Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ağ əmmamə altında qara əməllər...

Ağ əmmamə altında qara əməllər...

30.11.2022 [10:17]

İran Azərbaycandan niyə qorxur?

Mübariz ABDULLAYEV

Belə bir zərb-məsəl var: Qonşun pisdirsə, köç qurtar. Ancaq bu zərb-məsəli heç bir halda dövlətlərə və xalqlara aid etmək mümkün deyil. Ölkələrin coğrafi yerləşməsi bir növ tale məsələsidir. Heç bir xalq qonşularının necəliyindən asılı olmayaraq yaşadığı coğrafiyanı dəyişəsi deyil. Yaxşı olardı ki, qonşu dövlətlər bir-birlərinə münasibətdə qarşılıqlı hörmət göstərsinlər və regionlarının inkişafına, sabitliyinə, təhlükəsizliyinə töhfələr verməyə çalışsınlar.

Azərbaycanın qonşuluq siyasəti

Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır. Ölkəmiz bu layihələri əsasən qonşu dövlətlərlə sıx əməkdaşlıq şəraitində reallaşdırmağa nail olub. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksəksəviyyəli qonşuluq  münasibətlərindən məmnundur və bununla qürur duyur.

Respublikamızın qonşuluq siyasətində Ermənistan ən zəif həlqəni təşkil edir ki, bunun da məsuliyyəti və günahı qonşu dövlətin əvvəlki və indiki hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu ölkə son 30 il ərzində respublikamıza qarşı işğalçılıq siyasəti həyata keçirib, havadarlarının köməyi ilə öz nəzarəti altına keçirdiyi ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib. Azərbaycan üç onillikdən sonra Ermənistanın işğalçılıq siyasətinə son qoydu və özünün ərazi bütövlüyünü təmin etdi. Təəssüf ki, kapitulyasiyaya məruz qalan Ermənistan postmüharibə mərhələsində də revanşizm cəhdləri nümayiş etdirməklə Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsünə qarşılıq vermir.

İranın Azərbaycana münasibətində ziddiyyətli məqamlar

Cənub qonşumuz İrana gəldikdə isə, son dövrlərdə müşahidə edilən proseslər fonunda bu barədə bir qədər daha müfəssəl söhbət açmağa lüzum var. Əfsuslar olsun ki, Azərbaycan-İran münasibətlərində ölkəmizin xoş niyyətinə rəğmən, sabit bir dinamika müşahidə edilmir. Azərbaycan tarixi bağları, din eyniliyini, mənəvi dəyərlərin yaxınlığını və əlbəttə ki, İranda 40 milyon azərbaycanlının yaşadığını nəzərə alaraq həmişə qarşı tərəfə dostluq, əməkdaşlıq mesajları ötürür. İndiyədək respublikamızla İran arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı özündə ehtiva edən çoxsaylı sənədlər imzalanıb. Bu sənədlərin müddəalarının həyata keçirilməsində, həmçinin birgə işlənən layihələrin icrasında ölkəmiz tərəfindən hər hansı bir şərtin, razılaşmanın pozulması faktına rast gəlinməyib. Məsələn, respublikamız Şimal-Cənub dəhlizi üzrə öhdəliklərini vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirib. İndiyədək Azərbaycan öz ərazisindən İrana qarşı plasdarm kimi istifadə edilməsinə heç vaxt yol verməyib. Halbuki müxtəlif vaxtlarda ayrı-ayrı güc mərkəzləri tərəfindən belə cəhdlər və müraciətlər olmuşdu.

Ancaq biz İran tərəfindən oxşar davranışlar müşahidə etmirik. Bu ölkənin respublikamıza münasibəti kifayət qədər ziddiyyətli məqamlarla səciyyələnir. Aydın şəkildə sezilir ki, İran Azərbaycana xoş münasibət bəsləmir. Sual yaranır: Bəs niyə? Hansı səbəbə görədir ki, İran qonşuluğunda Azərbaycan kimi güclü bir dövlətin olmasını istəmir? Sualın cavabı olaraq bəzi məqamları sadalamaq istərdik:

