Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlarda əhalinin elektrik enerjisi ilə təmin olunması işləri uğurla davam edir

Regionlarda əhalinin elektrik enerjisi ilə təmin olunması işləri uğurla davam edir

04.09.2018 [08:41]

Bu istiqamətdə həyata keçirilən tədbirlər vətəndaşların sosial rifah halının yüksəldilməsində də mühüm rola malikdir
Ölkəmizdə son 15 ildə həyata keçirilən siyasət, reallaşdırılan islahatlar bütün sahələrin inkişafını təmin edib. Heç şübhəsiz, bu fonda bölgələrin hərtərəfli inkişafı xüsusi olaraq önə çəkilməlidir. Məlum olduğu kimi, qəbul edilmiş Dövlət proqramları sayəsində regionların inkişaf dinamikası əldə etməsi, abadlıq-quruculuq işlərinin görülməsi, yeni infrastrukturun qurulması bölgələrin simasını dəyişməkdədir. İnfrastrukturdan söz düşmüşkən vurğulayaq ki, bu gün ölkəmizdə bütün bölgələrdə fasiləsiz elektrik enerjisi ilə təminat vətəndaşların sosial rifahının yüksəldilməsində mühüm rola malikdir. Bu səbəbdəndir ki, regionlarımızda istər elektrik enerjisinin təminatı, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində işlər davamlı xarakter daşıyır. Məhz həyata keçirilən siyasət nəticəsində bu gün bölgələrimizdə elektrik təminatı daha da təkmilləşir. Ölkədə bu istiqamətdə işlərin həyata keçirilməsi üçün dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilir.
Ölkənin regionlarının elektrik enerjisi ilə təminatında “Azərişıq” ASC-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Qeyd edək ki, “Azərişıq” ASC də vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi alması üçün bütün gücünü səfərbər edir. Vətəndaşlara keyfiyyətli xidmət etmək bu qurumda da əsas prioritetlərdən sayılır. Vurğulayaq ki, “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda, 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında da artıma səbəb olub. “Azərişıq” ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 245 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4240 vətəndaş müraciət edib.
Beləliklə, regionlarda da vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində mühüm addımlar atılır. Vurğuladığımız kimi, dinamik inkişafa malik Azərbaycan dövlətində aparılan düşünülmüş siyasət bütün sahələrin paralel inkişafını təmin edib. 2004-cü ildən həyata keçirilən və hazırda üçüncü mərhələsi icra olunan Dövlət proqramları sayəsində regionların inkişaf dinamikası əldə etməsi, yüksək abadlıq-quruculuq işlərinin görülməsi, yeni infrastrukturun qurulması bölgələrin simasını da dəyişməkdədir. Bu gün regionlarımızda elektrik enerjisi ilə təminat yüksək səviyyədədir. Hətta ucqar kəndlərdə belə fasiləsiz elektrik təminatı həyata keçirilir.
Son 15 ildə regionlarda çoxlu sayda yeni generasiya obyektlərinin istifadəyə verilməsi ölkəmizdə müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Bəhs olunan dövrdə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində 30 elektrik stansiyası tikməyə nail olub.
Ümumiyyətlə, “Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib. Respublikanın bütün istehlakçılarının keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri və regionlarda elektrik təchizatının yaxşılaşdırılması üçün yenidənqurma işləri aparılıb. Elektrik enerjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, hava xətləri çəkilib və təmir olunub, müxtəlifgərginlikli dayaqlar quraşdırılıb.
2018-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli” və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay” yarımstansiyalarının açılışında iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.
“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli 3535 saylı Sərəncamının icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar inşa edilib, 110 kV-luq “4-cü Yaşma” və 35 kV-luq “Yaşma Bağları” hava xətləri ilə əlaqələndirilib.
6 ay ərzində ümumilikdə 135.494 ədəd olmaqla, əhali istehlakçılarına aid 122.602 ədəd, qeyri-əhali istehlakçılarına aid 12892 ədəd uçot dəstləri bərpa olunub. Bundan əlavə, ümumilikdə 100.799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90.369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2.462 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6 faizə çatdırılıb.
Hazırda bu yöndə işlər uğurla davam edir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. İsmayıllı rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində son üç ildə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, üç kəndin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da İsmayıllı Elektrik Şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər ciddi şəkildə azalıb.
Diqqətə çatdırılıb ki, bu sahədə işlər hazırda da davam etdirilir. Yaxın perspektivdə 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, 35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasını işə salıb. Məlumat verilib ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tamamilə yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektrontipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.
Bildirilib ki, rayonun Topçu, Buynuz, Sumağallı, Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılan obyektlərin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə “Topçu” yarımstansiyası inşa edilib. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı həyata keçirilir. Yarımstansiyanın fəaliyyətə başlaması üçün işlər davam etdirilir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 35/10 kilovoltluq 2,5 MVA gücündə “Yeni Basqal” yarımstansiyası da inşa edilib və istismara verilib. Yarımstansiyanı qidalandıran 35 kilovoltluq “Basqal” hava xəttinin 2,3 kilometrlik hissəsi əsaslı təmir olunub, 5,5 kilometrlik hissəsi isə yeni çəkilib.
Qeyd olunub ki, İsmayıllı Elektrik Şəbəkəsində 23 min 403 abonent mövcuddur. Onlardan 21 min 382-si əhali, 2021-i isə qeyri-əhali qrupuna aiddir.
Beləliklə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30