Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı güclənir
04.07.2026 [11:25]
Azərbaycan - Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verirlər və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar.
Azərbaycanla Türkiyənin müxtəlif istiqamətləri əhatə edən münasibətlərində hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. Bu sahədə əməkdaşlıq müxtəlif sənədlərlə təsbit olunub. Eyni zamanda, iki ölkənin hərbi sahədə dövlət qurumlarının rəhbər şəxsləri mütəmadi olaraq qarşılıqlı səfərlər edirlər. Yeri gəlmişkən, iyulun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib. M.M.Şeker isə bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Ordu rəhbərliyi sıx təmasdadır
Səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ilə də görüşüb. Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.
Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıb.
Bundan əlavə, Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektorunun müavini, general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti də ölkəmizə səfər edib. O, Bakıda Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovla görüşüb. G.Əbdülov Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Ordusunun keçdiyi uğurlu inkişaf yolunun digər ölkələr üçün əsl nümunə olduğunu qeyd edən Türkiyə MMU-nun rektor müavini əməkdaşlığın bundan sonra da “Bir millət, iki dövlət” devizi altında davam etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, peşəkar kadr heyətinin hazırlanması, eləcə də təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin vacibliyi diqqətə çatdırılıb, maraq doğuran bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Namiq İslamzadə isə Türkiyədə səfərdədir. N.İslamzadə “Anadolu Qartalı - 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb. Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ komandanına məruzə edib. Təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.
Sonra general-leytenant N.İslamzadə və Türkiyə HHQ-nin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi xüsusi vurğulanıb. Hər iki ölkənin HHQ-nin komandanları təlim fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.
Hərbi əməkdaşlığın məzmunu genişdir
Göründüyü kimi, hər iki ölkənin ordu rəhbərliyi sıx təmasdadırlar. Hazırda dünyada elə bir vəziyyət yaranıb ki, beynəlxalq hüquq və prinsiplər bir çox hallarda işləmir. Buna görə də ölkələr öz suverenliyini daxili gücü və müttəfiqlərinin dəstəyi ilə qorumaq məcburiyyətindədirlər. Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı isə həm bu ölkələrin özləri, həm də bütövlükdə region üçün mühüm aktuallıq daşıyır. Hər iki ölkə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturu formalaşdırılıb, o cümlədən də komando birlikləri yaradılıb. Ölkəmizin Türkiyə ilə hərbi təhsil sahəsində əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində yaxşı nəticələr qazanıblar. İndiyədək minlərlə azərbaycanlı gənc qardaş ölkənin Silahlı Qüvvələrində təcrübə keçiblər, bir sıra nadir ixtisaslara yiyələniblər və müxtəlif növ müasir silahların sirlərini öyrəniblər. Silahlı Qüvvələrimizin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində azərbaycanlı hərbi qulluqçular Türkiyədə təhsil almağa göndərilir. Təcrübə mübadiləsi baxımından Azərbaycandan və Türkiyədən olan hərbçilərin birgə təlimlərə cəlb olunmaları da çox əhəmiyyətlidir.
İki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə indiyədək bir sıra sənədlər imzalanıb. Türkiyə hərbi texnika istehsalında böyük uğurlara imza atıb. Eyni zamanda, Azərbaycan da özünün müdafiə sənayesini inkişaf etdirir. Artıq ordumuzun müxtəlif döyüş sursatları ilə təminatının xeyli hissəsi məhz daxili istehsal hesabına həyata keçirilir. Qardaş ölkə ilə birgə müdafiə sənayesi müəssisələrinin qurulması perspektivləri böyükdür.
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq xüsusi yer tutur
Hərbi əməkdaşlıq sahəsində uzun illər ərzində qazanılan təcrübə, eləcə də 2002-ci il mayın 14-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Yəni, Şuşa Bəyannaməsi əslində, sözügedən sənədin məntiqi davamı hesab oluna bilər. Qars Müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

