Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhdən enerjiyə: Bakı-Berlin münasibətlərinin yeni gündəliyi

Sülhdən enerjiyə: Bakı-Berlin münasibətlərinin yeni gündəliyi

23.07.2026 [11:07]

Almaniya Azərbaycanın artan geosiyasi rolunu yüksək qiymətləndirir

Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində nüfuzlu, etibarlı və fəal tərəfdaş kimi tanınmaqdadır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə yalnız ölkəmizin ərazi bütövlüyünü təmin etmədi, həm də Azərbaycanın geosiyasi çəkisini tamamilə yeni səviyyəyə yüksəltdi. Bu Qələbə ilə Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi, beynəlxalq diplomatiyada öz yönünü və istiqamətini diqtə etdi, prosesləri idarə edən bir dövlətə çevrildi. Beləliklə, Bakı artıq tək Cənubi Qafqaz regionunun deyil, Avrasiya məkanının siyasi koordinat sistemində əsas mərkəzdən biri kimi çıxış edir. Bakının qlobal dialoqda fəal iştirakı, beynəlxalq proseslərə realist və praqmatik yanaşması onu orta güc statusu ilə Avropa, Asiya və Afrika kimi 3 fərqli qitədə cərəyan edən geosiyasi müzakirələrin mühüm iştirakçısına çevirib - biz proseslərin nüvəsində yer alırıq.

Bütün bu uğurlu proseslərin əsasında isə Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasət kursu dayanır. Dövlət başçısı yorulmadan Azərbaycanın milli maraqlarını qlobal səviyyədə müdafiə edir, ölkəmizi dünyanın müxtəlif regionlarında formalaşan siyasi gündəmlərin ayrılmaz hissəsinə çevirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru kimi ön plana çıxıb. Paralel olaraq yürüdülən uğurlu enerji siyasəti Bakını transkontinental münasibətlər sistemində əsas söz sahiblərindən birinə çevirib.

Bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq...

Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verməkdir. Rəsmi Bakı münaqişələrin həllində hərbi eskalasiyadan deyil, dialoq, qarşılıqlı etimad və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan danışıqlar prosesindən çıxış edir. Bu mövqe Azərbaycanın uzun illər işğal və müharibənin ağır nəticələri ilə üzləşmiş dövlət kimi qazandığı tarixi təcrübədən qaynaqlanır. Məhz bu səbəbdən ölkəmiz müxtəlif beynəlxalq platformalarda sülh təşəbbüslərini dəstəkləyir, qlobal əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrdə fəal iştirak edir və beynəlxalq münasibətlərdə konstruktiv dialoqu təşviq edir. Formalaşmaqda olan yeni dünya nizamında dövlətlər arasında qarşılıqlı etimadın, əməkdaşlığın və dinc birgəyaşayış prinsiplərinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu yanaşma ölkənin qlobal təhlükəsizlik arxitekturasının gücləndirilməsinə verdiyi töhfələrin əsas mahiyyətini təşkil edir. Qeyd edək ki, bu mövqe Ukrayna-Rusiya müharibəsinə də aiddir - Azərbaycan hər zaman problemin dinc və danışıqlar yolu ilə həllinə çağırışlar edir. Prezident İlham Əliyev bir neçə gün öncə Almaniyaya reallaşan rəsmi səfəri çərçivəsində mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən bu mövqeyi bir daha təkrarladı. Belə ki, xarici medianın Bakıda qeyri-rəsmi alman-rus görüşü ilə bağlı xəbəri haqqında sualı cavablayarkən Prezident İlham Əliyev qeyd edib ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi: “Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, - birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, - cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq”.

Prezident qeyd edib ki, bu yaxınlarda Qarabağın Şuşa şəhərində keçirilən Qlobal Media Forumda bildirib ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır: “Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin”.

Yeni perspektivlər

Sabitlik və təhlükəsizlik öz növbəsində inkişafı və əməkdaşlğı təmin edir. Azərbaycanın regionda yaratdığı yeni təhlükəsizlik arxitekturası, sabitlik qlobal əməkdaşlıq üçün münbit şərait yaradıb. Yeni dövrdə Avrasiyanın mərkəzində ticari imkanlar genişləndirilir, Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu isə birmənalı şəkildə Bakının qlobal münasibətlər sisteminə töhfəsidir. Eyni zamanda, yaranan sabitlik qlobal enerji təchizatında yeni imkanlar açır. Bakı artıq neft-qaz təchizatı ilə yanaşı, həm də elektrik enerjisi ixrac etmək planlarını önə sürür. Azərbaycanın formalaşdırdığı yaşıl enerji hədəfləri Avropa üçün də əlverişlidir - bu isə bütövlükdə tərəfdaşlıq əlaqələrinin güclənməsinə imkan yaradır. Berlində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən Kansler Fridrix Merts bildirib ki, Almaniya Azərbaycan ilə əməkdaşlığı, xüsusən də enerji təchizatı sahəsində gələn illərdə intensivləşdirməyi arzulayır: “Almaniyanın nöqteyi-nəzərindən, bizim idxalın, o cümlədən qaz idxalının şaxələndirilməsində böyük marağımız var. Azərbaycan enerjini artıqlaması ilə istehsal edən regiondakı az sayda ölkələrdən biridir. Bu o deməkdir ki, Azərbaycan enerjini istehlak etdiyindən daha çox istehsal edir. Bu baxımdan Azərbaycan Almaniyanın enerji təchizatının təmin edilməsində bizim üçün maraqlı tərəfdaşdır. Bu, xüsusən də Cənubi Almaniyaya aiddir, çünki həmin bölgəyə nəql üçün infrastruktur artıq inkişaf edib və ya genişləndirilə bilər. Buna görə bu, maraqlı müzakirə idi və həmçinin Azərbaycan ilə Almaniya arasında yeni perspektivlər açır”.