- İranda 40 milyona yaxın Azərbaycan türkünün yaşaması,

- Rusiya-Ukrayna gərginliyi səbəbindən şimal qonşumuzun Cənubi Qafqazda mövqeyinin zəifləməsi fonunda regionda əsas güc mərkəzinə, söz sahibinə çevrilmək cəhdi,

- Sanksiyalar səbəbindən ixraca yönəldə bilmədiyi silahlarını satmaq istəyi,

- Enerji və nəqliyyat layihələrinə nəzarəti ələ keçirmək cəhdi,

- Zəngəzur dəhlizi üzərindən formalaşması tam real görünən Türk birliyindən qorxu,

- Zəngəzur dəhlizinin açılması ilə Ermənistan üzərindən narkotrafikin kəsiləcəyindən yaranan narahatlıq,

- Sanksiyalar altında olan ölkənin Ermənistan vasitəsilə özünə nəfəslik açmaq uğrunda çırpıntıları,

- Regionda formalaşan Azərbaycan-Türkiyə-İsrail konfiqurasiyasının yaratdığı qorxu xofu,

- Ölkə əhalisinin diqqətini daxili çaxnaşmalardan xarici təhdid amilinə yönəltmək və bununla da rejimin dəyişdirilməsi təhlükəsini sovuşdurmaq niyyəti və s.

Meydanı boş görən İran

İranın mətbəxində hazırlanan bu ssenarilər reallığı düzgün dəyərləndirməyən və yaxud imkanlarından artığının iddiasında olan dövlətlər üçün xarakterikdir. Biz bilirik ki, cənub qonşumuz tarixən imperialist maraqlardan çıxış edib və Cənubi Qafqazı özünün təsir dairəsində olan region hesab edib. Belə görünür ki, indiki hakimiyyət də stereotiplərin girovluğundadır. Rusiya-Ukrayna gərginliyi cari ilin əvvəlində açıq müstəviyə keçənədək İran öz maraqlarını alt qatda saxlamaq məcburiyyətində idi. Çünki regionda sabitliyə və təhlükəsizliyə təhdidlər yaratmaq üçün maşa, alət kimi istifadə oluna bilən Ermənistan üzərində siyasi və iqtisadi təsir güclü və nüfuzlu Rusiyaya məxsus idi. İslam rejimi anlayırdı ki, Rusiyanın Ermənistan üzərində hegemonluğu şəraitində öz iddialarını həyata keçirmək üçün fəaliyyətə keçmək əbəsdir, rəqabətdə uduzacaq. İndi isə İranda vəziyyətin dəyişdiyini düşünürlər. İndiyədək Ermənistanın sözün bütün mənalarında ağası sayılan Rusiyanın başı Ukrayna cəbhəsinə qarışıb və özünün əsas gücünü ora yönəldib. İran rejiminin təmsilçiləri meydanın boş qalmasını özləri üçün ən böyük fürsət sanırlar. Onların iştahasını artıran həm də o amildir ki, regionda digər bir fürsətcil dövlət də var - bu, Ermənistandır. İndiki halda İranda və Ermənistanda bu iki ölkənin tandem təşkil etdiyi qənaəti formalaşıb. Bəs necə? Ermənistan üçün başı üzərindəki çətiri dəyişmək su içmək qədər asandır. İndiyədək bu ölkənin ağası Rusiya olub, bundan sonra eyni funksiyanı İran həyata keçirər. Burada rəsmi İrəvan üçün ayıb sayıla biləcək bir hal yoxdur. İran rəsmiləri isə Rusiyanın zəifləməsi fonunda regionda möhkəmlənməklə və Ermənistana sahiblənməklə eyni bir güllə ilə çoxlu sayda dovşanı ovlayacaqlarını düşünürlər.

İranın və Ermənistanın ortaq maraqları və baxışları

Qarşılıqlı əlaqələri genişləndirməklə bağlı xam xəyallar quran İran və Ermənistanı ortaq maraqlar birləşdirir. Hədəf Azərbaycandır! Ermənistan 44 günlük müharibədəki biabırçı məğlubiyyətini həzm edə bilmir. Revanşist mövqe sərgiləyən bu ölkə silah tədarükünə başlayıb və belə görünür ki, müharibə hazırlıqları görür. İran isə qonşuluğunda Azərbaycan kimi güclü dövlət olmasını arzulamır. Ölkəmizin şanlı Qələbəsi, postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərin bərpasına başlaması ağ əmmaməli mollaların arzuladıqları məqam deyil. Buna görə də onlar Azərbaycanın zəifləməsinə hesablanan qara əməllərini reallaşdırmaqdan ötrü yollar arayırlar.

