Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Tədrisin keyfiyyəti və müəllimlərin sosial rifahı naminə...

Tədrisin keyfiyyəti və müəllimlərin sosial rifahı naminə...

11.09.2024 [10:32]

Sertifikatlaşdırma peşəkar kadr institutunun formalaşdırılmasını təşviq edir

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb. Təhsil İnstitutunun məlumatına görə, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab ediləcəklər. Test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 faiz əlavə olunacaq. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Müəllimlərin sertifikasiyası həm təhsil islahatları, həm kadr bankının bilik və səriştəsinin artırılması, həm də təhsildə sosialyönümlülük baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhsil islahatlarının ayrılmaz tərkib hissəsi...

İlk öncə, təhsildə islahatların ayrılmaz tərkib hissəsi kimi sertifikatlaşdırmanın əhəmiyyətini qeyd etmək lazımdır. Təhsil sürətlə inkişaf edən müasir dünya çağırışları, elmi inovasiyaların inkişafı, rəqəmsallaşmanın idaretmədə geniş tətbiqi fonunda pedaqoji kadr institutunun da daim optimallaşmasını, yeni reallıqlara uyğun bilik və bacarıqları mənimsəməsini zəruri edir. Dünyada bir çox inkişaf etmiş və inkişafda olan ölkələrin təhsil sisteminə baxdıqda müəllim peşəkarlığının yoxlanılması ən vacib məsələdir. Bu da təhsilin inkişafı və mövcud vəziyyətin müəyyən edilməsi, dövlət standartlarının keyfiyyətlə həyata keçirilməsi üçün əsas şərtdir. Bu baxımdan Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində müəllimlərin davamlı olaraq yenilikləri mənimsəməsi və həmin bilik və təcrübənin keyfiyyətini, peşəkarlığını ölçən mexanizmlərin tətbiqi olduqca vacibdir. Əvəllər bu proses attestasiya formasında keçirilirdi və əslində kadrların təhsildəki yenilikləri öyrənməsini və müasir təhsil meyarlarına hazırlıq səviyyələrini müəyyən etmək üçün həmin metod özünü doğrultmadı. 2014-2017-ci ildə dövlət ümumi təhsil məktəblərində keçirilən diaqnostik qiymətləndirmə müsbət layihə kimi xarakterizə oluna bilər. Bu metod müəllimlərin təhsilə yanbaşmasını, tədris prosesindəki fəaliyyətini, bilikləri şagirdlərə öyrətmə peşəkarlığını və digər təhsil keyfiyyətlərini ölçmək baxımından səmərəli rol oynadı. Hətta diaqnostik qiymətləndirməni müəllimlərin sertifikasiyasına hazırlıq üçün keçid mərhələsi kimi də dəyərləndirmək mümkündür.

Əsas məqsədi hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşə yararlılığını və peşəkarlıq səviyyəsini ölçməkdən ibarət olan sertifikatlaşdırmaya 2022-ci ildən start verilib və ilk olaraq ibtidai sinif müəllimlərini əhatə edib. Sonrakı ildə tədris dili və ədəbiyyat, xarici dil və riyaziyyat müəllimlərini də əhatə etməklə böyük bir prosesə çevrilən sertifikatlaşmanın 2026-cı ilə qədər bütün fənnlər üzrə başa çatması nəzərdə tutulur.

Ölkəmizin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biri məhz sertifikatlaşdırmanın davamlılığıdır. Bu, müəllim hazırlığının inkişafı və onların səriştəsinin artırılması istiqamətində mühüm yer tutur. Təhsil siyasətində sertifikatlaşdırmanın əhatə dairəsinin genişləndirilməsi və digər təhsil pillələrində də tətbiqi planlaşdırılır.

Bilik və əməyin qiymətləndirilməsinin dürüst və şəffaf yolu..

