Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Üçüncü işğalın 31-ci ilində...

Üçüncü işğalın 31-ci ilində...

04.08.2022 [10:19]

Biz Nüvədiyə qayıtmaq istəyirik - Beynəlxalq təşkilatlardan cavab gözləyirik

Azərbaycanın qədim, əzəli torpağı Zəngəzur bu günlərdə gündəmin ən çox müzakirə olunan mövzularından biridir. Dövlətimizin Zəngəzur dəhlizi ilə bağlı apardığı danışıqlar və bu istiqamətdə görülən işlər ictimaiyyətin diqqətini Zəngəzura yönəldib. Bu yaxınlarda Zəngəzurun qeyrət qalası Nüvədi kəndinin Ermənistan tərəfindən üçüncü işğalının 31-ci ili də tamam olur. Bu münasibətlə əslən Zəngəzurun Nüvədi kəndindən olan müsahibimiz professor İsmayıl Əliyev də tarixi bölgəmiz və doğma yurdu haqqında “Yeni Azərbaycan”a danışıb.

Günel ABBAS

- İsmayıl müəllim, Zəngəzur mahalının qədim Nüvədi kəndinin tarixi və coğrafiyası ilə bağlı nə deyə bilərsiniz?

- Qərbi Zəngəzurun Nüvədi kəndi Araz çayının sol sahilində, Zəngəzur sıra dağlarının cənub -şərq ətəklərində 1991-ci il avqust ayının 8-nə kimi azərbaycanlıların yaşadığı qədim azərbaycanlı kəndidir. Qədim zamanlardan buradakı əhalinin əsas peşəsi maldarlıq (davarçılıq) olub. Sonralar isə təbii şəraitə davam gətirə bilməyib qonşu dağ kəndlərindən Nüvədiyə köçüb gələn tayfalar bağçılığı da (üzüm, əncir, nar və s.) inkişaf etdiriblər. Söylənildiyinə görə, meyvə ağacları, xüsusən də nar kolları, Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmir mahalının Araz çayı sahilindəki Üştibin qəsəbəsindən gətirilib. Elmi ədəbiyyatda Atdişi adlanan nadir, şirəli, iri dənəli nar növü də Cənubi Azərbaycanın Yez kəndindən gətirilib, indi də nüvədililər tərəfindən Yez nar adı ilə nadir ağacları və kolları Azərbaycanımızın nüvədililər yaşayan bölgələrində qorunur, hətta nəsli artırılır.  1997-2000-ci illərdə Türkiyənin 100-cü Yil Universitetində (Van şəhəri) işləyərkən həmin Atdişi (Yez) nar növünə orada da rast gəldim. Van şəhərinə həmin növ nar kolları da İrandan gətirilmişdi.

- Bu ərazilərin Azərbaycan xalqına məxsus olduğunu göstərən hansı sübutlar var?

- Bu günə qədər insanın ilkin törəmə mənbəyi hələ tam açılmamış sirr olaraq qalsa da, Azərbaycanın Füzuli şəhərindən 14 km şimali-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən daş dövrü insanlarının yaşayış yeri kimi məşhur, sahəsi 800 kv. km olan Azıx mağara kompleksinin 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edilməsi Cənubi Qafqazın qədim yaşayış yerləri olması haqqında dəqiq və qəti fikir söyləməyə imkan verir. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib. Aparılan arxeoloji qazıntılar zamanı, Azıx mağarasında bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənənin də aşkar olunması, çənə üzərində professor Dəmir Hacıyevin uzun müddət apardığı elmi tədqiqat işləri də əvvəldə deyilənlərə bir daha sübutdur. Bütün bunlar göstərir ki, çox-çox qədimdən bu yerlərdə insanlar yaşayıb, əksinə ermənilər kimi son 200 ildə bu torpaqlara köç etməyiblər.     

- Nüvədi kəndinin əsası necə və nə zaman qoyulub?