Silah sövdələşməsi Ermənistanla İranı ortaq məxrəcə gətirən amillərdən biridir. Müharibə hazırlıqları görən Ermənistan silah tədarükündə problemlər yaşayır. Özü heç də asan durumda olmayan Rusiya bu ölkəyə əvvəllər olduğu kimi pulsuz hərbi-texniki yardım göstərmək iqtidarında deyil. Baş nazir Nikol Paşinyan etiraf edib ki, digər istehsalçılar Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistana silah satmaqda tərəddüd edirlər. Boşluğu İran doldurmağa hazırdır. Sanksiyalar bu ölkədən hərbi texnikanın ixracına məhdudiyyətlər yaradıb. İran rejimi anlayır ki, bu silahları ancaq Ermənistan kimi ölkələrə satmaq mümkündür.

İqtisadi tənəzzül məngənəsində sıxılan İran və Ermənistan bir-biri üçün həm də nəfəslik kimi görünürlər. Məğlub Ermənistan dalan ölkədir və heç bir investisiya cəlbediciliyi yoxdur. İran isə Qərbin sanksiyaları altındadır. Belə olan halda iqtisadi əlaqələr onlar üçün dar nəfəslik borusu qismində çıxış edə bilər.

Zəngəzur dəhlizi fonunda yaranan Türk birliyi fobiyası

 Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələr isə Transxəzər (Orta Dəhliz) marşrutu üzərindən Zəngəzur dəhlizinə birbaşa çıxış qazanacaqlar. Bu, faktiki olaraq tarixi Türk birliyinin bərpa olması deməkdir.

Deyə bilərik ki, Zəngəzur dəhlizi fonunda yaranan Türk fobiyası Ermənistan və İran rəsmilərinin yuxusunu ərşə çəkən əsas məqamlardan biridir. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddiaları hər kəsə bəllidir. Fars rejimi də Türk fobiyasından eyni dərəcədə lərzəyə gəlir. İranda Türk fobiyasını gücləndirən həm də Zəngəzur dəhlizinin açılması fonunda Şimal-Cənub dəhlizinin bu ölkədən keçən hissəsinin funksionallığının azalacağı qorxusu ilə bağlıdır. Molla rejiminin təmsilçiləri o qənaətdədirlər ki, Türkiyə, Azərbaycan və Mərkəzi Asiyadakı ölkələr Transxəzər marşrutuna inteqrasiya ediləcək Zəngəzur dəhlizini seçəcəklər və beləliklə də, İran böyük gəlir imkanlarını itirəcək.

Zəngəzur dəhlizinin açılması fonunda İranla Ermənistan arasındakı narkotrafikin bağlanması fobiyasını da unutmayaq. Bu trafik bütün işğal dövründə fəaliyyətdə olub və tərəflər bundan böyük gəlirlər qazanıblar. Sanksiyalar, maliyyə çətinlikləri məngənəsində sıxılan İran üçün bu fobiya o qədər zəhmlidir ki, hətta Zəngəzur dəhlizinin açılmasını Ermənistan sərhədlərinin pozulması anlamında qəbul edir və bunu özü üçün “qırmızı xətt” adlandırır. Düzdür, molla rejimi bunu ölkələrin suverenliyi ilə əlaqələndirməyə cəhdlər göstərir. Dövlətlərin suverenliyinin təəssübünü çəkən molla rejimi bəs Azərbaycanın ərazi bütövlüyü pozulanda nə üçün susurdu? Ermənistan Azərbaycanla İran arasındakı 132 kilometr uzunluğunda sərhədi düz 30 il işğal altında saxladı. Görəsən, bu fakt indi dövlətlərin suverenliyini mühüm amil kimi dəyərləndirdiyi görüntüsü yaratmaq istəyən İran rejimini nə üçün təsirləndirmirdi?

