Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Rəqəmlərin dünyası

Rəqəmlərin dünyası

08.10.2022 [12:35]

Numerologiya

SƏİDƏ

Həyatımızın hər bir hissəsində adi şəkildə istifadə etdiyimiz rəqəmlərə qeyri-adi və fərqli baxış bucağı da mövcuddur. Belə ki, müasir dövrdə bir çox insan rəqəmlərin müxtəlif mənalar ifadə etdiyinə inanır. Bununla bağlı aparılan tədqiqatlar “numerologiya” elminə əsaslanır. Numerologiya universal rəqəmlər dilidir. Bu elmdə rəqəmlərdən dünyanı və özümüzü fərd olaraq daha yaxşı başa düşməyimizə kömək etmək, dünya və ya hər hansısa bir şəxs haqqında məlumat əldə edə bilmək üçün istifadə olunur. Numeroloqlar ədədləri yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi olaraq görmürlər, onlarda gizli bir qüvvənin olduğuna inanırlar.

Numerologiyanın haradan və necə meydana gəldiyi bir çox qədim fəlsəfələr kimi sirr olaraq qalır. Bu haqda müxtəlif fikirlər var. Bəzi mənbələrə görə, Misir və Babildə numerologiyanın ən qədim yazılı qeydləri mövcuddur. Digər tərəfdən, numerologiyanın minlərlə il əvvəl Roma, Çin, Yunanıstan və Yaponiyada istifadə edildiyini göstərən mənbələr də var. Numerologiyanın banisi dəqiq şəkildə bilinmir. Lakin yunan filosofu Pifaqor rəqəmləri tamamilə fərqli səviyyəyə qaldıran bəzi nəzəriyyələri olduğu üçün numerologiyanın təməlini qoymuş şəxs hesab edilir. Pifaqor rəqəmləri Tanrı hesab edirdi və riyazi qanunları dünyadakı bütün sistemlərin təməli olaraq görürdü. O, hər şeyin riyaziyyat və rəqəmlərlə izah edilə biləcəyini deyirdi. Pifaqor, hətta bəzi anlayışların qarşılığını rəqəmlə ifadə edirdi: 5-rəngin, 6-soyuğun, 7-sağlığın, 8-sevginin rəqəmidir. “Numerologiya” adını ortaya qoyan isə  Julian Stentondur. Bu elm sahəsi hazırda çox populyardır və insanlar arasında sürətlə yayılır. Sosial şəbəkələrə nəzər yetirsək, numerologiya ilə bağlı çoxlu sayda saytların olduğunu görə bilərik.

Hər bir xalqın tarixi, həyat-tərzi, mədəniyyəti onun dünyaya baxış bucağını formalaşdırır. Buna görə də rəqəmlərə müəyyən mənaların yüklənməsi dünyagörüşünə görə fərqlilik göstərə bilir.

Məsələn, 13 rəqəmi Azərbaycanda və bir çox xarici ölkələrdə uğursuz hesab olunur:

• Azərbaycana məxsus avtomobil seriya nömrələrində 13 rəqəmi yoxdur. 13 rəqəmi əlifba sırası ilə Cəbrayıl rayonuna uyğun gəlsə də, Cəbrayıla 14 seriyası verilib;

• ABŞ-da 13 nömrəli avtobus, trolleybus, vaqon yoxdur;

• Fransada 13 nömrəli ev yoxdur;

• Çində bayramda süfrədə 13 nəfər oturmamalıdır. Əgər belə olsa, masadan birinci qalxanın il ərzində öləcəyinə inanırlar;

Bir çox ölkələrdə təyyarələrdə 13 nömrəli oturacaq, otellərdə 13 nömrəli otaq yoxdur. 13 rəqəminin uğursuz hesab edilməsinin müxtəlif səbəbləri mövcuddur. Bu səbə?lərdən biri mifik tanrılarla əlaqədardır. Əfsanəyə görə, işıq, sevinc, saflıq, məsumiyyət, sülh və gözəllik tanrısı Balder Skandinaviya torpaqlarında 12 qonağına ziyafət verir. Pis əməllərin tanrısı Loki isə qonaq olmadığı halda 13-cü dəvətli olaraq zorla ziyafətə gəlir və mübahisə salır. Loki mübahisə zamanı digər tanrılar tərəfindən çox sevilən Balderi öldürür.