- Ulu babalarımızın xatirələrindən və kənddə məşhur olan atası “Usta Vəli”nin dediklərini qələmə alıb nəşr etdirən, uzun illər jurnalist və Nüvədi kənd orta məktəbində müəllim işləmiş Əli Vəlioğlunun yazdığı povestinə görə, Nüvədi kəndinə əhali indi yerləşdiyi ərazidən 5-6 km şimalda, başlanğıcını kənddən təxminən 15 km məsafədə yerləşən ərazinin ən hündür dağı Hüseyn bəy çəmənliyindən, Miyanbutun dağında alan Nüvədi çayının ətrafında yerləşən Kəndçayı kəndindən köçüb gəlmişlər. Tarixi faktlar sübut edir ki, azı 1000-1500 illik tarixə malik olan Nüvədi kəndi bu ərazilərdə artıq xarabalığa çevrilmiş Ataman, Angizet, Qarçinik, Ernəzir, Sultansəlim kimi qədim kəndlər hesabına yaradılıb.

Nüvədililər öz kəndlərinin əsasının qoyulmasını iki əfsanəvi şəxsin - Məlik Əbil və Məlik Abbasın adı ilə əlaqələndirirlər. Çox-çox illər əvvəl iki əmioğlu Məlik Əbil və Məlik Abbas öz yaxın adamları ilə qədim nüvədililərin yaşadığı Kəndçayı adlanan yerdən köçüb gəlib. İndiki Nüvədinin şimal tərəfində, Sələnc çayı sahilində, yüksək Qaradaşı və Ağdaşın sıldırım qayalarının çay sahili hissəsində kənd salıb, kəndin adını burda yaşamış ulu babaları Kəlba Kazım şərəfinə Kazımlı qoyublar. Köhnə kənd xarabalıqlarına baxarkən fikir söyləmək olur ki, Sultansəlimdə, Qaraçı yurdunda (Qərçinik), Kəndçayında, Peyğəmbər izində, Əbdül-atada, Cavgitdə, Ataman düzündə, Ernəzirdə (Yernəzir) və s. ərazilərdə tayfa-tayfa insanlar yaşayıblar. Təbiət qüvvələrinə qarşı çətinliklər bu tayfaları bir yerə toplayıb, yaşamağa məcbur edib. Kazımlılılar da yaz vaxtı daşqından çox ziyan çəkdiklərinə görə indiki Nüvədi ərazisinə köçüblər.

- Nüvədi adı haradan qaynaqlanır?

- Nüvədinin adı haqqında müxtəlif bir neçə fərziyə, fikir var. Onlardan ikisini açıqlamaq istəyirəm. Kazımlılar onu “Novdeh” yəni “Yenikənd” və ya “Təzəkənd” (farsca “nov” yeni, təzə, “deh” isə kənd deməkdir) adlandırıblar. Əhmədəli müəllim isə toponimlərin dili ilə gedərək kəndin ilk addının Nohvadı (“noh” farsca doqquz deməkdir) doqquz vadinin kəsişdiyi ərazidə olduğu üçün Nohvadi adlandırıldığını söyləyirdi. Uzun illər həmin sözlər dildən-dilə dəyişərək Nügədi, Nüyədi, Nüvədi şəklinə düşüb.

- Nüvədinin tarixini ən qədim dövrlərinə qədər bilirsiniz, yəqin ulu babalarınız haqda da məlumatınız var...

- Onuncu ulu babamız Əbil kişi olub. Məliklik rütbəsi verilməsi I Şah Abbasın (1587-1629) dövründə olub və belə düşünürük ki, Əbil kişiyə onun dövründə məliklik verilib. Az öncə qeyd etdiyim ərazilərdə ermənilər tərəfindən sonuncu deportasiyaya qədər kənd qəbiristanlıqlarının baş daşları qorunub saxlanılıb. Son 31 ildə isə ərazidən xəbərimiz yoxdur. Kəndçayı kəndindən 2 km hündürdə yuxarı dağ Əbdül-ata, aşağısında isə dərə Əbdül-ata ziyarətgahları yerləşir. 1991-ci ildə Nüvədi üçüncü dəfə ermənilər tərəfindən işğal olunana kimi kəndin camaatı həmin abidələri tez-tez ziyarət ediblər. Kəndçayı və digər obaların ətrafında kol-kos basmış əkin sahələri qədim kənd camaatının bu yerlərdə taxıl əkdikləri fikrini söyləməyə imkan verir.

