Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qərbin dostları: siyasətin uğursuzluğu

Qərbin dostları: siyasətin uğursuzluğu

22.11.2014 [11:33]

Müasir dünyada siyasətlə məşğul olmağın öz çətinlikləri var. Böyük dövlətlər bir sıra hallarda öz maraqları üçün başqalarına təsir göstərməyə çalışırlar. Təcrübə göstərir ki, Qərb bu istiqamətdə fəal olub. O, müəyyən ölkələrdə siyasətçiləri özünə “dost edib” hakimiyyətə yiyələnmələrinə yardım göstərir, müəyyən müddət bundan yararlanır, sonra kənara da ata bilir. Belə təəssürat yaranır ki, həmin “dostlar” Qərbin geosiyasi maraqları çərçivəsində ona lazımdır. İnsan taleyi, xalqların gələcəyi, dövlətlərin müstəqilliyi havadarları narahat etmir. Bunlar hazırkı tarixin gerçəklikləridir. Buna son qoymağın zamanı çatmayıbmı?
Demokratiya bayrağı altında “dostluq”: talesiz siyasətçilər
Keçən əsrin 90-cı illərindən başlayaraq qlobal siyasətdə ciddi dəyişikliklər baş verdi. Sosialist düşərgəsinin dağılması ikiqütblü dünya sisteminin aradan qalxması və birqütblü idarəetmə mərkəzinin formalaşması ilə nəticələndi. Başda Amerika olmaqla Qərb dünyaya öz norma və standartlarını yeritmək prosesini intensivləşdirdi.
Bu, özlüyündə bir sıra ziddiyyətləri və qeyri-müəyyənlikləri meydana gətirdi. Müxtəlif regionlarda münaqişələr ortaya çıxdı, dövlətlərarası ixtilaflar dərinləşdi. Hiss olunurdu ki, dünyaya təkbaşına ağalıq etməyin perspektivi yoxdur. Qlobal miqyaslı problemlər meydana gələ bilər. Təcrübə göstərdi ki, bəşəriyyəti doğrudan da ciddi təhlükələr gözləyir.
Bir-birinin ardınca baş verən müharibələr, hərbi güc hesabına müxtəlif ölkələrdə siyasi rejimləri demokratiya adı altında dəyişmək cəhdləri, bunun üçün “rəngli inqilablar”ın ixrac edilməsi mövcud vəziyyəti daha da ağırlaşdırmağa başladı. Buna misal olaraq, “ərəb baharı”, “qızılgül inqilabı”, “narıncı inqilab”, “çətir inqilabı” və başqa terminləri xatırlamaq kifayətdir. Qərb özünü hakimi-mütləq kimi aparır, beynəlxalq hüquq normalarına etinasızlıq göstərir, ikili standartlara əl atır, böhranları qızışdırır.
Dünyada çox mürəkkəb geosiyasi mənzərə yaranıb. Hazırda həmin vəziyyətdən çıxış yolları tam müəyyənləşdirilməyib. Böyük dövlətlər arasında geosiyasi qarşıdurma isə yeni mərhələyə qalxmaqdadır. Onu fərqləndirən əsas xüsusiyyətlərdən biri tərəflərin bir-birinə güzəştə getməməsidir. Bunun ümumən bəşəriyyət üçün son dərəcə ciddi təhlükə yaratdığını dərk etmək lazımdır. Ancaq deyəsən, Qərb bu barədə düşünmək istəmir.
İndi dünyanın heç bir dövləti terrordan, narkoticarətin qurbanına çevrilməkdən, daxili münaqişələrdən, separatizmdən tam sığortalanmayıb. Bir sıra regionlarda həll olunmamış münaqişələrin davam etməsi isə yeni ziddiyyət ocaqlarının mövcudluğundan xəbər verir. Görəsən, bütün bunlar insanların nəyinə lazım idi?
Bütövlükdə dünyanın müxtəlif regionlarında idarə olunan xaos yaradılıb. Bu, müəyyən ölkələri çox çətin vəziyyətə salmaqdadır. Maraqlıdır ki, həmin məqsədə çatmaq üçün yerli QHT-lərdən, “təzyiq agentləri”ndən istifadə edilir. Bunların fonunda Qərb özünə siyasətçilər arasında tərəfdaşlar tapır, onların qanunsuz əməllərinə göz yummaqla planlarını həyata keçirməyə çalışır. Bəzi bölgələrdə həmin adamlar hakimiyyət başına gətirilir və onlardan istifadə edilir. Lakin təcrübə göstərdi ki, Amerika “etibarlı dost” adlandırdığı siyasətçiləri bir andaca öz maraqlarına qurban verir. Özü də çəkinmədən və vicdan əzabı çəkmədən. Bunun nümunələri az deyil.
Bu sırada öncə Misirin keçmiş dövlət başçısı Hüsni Mübarək yada düşür. Onu Ənvər Sədat 1975-ci ildə vitse-prezident təyin edib. 1981-ci ildə isə Ə.Sədat öldürüldükdən sonra ölkəyə başçılıq etməyə başlayıb. Bu, 30 il davam edib. Maraqlıdır ki, öz sələfindən fərqli olaraq, H.Mübarək Qərblə münasibətləri inkişaf etdirib. Xarici siyasətdə ona qarşı demək olar ki, ciddi addım atmayıb. Hətta İraqın Küveytə müdaxiləsi məsələsində Vaşinqtonu dəstəkləyib. Buna görə ABŞ, Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri Misirin 15 milyard dollarlıq borcunu siliblər.