İranın fobiyalarından danışarkən bura regionda formalaşan Azərbaycan-Türkiyə-İsrail konfiqurasiyasının yaratdığı qorxu xofunu da əlavə edə bilərik. Bu əməkdaşlıq üçbucağının formalaşmasında da Azərbaycan drayver funksiyasını həyata keçirir. Azərbaycanın davamlı səyləri Türkiyə ilə İsrail arasında zamanında yaşanan müəyyən inciklikləri arxa plana keçirdi və ortaq maraqları ön plana çıxartdı. Bəhs olunan formatın möhkəmlənməsi üçün fundamental əsaslar mövcuddur. İran da məhz böyük potensiala malik gücün birləşməsindən və bu gücün hansısa məqamlarda ona qarşı yönələcəyindən əndişələnir.

İslam həmrəyliyi harada qaldı?

İran İslam dövlətidir. Dünyəvi dövlət quruluşuna malik olan Azərbaycanda da əhalinin böyük əksəriyyəti eyni dinə etiqad bəsləyir. Belə olan halda İranın ölkəmizə münasibəti həm də İslam həmrəyliyinə əsaslanmalıdır. Təəssüf ki, İslam dövlətinin siyasətində din, etiqad həmrəyliyinin kiçik nişanələrini belə müşahidə etmək mümkün deyil. Bu ölkə 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanla dostluq edib və postmüharibə mərhələsində bu dostluğu yeni bağlarla daha da möhkəmlətmək istəyir. Erməni vandalları işğal altında saxladıqları ərazilərimizdə insanlıq əleyhinə cinayətlər törədiblər, həmçinin İslam mədəniyyətinə aid tarixi abidələri dağıdıblar və yaxud məscidlərdə donuz, inək saxlamaqla onları murdarlayıblar, təhqirlərə məruz qoyublar. İran necə bir İslam dövlətidir ki, bütün bunlara göz yumaraq Ermənistana hər cür dəstək verməkdə davam edir?

İran rejiminin qorxulu röyası - azərbaycanlılar

İran böyük Türk birliyini özünün strateji maraqlarına zidd olan bir konfiqurasiya hesab edir. Rejimin digər bir fobiyası azərbaycanlılarla bağlıdır. İranın ərazisinin böyük bir hissəsində sayları təxminən 40 milyona çatan Azərbaycan türkü yaşayır. Onlar bu yerlərin aboregen sakinləridirlər. Azərbaycanlıları özlərinin qorxulu röyaları sayan ağ əmmaməli mollalar soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirirlər. Təəccüblü haldır ki, bu ölkədə bir ovuc gəlmə erməni əhalisi üçün ana dilində təhsil almaq, qəzet və jurnallar buraxmaq imkanları yaradılıb. Böyük bir toplum olan aboregen azərbaycanlılar isə bütün bu hüquqlardan məhrum qalıblar. Belə qara niyyəti doğuran səbəblər bəllidir. Daxildə 40 milyonluq Azərbaycan türkü və qonşuluğundakı müstəqil Azərbaycan dövlətinin mövcudluğuna görə, rejim iranlı soydaşlarımızın ən adi hüquqlarını belə tanımaq istəmir. Ancaq İran rejiminin tarixi yer adlarını dəyişmək, soydaşlarımızın yaşadıqları ərazilərin etnik tərkibini dəyişmək, burada qondarma ostanlıqlar yaratmaq kimi cəhdləri iflasa məhkumdur. Qan yaddaşı burada yaşayan azərbaycanlıları heç vaxt tərk etməyib və onlar həmişə azadlıq uğrunda mücadilələr aparıblar. Hazırda İranda yeni bir dönəm başlanıb. 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan proseslərdə azərbaycanlılar da böyük fəallıq nümayiş etdirirlər. Bu proseslər fonunda, nəhayət,  azərbaycanlı kimliyinin buxovlarının da sındırılacağı, soydaşlarımızın tarixi haqlarına qovuşacaqları tam realdır. Onların arxasında isə güclü Azərbaycan dövləti və bütün dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev var.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31