Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəqibsiz platformada “döyüş”

Rəqibsiz platformada “döyüş”

01.11.2025 [10:53]

8-ci Paris Sülh Konfransı haqqında bəzi qeydlər

Bir vaxtlar İrəvan saatlarının əqrəbini Moskva ilə qururdu və Ermənistan rəhbərləri Rusiyanın dövlət və hökumət başçılarının çətirləri altına sığınarkən özlərini çox xoşbəxt hiss edirdilər. İndi isə dəyişən geosiyasi reallıqlar fonunda rəsmi İrəvanın siyasi kursunda korrektələr etdiyinin, saatlarının əqrəbini Paris və yaxud Brüssellə tutuşdurduğunun şahidi oluruq.

Son vaxtlarda Ermənistan rəsmilərinin Avropa paytaxtlarına intensivləşən səfərləri bunun əyani təsdiqidir. Elə bu günlərdə Baş nazir Nikol Paşinyan növbəti dəfə Fransada səfərdə olub. O, səfər çərçivəsində 8-ci Paris Sülh Konfransında iştirak edib və bir sıra müzakirələrə qatılıb.

Ermənistan Baş nazirinin Parisdə imic axtarışı

Məşhur “Palais de Chaillot” sarayında 29-30 oktyabr tarixlərində baş tutan 8-ci Paris Sülh Konfransı  “Sülh, İnsanlar və Planet üçün Yeni Koalisiyalar” mövzusunda keçirilib. Konfransın gündəliyi geosiyasi gərginliklər, münaqişələr və onların həlli yolları, texnologiyalar, iqtisadi və sosial inkişaf, iqlim, ətraf mühitin mühafizəsi və minerallarla bağlı məsələləri əhatə edib. İnformasiya bütövlüyü və müstəqil media mövzusunda yüksək səviyyəli beynəlxalq müzakirələrə Fransa, Qana, Moldova, Monteneqro, Şimali Makedoniya, Barbados, Albaniya, Ermənistan kimi ölkələrin dövlət və hökumət başçıları, digər yüksəksəviyyəli təmsilçiləri, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Nikol Paşinyan da bu müzakirələrin iştirakçıları sırasında yer alıb. O həmçinin “Yol ayrıcında liderlik: Parçalanmış dünyada güc və sabitlik tapmaq” mövzusunda panel müzakirələrə qatılıb və çıxış edib.

Hər hansı bir dövlətin yüksəksəviyyəli rəsmilərinin xarici səfərlərə dəvət almaları və beynəlxalq tədbirlərə qatılmaları normal haldır. Ancaq N.Paşinyanın Parisi, necə deyərlər, su yoluna döndərməsi, burada yenidən Makronla görüşməsi, həmçinin konfrans çərçivəsində baş tutan tədbirlərdə səsləndirdiyi adekvat olmayan fikirlər suallar doğurur. Burada bir sıra məqamlar xüsusi diqqət çəkir.

Əvvəla, N.Paşinyanın Ermənistanda daxili gərginliyin pik həddə çatdığı indiki məqamda Parisə səfərə getməsinin hansı vazkeçilməz zərurətlə bağlı olduğu sualına aydınlıq gətirmək lazımdır. Beynəlxalq təcrübədə belədir ki,  ölkələrdə daxili vəziyyət gərginləşəndə, müxalif qüvvələr xüsusi aktivlik göstərəndə əsas siyasi fiqurlar xarici səfərləri ertələyirlər. Bu gün biz Ermənistanda siyasi ajiotaj yaşandığını müşahidə edirik. Seçki hazırlıqları mərhələsində revanşistlər, sabiq prezidentlərə bağlı olan qüvvələr aktivlik nümayiş etdirirlər. Xarici güclərin dəstəyi ilə yeni müxalifət formalaşdırılır. İdeoloji mərkəz qismində çıxış edən kilsə Paşinyana zidd olan qüvvələri konsolidasiya etməklə ona qarşı vahid cəbhə formalaşdırmağa çalışır. Belə mürəkkəb bir şəraitdə birinci şəxsin ölkədə olmaması proseslərin bütünlüklə nəzarətdən çıxması ilə nəticələnə bilər. Paşinyan isə iki seçimdən birini edərək Makronun dəvətini cavabsız qoymayıb. Belə görünür ki, rəsmi İrəvan seçkiöncəsi mərhələdə Yelisey Sarayından müvafiq təlimatlar almağa ehtiyac duyur. Burada həmçinin N.Paşinyanın diplomatik aktivliyini artırmasının onun imicini möhkəmlətməyə hesablandığını da unutmaq olmaz. Baş nazir daxili auditoriyanı inandırmaq istəyir ki, Ermənistanın müttəfiqləri, beynəlxalq ictimaiyyət onu əsas lider kimi qəbul edir.

Cənubi Qafqaza sülh gəlir - Paris nədən narahatdır?