Prezidentlərin acı sonu: siyasəti dəyişmək zamanı
2005-ci ildə Hüsni Mübarək 5-ci dəfə Misirin prezidenti seçildi. Onu mütəxəssislər “ərəb dünyasının ən incə siyasətçisi” adlandırırlar (bax: Narqiz Asadova. Muxammed Xosni Seyid Mubarak / “Vlastğ”. - 2006. - №45. - s. 52-56). Bununla Misirin keçmiş prezidenti Qərbin dəstəyi ilə uzun müddət hakimiyyətdə qala bildi. Lakin daha maraqlısı odur ki, onun hansısa addımları havadarlarının xoşuna gəlmədikdə, ciddi müqavimətlə rastlaşırdı.
Qərb ekspertləri bu cür hallara bir neçə misal gətirirlər. 1996-cı ildə o, B.Klintonun Vaşinqtona M.Qəzzafi ilə birgə getmək təklifini rədd edib, Liviya və Fələstin məsələlərində müstəqil qərar qəbul etməyə cəhd göstərib, ABŞ-ın tələb etdiyi bir neçə fələstinlini onlara verməyib (bax: Barak Barfi. How New is Egypt’s “New” Foreign Policy? / “Project Syndicate”, 8 iyun 2011).
H.Mübarək üçün bunların nəticəsi çox acınacaqlı oldu. O, hakimiyyətdən devrildi və taleyin hökmünə buraxıldı. Uzun illər xidmət etdiyi dairələr Mübarəki tanımaq belə istəmirlər. Hazırda onun həyatı ilə maraqlanan yoxdur. Amerikanın çoxmilyonluq yardımından istifadə edən, ona qarşı “müsbət bitərəflik” mövqeyini gözləyən (əksər hallarda ərəb ölkələrinin maraqlarına zidd olaraq) keçmiş prezident tam atılmış vəziyyətə düşdü.
Başqa bir misal Eduard Şevardnadzedir. Qərbin postsovet məkanında ən mühüm tərəfdaşı olan Şevardnadze NATO ilə münasibətlərə böyük önəm verirdi. 1998-ci ildən o, radikal Qərbyönlü siyasət yeritməyə başladı. ABŞ ordusu təlimçilərini ölkəyə dəvət etdi, Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilməsinə razılıq verdi (bax: Zeyno Baran. The Baku-Tbilisi-Ceyhan Pipeline: Implications for Turkey / The Baku-Tbilisi-Ceyhan Pipeline: Oil Window to the West. - The Central Asia-Caucasus Institute, Silk Road Studies Program, 2005. - s.103).
Bunlara baxmayaraq, Qərb bu uzunömürlü siyasətçini də tərəddüd etmədən qurban verdi. Bu dəfə “Amerikanın Qafqazdakı dostu” “rəngli inqilabçıların” qurbanı oldu. Onun təhlükəsizliyi təmin edilsə də, ömrünün sonuna qədər aktiv siyasətdən uzaq durdu. Yəni, Qərb öz yaxın adamını faktiki olaraq siyasi ölüyə çevirdi.
Uzun müddət Qərbin dəstəyi ilə hakimiyyətdə qalan Pərviz Müşərrəfin də taleyi göz qabağındadır. O, 2008-ci ildə könüllü olaraq istefaya getdi. Bu addımda ona təhlükəsizliyini təmin etmək şərti ilə Qərb ölkələri də təsir göstərmişdi. ABŞ başda olmaqla Qərb açıqca P.Müşərrəfə dəstək verməyəcəyini bildirdi. Bundan sonra onun başına bir çox işlər gəldi. Məhkəməyə verildi, siyasətlə məşğul olmasına qadağa qoyuldu, 2013-cü ilin 10 oktyabrında isə həbs edildi (bax: Natalğə Kuklina, Elizaveta Surnaçeva. Pakistan poterəl prezidenta / Gazeta.ru, 18 avqust 2008).
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç isə bir qədər fərqli “günahları”na görə Qərbin qəzəbinə tuş gəlib. Ölkə ağır sosial-iqtisadi və geosiyasi vəziyyətə düşdüyündən o, Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişi bir qədər təxirə salmağa çalışdı. Dərhal “Maydan hərəkatı” başladı. Qərbin maliyyə dəstəyi ilə minlərlə ukraynalı öz dövlətlərinin taleyi ilə oyun oynadı. Nəticəsi Ukrayna üçün ağır oldu. İndi də ölkənin bütövlüyü, sabitliyi və dövlətçiliyi təhlükə altındadır. Şərqi Avropanın sözdə dost dedikləri bu böyük ölkələrindən birini çəkinmədən öz maraqlarına qurban verdilər.
Siyahını uzatmaq olar. Ancaq vurğulananlar da Qərbin dost deyib, yardım göstərərək sonra taleyin hökmünə atdığı siyasətçilərin acı aqibətini görmək üçün yetərlidir. Öz marağı naminə maddi, mənəvi, ideoloji, hərbi və s. yardımlar etməklə bütöv bir xalqın, millətin, dövlətin gələcəyini risk qarşısında qoyurlar. Milyonlarla insanlar çox çətin vəziyyətə düşür, həyatları puç olub gedir. Hanı burada demokratiya? Doğrusu, bu suala cavab vermək olduqca çətindir.
Newtimes.az

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30