Azərbaycanın regionlarının turist cəlbediciliyi artır
15.07.2017 [10:24]
2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artım deməkdir
Son illərdə dünyada enerji sektorunda yaşanan gərginliklər ölkələri öz iqtisadiyyatlarını neftdənkənar sahələrə istiqamətləndirməyə sövq edir. Qeyri-neft sektorunun gəlirli sahələrindən olan turizm də məhz belə sahələrdəndir. Təsadüfi deyil ki, hazırda dünyada turizmin əhəmiyyəti olduqca artıb və iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Ayrı-ayrı ölkələr mükəmməl infrastruktur yaratmaqla, normativ-hüquqi bazanı möhkəmlətməklə, gəlmə-getmə qaydalarını sadələşdirməklə turist cəlbediciliyini artırır və bu sektordan davamlı gəlir mənbəyi kimi bəhrələnirlər. Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Azərbaycan geniş turizm potensialına malik olan ölkədir
Azərbaycan ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması və turist axınının artırılması üçün hər cəhətdən cəlbedici ölkədir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamızda turizmin inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Eyni zamanda, coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması, bütün regionlarda zəngin maddi mədəniyyət nümunələri, xalqın tarixdən gələn özünəməxsus məişət ənənələri və əlbəttə ki, dadlı mətbəx ölkəmizin turizm cəlbediciliyini daha da artırır.
Bütün bu deyilənlərə respublikamızda turizmin inkişafına dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın turizm cəlbediciliyi baxımından necə əlverişli ölkə olduğu barədə daha aydın təsəvvür yaranar. Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bölgələrdə gəlirli sahə olan turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı konkret müddəalar öz əksini tapıb. Bundan başqa, respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. Dövlət başçısının 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə ölkəmizdə 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ölkəyə gəlmə-getmə qaydalarının sadələşdirilməsi, bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən geniş istifadə olunması da respublikamızın turist cəlbediciliyinin artmasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanın önəmini xüsusi qeyd etmək lazımdır. Haqqında bəhs olunan Fərman ölkəmizə turist axınının artmasına müsbət təsir göstərib. Bundan başqa, Prezident İlham Əliyev 1 sentyabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda ölkənin turist cəlbediciliyini artırmaq məqsədilə turist marşrutları üzrə həyata keçirilməsi nəzərdə tutulan vacib tədbirlərin geniş spektri öz əksini tapıb.
Ölkəmizdə turizm sənayesinin perspektiv inkişafı baxımından Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” böyük önəm daşıyır. Bəhs olunan Strateji Yol Xəritəsi respublikamızda yaxın, orta və uzunmüddətli perspektivdə turizmin inkişafı üçün geniş inkişaf perspektivləri vəd edir.
Müasir infrastruktur bölgələrə turist axınının artmasında mühüm rol oynayır
Azərbaycanın regionlarında turizmin kənd, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf etdirilir. Bundan başqa, respublikanın bölgələrində müalicə-sağlamlıq turizmi də böyük şöhrət qazanıb. Naftalan, Qalaaltı, Duzdağ, İstisu kimi müalicəvi kurortların şöhrəti respublikanın hüdudlarını çoxdan aşıb.
Eyni zamanda, hazırda respublikamızda paytaxtdan bölgələrə doğru yaradılan bir sıra turizm marşrut proqramları uğurla fəaliyyət göstərir. Arxeoloji, atçılıq turizm marşrut proqramları, Quba SPA, “İpək yolu”, şərab, xalça turları bu qəbildəndir. Bəhs olunan proqramlar çərçivəsində əcnəbi və yerli turistlər Azərbaycanın bölgələrində həm dincəlir, həm də tarixi abidələrlə, rəngarəng təbiətlə, yerli adət-ənənələrlə yaxından tanış olurlar.
Əlbəttə, əlverişli şərait, müasir infrastruktur yaradılmadan ölkənin turist cəlbediciliyinin artırılmasından söhbət açmaq mümkün deyil. Məlumdur ki, son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində enerji, su, qaz təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, xidmət şəbəkəsinin genişləndirilməsi və digər istiqamətlərdə irimiqyaslı layihələr reallaşdırılıb. Hazırda bölgələrin infrastruktur təminatı paytaxt Bakıdakından və digər iri şəhərlərdəkindən heç nə ilə fərqlənmir. Digər tərəfdən, son illərdə bölgələrdə mehmanxanaların və digər turistyerləşdirmə obyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, “Tufandağ” qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm “Şahdağ” turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar.
Ölkədə turizm sektorunun inkişafı paytaxtda olduğu kimi, regionlarda da iqtisadi fəallığın yüksəlməsinə, o cümlədən də məşğulluğun artmasına müsbət təsir göstərir. Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) məlumatına əsasən, 2016-cı ildə respublikamızda sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 faizi qədərdir. Təşkilatın proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 faiz, 2027-ci ildə isə daha 3,5 faiz, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 faizi qədər olacaq. Vurğulamaq yerinə düşər ki, turizm sektorunda yeni iş yerlərinin böyük qismi regionlarda yaradılıb.
Cari ilin 6 ayında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 min 502 turist səfər edib
Azərbaycanın turizm sektoru üçün kifayət qədər cəlbedici ölkə olması respublikamıza gələn turistlərin sayının ilbəil artmasında da öz əksini tapır. WTTC-nin cari ildə yaydığı hesabata əsasən, ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 faiz və yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 faiz artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 faizi göstəricisinə çatacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici ölkəyə gələn turistlərin sayında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz (966 min 497 nəfər) artım olduğunu göstərir.
Cari ilin birinci yarısında respublikanın ayrı-ayrı bölgələrinə turist axını daha yüksək olub. Məsələn, 2017-ci ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 min 502 turist səfər edib. Bunlardan 99 min 694-ü yerli, 57 min 808-i isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizə turist axınının artması həmçinin “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) ilə bağlı statistikada da öz əksini tapıb. Ötən il ölkəmizə gələn əcnəbi ziyarətçilərin məsrəfləri 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar) olmuşdur. WTTC təşkilatının proqnozlarına əsasən, 2017-ci ildə bu göstərici 8,1 faiz artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5 faiz artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da ildə 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

