Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Əfsanəvi Vinni Cons - futboldan filmə

Əfsanəvi Vinni Cons - futboldan filmə

25.05.2024 [11:10]

Gəncliyində məşhur futbolçu, sonralar isə qorxulu filmlər kralı, qalmaqal ustası olmuş birisi haqda oxumaq istərdinizmi? İslaholunmaz çılğın xarakterə malik, harada olsa qalmaqal yaradan bu adam dünya şöhrətli futbolçu və aktyor Vinni Consdur. 

Futbol karyerasının ortalarında, 21 yaşında ikən dostları ilə birgə ad gününü qeyd etdiyi məclisdə kütləvi dava törədib, təkcə başından 61 yara alaraq xəstəxanalıq olmuşdu.  

Hələ futbol oynayarkən amansız və kobud xarakter nümayiş etdirən Vinni qorxulu filmlər çəkən rejissorların gözündən yayınmamışdı.

Vinsent Piter Cons (Vinni) 1965-ci ildə İngiltərənin Uotford şəhərində inşaatçı ailəsində anadan olub. Məktəbli vaxtlarından futbola maraq göstərmiş, 9 yaşında ikən uşaq futbol klublarında çıxış etmişdi. Fiziki göstəriciləri ona özündən yaşca böyüklərlə eyni komandada oynamağa imkan verirdi. Vinni yeniyetmə bir futbolçu kimi öz tay-tuşları arasında güclü zərbələri ilə seçilirdi. 

Gələcəyin məşhur futbolçu-aktyoru ailəsində baş verən ziddiyyətlər üzündən əsəbi, hamıya qarşı qəzəbli olmuşdu. Vinni 13 yaşına təzəcə qədəm qoyanda valideynləri onun gözləri qarşısında ağlasığmaz dava-dalaş törədərək ayrılmışdılar. Bu ayrılıqdan sonra yeniyetmə idmançı tikinti ustası olan atası ilə birlikdə yaşamağa məcbur olmuşdu.  

Vinsent çox nadinc, ipə-sapa yatmayan uşaq idi. Atasına məktəbdən tez-tez şikayət gəlirdi. Hər dəfə məlum olurdu ki, Vinni ya kimisə döyüb, ya da ictimai yerdə xuliqanlıq eləyib. Oğlunun hərəkətlərindən bezən ata bir gün onu möhkəm tənbeh edir. Vinni də öz növbəsində atasına kobud cavab qaytarır, əvəzində möhkəm bir şillə “yeyir”. Bu hadisədən sonra o, yaşadığı evi birdəfəlik tərk edir. Təkbaşına ev kirayələyən Vinni inşaat işlərində fəhlə kimi çalışmağa başlayır. 

Futbol və küçə davaları onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Vinni ömrünün həmin dönəmlərini belə xatırlayır: “Valideynlərim ayrıldıqdan sonra 3 il topa toxunmadım. Üsyan elədim, evdən qaçdım. Məni depressiyadan yenə futbol xilas etdi. Həyatımı, karyeramı futbol sayəsində düzgün qura bildim. Həm də öyrəndim ki, nə qədər çalışsan, həyatda o qədər şans qazanacaqsan...”

Vinni peşəkar futbolçu karyerasına 19 yaşında, 1984-cü ildə “Uoldston FC” adlı tanınmış komandada çalışmaqla başlayır. O, bu klubda oynaya-oynaya tikintidə suvaqçı işləməyinə davam eləyir. Vinsentin futboldakı uğurları müxtəlif məşqçilərin diqqətini cəlb edir. 

“Uembledon FC”-nin məşqçisi gənc Vinniyə 10 min pound məbləğində maaş təklif edərək, onu öz komandasına dəvət eləyir. Bu pul gənc futbolçu üçün fantastik qonorar olduğuna görə Vinni təklifi böyük məmnuniyyətlə qəbul edir. Komandada oynadığı zaman bir çox uğurlar qazanan Vinni kluba qoşulduğu vaxtdan iki il sonra komandasına İngiltərə Federasiya Kubokunu qazandırır.

Klublar Vinni ilə əməkdaşlığa can atır, onu öz komandasında görmək istəyənlərin sayı artır. Lakin onlar bir riski də həmişə gözə alırlar: Vinninin davakarlığını! 

Əla müdafiə divarı quran bu vazkeçilməz oyunçu həmişə təhlükəli oynayır. O ya rəqib komandadan kimisə şil-küt eləyir, ya da kobud qayda pozuntusu ilə təmsil etdiyi komandaya qırmızı vərəqə qazandırır. 

Vinni nəinki rəqib komanda üzvləri ilə kobud davranır, hətta yaxşı oyun nümayiş etdirməyəcəkləri təqdirdə öz komanda yoldaşlarının da “payını” verəcəyini deyirdi. Söyləyirlər ki, qələbə qazandıqları matçların birində Vinni yaxşı oynamayan iki komanda yoldaşını paltardəyişmə otağındakı mıxdan asılı saxlamaqla cəzalandırıbmış. 

