Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni sərmayə institutu...

Yeni sərmayə institutu...

01.11.2025 [10:38]

Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması birgə layihələrin icrasını təmin edəcək

Azərbaycan və Qazaxıstan arasında birgə müəssisələrin və özəl investisiya fondlarının yaradılması imkanları müzakirə olunur. Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib ki, investisiya fondunun yaradılması birgə investisiya layihələrinin həyata keçirilməsinə möhkəm maliyyə təminatı yaradacaq. İnvestisiya Fondunun əsas fəaliyyət istiqamətlərinə bərpaolunan enerji, aqrar-sənaye, nəqliyyat və logistika infrastrukturu daxildir. Fond vasitəsilə iki qardaş ölkə öz kapitalını prioritet strateji layihələrə yönəltməklə qarşılıqlı maliyyə dayanıqlılığını təmin edəcək. Yeni iqtisadi struktur tərəflər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin fəallaşdırılmasını təşviq edəcək, iki dövlətin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafında vasitəçilik funksiyasını həyata keçirəcək. Həmçinin dövlət və özəl sektorun nümayəndələrini vahid sərmayə platformasında birləşdirərək onların qarşılıqlı sərmayə qoyuluşlarının istiqamətlərini müəyyənləşdirərək sərmayə proqramlarının icrasında koordinasiyaedici rol oynayacaq.

Dövlət başçısının təşəbbüsü ilə...

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana səfəri çərçivəsində Qazaxıstanın ən nəhəng maliyyə institutu olan “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb. Həmçinin, “Samruk Kazına” ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu” sənədinə imza atılıb. Bu hüquqi-iqtisadi baza  Azərbaycan və Qazaxıstan arasında birgə investisiya fəaliyyətinin qurulmasını təmin etməklə, müştərək fondun təsis edilməsinə də zəmin yaradır.

Hazırda Azərbaycan İnvestisiya Holdinqi ilə Qazaxıstanın müvafiq İnvestisiya Holdinqi arasında birgə investisiya fondunun yaradılması yekunlaşma mərhələsindədir və yaxın vaxtlarda bu təsisatın da qurulması təmin ediləcək.

Qırğızıstan və Özbəkistan nümunəsi

Qeyd edək ki, belə bir təsisatın formalaşdırılması türk dövlətləri arasında son illərdə iqtisadi-maliyyə gündəliyinin əsas xəttini təşkil etməkdədir. Belə ki, 2023-cü ildə Azərbaycan-Qırğız İnkişaf Fondu təsis edilib ki, bu qurum aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı təşviq edir. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərir və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verməkdədir.

Həmçinin, bir il əvvəl “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” yaradılıb ki, məqsəd iki ölkə arasında sərmayələrin qarşılıqlı təşviqinə nail olmaqdır. Fondun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməsini təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Fondun əsas prioritetlərinə birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələri qurmaq, idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalını təşviq etmək, müştərək istehsal zənciri qurulmasına töhfə verməkdir. İnvestisiya şirkəti Azərbaycan və Özbəkistan arasında birgə sərmayələrin təşviqi ilə yanaşı, üçüncü ölkələrin ərazisində də qarşılıqlı maraq doğuran istiqamətlərdə ixracyönümlü müəssisələrin yaradılması üzrə birgə layihələrin maliyyələşdirilməsində fəal rol oynamaq niyyətindədir.

Türk dövlətlərinin vahid investisiya xəzinəsi

Bu model türk dövlətlərinin hər biri üçün önəm daşıdığından vahid investisiya platforması qurulmasına qərar verilib. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən 2 il əvvəl qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etmək məqsədilə Türk İnvestisiya Fondu yaradılıb. Ötən il noyabrın 1-dən fəaliyyətə başlayan fondun nizamnamə kapitalı 500 milyon dollar təşkil edir. Fond ilk layihələrin icrasına start verib və  yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Xüsusilə də, fondun maliyyə vizyonu daha çox yeni iqtisadiyyat quruculuğu prioritetlərinə əsaslanır ki, burada bərpa olunan enerji, rəqəmsal kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılması mühüm yer tutur. Bundan başqa, ofndun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.

Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Gələcəkdə TİF-nun nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.

Göründüyü kimi, Azərbaycan və Qazaxıstan arasında yaradılacaq İnvestisiya Fondu ümumilikdə, türk dövlətlərinin vahid iqtisadi hədəf strategiyalarının tələblərindən irəli gələn çağırışlardan biridir. Bu qurumun fəaliyyəti sayəsində Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın səviyyəsi daha da yüksələcək. Bu strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30