Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev: Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir

Prezident İlham Əliyev: Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir

17.05.2013 [13:34]

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfər edib
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə Ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolaqları salınıb, uşaq-əyləncə guşələri qurulub.
* * *
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan dövləti gələcək nəslin sağlam və Vətənə sədaqət ruhunda böyüməsi, savadlı və yüksək intellekt sahibi olması qayğısını da öz üzərinə götürüb. Hələ uşaq yaşlarından hər bir vətəndaşın ilkin peşə və sənət vərdişlərinə yiyələnməsi üçün müxtəlif tədbirlər görülür. Son illər paytaxtda və regionlarda Heydər Əliyev Fondu tərəfindən çoxlu sayda uşaq incəsənət məktəbləri və yaradıcılıq mərkəzləri istifadəyə verilir. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğı, mədəniyyət ocaqlarının əsaslı təmiri, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir.
Prezident İlham Əliyevə məlumat verilib ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılıb. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət olan müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşüb və sökülüb. Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib.
Prezident İlham Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üverturanı dinləyib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxıda yenidən qurulan Olimpiya İdman Kompleksi ilə tanış olub.
Prezident İlham Əliyev Şamaxı Olimpiya Mərkəzində futbol meydançasının, üzgüçülük hovuzunun və yeni idman zalının açılışında iştirak edib.
Burada dövlətimizin başçısına ölkədə tikintisi nəzərdə tutulan olimpiya mərkəzinin yeni hazırlanmış layihəsi təqdim olunub.
Prezident İlham Əliyev Mərkəzin idman zallarını və otaqlarını gəzib. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dövlətimizin başçısına məlumat verib ki, rəsədxanada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası əsaslı təmir olunub, 110 nəfərlik yeməkxana tikilib.
Əsaslı təmir və yenidənqurmadan sonra buradakı inzibati otaqlarda iş şəraiti ən müasir səviyyəyə çatdırılıb. Rəsədxananın Bakı şəhər bölməsi, “Günəş fizikası”, “Günəş və Yer əlaqələri”, “Planetlər və kiçik səma cisimləri” və digər şöbələri var.
İki metrlik əsas teleskopun yerləşdiyi binada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, bu bina ilə yanaşı, horizontal Günəş teleskopunun, 70 və 35 santimetrlik teleskopların, həmçinin alman teleskopunun binaları da əsaslı təmir olunub. Əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılıb. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınıb, xüsusi kameralar və kriogen qurğusu quraşdırılıb. Ümumilikdə, rəsədxana astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və postsovet elmi proqramlarına mühüm töhfələr verib.
Dövlətimizin başçısına Şamaxı Astrofizika Rəsədxanasının əvvəlki və yenidənqurmadan sonrakı görüntüləri əsasında bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Rəsədxananın direktoru Əyyub Quliyev teleskopların müasirləşdirilməsi və avtomatlaşdırılması, gələcəkdə nəzərdə tutulan işlər, həmçinin əldə olunan nailiyyətlər barədə danışıb. Bildirilib ki, burada Günəş fizikası sahəsində tədqiqatlar aparılıb, yüksək elmi nəticələr əldə olunub. Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilir.
Dövlətimizin başçısına son günlərdə kosmosdan alınan görüntülər, o cümlədən diametri 6,5 metrdən çox olan teleskoplar barədə məlumat verilib.
Rəsədxananın yenidən qurulmasını yüksək qiymətləndirən və bunun Azərbaycan elminə bir töhfə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Son illər burada aparılan tikinti-quruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı Rəsədxanası uzun illərdir ki, fəaliyyət göstərir. Vaxtilə buraya böyük investisiyalar qoyulmuşdu. Amma sonra bu şəkillər də göstərir, mən də burada birinci dəfə olarkən görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü. Həm burada elmi araşdırmalar aparmaq üçün problemlər yaranmışdı, həm də alimlərin yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş binalar yararsız vəziyyətə düşmüşdü, dağılırdı. Ona görə biz qərara gəldik ki, rəsədxananı kompleks şəkildə bərpa edək.
Müvafiq sərəncamlar verilmişdir. Mən burada dəfələrlə olmuşam. Çox şadam ki, artıq biz rəsədxananı tam şəkildə yenidən qurduq, bərpa etdik. Çox gözəl şərait yaradılmışdır. Əsas teleskop da təmir edildi. Alimlərin də yaşayış şəraiti yaxşılaşdı. Burada yaşamaq, işləmək üçün bütün imkanlar vardır. Bu, Azərbaycan elminə verilən böyük töhfədir.
Azərbaycan elminin inkişafı üçün əməli tədbirlər görülür. Mənim müvafiq sərəncamlarım olmuşdur. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib addımlar atılmışdır. Elmin İnkişaf Fondu yaradılmışdır. Yəni, Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait artsın və Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına maksimum dərəcədə xidmət göstərsin. İndi biz elmin ənənəvi və yeni istiqamətləri üzrə ciddi fəaliyyət göstəririk. Bu ilin fevral ayında artıq kosmik sənayenin təməlini qoyduq. Artıq bizim peykimiz orbitə çıxarılıbdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Artıq Azərbaycan bölgənin iqtisadi, siyasi mərkəzidir. İndi görürsünüz, hər ay mötəbər siyasi tədbirlər keçirilir. Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir.
Biz əlavə nə lazımdırsa, edəcəyik. Hesab edirəm ki, biz bu bazadan yeni layihələrin həyata keçirilməsi istiqamətində işimizi davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki, elmə qoyulan vəsait elmin inkişafına xidmət göstərsin. Eyni zamanda, bunun praktiki nəticələri də olsun. İqtisadi inkişafımız və ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı üçün elmi praktiki addımlarla uzlaşdırmalıyıq. Daha doğrusu, bu uzlaşma vardır, gərək, daha da səmərəli olsun. Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır. İndi dünya səviyyəsində olmasına baxmayaraq, hesab edirəm ki, rəsədxananın gələcək inkişafı istiqamətində əlavə addımlar atılmalıdır. Biz aparıcı rəsədxanaların səviyyəsinə qalxmışıq”.

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31