Bütün bu amansızlıqlarına, sərt davranışlarına görə onun oynadığı klubu uğurlarla yanaşı cərimələr, cəzalar da gözləyirdi. “Leeds United”, “Sheffield United”, “Çelsi” kimi komandalarda fəaliyyət göstərən Vinni Cons 1992-ci ildə yenidən “Uembledon FC”-ya qayıdır. 

“Leeds United”ə dəvət olunan Vinsent komandaya gələn kimi klubun ən yaxşı oyunçularından olan Bobbi Devissonla problem yaşayır. Mübahisələrin birində Bobbinin boğazına odlu silah dirəyərək onu təkbətək görüşə çağırır, lakin Devisson dueldən boyun qaçırır. Bir dəfə matçın üçüncü saniyəsində Paul Qasquin adlı futbolçunun xayasını əli ilə vəhşicəsinə sıxdığına görə dərhal meydandan qovulmuşdu. 

Vinsent Cons “Leeds United”ə çempionluq qazandırsa da, qələbədən sonra klub onu əməkdaşlıqdan azad edir. 

Futbol karyerasını “Queens Park Rangers” klubunda sona çatdıran Vinni Premyer Liqa tarixinin ən çox qırmızı vərəqə alan futbolçusu kimi tarixə düşür. İngiltərə futbolunun nüfuzlu simalarından olan Vinsent Cons özünün ikinci və ən parlaq karyerasına - aktyorluğa başlayır. 

Dediyimiz kimi, Vinninin kobud davranışları, hələ futbol oynadığı vaxtlardakı amansız üz cizgiləri Hollivud rejissorlarının diqqətini çəkmişdi. 

Tamaşaçıların futbol meydançasından tanıdıqları xuliqan Vinni Cons ilk dəfə məşhur rejissor Qay Riçenin “Kart, pul  və qoşalülə” adlı filmi ilə ekranlara çıxır. Keçmiş futbolçu qeyri-adi aktyor oyunuyla hamını heyrətləndiririr. Bu filmdən sonra ona müxtəlif rollarda oynamaq üçün təkliflər gəlir. Beləliklə, bizim bu dələduz, davakar futbolçu qəhrəmanımız bir-birinin ardınca tanınmış rejissorlardan dəvətlər alır və ona dünya şöhrəti gətirən filmlərə çəkilir.

“Böyük quş” filmindəki roluna görə Vinsent Consa beynəlxalq dərəcəli “ən yaxşı aktyor” mükafatı verilir. 

“60 saniyə ərzində qaçırmaq”, “Parol: Qılınc balıq”,  “”Qızıl Qartal”da bir gün”, “Sümüksındıran”, “Dəhşət qatarı” kimi filmlərdə əsas rollarına görə aktyor görünməmiş məbləğdə pul qazanır. Çəkildiyi filmlərdə Vinni Consun tərəf-müqabilləri qismində Anjelina Coli, Bred Pitt, Nikolas Keydç, Ceyson Stethem, Robert de Niro, Con Travolta, Hu Cekman, Helli Berri kimi dünya ulduzları çıxış edirlər. 

Vinni Consun qeyri-adi döyüş bacarıqları onu savaş filmlərində əvəzedilməz oyunçuya çevirir. Lakin Vinninin sənətkar kimi əsas gücü onun fiziki qəhrəmanlığında yox, real psixoloji obrazlar yaratmaq ustalığındadır. Satış tirajına görə dünyada rekord vuran “Dəhşət qatarı” filmində o, lal hannibal-manyak rolunu oynayır. Əsas personajlardan olsa da, film boyu bircə kəlmə belə danışmayan Consun yaratdığı tükürpədici psixoloji aura tamaşaçını doğrudan da vahiməyə salır.

Məşhur kinoşünas Piter Bredşou aktyor Cons haqda belə deyib: “Filmin daha vahiməli və dəhşətli olması üçün onun bir qəddar baxışla kameraya nəzər salması yetərlidir. “Dəhşət qatarı”ında o məhz bunu edib...”

Ümumiyyətlə, Vinni Cons mənfi rolların öhdəsindən böyük ustalıqla gəlir. Hollivud rejissorları ən qəddar manyak obrazlarını canlandırmağı Vinniyə həvalə edirlər. 

Dəri xərçəngi xəstəliyindən əziyyət çəkən 59 yaşlı “dəli  aktyor” hazırda İngiltərədə yaşayır.  

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Təbiəti qoruyaq!

19 Aprel 10:51

Gündəm

Dünyaya nümunə

19 Aprel 10:45

Analitik

II raund...

19 Aprel 10:39

Analitik

Sosial

Analitik

Ədəbiyyat

Zəngəzurda doğuldum...

19 Aprel 08:20  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30