Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qütbləri birləşdirən etimad körpüsü

Qütbləri birləşdirən etimad körpüsü

01.11.2025 [12:48]

Siyasətimizin əsas qayəsi: milli maraqları qorumaq, dünyada sülhə və ədalətə dəstək...

Azərbaycanın qlobal arenada ard-arda qazandığı qələbələrə, nail olduğu beynəlxalq nüfuza və imicə nəzər saldıqda, mühüm bir reallığın şahidi oluruq - ərazisinə görə elə də böyük sayılmayan, strateji coğrafi yerləşimi ilə qlobal mühitin diqqətində olan ölkəmiz beynəlxalq proseslərə münasibətdə vahid, davamlı və ardıcıl münasibət sərgiləyib. Qalib Azərbaycanın xarici siyasət fəlsəfəsi dünyanın qlobal əhəmiyyətə malik prinsiplərini özündə birləşdirir:

- Milli maraqlar müstəvisində bərabərhüquqlu münasibətlər;

- Beynəlxalq hüquqa hörmət və onun təmin edilməsi;

- Ədalət və qarşılıqlı hörmət prinsipləri.

Məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə tanınan, hörmət edilən və nüfuz qazanan dövlət statusu əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu sistemli şəkildə artırıb. Azərbaycanın təşəbbüsləri regional sabitliyin və qlobal sülhün vacib dayağı kimi qəbul olunur. Bakı yeni dünya nizamında tutduğu mövqe ilə özünün hədəf və prioritetlərini ortaya qoyur - yürüdülən siyasət gücə deyil, ədalətə, əməkdaşlığa, tərəfdaşlığa və ən əsası qarşılıqlı milli maraqlara söykənən siyasətdir. Azərbaycan bu mənada həm prinsipial mövqeyi, həm də ardıcıl diplomatiyası ilə nümunəvi sabitlik modeli təqdim edir.

Sülhpərvər, etibarlı və ardıcıl siyasət...

Azərbaycan beynəlxalq aləmdə hər zaman öz milli maraqlarını qorumaqla seçilib. Bu yanaşma təkcə diplomatik kurs deyil, həm də Azərbaycanın dövlət ideologiyasının ayrılmaz hissəsidir. Ölkəmiz heç bir zaman hansısa qrup maraqlarının alətinə çevrilməyib, beynəlxalq münasibətlər sistemində müstəqil və bərabərhüquqlu oyunçu kimi çıxış edib. Tarixi fakt budur ki, 30 ildən artıq işğal şəraitində yaşamasına baxmayaraq, Azərbaycan bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olub. Bu prinsipial mövqe həm milli dəyərlərimizə, həm də beynəlxalq hüquqa əsaslanır. Məhz buna görə də Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində sülhpərvər, etibarlı və ardıcıl siyasət yürüdən dövlət kimi tanınır. Bizim sülhpərvər mövqeyimiz dünyanın aparıcı təşkilatları tərəfindən də yüksək qiymətləndirilir.

Bərabərhüquqlu münasibətlər və dostluq fəlsəfəsi

Azərbaycan bütün dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verir. Bizim üçün ən əhəmiyyətli məqam dostluq, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Xarici siyasətimizdə “qarşılıqlı münasibət prinsipi” əsas xətti təşkil edir - bizə qarşı dost münasibət göstərən hər bir dövlətə eyni səmimiyyət və etimadla yanaşırıq.

Azərbaycan heç bir zaman hansısa siyasi blokun və ya qrup maraqlarının tərkib hissəsi olmayıb. Əksinə, ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına üstünlük verir. Şərqdə, Qərbdə, Şimalda və Cənubda yerləşən dövlətlərlə yüksək səviyyəli əlaqələrimizin möhkəmlənməsi bu siyasətin real nəticəsidir.

Azərbaycan eyni zamanda Qlobal Cənubun inkişafına yardım göstərən ölkə kimi çıxış edir. Biz beynəlxalq arenada ədalət, bərabərlik və insanlıq prinsiplərini müdafiə edirik. Yaxın və Orta Şərqdə sülhün bərqərar olması, xalqların təhlükəsizlik içində yaşaması üçün atılan bütün təşəbbüslərdə Azərbaycanın səsi eşidilir. Son illərdə ölkəmizin vasitəçilik missiyası da beynəlxalq miqyasda diqqət çəkib. Azərbaycan həm Türkiyə-İsrail münasibətlərinin yumşalması, həm də Qəzza bölgəsində humanitar dəstək təşəbbüslərinin irəli sürülməsi istiqamətində önəmli rola malik olub. Bu, ölkəmizin yalnız regionda deyil, bütövlükdə qlobal diplomatiyada mühüm aktora çevrildiyini göstərir.

Ədalətsiz tənqidlər - məqsədimiz sülhün, dialoqun və qarşılıqlı anlaşmanın təminidir...

Təəssüf doğuran haldır ki, Azərbaycanın sülhpərvər və ardıcıl, qətiyyətli mövqeyi bəzən əsassız tənqidlərə məruz qalır. Bəzi xarici mətbu orqanlar və qərəzli dairələr ölkəmizin beynəlxalq proseslərdəki neytral xəttini təhrif etməyə çalışır. Onlar Azərbaycanın prinsipial mövqeyini fərqli prizmalardan qiymətləndirərək, sanki ölkəmiz hansısa münaqişələrdə tərəf kimi çıxış edir kimi təqdim edirlər. Son dövrlərdə, xüsusilə də Yaxın Şərqdə baş verən gərginliklər fonunda bəzi media resurslarında Azərbaycanı əsassız şəkildə ittiham edən kampaniyalar müşahidə olunur. Hətta qardaş Türkiyədə fəaliyyət göstərən müəyyən çevrələr belə yanlış təəssürat yaratmağa cəhd göstərir ki, guya İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi birtərəflidir.

