Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib

Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib

21.04.2021 [09:06]

Görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur.
Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində dövrünün görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. Onun valideynləri Əziz Əliyev və Leyla Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar. Ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdiyi soyqırımı siyasəti və təqiblər onları Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib.
Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.
Eyni zamanda, Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə xanım Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya qəbul olunur. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki, məhz onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub.
Sonrakı illərdə Zərifə xanım oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirdi. Onun qlaukoma xəstəliyi ilə bağlı tədqiqatları klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə müsbət təsir göstərib.
Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara, gördüyü işlərə görə 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını verib.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu dövrdə həkimlik fəaliyyətini davam etdirən Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən həkimlərlə də pedaqoji iş aparıb.
Oftalmologiya sahəsində tədqiqatları davam etdirən Zərifə xanım respublikada bununla bağlı az öyrənilən sahələrə daha çox diqqət yetirirdi. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva az tədqiq olunan, lakin kifayət qədər aktual bir problem olan görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. O, həmçinin insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət göstərib.
Bundan sonra da Zərifə xanım Əliyeva elmi fəaliyyətini uğurla davam etdirib. Tezliklə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım 1983-cü ildə həmin kafedranın müdiri olur. O, kafedranın bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görərək 1977-ci ildə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsinə nail olub. Bakıda ilk dəfə keçirilən bu plenumun Azərbaycanda və keçmiş SSRİ-nin ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında xidmətlər göstərib.
Zərifə xanım Əliyevanın Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması haqqında təklifi plenumda bəyənilib. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda yaradılan həmin laboratoriyada bu sahədə dəyərli tədqiqatlar aparılıb.
Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.
Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə xanım Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.
Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu Öndər Heydər Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu Öndərə mənəvi dayaq olub. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.
Dövlətimiz bu dəyərli alimin xatirəsini əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlikləri İnstitutu onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istirahət parkı salınıb. Paytaxtda, eləcə də Naxçıvan şəhərində Zərifə Əliyevanın adını daşıyan küçə var.
Azərbaycan xalqı, o cümlədən respublikanın elmi ictimaiyyəti bu görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur.
Cavanşir PAŞAZADƏ
Milli Məclisin deputatı,
YAP Təftiş Komissiyasının üzvü

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31