Sertifikatlaşdırma təhsilin müasir keyfiyyətinin yüksəldilməsini təmin edən proses olmaqla, həm müəllim ordusunun motivasiyasına, əməyinin dəyərinin daha yaxşı qiymətləndirilməsinə imkan verən sosial məzmunlu islahatdır. Sertifikatlaşma sayəsində daha yaxşı nəticə qaz?nan müəllimlərin əmək haqları daha çox artır. Belə ki, sertifikatlaşdırmadan uğurla keçən, yəni 30 baldan yuxarı nəticə göstərən bütün  müəllimlərin əmək haqqına 10 faiz artım şamil olunur. 51 baldan yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına isə 35 faiz artım əlavə olunur. 35 faiz artım orta hesabla 700-750 manat maaş alan müəllimin əməkhaqqının təxminən 250-300 manat artması deməkdir. Bu, olduqca yüksək rəqəmdir və Azərbaycanın dövlət sektorunda çalışan digər təşkilat və müəssisələrdəki kadrların əməkhaqqısına tətbiq edilən artımlardan 2 dəfədən də çox faiz artımıdır. Digər dövlət sektorlarında çalışan işçilərin maddi motivasiyasını təşviq edən belə bir sistem demək olar ki, yoxdur. Ona görə də, sertifikatlaşdırmanın genişməzmunlu islahat proqramı kimi təhsil sektorunda təşviqedici sosial əhəmiyyəti daha böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2022-ci ildə sertifikatlaşdırmadan uğurla keçən 3163 müəllimin əməkhaqqına 35 faiz, 5624 müəllimin əməkhaqqı isə 10 faiz artırılıb. 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində isə 29951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 müəllimin isə 10 faiz artım tətbiq olunub.

2024-cü ildə təxminən 15 mindən artıq müəllimin də uğurlu nəticə göstərməsini nəzərə alsaq son 3 ildə sertifikatlaşdırmadan keçmiş 50 minə yaxın təhsil işçisinin əməkhaqqının 10-35 faiz arasında artırıldığını görə bilərik. Bu baxımdan sertifikasiyanı həm də sosial rifahın yüksəlməsinə imkan yaradan bir mərhələ də hesab etmək mümkündür və 2026-cı ilə qədər müəllimlərin əmək fəaliyyətinin qiymətləndirilməsi, yəni tədrisdəki nailiyyətlərinə görə, əməyinin dəyərinin qiymətləndiriılməsi də yekunlaşmış olacaq.

Sertifikatlaşdırma məsuliyyəti artırır, karyera üçün yol açır...

Müəllimlərin sertifikasiyası həm də pedaqoji kadr ordusunun məsuliyyətini artırır, davamlı olaraq onların öz üzərində çalışmalaırını, daim yeniliklərə açıq olmasını təşviq edir, təhsildə baş verən prosesləri izləməsini vacib amilə çevirir.  Müəllimlər davamlı şəkildə peşəkar inkişafa maraq və motivasiya olunaraq  tədris etdikləri fənnlərə adi tədris vasitəsi kimi yanaşmır, həmin fənn üzrə aktual olan təhsil tədqiqatlarını, müasir metodologiyaları, innovativ yenilikləri də öyrənməyə məsuliyyətlə yanaşırlar. Müəllimin qazandığı bilik və bacarıqlar sayəsində tədrisin də keyfiyyəti artır, təhsilalanların hazırlıq səviyyəsi yaxşılaşır. Nəticədə bu proses müəllimlərin yeni təhsil texnologiyalarına və strategiyalarına uyğunlaşmasına şərait yaradır, onları bütün tədris həyatları ömür boyu öyrənmə mədəniyyətini inkişaf etdirir. Təhsil və tədrisdə peşəkar öyrənmə pedaqogiyası formalaşır. Bu proses ümumilikdə, təhsilin keyfiyyətinin yüksəldilməsində, pedaqoq-müəllimlər arasında peşəkar yüksəlişin dəstəklənməsində və şagirdlərin nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Sertifikasiyadan uğurla keçən müəllimlərin digər bir motivasiyasını təmin edən faktor onların rəhbər vəzifələrə irəli çəkilməsidir. Çünki ümumi təhsil müəssisələrinə direktorların seçimi prosesində müsahibə mərhələsində sertifikatlaşdırma nəticələrinə diqqət yetirilir. Bu baxımdan sertifikatlaşdırma həm də müəllimlərin karyera irəliləyişində ən vacib faktor kimi rolunu artırır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30