmış avropalılar idi.

O dövrdə Cənubi Amerikadan kənarda coğrafiya haqqında çox az şey məlum idi. Magellan nikbin düşünərək Sakit Okean boyunca səhayətin sürətli olacağını təxmin edirdi. Donanma səyahət boyunca bəzi yerlərdə dayanaraq ərzaqlarını yeniləyirdi. Sebu adasında dayanan zaman Magellan yerlilərlə dostluq etməyə başladı. Onlar Maktan adasındakı qonşuları ilə döyüşməkdə Magellandan kömək istədilər. O, yenə nikbin düşünərək üstün Avropa silahları ilə tez bir qələbə qazanacağını ümid edib razılaşdı. Lakin işlər istədiyi kimi getmədi. Magellan döyüşdə zəhərli oxla vuruluraq 27 aprel 1521-ci ildə vəfat etdi. Donanma daha bir gəmisini itirdi və qalan iki gəmi ilə nəhayət, 5 noyabr 1521-ci ildə Malukuya çatdı.  

Üç ildən sonra 270 nəfərlik heyətdən yalnız 18-i təkcə bir gəmi ilə Sakit okeanı keçərək evə qayıda bildi. Magellanın ekspedisiyisası sübut etdi ki, yer kürəsini dənizlə dövrə vurmaq mümkündür və dünya əvvələr təsəvvür ediləndən çox böyükdür. Ferdinand Magellan həm o zamanadək avropalılara məlum olmayan nəhəng bir okeanı tapdı, həm də Magellan boğazını kəşf edərək məqsədinə çatdı.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30