Yeni müdafiə mexanizmi
30.09.2026 [10:43]
Aİ Ərəbistanın rəhbərlik etdiyi dəniz koalisiyasına qoşularsa...
Qlobal dəniz ticarətinin əsas arteriyalarından olan Hörmüz boğazında yaranan gərginliyin ardınca Bab əl-Məndəb boğazı ətrafında təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsi beynəlxalq iqtisadi və siyasi gündəmin mühüm məsələlərindən birinə çevrilib. Bu iki strateji su yolunda sabitliyin pozulması yalnız ayrı-ayrı regionların təhlükəsizliyinə deyil, enerji resurslarının və digər mühüm yüklərin dünya bazarlarına çatdırılmasına, gəmiçilik marşrutlarına və qlobal təchizat zəncirlərinə birbaşa təsir göstərir. Ona görə də dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi artıq regional deyil, beynəlxalq xarakter daşıyan məsələ kimi nəzərdən keçirilir.
Belə bir şəraitdə əsas güc mərkəzləri strateji dəniz yollarının mühafizəsi və mümkün təhdidlərə qarşı müdafiə mexanizmlərinin gücləndirilməsinə daha böyük diqqət yetirirlər. Bu proses Avropa İttifaqını da özünə cəlb edib. Son illərdə beynəlxalq münasibətlər sistemində dəyişən qüvvələr nisbəti fonunda öz strateji çəkisini artırmağa çalışan Aİ üçün dəniz təhlükəsizliyi həm iqtisadi maraqların, həm də xarici siyasət və müdafiə imkanlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qırmızı dəniz və Ədən körfəzi istiqamətində təhlükəsizlik təşəbbüslərində iştirak Brüsselin yalnız iqtisadi aktor kimi deyil, qlobal təhlükəsizlik məsələlərində daha fəal tərəf kimi çıxış etmək niyyətini də nümayiş etdirir. Bu baxımdan Hörmüzdən Bab əl-Məndəbə qədər uzanan təhlükəsizlik zənciri Avropanın yeni geosiyasi reallıqlardakı rolunun müəyyənləşdirilməsi baxımından da mühüm sınaqdır.
Aİ-dən təklif...
Bu mənada Aİ-nin yeni təklifi də diqqəti cəlb edir. Belə ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Dəniz Müdafiəsi Koalisiyasına müşahidəçi statusunda qoşula biləcəyini qeyd edib. Kaya Kallas Bab əl-Məndəb boğazı ilə bağlı son vəziyyətə dair açıqlamasında Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edən “Aspides” missiyasına əlavə hərbi-dəniz qüvvələri ilə dəstək göstərilməsinə çağırıb. Kaya Kallas bildirib ki, müdafiə tələb edən gəmilərin sayı durmadan artır. O qeyd edib ki, “Aspides” missiyasına dəstək göstərilməsinə ehtiyac heç vaxt olmadığı qədər böyükdür.
“Aspides” missiyası Avropa İttifaqının Qırmızı dəniz və ətraf sularda həyata keçirdiyi dəniz təhlükəsizliyi əməliyyatıdır. Missiya 2024-cü ilin fevralında, husilərin 2023-cü ilin oktyabrından etibarən ticarət gəmilərinə hücumlarının intensivləşməsi fonunda yaradılıb. Əsas məqsəd naviqasiya azadlığını və beynəlxalq ticarət gəmilərinin təhlükəsizliyini qorumaqdır. Missiyanın əsas vəzifələrinə ticarət gəmilərini təhlükəli ərazilərdən keçərkən müşayiət etmək, gəmilərə qarşı mümkün hücumların qarşısının alınmasına kömək etmək, dənizdə vəziyyət barədə məlumat toplamaq və paylaşmaq, silah qaçaqmalçılığı və digər şübhəli fəaliyyətləri izləmək, Beynəlxalq hüquqa uyğun olaraq gəmiləri dənizdən gələn çoxistiqamətli hücumlardan müdafiə etmək daxildir. Qeyd edək ki, “Aspides” müdafiə xarakterli missiyadır və quru ərazilərinə zərbə endirmək onun mandatına daxil deyil. Missiyanın fəaliyyət zonası yalnız Bab əl-Məndəb boğazı ilə məhdudlaşmır. Buraya Qırmızı dəniz, Ədən körfəzi, Ərəbistan dənizi, Oman körfəzi, Fars körfəzi, həmçinin Hörmüz boğazı daxildir.
Dəniz koalisiyası nəyi hədəfləyir?