Xristian cəmiyyətində də 13 rəqəmi uğursuz hesab olunur. Bunun səbəblərindən biri İsa Peyğəmbərin son yeməyi ilə əlaqədardır. Deyilənlərə əsasən, İsa Peyğəmbərin son yeməyində 13 nəfər iştirak edib və yeməkdən 24 saat sonra Həzrəti İsa çarmıxa çəkilərək öldürülüb. 13-cü adam, yəni Yəhudə onu ələ verib. Buna görə xristianlar axşam yeməyində 13 adam olarsa, onlardan birinin başına fəlakət gələcəyinə inanırlar. Xristianların 13 rəqəmini “xəyanət rəqəmi” adlandırmalarına səbəb isə, şagirdinin İsa Peyğəmbəri ayın 13-nə təsadüf edən cümə günündə romalılara satmış olmasıdır. Onlar həm də bu rəqəmi “İblisin rəqəmi” adlandırırlar. Rəvayətə görə, ayın 13-ü cümə günü İblis Adəm və Həvvanı yoldan çıxarıb və onlar cənnətdən qovulublar. Xristianların bu inancı tarixi faktlara da əsaslanır:

• Səlahəddin Eyyubi 13-cü Səlib yürüşündə xristianları qəti məğlubiyyətə uğradıb;

• İstanbul 29 may 1453-cü ildə türklər tərəfindən fəth edilib. 1453-cü il tarixinin rəqəmlərinin cəmi 13 edir.

İslam dinində isə heç bir rəqəm uğursuz hesab edilmir və 13 rəqəmi də xristianların əksinə müsbət mənada qarşılanır. Buna bir neçə səbəb var:

• Məhəmməd Peyğəmbərin doğum tarixi 571-dir və bu ədədlərin cəmi 13 edir;

• 13 ədədi Allah sözünün ərəbcə yazılışını bizə işarə edir;

• Dini mənbələrə görə, cənnətdə axan çayların sayı 13-dür.

Həm islam, həm də xristian dinində 99 rəqəmi müqəddəs hesab olunur. Lakin səbəblər fərqlidir. İslam dinində Allahın ərəb dilində 99 adının olması, xristian dinində isə Tanrının birliyinə işarə edən mələkləri ifadə etməsi əsas səbəblərdir.

Bəzi rəqəmlərin hansı ölkələrdə uğurlu və uğursuz olmasına, bunların səbəblərinə nəzər yetirək.

7 rəqəmi:

Uğurlu - Böyük Britaniya, ABŞ, Fransa və Hollandiya. Buna səbəb Allahın kainatı 7 gündə yaratması, qədim dünyanın 7 möcüzəsi olması, qədim dünyanın 7 planeti olması və bir çox 7 rəqəmi olan təsadüfi hadisələrdir.

Uğursuz - Çin, Tayland  və Vyetnam. Bu ölkələrdə iyul ayında, yəni 7-ci ayda ölülər yad olunur. Evlərdə ölümə yeməklər, meyvələr hazırlanır, əks təqdirdə ölüm tərəfindən ovlanılacaqlarına inanırlar.

4 rəqəmi:

Uğurlu - Almaniya. 4 yarpaqlı yoncanın uğur gətirdiyinə inanılır və buna görə də Almaniyada 4 rəqəmi uğurlu hesab olunur.

Uğursuz - Yaponiya, Koreya, Çin və Tayvan. Dil olaraq bir-birinə yaxın olan bu mədəniyyətlərdə 4 rəqəminin tələffüzü “ölüm” sözünün tələffüzü ilə çox oxşardır. Buna görə də mənzillərdə, otellərdə, liftlərdə 3-dən sonra birbaşa 5 gəlir, 4-dən istifadə olunmur.

8 rəqəmi:

Uğurlu - Çin, Yaponiya, Vyetnam. Çin və Yapon dillərində 8 rəqəmi çiçəklənmək və pul qazanmağa oxşar səslənir.

Uğursuz - Hindistan. Bunun səbəbi numerologiyaya əsaslanır. Hindistanlılar ölkənin başına gələn bütün mənfi hadisələrin tarixlərini 8-lə bağlayırlar. Baş verən pis hadisələrdə 8 rəqəmi olmasa, tarixin bütün saylarını toplayıb 8-i əldə etməyə çalışaraq yenə 8-in lənəti ilə əlaqələndirirlər və s.

Sizin uğurlu və ya uğursuz rəqəmləriniz var?

Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30