Zəngilan rayonunun Ağbənd kəndindən Mığrı rayonunun Astazur kəndinə kimi vaxtilə Naxçıvana və İrəvana gedən qatarlar Ağbənd stansiyasından sonra əhalinin enib minməsi üçün Nüvədi ərazisində yerləşən Sığırtda, sonra stansiya Nüvədidə, daha sonra razyezd Nüvədidə, sonra isə Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər sərt dağlıq ərazi olduğuna görə dəmir yol xətti Nüvədidən keçən hissəsində bəzən Araz çayından 15-20 metrlik məsafədə çəkilmişdir. Ərazi çox sərt sıldırım dağlıq olduğu üçün bu məsafəni dəmir yolu çəkilərkən Arazdan kənara çəkmək mümkün olmamışdır. Hətta dağları yarmaq çox çətin olduğuna görə 1940-ci ildə texniki imkanların çox da geniş olmadığı bir dövrdə dəmiryol xəttinin keçməsi üçün  həm Sığırt, həm də razyezd Nüvədi yaxınlığında tunel vurulmuşdur. Həmin tunelləri yerli və qonşu rayonun sakinləri SSRİ dövləti tərəfindən yaradılmış qarnizondan maaş almaqla mühafizə edirdilər. Sığırt və razyezd Nüvədidə həm də zastavalar yerləşib, Araz çayı boyu sərhədə tikanlı məftillər çəkilib (sistem), sistemə elektrik cərəyanı  buraxılıb, rus  əsgərləri  tərəfindən İrandan qorunurdu. Hətta Nüvədi kəndinin özünə və suvarılan torpaqlarına borular vasitəsi ilə motorlarla Araz çayından su vurmaq üçün hər gün zastavalardan icazə alınmalı idi.

Ulu öndər Heydər Əliyev 80-ci illərin ortalarında Moskvada işləyərkən, bilavasitə Onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı-Naxçıvan şose  yolu çəkilməyə başlanmışdır. Həmin yol Bakıdan Nüvədi zastavasına kimi (434 km), Naxçıvandan isə Mığrı rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 10 km və Astazur-Aldərə arası təxminən 5 km asfalt yolun çəkilməsinə və bununla da Bakı-Naxçıvan birbaşa şose yolunun birləşdirilməsinə  imkan vermədilər. Moskvaya bildirdilər ki, guya bu yol  Bakı-Mincivan-Kafan-Oxçu-Maralzəmi-Lehvaz-Mığrı-Naxçıvan ərazilərindən keçməklə  hazırdır, Nüvədi-Aldərə yolunu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu əlavə xərcdir. Əslində isə onlar bunu etməklə həm Bakı-Naxçıvan yolunu lazımsız yerə təxminən 140 km uzadır, həm də dağ şəraitində beş-altı ay payız-qış aylarında gediş-gəlişi mümkünsüz edirdilər.

- Nüvədidəki yaşayış şəraitinizi və oranın təbiətini necə xatırlayırsınız?

- Nüvədi müasir şəhər tipli kənd idi. 1940-cı ildə Nüvədidən Bakı-Culfa dəmir yolu keçmiş, 1949-cu ildə kəndə elektrik xətti çəkilmişdi. Nüvədidə iki və üç mərtəbəli yaşayış evləri, müasir məktəb binası, xəstəxana, poçt, teleqraf, əmanət kassası, baytarlıq məntəqəsi, lazım olan bütün sosial mədəni xidmət sahələri var idi. Hər evdə televizor, telefon, maye qaz balonlarından istifadə olunurdu. Nüvədi qadınlarının toxuduğu xalı və kilimlər, rəngbərəng geyim paltarları, xurcunlar, yun corablar və s. adamı valeh edirdi. Nüvədinin çirişi və caşırı, qoz və palıd ağaclarının içində arıların bağladığı bal, ovçuların ovladığı kəkliklər, dağ keçiləri və cüyürləri indi də nüvədililər xoş məramla xatırlayırlar. Nüvədinin 19 min hektar torpaq sahəsi var ki, onun 16 min hektarı yararlı torpaqdır. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun,  90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi.