Xatırladaq ki, bu ilin iyulunda Səudiyyə Ərəbistanı beynəlxalq gəmiçiliyi qorumaq üçün çoxmillətli dəniz müdafiə koalisiyası yaratmaq təşəbbüsü irəli sürüb. Avqustda isə məsələni müzakirə etmək üçün Ər-Riyadda keçirilən baş qərargah rəisləri və hərbi nümayəndələrin görüşü baş tutub. Görüşdə 43 ölkədən nümayəndə iştirak edib. Məlumata görə, görüşdə Avropa İttifaqından nümayəndə heyəti də təmsil olunub. Ümumilikdə, dəvətnamələr 51 dövlətin və beynəlxalq təşkilatın nümayəndələrinə göndərilib. Bəzi iştirakçılar görüşə şəxsən qatılıb, digərləri isə videokonfrans vasitəsilə iştirak ediblər. İştirakçılar gəmiçilik təhlükəsizliyi, qlobal təchizat zəncirlərinin dayanıqlığı və qlobal iqtisadiyyat üçün risk yaradan “dəniz təhlükəsizliyinə artan təhdidlər, o cümlədən ticarət gəmilərinə, enerji tankerlərinə və dəniz infrastrukturuna hücumlar” məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin gələcək koalisiyanın nizamnaməsinin layihəsi, onun təşkilati strukturu, komandanlıq və nəzarət sistemi, əməliyyat mexanizmləri və inkişafının sonrakı mərhələləri müzakirə olunub. Koalisiyanın Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində fəaliyyət göstərməsi gözlənilir. İştirakçılar həmçinin təşəbbüsün təsis müddəalarını müzakirə ediblər. Bu müddəalara əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçi üzvü və lideri olacaq, eləcə də onun qərargahına ev sahibliyi edəcək.
Görüşün yekunlarına əsasən, hərbi nümayəndələr koalisiyanın yaradılması istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər. Buraya onun nizamnaməsinin, təşkilati strukturunun və fəaliyyət mexanizmlərinin hazırlanmasının tamamlanması daxildir. Məqsəd gələcəkdə təsis sənədini imzalamaq və birliyi rəsmi şəkildə işə salmaqdır.
Layihəni dəstəkləyən birgə bəyanatı 14 ölkə imzalayıb: Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali. Bir sıra digər ölkələr də “təşəbbüsə dəstək ifadə edib və birgə bəyanata qoşulmaq üçün zəruri olan daxili prosedurları davam etdirirlər.”
Aİ-nin dəniz müdafiə koalisiyasına qoşulma perspektivi...
Vurtğulandığı kimi, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə iyulun 30-da yaradılan Çoxtərəfli Dəniz Müdafiə Koalisiyası Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində naviqasiya azadlığının, beynəlxalq ticarət və enerji marşrutlarının qorunmasını hədəfləyir. Avqust ayında artıq 13 ölkənin üzvlüyü rəsmiləşib. Avropa İttifaqının bu mexanizmə cəlb olunması isə mövcud müdafiə imkanlarının daha geniş koordinasiya müstəvisinə çıxarılması baxımından əhəmiyyət daşıya bilər. Amma ortada bir məsələ var - Aİ koalisiyaya rəsmi qoşulmaqla bağlı təklifiə tam razılaşmayıb. Qurum sadəcə “Aspides” missiyası üzərindən müdafiə mexanizminə qoşula bilər. Bununla belə, siyasi mütəxəssislərin fikrincə, Aİ-nin mövcud “Aspides” imkanlarının yeni koalisiya ilə koordinasiyası baş verərsə, əsas üstünlüklərdən biri müxtəlif dəniz qüvvələri arasında məlumat mübadiləsinin və operativ koordinasiyanın güclənməsi formalaşar. Bu, təhlükəli marşrutlarda müşahidə imkanlarının genişlənməsinə, mümkün hücumların daha erkən müəyyənləşdirilməsinə və ticarət gəmilərinin müdafiəsində qüvvələrin daha səmərəli bölüşdürülməsinə şərait yarada bilər. Nəzərə alınmalıdır ki, Aİ artıq “Aspides” vasitəsilə yüzlərlə ticarət gəmisinin mühafizəsində iştirak edir.
Digər mühüm məqam Avropa dövlətlərinin texniki, kəşfiyyat və dənizçilik imkanlarının regional tərəfdaşların imkanları ilə əlaqələndirilməsidir. Belə əməkdaşlıq Bab əl-Məndəbdən Qırmızı dənizə qədər uzanan strateji xətt üzrə daha əlaqələndirilmiş təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edəcək. Analitiklər vurğulayırlar ki, bunun nəticəsində müdafiə sistemi təkcə hərbi gəmilərin sayının artırılması ilə deyil, vahid koordinasiya, informasiya mübadiləsi və birgə hazırlıq imkanlarının genişləndirilməsi hesabına möhkəmlənə bilər. Bu isə nəticə etibarı ilə, Yaxın və Orta Şərqdə dəniz ticarətinin daha təhlükəsiz inkişafına yol açacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16