Bu, tamamilə yanlış bir yanaşma, yanlış bir qənaətdir. Azərbaycan hər zaman Qəzza probleminin həllinə töhfə verməyə çalışıb. Ölkəmiz daim insani və humanitar dəstək missiyası həyata keçirib, Fələstin xalqının acınacaqlı vəziyyətinə biganə qalmayıb. Ancaq Azərbaycan bu məsələdə siyasi tərəf kimi çıxış etməyib və etməyəcək də. Bizim əsas məqsədimiz sülhün, dialoqun və qarşılıqlı anlaşmanın təminidir.

Şarm əl-Şeyx sammiti və Azərbaycanın sülh təşəbbüsləri

Azərbaycanın sülhpərvər mövqeyinin növbəti təsdiqi Misirdə baş tutan sülh sammitində iştirakla özünü göstərdi. Bu tədbirdə ölkəmiz sülhü dəstəkləyən dövlət kimi çıxış etdi və beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, həm də beynəlxalq sabitliyi önə çəkir.

Bu bir həqiqətdir ki, həmin gün bütün dünyanın gözü Şarm əl-Şeyxdə idi. Yaxın və Orta Şərq regionunda atəşkəsin əldə olunması dünya dövlətləri tərəfindən alqışlanırdı. Azərbaycan nümayəndə heyəti də bu təşəbbüsə dəstək verərək, sülhün bərqərar olmasına töhfə göstərdi. Qardaş Türkiyənin də həmin prosesdə aparıcı rolu, Qəzzada sülhə qarant duran dövlətlərdən biri kimi çıxış etməsi, regionun gələcəyi üçün mühüm hadisə idi.

Lakin təəssüf ki, atəşkəs uzun sürmədi. Qısa müddət sonra Qəzza zolağında gərginlik yenidən alovlandı. Bu hal demək olar ki, heç bir dünya dövlətinin ürəyincə deyil - o cüməldən də, Azərbaycanın. Ölkəmiz hər zaman sülh prinsiplərinin tərəfdarı kimi çıxış edib - ədalətli siyasi xəttindən dönməyib.

Neytral mövqe və beynəlxalq hüquqa sadiqlik

Bu bir həqiqətdir ki, Azərbaycanın xarici siyasət fəlsəfəsi neytrallıq, ədalət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulub. Biz Fələstin xalqının humanitar vəziyyətinə dəstək göstəririk, amma heç bir münaqişədə tərəf kimi çıxış etmirik. Eyni yanaşma Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdəki böhranlara və digər qlobal proseslərə də aiddir. Azərbaycan nə Rusiya-Ukrayna, nə də Yaxın Şərq münaqişəsində tərəfdir. Biz yalnız sülhün, diplomatik həll prosesinin və beynəlxalq sabitliyin tərəfdarıyıq. O ki qaldı, Fələstinə yanaşmada, 2024-cü ilin yayında Şuşada baş tutan TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanan Qarabağ Bəyannaməsində bu məsələyə də toxunulur - sənəddə Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlıq ifadə edilir və mülki əhalinin seçimsiz hədəfə alınması qınanır. Dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə, daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırış səsləndirilir. Bildirilir ki, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması dəstəklənir, Fələstin Dövlətinin BMT-yə üzvlüyə yararlı olduğunu və buna görə də onun BMT-yə üzvlüyə qəbul edilməli olduğunu müəyyən edən BMT Baş Assambleyasının 2024-cü il 10 may tarixli qətnaməsinin qəbul olunması məmnuniyyətlə alqışlanır. Habelə bunu etməyən bütün ölkələr Fələstin Dövlətini tanımağa çağırılırlar.

Beləliklə, mövcud fakt bir daha təsdiqlənir - Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə əsaslanır: dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq və sülh yolu ilə nizamlama. Bu prinsiplər həm regionda, həm də qlobal miqyasda ölkəmizin mövqeyini gücləndirir.

Sülhün və etimadın ünvanı...

Bu gün Azərbaycan qlobal mühitdə etibarlı tərəfdaş, sülh carçısı və ədalət müdafiəçisi kimi tanınır. Cənubi Qafqazda formalaşdırdığımız yeni təhlükəsizlik arxitekturası təkcə regional sabitlik deyil, həm də qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın təşəbbüsü ilə reallaşan regional layihələr - Zəngəzur dəhlizi (TRİPP), Bakı-Tbilisi-Qars dəmir yolu, enerji və kommunikasiya xətləri həm region ölkələrinin rifahına, həm də beynəlxalq əməkdaşlığa xidmət edir. Azərbaycan Suriyada yenidəqurma işlərində fəal iştirakçıdır - paralel olaraq regionda həm də enerji təminatçısı kimi çıxış edir. Bu, ölkəmizin sülhə dayalı inkişaf modelinin bariz göstəricisidir. Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanmaqla yanaşı, insanlıq dəyərlərini, humanizmi və beynəlxalq ədaləti də ön plana çəkir. Biz heç zaman təxribatların, manipulyasiyaların və əsassız ittihamların təsiri altına düşmürük. Əksinə, sakit diplomatiya, faktlara söykənən siyasət və prinsipial mövqe ilə dünyada etimad qazanmışıq. Bir daha vurğulanmalıdır ki, Azərbaycan həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub üçün müxtəlif qütbləri birləşdirən etimad körpüsüdür. Bizim siyasətimizin əsas qayəsi budur: milli maraqları qorumaqla yanaşı, dünyada sülh və ədalətə dəstək göstərmək. Bu, ölkəmizin XXI əsrdə formalaşdırdığı yeni diplomatik kimlikdir - sülhün, ədalətin və milli maraqların qoruyucusu olan Azərbaycan...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30