Nüvədi öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, Baba Hacı, Sultansəlim, Əbdül-ata kimi tarixi abidələri ilə adamları valeh edirdi. Ərazi böyüklüyünə görə Ermənistan kəndləri arasında birinci yerdə dururdu.  Nüvədi cazibəli kənd olub, narı, üzümü, ənciri, şaftalısı, əriyi və s. meyvələri ilə məşhur idi. Bu meyvə plantasiyalarının salınmasında kənd rəhbərlərindən Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun, Əhmədəli Əliyevin, Məhiş Abbasovun, Cəlal Əliyevin, Həzi Musayevin, Həsən Musayevin, Mayil Əmənovun, Nadir Cəfərovun, Məmməd Rüstəmovun və başqalarının xidmətləri həmişə iftixarla yad edilir.

- O vaxtlar Nüvədidə nə qədər azərbaycanlı yaşayırdı?

- Nüvədi kəndi Mığrı rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonunun 6 min nəfəri azərbaycanlılar idi. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə müəllim işləmiş atam Əhmədəli Əliyev deyirdi ki, 1945-ci ildə İrəvanın Lenin meydanından keçəndə Ermənistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti işarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdı. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdı.

- Bir kəndin üç dəfə işğal olunması həm kədərli, həm də qəribə məqamdır. Yəqin oxucularımıza da bu haqda fikirləriniz maraqlıdır...

- Nüvədililər ilk dəfə 1905-1907-ci illərdə erməni işğalına məruz qalıblar. İkinci dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini dəhşətli şəkildə, işgəncələrlə məhv etmiş, 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib. Araz çayını pələlərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, Ordubada və Zəngilan bölgələrinə pənah gətiriblər.

Biz uşaq olanda ana babam Sultanəli kişi söyləyirdi ki, Misənli Hacı xan onları çox yaxşı qarşılayıb, gedən kimi iki top parça göndərib bildirib ki, qaçqın gəlmisiniz, paltar tikdirin, arvad-uşaq çılpaq qalmasın. Kəndin yuxarı hissəsində hamını baraxlarda yerləşdirib, iş verib. İki ildən sonra, qaçqınlar yenə də Nüvədiyə qayıdırlar. Erməni işğalçılarının yorğan-döşəyin, yunun və çuvallarda yığılmış taxılı yuna qarışdıraraq yerə tökdüklərini, parçaları apardıqlarının şahidi olurlar. Hacı xanın verdiyi parçadan qənimət etdikləri hissə onların yorğan-döşəyi bərpa etmələrinə kömək edir.

O vaxt Misəndə qalmış nüvədililər hazırda İranda böyük nəsil yaratmış, hətta Təbrizə və İranın digər şəhərlərinə yayılmışlar. Bunu Sovet imperiyasından gizlədən nüvədililər 1980-cı illərin sonunda SSRİ zəiflədiyi dövrdə Araz çayı sahillərində, tikanlı məftillər arxasında dayanıb, İrandakı qohumları ilə tez-tez hal əhval tuturmuşlar.

1948-1952-ci illərdə Ermənistan rəhbərliyi Nüvədini də Mingəçevirə köçürmək üçün dəfələrlə kənd camaatına müraciət ediblər. Amma nüvədililər sözü bir yerə qoyub,  “Yoldaş Stalin bu könüllüdür” deyərək köçməyiblər. XX əsrin sonu 1991-ci il avqust ayının 8-də Nüvədi kəndinin camaatı, Ermənistandan üçüncü dəfə qovulan sonuncu azərbaycanlılar idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirərək - “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”- demişdi.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 732 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30