Keçən il 25 milyard kubmetr ümumi qaz ixracımız olub ki, yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib

Sirr deyil ki, yeni dövrdə Avrasiyanın enerji xəritəsində mühüm dəyişikliklər baş verib. Müharibə ilə əlaqədar olaraq Rusiyanın enerji ixracı azalır - nəzərə alsaq ki, bu ölkənin neftayırma müəssisələrinin bəzisi artıq sıradan çıxarılıb, yeni dövrdə enerji təminatı ilə bağlı açıq suallar meydana çıxır. Bu halda isə Azərbaycan kimi dövlətlər ön plana çıxır və Avropanın enerji təminatında əsaslı rol alır. Almaniyanın timsalında Azərbaycan bu işi uğurla həyata keçirir. Belə ki, mətbuat konfransında suallara cavab verərkən Prezident İlham Əliyev bildirib ki, Almaniya ilə bizim ümumi ticarət dövriyyəmiz keçən il təqribən, 1,5 milyard dollar ətrafında idi. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana ixracıdır, qalan hissə isə bizim ixracımız. Bizim ixracımızın da əsas hissəsi xam neftdir: “Yəni hesab edirəm ki, Azərbaycan təxminən bir neçə yüz milyon dollar səviyyəsində xam neft təchiz edir və nə qədər lazımdır, o qədər də təchiz edə bilər - həm daxili mənbələrdən, həm də bizim enerji şirkətimiz SOCAR-ın treydinq bölməsindən. Yəni burada hər hansı bir problem yoxdur. O ki qaldı, təbii qaz məsələlərinə, qeyd etdiyim kimi, biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetr olub. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir”.

Azərbaycanın ixrac potensialı yüksəkdir...

Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəkdir. Avropaya nəql olunan qazın və ya neftin həcminin artırılması üçün “köhnə qitə” yeni infrastruktur yaratmalıdır. Bunun üçün isə neft-qaz layihələrinə maliyyə dəstəklərini gücləndirmək lazımdır. Jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, artım üçün bir neçə məsələ öz həllini tapmalıdır: “Birincisi, bizə müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkincisi, mövcud qaz infrastrukturu genişləndirilməlidir. Çünki bu gün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Avropa məkanında yeni interkonnektorlar lazımdır. Əlbəttə ki, buna vəsait lazımdır. Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu - Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bu gün Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu

Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi dəyişikliklər Avropanın enerji siyasətinə ciddi təsir göstərərək alternativ təbii qaz mənbələrinin şaxələndirilməsini strateji zərurətə çevirdi. Rusiya qazının Avropa bazarına ixracının əhəmiyyətli dərəcədə azalması fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxdı. Cənub Qaz Dəhlizi və onun əsas komponentləri vasitəsilə Avropa ölkələrinə təbii qaz tədarükünün artırılması qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynadı.

Almaniya da Azərbaycanın bu istiqamətdə göstərdiyi töhfəni yüksək qiymətləndirən ölkələr sırasındadır. Rəsmi Berlin Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş kimi çıxış etməsini Avropanın enerji sabitliyinə verilən mühüm dəstək kimi dəyərləndirir. Almaniya tərəfi qarşıdakı dövrdə enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsində, xüsusilə təbii qaz, bərpaolunan enerji, yaşıl hidrogen və enerji keçidi istiqamətlərində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edir. Bu əməkdaşlıq təkcə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına deyil, həm də Avropanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verir. Mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq Almaniya Kansleri Fridrix Merts bildirib ki, dörd il yarım əvvəl Rusiyadan qaz idxalını dayandırdıqdan sonra biz təbii ki, yeni təchizat mənbələrini axtarmağa başladıq və Azərbaycan bu baxımdan mühüm rol oynayır: “Bu, iqtisadi baxımdan bizim üçün maraqlı perspektivdir. Biz, həmçinin digər təchizat mənbələrini də axtardıq və müəyyən etdik. Bu baxımdan mən bir daha Prezident Əliyevə təşəkkür edirəm ki, bu məsələni bu gün müzakirə edə bildik və Azərbaycandan daha böyük həcmdə qazın əldə olunması imkanlarını araşdırdıq. Bu, həmçinin birgə razılaşmamızın bir hissəsidir və Azərbaycanla aparacağımız növbəti müzakirələrin mövzusu olaraq qalacaq”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31