Azərbaycan-Ermənistan tənzimləmə prosesi kontekstində də İrəvan rəsmilərinin Fransaya intensivləşən səfərlərinə, Baş nazirin Makronla müxtəlif platformalarda tez-tez görüşməsinə seyirçi qalmaq mümkün deyil. Fransanın keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində, 44 günlük Vətən müharibəsi zamanı, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində oynadığı mənfi rol hər kəsə bəllidir. Prezident Makronun son vaxtlarda ayrı-ayrı beynəlxalq platformalarda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə  görüşlərə can atmasına rəğmən, onun daim birtərəfli qaydada Ermənistanı dəstəklədiyini yaddan çıxarmaq olmaz. Biz xatırlayırıq, keçmiş münaqişənin bütün dönəmlərində, o cümlədən də Makronun hakimiyyətdə olduğu 2018-ci ildən bəri Yelisey Sarayından davamlı olaraq Azərbaycan əleyhinə siyasi bəyanatlar gəlib. Bu ölkənin parlamentində çoxlu sayda qərəzli qətnamələr qəbul olunub. Qeyd etmək yerinə düşər ki, sülhyaratma prosesində müəyyən bir mərhələni təşkil edən Brüssel formatı da böyük dərəcədə Makronun sərgilədiyi yanaşmalara görə iflasa uğrayıb.

Görünən odur ki, Makronun Nikol Paşinyan üzərində təsirləri kifayət qədər böyükdür. Cari ilin yayında Vaşinqton görüşünə ciddi hazırlıqlar aparıldığı vaxtda Baş nazir Parisə səfərə gedərək Makronla müzakirələr keçirdi. Hazırda Azərbaycanla Ermənistan sülhyaratma prosesinin çox mühüm mərhələsinədək irəliləyiblər. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə vacib razılaşmalar əldə olunub. Necə deyərlər, marafon finişə yaxınlaşmaq üzrədir. Belə bir həlledici məqamda N.Paşinyanla Makronun yenə də bir arada olmalarını təsadüf kimi qəbul etmək mümkün deyil. Görünür, Yelisey Sarayında Baş nazirdən Vaşinqton görüşünün və sülh prosesindəki son gəlişmələrin hesabatını vermək tələb olunur. Paris Cənubi Qafqazda sülh prosesindən kənarda qalması ilə barışa bilmir. Şübhə yoxdur ki, N.Paşinyan Makrondan gələcək fəaliyyətlərlə bağlı da yeni təlimatlar alıb. Ancaq bu təlimatlar Azərbaycanın qətiyyətli siyasi iradəsi fonunda bir işə yarayacaqmı?

Əvvəl S.Sərkisyan, indi N.Paşinyan

Daha bir məqam N.Paşinyanın “Yol ayrıcında liderlik: Parçalanmış dünyada güc və sabitlik tapmaq” panelindəki çıxışında səsləndirdiyi fikirlərlə bağlıdır. Burada o özünü sülh carçısı kimi təqdim edib, ancaq ifadə etdiyi fikirlərdə yenə də mücərrəd danışıb, əsas məsələləri “unudub”.

N.Paşinyanın müzakirələrdə nə dediklərinə keçməzdən əvvəl bir haşiyə çıxmaq yerinə düşər. Rəqibsiz platformalarda daha cəsarətli görünməyə çalışmaq, “döyüş” açmaq Ermənistan siyasətçiləri üçün xarakterik haldır. 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammiti yada salaq. Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib.

Türkiyənin tədbirdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan rəsmisi bununla da sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serj Sərkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. O, çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi və O, cəsarətli çıxışı ilə Ermənistanın sabiq dövlət başçısının yalanını üzə çıxarıb, onu susdurub. “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, - deyə Prezident İlham Əliyev vurğuulayıb.

Görünür, illər ötsə də, Ermənistan siyasətçilərinin xisləti dəyişmir. N.Paşinyanın bəhs olunan müzakirələrdə səsləndirdiyi fikirlər də zamanında S.Sərkisyanın nümayiş etdirdiyi “cəsarətinə” bənzəyir. N.Paşinyan çıxışında regional kommunikasiyaların açılmasının hər iki ölkə üçün önəmli olduğunu bildirib. Bu fikirlərlə Paşinyan hansısa bir yenilik icad etməyib. Sadəcə, biz onun əsas məsələdən, daha konkret desək, Vaşinqton razılaşmalarının mühüm müddəalarından yayındığının şahidi oluruq. Həmin razılaşmalara əsasən Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi (Tramp marşrutu)  vasitəsi  ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması nəzərdə tutulub. N.Paşinyan isə rəqibsiz qatıldığı platformada bu mühüm məqama diqqət çəkməyə lüzum görməyərək hər iki ölkə üçün bərabər şərtlərdən və bərabər faydalardan danışıb. Baş nazirin Vaşinqton razılaşmalarının əsas müddəalarından birini, öz öhdəliyini “unutması”, sadəcə, riyakarlıqdır. Görəsən, Baş nazır Parisdə kommunikasiyaların açılmasının əhəmiyyətindən danışarkən niyə Ermənistanın suveren ölkə olduğunu dönə-dönə vurğulayır? Axı “maneəsiz keçid” anlayışında müstəqil dövlətin suverenliyinə hər hansı bir təhdid elementi yoxdur.

P.S. Biz yuxarıda İrəvanın hazırda saatlarını Moskva ilə deyil, Avropa paytaxtlarının saatları ilə tutuşdurduğunu əbəs yerə vurğulamadıq. N.Paşinyan 8-ci Paris Sülh Sammiti çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Maya Sandunun Avropa paytaxtlarında güclü şəkildə dəstəkləndiyi hər kəsə bəllidir. O, ardıcıl olaraq anti-Rusiya ritorikasından çıxış edir. Beləliklə, N.Paşinyanla M.Sandunu birləşdirən nədir?

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30